Məhkəmə qərarları › İş №e-2-2(113)-205/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-205/2023

23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-205/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3, Cavabdehinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehinə qarşı cavabdehdən 72.000,06 manat məbləğində borcun və 403.50 manat xərc məbləğinin, cəmi 72.403,56 manat məbləğin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 72.000,06 manat məbləğində borcun və 403.50 manat xərc məbləğinin, cəmi 72.403,56 manat məbləğin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında göstərilmiş hüquqi xidmətlər üzrə yaranmış borc tələbi barədədir. Cavabdeh və iddiaçı arasında 30 dekabr 2021-ci il tarixdə Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi Qaydası”nın (Qayda) layihəsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirmə meyarlarının (Meyarlar) layihəsi, Qayda və Meyarların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi, layihələrin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına dəyişiklik layihələri və hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısında qeyd edilmiş digər normativ hüquqi aktların layihələri, habelə onların qəbul edilməsi zərurətinin əsaslandırılmasının, o cümlədən maliyyə-iqtisadi əsaslandırılmasının, həmçinin, onların qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısının, eləcə də, hüquqi rəyin işlənib hazırlanmasında və aidiyyəti qurumlarla razılaşdırılmasında hüquqi yardımın göstərilməsi xidmətlərini öz öhdəsinə götürmüş, cavabdeh isə öz növbəsində xidmətləri iddiaçıdan qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 18 mart 2022-ci il tarixində Müqaviləyə 2 aprel 2022-ci il tarixindən xitam verilməsinə dair məktub daxil olmuşdur. İddiaçı, 31 mart 2022-ci il tarixində xəbərdarlıqda qeyd edilən əsaslı pozuntu halını və Müqaviləyə birtərəfli qaydada xitam verilə bilməsi imkanını qəbul etməyərək, Müqaviləyə yalnız tərəflərin razılığı ilə xitam verilə biləcəyini vurğulamış və xitam müqaviləsinin layihəsini təqdim etmişdir. Cavabdeh, 7 aprel 2022-ci il tarixli məktubla, iddiaçının təqdim etdiyi şərtlərlə xitam müqaviləsini imzalamaqdan və göstərilmiş xidmətlərin dəyərini ödəməkdən imtina etdiyini bildirmişdir. Bu məktuba cavab olaraq, iddiaçı cavabdehə 27 aprel 2022-ci il tarixində pretenziyasını göndərmişdir. Cavabdeh, pretenziyanı qəbul etmədiyini 29 aprel 2022-ci il tarixli məktubunda bildirmişdir. Ümumi göstərilmiş xidmətlərin həcmi və dəyəri 7 fevral 2022-ci il tarixli 13088 saylı və 2 mart 2022-ci il tarixli 13104 saylı invoyslarda, o cümlədən ilkin invoys 16 fevral 2022-ci il tarixli EBBQ seriyalı 863511 saylı elektron qaimədə öz əksini tapmışdır. Müqaviləyə uyğun olaraq, cavabdehə göstərilən xidmətlərə görə məbləğ, 7 fevral 2022-ci il tarixli, 13088 saylı invoysa əsasən xərclər və əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 24.000,02 manat, 2 mart 2022-ci il tarixli 13104 saylı invoysa əsasən isə xərclər və ƏDV daxil olmaqla 48.000,04 manat, ümumi 72.000.06 manat təşkil edir. İnvoyslar, göstərilən iş xidmətlərinin təfərrüatını, habelə hər işə görə sərf olunan vaxtı dəqiqliyi ilə əks etdirir. Göstərilmiş xidmətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş sənədlər Əlavə 9-da verilmişdir. 13088 və 13104 saylı invoyslar üzrə yaranan 72.000,06 manat və 403.50 manat məbləğində mediasiya üzrə xərclər daxil olmaqla, cəmi 72.403,56 manat məbləğində borc yaranmışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VİQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 31 avqust tarixli 529s nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsinin (bundan sonra - Qərar layihəsi), habelə onun qəbul edilməsi zərurətinin əsaslandırılmasının, o cümlədən maliyyə-iqtisadi əsaslandırılmasının, həmçinin onların qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısının, eləcə də, hüquqi rəyin işlənib hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılmasında hüquqi yardım göstərilməsi xidmətlərinin satınalınması məqsədi ilə X1 Agentliyi və İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixində “Xidmətlər üzrə satınalma müqaviləsi” bağlanmışdır. Müqavilə üzrə görülən işlərin dəyəri 120.000,10 manat müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, iddiaçı Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında cavabdehə satın alınan layihələri, müşayiət sənədlərini və xidmətlərin təhvil verilməsini öhdəsinə götürür. Müqavilə əsasında göstərilmiş xidmətlər iddiaçının tender təklifinə və Müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, iddiaçı aşkar olunan qüsurların Müqavilədə və ya Müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat (zəmanət) verir. Müqavilənin 2.5-ci bəndinə əsasən, aşağıdakı sənədlər Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olnur: Müqavilənin xüsusi şərtləri (Müqavilə şərtlərini dəqiqləşdirən və Müqaviləyə əlavə olunan sənədlər); “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarlarının və onun qəbul edilməsi ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş sənədlərin hazırlanması üçün Texniki Tapşırıq. Bundan əlavə, Müqavilənin 5.1 -ci bəndinə əsasən, iddiaçı xidmətlərin göstərilməsi üzrə Müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib xidmətləri sifarişçiyə Müqavilədə və Texniki Tapşırıqda müəyyənləşdirilmiş müddətdə və qaydada təhvil verməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə görə iddiaçı Müqavilənin icrası ilə bağlı bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra Müqaviləni imzalayır. İddiaçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu Müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Bundan başqa, Texniki Tapşırığın 5-ci hissəsində Qərar layihəsinin hazırlanmasına dair tələblər müəyyən edilmişdir: Layihələrin mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi-işgüzar üslubuna əməl etməklə tərtib edilməlidir; Normativ hüquqi akt layihələri beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü, mütənasiblik, dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı, normativ hüquqi aktların ziddiyyətsizliyi, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət və ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi prinsiplərinə əsaslanmalıdır; Layihələr “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun bütün tələbləri, xüsusilə də sui-istifadə amillərinin qarşısının alınmasına dair tələbləri nəzərə alınmaqla hazırlanmalıdır. Eyni zamanda Müqavilə üzrə öhdəliklərin vaxtında və Müqavilə şərtlərinə uyğun yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Texniki Tapşırığın 7-ci hissəsində iddiaçıya tələblər qoyulmuşdur: Bu Tapşırığın icrası üçün seçilmiş Məsləhətçi, oxşar layihələr üzrə təcrübəli mütəxəssislərə malik olan hüquqi şəxs olmaqla, onun bu Tapşırığın icrasına cəlb edilən mütəxəssisləri aşağıdakı ixtisas uyğunluğu tələblərinə cavab verməlidir (müvafiq mütəxəssislərin həmin tələblərə cavab verməsini təsdiq edən sənədlər Sifarişçiyə təqdim edilməlidir): energetika sahəsi üzrə qanunvericilik aktlarının layihələrinin və müşayiət sənədlərinin hazırlanması üzrə hüquqi və texniki və iqtisadiyyat sahələri üzrə ali peşə istiqamətinə (ixtisası) malik olmalı; energetika sahəsi üzrə normativ hüquqi akt layihələrinin və müşayiət sənədlərinin hazırlanması üçün zəruri hüquqi və texniki sahələr üzrə ali peşə istiqamətinə (ixtisası) malik yerli mütəxəssisləri olmalı; normativ hüquqi aktların layihələrinin və müşayiət sənədlərinin hazırlanması sahəsində ən azı 5 il təcrübəyə malik olmalı; enerji effektivliyi üzrə digər ölkələrin oxşar layihələrində iştirak etmiş mütəxəssislərin olması arzu olunandır. Müqavilədən irəli gələn öhdəliklərlə bağlı Qərar layihəsi iddiaçı tərəfindən ilk dəfə email vasitəsi ilə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və həmin layihəyə dair email vasitəsi ilə yazılı şəkildə çoxsaylı irad, rəy və təkliflər bildirilmiş, həmçinin layihənin yenidən işlənilməsi tələb edilmişdir. Sonradan yəni, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərində iddiaçı tərəfindən email vasitəsi ilə təqdim edilmiş Qarar layihəsinə dair növbəti dəfə yazılı şəkildə bildirilən əsaslı irad, rəy və təkliflər iddiaçı tərəfindən heç bir əsas göstərilmədən nəzərə alınmasından imtina edilmiş və bu barədə xx.xx.2022-ci tarixdə email vasitəsi ilə məlumat verilmişdir. Eyni zamanda Qarar layihəsinin müzakirə edilməsi məqsədilə müxtəlif vaxtlarda iddiaçı ilə onlayn qaydada çoxsaylı görüşlər keçirilmiş və Qərar layihəsinə dair iradlar şifahi qaydada da ona bildirilmişdir. Onlayn qaydada keçirilmiş görüşlər protokollaşdırılmış və onların video qeydiyyatı aparılmışdır. Bununla əlaqədar Qərar layihəsinə dair dəfələrlə yazılı və şifahi qaydada irad, rəy və təkliflərin bildirilməsinə baxmayaraq, həmin irad, rəy və təkliflərin nəzərə alınmaması səbəbindən “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi Qaydası”nın layihəsinin Strukturu və Tənzimləmə Predmeti” nəzərə alınmaqla Qərar layihəsində olan qüsurların 5 (beş) gün müddətində aradan qaldırılması, həmçinin Qərar layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə və Müqavilənin şərtlərinə uyğun hazırlanıb təqdim edilməsi üçün iddiaçıya xx.xx.2022-ci il tarixli AERA-02-12-147/22 nömrəli “Qüsurların aradan qaldırılması haqqında Bildiriş” təqdim olunmuşdur. Bununla belə Qərar layihəsi iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla yenidən təqdim olunsa da, dəfələrlə yazılı və şifahi qaydada bildirilən irad, rəy və təkliflərin nəzərə alınmadığı və Qərar layihəsinin yenidən işlənmiş versiyasının da “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə və Müqavilənin şərtlərinə cavab vermədiyi müəyyən edilmişdir. Belə ki, təqdim olunan normativ hüquqi akt layihəsində “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 25.1-ci, 25.3-cü, 30.3-cü, 50.0.2-50.0.6-cı, 50.0.10-cu, 53-cü, 54.1 -ci, 64.1.4-cü, 65.2.1-ci və 65.2.2-ci maddələri ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir: normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır; normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir; normativ hüquqi aktın preambulası onun qəbul edilməsinin səbəblərini, şərtlərini və məqsədlərini əks etdirməlidir; normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu; normativ tənzimləmə predmetinə uyğunluğu; normativ hüquqi aktın formasının və mahiyyətinin uyğunluğu; daxili strukturun məntiqliliyi; daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi; normayaratma texnikasına uyğunluğu; normativ hüquqi aktın mətni lakonik formada, normaların ziddiyyətli təfsirini istisna edən sadə və aydın dildə, Azərbaycan ədəbi dilinin və hüquq terminologiyasının rəsmi- işgüzar üslubuna əməl etməklə tərtib edilir; normativ hüquqi aktın terminologiyası aydın anlaşılan sözlərdən və söz birləşmələrindən istifadə etməklə formalaşdırılmalıdır; fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən sui- istifadə edilməsi imkanı; hüquqi tənzimləmədə boşluqların mövcudluğu; inzibati prosedurların olmaması. Bundan əlavə, Qərar layihəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda effektivlik potensialının qiymətləndirilməsi ilə bağlı bütün məsələlər tam əhatə olunmamış, o cümlədən adıçəkilən Qanunun 13.3-cü maddəsinin tələblərinə uyğun olaraq enerji effektivliyi potensialının qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla, enerji istehsalçıları üçün enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklər müəyyən olunmamış, Qərar layihəsinin şamil edildiyi subyektlərin dairəsi, qiymətləndirmənin həcmi, dövrilik, hesablanma qaydası, qiymətləndirmə meyarları, qiymətləndirməni həyata keçirəcək orqan olan Energetika Nazirliyinin qiymətləndirməni həyata keçirmə proseduru birmənalı müəyyən edilməmiş, eləcə də Qərar layihəsində istifadə olunan terminologiya energetika sahəsini tənzimləyən qanunvericiliyə uyğun olmamışdır. Həmçinin Qərar layihəsi “Qüsurların aradan qaldırılması haqqında Bildiriş”ə əlavə olunmuş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi Qaydası”nın layihəsinin Strukturu və Tənzimləmə Predmeti”nə uyğunlaşdırılmamış və Texniki Tapşırığın 7-ci hissəsinə uyğun olaraq Qərar layihəsinin hazırlanmasına energetika sahəsi üzrə texniki və iqtisadi biliklərə malik olan mütəxəssislər cəlb edilməmişdir. Müqavilənin 17.1-ci bəndinə əsasən, Müqavilə şərtlərinin əsaslı pozulmasına yol verilərsə, Sifarişçi qarşı tərəfə 15 (on beş) gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə Müqaviləni bütövlükdə və ya qismən ləğv edə bilər. Müqavilənin 17.2.4-cü yarımbəndinə əsasən, Sifarişçinin Müqavilənin pozulmasına səbəb ola biləcək qüsurlar haqqında yazılı bildirişinə baxmayaraq, İcraçının təqdim edilmiş sənəd əsasında 5 (beş) gün müddətində tədbir görməməsi” əsaslı pozuntu hesab edilir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Xüsusi Şərtləri”n 2-ci bəndinin ikinci cümləsinə əsasən, Müqavilənin icrası nəticəsində iddiaçı tərəfindən hazırlanmış layihələr və müşayiət sənədləri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə və Azərbaycan dilinin norma və tələblərinə cavab verməlidir. Bu tələblərə cavab verməyən layihələr və müşayiət sənədləri Sifarişçi tərəfindən təhvil alınmır və onlara görə İcraçıya ödəniş edilmir. Qeyd olunanlara əsasən, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə və Müqavilə şərtlərinə uyğun olaraq, Müqavilənin xx.xx.2022-ci il tarixindən tamamilə ləğv edilməsi, iddiaçı tərəfindən təqdim olunmuş Qərar layihəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə və Müqavilə şərtlərinə uyğun olmadığından qəbul edilməyəcəyi və ödənilməyəcəyi, eləcə də Müqaviləyə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli AERA- 01-12-171/22 nömrəli məktubla iddiaçıya xəbərdarlıq edilmişdir. Göründüyü kimi, Müqavilənin bir tərəfli qaydada və tərəflər arasında əlavə razılaşma olmadan ləğv edilməsinə səbəb, iddiaçi tərəfindən Müqavilənin və onun ayrılmaz tərkib hissəsi olan “Xüsusi Şərtləri”nin və Texniki Tapşırığın yuxarıda qeyd olunan şərtlərinin əhəmiyyətli dərəcədə pozulması, habelə Müqavilə üzrə üzərinə götürmüş öhdəliklərin icra edilməməsi olmuşdur. Bununla əlaqədar iddiaçının “qarşılıqlı razılaşma üsulu ilə müqavilənin ləğv edilməsinə dair” xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixli AERA-01-12- 215/22 nömrəli məktubla, “mübahisənin məhkəməyə qədər nizama salınmasına dair” xx.xx.2022-ci il tarixli pretenziya məktubuna isə xx.xx.2022-ci il tarixli AERA-01 -12-260/22 nömrəli məktubla hüquqi baxımdan tam əsaslandırılmış cavablar verilmişdir. İddiaçı tərəfindən Müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində normativ hüquqi akt layihəsinin razılaşdırılması üçün aidiyyəti orqanlara (qurumlara) göndərilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə müəyyən edilmiş müddətlərə əməl edilməsi mümkün olmamış və bu səbəbdən sərəncamın icrası gecikmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli Xidmətlər üzrə satınalma müqaviləsindən görünür ki, sifarişçi “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nın və onun qəbul edilməsi ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi Qaydası"nın layihəsi; qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirmə meyarlarının layihəsi; Qayda və Meyarların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi; Layihələrin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına dəyişiklik layihələri və hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısında qeyd edilmiş digər normativ hüquqi aktların layihələri, habelə onların qəbul edilməsi zərurətinin əsaslandırılmasının, o cümlədən maliyyə-iqtisadi əsaslandırılmasının, həmçinin, onların qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısının, eləcə də, hüquqi rəyin (bundan sonra - müşayiət sənədləri) işlənib hazırlanmasında və aidiyyəti qurumlarla razılaşdırılmasında hüquqi yardımın göstərilməsi xidmətlərinin (bundan sonra - xidmətlər) satın alınması üçün İcraçının 120 000,10 manat məbləğində tender təklifini qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli AERA-02-12- 147/22 saylı Qüsurların aradan qaldırılması haqqında bildirişdən görünür ki, işçi qrup üzvləri tərəfindən yazılı və şifahi qaydada bildirilən irad, rəy və təkliflər, habelə tələb olunan və xx.xx.2022-ci il tarixində yazılı qaydada təqdim edilən “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi Qaydası”nın layihəsinin Strukturu və Tənzimləmə Predmeti” (əlavə olunur) nəzərə alınmaqla Qərar layihəsinin xx.xx.2022-ci il tarixində təqdim edilən versiyasındakı qüsurların 5 (beş) gün müddətində aradan qaldırılması tələb olunmuşdur. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli AERA-02-12-147/22 saylı Qüsurların aradan qaldırılması haqqında bildirişlə razılaşmayaraq, göstərilən tələblərə əməl edildiyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli AERA-01-12- 171/22 saylı Müqaviləyə xitam verilməsinə dair xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə və Müqavilə şərtlərinə uyğun olaraq, cavabdeh ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixində bağlanmış “Xidmətlər üzrə satınalma müqaviləsi”nin xx.xx.2022-ci il tarixindən tərəfimizdən tamamilə ləğv edildiyi, tərəfinizdən təqdim olunmuş İlkin və Aralıq Hesabatların, Layihənin, onun qəbul edilməsi zərurətinin əsaslandırılması, habelə maliyyə-iqtisadi əsaslandırılması və məcburi hüquqi ekspertiza rəyi layihələrinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə və Müqavilə şərtlərinə uyğun olmadığından qəbul edilməyəcəyi və ödənilməyəcəyi, həmçinin Müqavilə üzrə öhdəliklərə xitam verildiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 863511 saylı elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 24000,02 manat dəyərində göstərilmiş xidmətlərə dair cavabdehə elektron qaimə təqdim edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli AERA-01-16-617/22 saylı arayışından görünür ki, iddiaçı tərəfindən iş və xidmətlərlə bağlı 72000,06 manat məbləğində vəsaitin ödənilməsinə dair cavabdehə heç bir elektron qaimə-faktura təqdim edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 40-2-ci maddəsinə əsasən, satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli Xidmətlər üzrə satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən sifarişçi “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nın və onun qəbul edilməsi ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi Qaydası"nın layihəsi; qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirmə meyarlarının layihəsi; Qayda və Meyarların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi; Layihələrin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarlarına dəyişiklik layihələri və hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısında qeyd edilmiş digər normativ hüquqi aktların layihələri, habelə onların qəbul edilməsi zərurətinin əsaslandırılmasının, o cümlədən maliyyə-iqtisadi əsaslandırılmasının, həmçinin, onların qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısının, eləcə də, hüquqi rəyin (bundan sonra - müşayiət sənədləri) işlənib hazırlanmasında və aidiyyəti qurumlarla razılaşdırılmasında hüquqi yardımın göstərilməsi xidmətlərinin (bundan sonra - xidmətlər) satın alınması üçün İcraçının 120 000,10 manat məbləğində tender təklifini qəbul etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə xidmətlər yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən xidmətlər qüsurlu olması səbəbindən qəbul edilməmiş və bu barədə iddiaçıya qüsurların aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli AERA-02-12-147/22 saylı bildiriş göndərilərək, qüsurların 5 (beş) gün müddətində aradan qaldırılması tələb olunmuşdur. İddiaçı, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2022-ci il tarixli AERA-02-12-147/22 saylı Qüsurların aradan qaldırılması haqqında bildirişlə razılaşmayaraq, göstərilən tələblərə əməl edildiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən yerinə yetirilmiş işlər müqavilə şərtlərinə uyğun olmadığından cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli AERA-01-12-171/22 saylı Müqaviləyə xitam verilməsinə dair xəbərdarlıq ünvanlanmaqla tərəflər arasında bağlanmış “Xidmətlər üzrə satınalma müqaviləsi”nin xx.xx.2022-ci il tarixindən ləğv edilmişdir. Hazırda iddiaçı ümumi göstərilmiş xidmətlərin dəyərini cavabdehdən tələb edir. Hazırki iş üzrə iddiaçı tərəfindən xidmətlərin göstərilməsi, göstərilmiş xidmətlərin müqavilə şərtlərinə uyğun olmadığından cavabdeh tərəfindən qəbul edilməməsi, müqavilənin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən ləğv edilməsi işin mübahisələndirilməyən hallarıdır. Hazırki mübahisə iddiaçı tərəfindən göstərilmiş, lakin cavabdeh tərəfindən qəbul edilməmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında Xidmətlər üzrə satınalma müqaviləsi bağlansa da, həmin müqavilənin məzmunundan müəyyən edilən şərtlər baxımından, tərəflər arasındakı hüquq münasibətləri podrat müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Hazırki iş üzrə isə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, lakin cavabdeh tərəfindən görülmüş işlər qüsurlu olduğu üçün qəbul edilməmiş, hətta cavabdeh tərəfindən müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra da həmin qüsurlar iddiaçı tərəfindən tamamilə aradan qaldırılmamışdır. Nəticədə tərəflər arasında bağlanmış müqaviləyə cavabdeh tərəfindən xitam verilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən göstərilmiş xidmətlərdə yaranmış qüsurların aradan qaldırılmaması səbəbindən xitam verilmişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçı yerinə yetirilmiş işin haqqını cavabdehdən tələb etməkdə haqlı deyildir. Çünki müqaviləyə məhz iddiaçının hərəkətləri ilə bağlı olan səbəbə görə xitam verilmiş, eyni zamanda cavabdehin həmin işlərə hansısa marağının olması iş materialları ilə müəyyən olunmur. Bundan başqa, iddiaçı, cavabdeh tərəfindən müqaviləyə xitam verilməsini və onun əsaslarını mübahisələndirməmiş, yalnız görülmüş işlərin haqqını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehinə qarşı cavabdehdən 72.000,06 manat məbləğində borcun və 403.50 manat xərc məbləğinin, cəmi 72.403,56 manat məbləğin tutulub iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar