Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2073/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: bank hesab müqaviləsi, öhdəliyin icra olunmaması, vurulmuş zərərin ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 (bir yüz yeddi min) manat məbləğində pulun ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığının Cavabdeh ASC tərəfindən səhv icra edilməsi nəticəsində "xxxx" MMCyə vurulmuş 107000 (bir yüz yeddi min) manat zərərin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında 19 aprel 2017-ci il tarixində 17/000/HM/054427 nömrəli bank hesab müqaviləsi bağlanmışdır. Həmin müqavilə tələblərini rəhbər tutaraq "xxxx" MMC tərəfindən hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Lakin Cavabdeh ASC tərəfindən "xxxx" MMC-nin qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 (bir yüz yeddi min) manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığı Cavabdeh ASC tərəfindən səhv icra edilmişdir. 462484 nömrəli ödəniş tapşırığında ödənişin konkret olaraq təyinatının qeyd edilməsinə baxmayaraq, Cavabdeh ASC tərəfindən ödəyənin iradəsinə zidd olaraq düzgün icra edilməmiş, bank öz düşüncəsi əsasında hesab sahibinin pul vəsaiti üzərində əməliyyatlar icra etmişdir. Belə ki, 462484 nömrəli ödəniş tapşırığının təyinatında “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə hesaba mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir. Məhkəməyə təqdim edilən ödəniş tapşırığı və hesabdan çıxarışlarda həmin əməliyyatlar tam aydın şəkildə öz əksini tapmışdır. Bu müştəri və bank arasında olan münasibətlərə, hüquqi şəxsin öz vəsaiti barədə sərəncam vermə hüququna tam zidd olan bir addım olmaqla yanaşı, eyni zamanda Mülki Məcəllənin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Lakin iddiaçı tərəfindən tam əsaslı olaraq icra edilməsi üçün cavabdeh banka yönləndirilmiş ödəniş tapşırığı onun iradəsi ziddinə olaraq bankın şəxsi maraqları üçün istifadə edilmişdir. Cavabdeh tərəfindən edilmiş bütün bu kobud qanun pozuntuları iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə yanaşı, eyni zamanda ona ciddi mənada maddi ziyan vurmuşdur. İddiaçı "xxxx" MMC Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təsisçiliyi ilə yaradılmış, konkret fəaliyyət istiqaməti müəyyənləşdirilmiş hüquqi şəxsdir. Öz maliyyə işlərini bir növ dövlət orqanı kimi icra edən, büdcəsini formalaşdıran bir təşkilatdır. Müdafiə Sənayesi Nazirliyi tərkibində olan digər müəssisələr kimi, iddiaçı da öz fəaliyyəti ilə əlaqədar olaraq növbəti, növbədənkənar iclaslar keçirir və nəticə olaraq ciddi vəsaitlər hesabına başa gələn xüsusi əhəmiyyətli qərarlar qəbul edir, eyni ilə xx.xx.2022-ci il tarixində tərtib edilmiş protokolda olduğu kimi. Həmin protokolla müəyyənləşdirilmişdir ki, iddiaçı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan digər bir hüquqi şəxs "xxxx" MMC-yə maliyyə yardımı həyata keçirilsin. Bu qərar hüquqi şəxsin özünün verə biləcəyi və qanunla hər hansı bir məhdudiyyət tətbiq edilməməli olan bir qərardır. Lakin təəssüflər olsun ki, cavabdeh bank iddiaçının bu əsaslı qərarına hörmət etməmiş, öz vəzifələrini aşaraq hüququ olmadığı halda iddiaçının pul vəsaiti üzərində qərar qəbul etmişdir. Bu barədə cavabdeh banka edilmiş şifahi və ya yazılı bildirişlər nəticə verməmiş, təyin edilmiş mediasiya prosesində iştirak edilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 957.1, 958, 959.2, 964.1, 964.2, 966, 968-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya ayrıca yazılı etiraz daxil olmamışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə elektron qaydada göndərilən ərizələrdə məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş materiallarından görünür ki, “bank” qismində Cavabdeh ASC ilə “müştəri” qismində "xxxx" MMC arasında 19 aprel 2017-ci il tarixli, 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə görə Bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı (bundan sonra ismin müvafiq halında "bank hesabı" adlanacaq), açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə əsasən müştərinin sərəncamı əsasında hesaba pul vəsaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürülməsi və nağd verilməsi, hesab üzrə digər əməliyyatların aparılması bankın vəzifəsidir. Müqavilənin 2.2.3cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi və onlanın pozulmasına yol verilməməsi bankın vəzifəsidir. Müqavilənin 2.3.1-ci bəndinə əsasən banka təqvim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürülməsi və nağd verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək müştərinin hüququdur. Müqavilənin 2.3.2-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi va onların pozulmasına yol verilməməsini bankdan tələb etmək müştərinin hüququdur.
8. “X3” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "X2" və "xxxx" MMC arasında tərtib edilmiş 7 aprel 2022-ci il tarixli protokoldan görünür ki, dövlət sifarişi proqramı, müdafiə təyinatlı, ixrac və mülki müqavilələr üzrə nəzərdə tutulan sifarişlərin yerinə yetirilməsindən və digər mənbələrdən müəssisələr - "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC bank hesablarına daxil olan vəsaitlərdən bir-birlərinə qarşılıqlı olaraq müvəqqəti maliyyə yardımı edilməsi, müəssisələr aldıqları müvəqqəti maliyyə yardımını vəsait daxil olduqca planlı şəkildə geri ödənişinin təmin edilməsi, "X3" MMC-nin tabeli müəssisələri ("xxxx" MMC, “Avia-Aqreqat zavodu" MMC, "xxxx" MMC, "xxxx" MMC) İstehsalat Birliyinin saxlanılması üçün Birliyin bank hesabına əvəzsiz maliyyə yardımının ödənilməsi qərara alınmışdır.
9. xx.xx.2022-ci il tarixli, 462484 nömrəli ödəmə tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 (bir yüz yeddi min) manat məbləğin ödənilməsi barədə ödəmə tapşırığı verilmiş və ödənişin təyinatı və əsası hissəsində “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” sözləri qeyd edilmişdir.
10. "xxxx" MMC-nin Cavabdeh ASC-də olan hesabdan çıxarışdan (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) görünür ki, "xxxx" MMC-nin hesabından xx.xx.2022-ci il tarixdə 107000 manat məbləğində vəsait köçürülmüşdür.
11. Hesabdan çıxarış məlumatlarından görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 (bir yüz yeddi min) manat məbləğin ödənilməsi barədə ödəmə tapşırığında qeyd olunan məbləğ sözügedən hesaba daxil olmamışdır.
12. "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabdan çıxarışdan (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 (bir yüz yeddi min) manat məbləğin ödənilməsi barədə ödəmə tapşırığında qeyd olunan məbləğ sözügedən hesaba daxil olmamışdır.
13. "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 09/31 nömrəli pretenziya məktubundan görünür ki, vurulmuş l07000 manat zərərin qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
14. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında 19 aprel 2017-ci il tarixli bank hesabı müqaviləsi bağlanmış və tərəflər həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə uyğun olaraq "xxxx" MMC "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğin ödənilməsi barədə xx.xx.2022-ci il tarixli, 462484 nömrəli ödəmə tapşırığını banka təqdim etmişdir. Ödəniş tapşırığında qeyd olunan məbləğ "xxxx" MMC-nin hesabından köçürülsə də, "xxxx" MMCnin tapşırıqda qeyd olunan hesabına daxil olmamışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 956.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. 958-ci maddəsinə əsasən bank müştəri üçün həmin növ hesablardan ötrü qanunla, qanuna əsasən müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulan əməliyyatlar aparmalıdır, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. 968-ci maddəsinə əsasən müştərinin hesabdakı pul vəsaitinə dair sərəncam vermək hüquqlarının məhdudlaşdırılmasına yol verilmir, amma qanunda nəzərdə tutulan hallarda məhkəmənin qərarı ilə hesabdakı pul vəsaiti üzərinə həbs qoyulduğu və ya hesab əməliyyatlarının dayandırıldığı, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun: 36.1-ci maddəsinə əsasən banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. 36.5-ci maddəsinə əsasən bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. 38.1-ci maddəsinə əsasən banklar hesablaşmaları və pul köçürmələrini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.
Məhkəmənin mövqeyi
17. İddia tələbi iddiaçı tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi nəticəsində "xxxx" MMC-yə vurulmuş 107000 manat zərərin qaytarılmasından ibarətdir.
18. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinə əsasən cavabdeh iddiaçıya Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi, hesabdan müvafiq məbləğlərin iddiaçının tapşırığı ilə köçürməsinə və nağd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair iddiaçının sərəncamlarını yerinə yetirməyi, iddiaçı isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçının sərəncamı əsasında hesaba pul vəsaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin iddiaçının tapşırığı ilə köçürülməsi və nağd verilməsi, hesab üzrə digər əməliyyatların aparılması, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi və onlanın pozulmasına yol verilməməsi cavabdehin vəzifəsi kimi müəyyən edilmiş, eyni zamanda banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin iddiçının tapşırığı ilə köçürülməsi və nağd verilməsini, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsi və onların pozulmasına yol verilməməsini bankdan tələb etmək iddiaçının hüququ kimi təsbit olunmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, xx.xx.2022-ci il tarixli, 462484 nömrəli ödəmə tapşırığına uyğun olaraq "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 manat məbləğin ödənilməsi barədə verilmiş ödəmə tapşırığı təyinatına uyğun (“xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir) icra olunmamış və həmin vəsait "xxxx" MMC-nin hesabından xx.xx.2022-ci il tarixdə köçürülsə də, "xxxx" MMC-nin ödəmə tapşırığında qeyd olunan hesabına daxil olmamışdır. Eyni zamanda işin hallarından müştərinin pul vəsaitinin silinməsinə əsas ola biləcək hər hansı halın baş verməsi (MM-in 964.2-ci maddəsində göstərilən hallar) müəyyən olunmur. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş (baxmayaraq ki, bütün məhkəmə iclasları barədə məlumatlı olmuşdur), elektron qaydada göndərilən ərizələrdə isə yalnış iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, lakin nəyə görə iddianın rədd edilməli olmasının əsaslarını qeyd etməmiş, iddianın rədd edilməli olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və "xxxx" MMC-yə vurulmuş zərərin əvəzi olaraq 107000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 107000 (bir yüz yeddi min) manat məbləğində pulun ödənilməsi barədə tərtib edilmiş 462484 nömrəli ödəniş tapşırığının Cavabdeh ASC tərəfindən səhv icra edilməsi nəticəsində "xxxx" MMCyə vurulmuş zərərin əvəzi olaraq 107000 (bir yüz yeddi min) manat məbləğində pul Cavabdeh ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova