Məhkəmə qərarları › İş №e-2-2(113)-2053/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2053/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2053/2023 20.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı, işgüzar münasibət, prosessual maraq, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli müqavilə üzrə 6416,99 borcun və mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçının istehsal etdiyi müxtəlif çeşidli sular və limonadlar almışdır. Həmin müqavilə əsasında 6416,99 manat borc yaranmışdır. Adıçəkilən müqavilə ilə razılaşdırılmışdır ki, mallar sifariş olunduqdan sonra iddiaçı cavabdehə elektron qaimə təqdim edir, cavabdeh məhsulları aldığı tarixdən 30 gün ərzində dəyərini iddiaçının bank hesabına köçürmə yolu ilə ödəyir. Bununla bağlı olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixdə qarşılıqlı hesablaşma aktı da imzalanmışdır. Həmin akta əsasən cavabdeh iddiaçıya 6416,99 manat borcunun olmasını rəsmi qaydada təsdiq etmişdir. Lakin ötən dövr ərzində heç bir ödəniş olmamışdır. Bundan sonra Bakı 17 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Qeyd edilənlərə əsasən, cavabdehdən iddiaçının xeyrinə 6416,99 manat pul tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1-ci və s. maddələri göstərilmişdir.

4. Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə məhkəməyə iddiaya etirazını təqdim etməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, tərəflər arasında malın alqı-satqısı ilə bağlı formalaşmış işgüzar münasibətlər elektron qaimə təqdim etməklə olmuş, 04 noyabr 2020-ci il tarixli müqavilə əsasında mal dövriyyəsi ƏDV daxil olmaqla 31955,18 manat olmuşdur. 2020-2021-ci illlərdə ödənişlər olsa da, xx.xx.2021-ci il tarixdə üzləşmə aktı ilə təsdiqlənmiş 6416,99 manat qalıq borc üzrə (həmin tarixdən) hər hansı ödəniş olmamışdır. Arayışda ödənilməmiş qaimə kimi qeyd olunan qaimələrdə qeyri-dəqiqlik ola bilər. Belə ki, elektron qaimələrin sayı çox olmuş, ödənişlər isə qarışıq edilmişdir. Yekunda tərəflər üzləşmə həyata keçirmiş, qalıq borcu müəyyən etmişlər. Təqdim olunan qaimələrin məbləği və ödəniş sənədlərindən də qalıq borc təsdiq olunur.

7. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri yerləşdirilmiş, cavabdehin qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilmiş, məhkəmə iclaslarının yeri və vaxtı barədə telefonoqramlar ötürülmüşdür. Lakin cavabdehin hər hansı nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq Komfort-Salarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə olunmuş 04 noyabr 2020-ci il tarixli 5-R/20 nömrəli alqısatqı müqaviləsinin 1-ci hissəsindən görünür ki, Satıcı (iddiaçı) Alıcının (cavabdehin) sifarişi əsasında malları Alıcıya satır, Alıcı isə hazırkı müqavilədə müəyyən edilmiş qaydada və şərtlərə əsasən malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür (1.1). Sifariş olunan malların xüsusiyyətləri (ölçüsü, miqdarı, çeşidi, qiyməti, habelə digər zəruri məlumatlar müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 əsasən tərəflər arasında əvvəlcədən razılaşdırılır (1.2).

12. Qeyd edilən müqavilənin 2-ci hissəsinə əsasən, hazırkı müqavilənin ümumi dəyərini müqavilənin ayrılmaz tərkib hissəsi olan X3 cəmi təşkil edir (2.1). Satıcı və Alıcı təhvil verilmiş mallara aid təhvil-təslim aktı imzalayır (2.2). Mallar sifariş olunduqdan sonra Satıcı Alıcıya elektron qaimə təqdim edir (2.3). Alıcı hazırkı müqaviləyə əsasən məhsulları aldığı tarixdən 30 gün ərzində, satılan məhsulun məbləğini Satıcının bank hesabına köçürmə yolu ilə ödəyir (2.4). Təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər (2.5).

13. Adıçəkilən müqavilənin 10-cu hissəsində iddiaçının hesablaşma hesabı kimi AZ23PAHA40060AZNHC********** göstərilmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, ƏDV daxil 31898,82 manat dəyərindəki müxtəlif adda məhsulların iddiaçı tərəfindən cavabdehə təhvili üçün 57 ədəd elektron qaimə rəsmiləşdirilmiş, elektron qaimələrin bir qismi cavabdeh tərəfindən, bir qismi isə sistem tərəfindən təsdiq edilmişdir. Həmçinin, görünür ki, iddiaçının maliyyə arayışında dəyəri ödənilməmiş elektron qaimələr qismində qeyd etdiyi xx.xx.2021-ci il tarixli XXXX 723745 seriya və nömrəli elektron qaimə 885,32 manat, xx.xx.2021-ci il tarixli XXXX 097199 seriya və nömrəli elektron qaimə 187,94 manat, XXXX 097200 seriya və nömrəli elektron qaimə 167,24 manat, xx.xx.2021-ci il tarixli XXXX172022 seriya və nömrəli elektron qaimə 2637,17 manat, xx.xXXXXXXXXX 540021 seriya və nömrəli elektron qaimə 2427,58 manat dəyərindəki müxtəlif adda məhsulların iddiaçı tərəfindən cavabdehə təhvili üçün rəsmiləşdirilmiş, XXXXC 723745 seriya və nömrəli cavabdeh tərəfindən, EXXXX 540019, XXX 097199, XXXX 097200, EXXXX172022 və XXXX 540021 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.

15. "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış iddiaçıya məxsus AZ23PAHA40060AZNHC********** nömrəli bank hesabından və ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, cavabdeh tərəfindən və sistem tərəfindən təsdiq edilmiş elektron qaimələrin dəyərindən xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə ƏDV daxil olmaqla cavabdeh tərəfindən 25482,1 manat ödəniş edilmişdir.

16. Göründüyü kimi, tərəflər arasında işgüzar münasibətlər təhvil-təslimin elektron qaimə ilə rəsmiləşdirilməsi istiqamətində olmuşdur. Belə ki, iddiaçının bank hesabından çıxarışdan da görünür ki, ödənişlər malların təhvilindən sonra elektron qaimə-fakturaların seriya və nömrəsinə istinad edilməklə ödənmişdir.

17. İş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşma aktından görünür ki, xx.xx.2021-ci il tarixə cavabdehin iddiaçıya olan borcu 6416,99 manat olaraq təsdiq edilmişdir.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 04 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı nəzərdə tutulmuş malları cavabdehə satmağı, cavabdeh isə müvafiq malları qəbul edərək aldığı tarixdən 30 gün ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqavilə üzrə ƏDV daxil olmaqla elektron qaimələr əsasında 31898,82 manat dəyərində mal vermiş, cavabdeh tərəfindən isə 25482,1 manat ödəniş edilmişdir. Qarşılıqlı hesablaşma aktı ilə tərəflər müqavilə üzrə qalıq borc məbləğini 6416,99 manat kimi təsdiq etmişlər.

19. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan (qarşılıqlı hesablaşma aktına əsasən) 6416,99 manat pulun ödənilməsini tələb edir.

20. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

21. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

23. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

24. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə iddiaçının təqdim etdiyi bütün sübutlarla tanış ola bilməsinə baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

25. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

28. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

30. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

32. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

36. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

37. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 6416,99 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

38. İddiaçı həmçinin 100 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, XXXX nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

42. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

43. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 6416 (altı min dörd yüz on altı) manat 99 (doxsan doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar