Məhkəmə qərarları › İş №e-2-2(113)-2073/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2073/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2073/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, maddi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əməkdaşının X1na məxsus kartı digər şəxsə təhvil verməsi nəticəsində banka dəymiş 1125 manat ziyanın və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanan müqavilə əsasında Cavabdeh MMC-nin şöbələri tərəfindən fermer subsidiya kartlarının Bankın müştərilərinə əlbəəl çatdırılması xidməti həyata keçirilmişdir. X1 tərəfindən Banka müraciət olunaraq, ona məxsus plastik kartın X2 tərəfindən onun icazəsi olmadan əldə etdiyini və müəyyən bir müddət ərzində kartdakı vəsaiti istifadə edərək mənimsədiyini bildirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, Əminə Əskərovaya məxsus kart Qusar rayonu, Xürel poçt şöbəsindən X2 tərəfindən qeydiyyat kitabına imza edilməklə təhvil alınmışdır. Həmçini qeydiyyat kitabında kartın etibarlı şəxsə verilməsi halında etibarnamənin seriya nömrəsinin qeyd olunması tələb olunsa da, həmin sütunda da hər hansı məlumat əks olunmamışdır.

3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, İddiaçı ASC-nin “dəymiş ziyanın ödənilməsinə dair” iddia ərizəsinin iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanan Müqavilə əsasında Cavabdeh MMC-nin şöbələri tərəfindən fermer subsidiya kartlarının Bankın müştərilərinə əlbəəl çatdırılması xidməti həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli Müqavilənin 3.2.6.-cı bəndinin tələbləri pozularaq plastik kartın səlahiyyətsiz şəxsə təqdim edilməsi nəticəsində müştəriyə dəymiş 1125 (bir min yüz iyirmi beş) manat məbləğində ziyan Bank tərəfindən müştəriyə ödənilmiş və nəticədə Banka maddi ziyan dəymişdir. AR Əmək Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Müqavilənin predmetindən göründüyü kimi Cavabdeh MMC tərəfindən Banka plastik kartların çatdırılması xidməti göstərilmişdir. Plastik kart daşınar əşya hesab olunduğundan müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin İddiaçının iddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə “28” fevral 2024-cü il tarixində təqdim edilmişdir. Bütün bunlar iş üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi deməkdir. İddia müddətinə aid Konstitusiya Məhkəməsinin «AR Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci - o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci - iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü - iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». İddia müddəti ilə bağlı analoji hüquqi mövqedən çıxış edən müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedentlərində nəzərdə tutulmuşdur. Avropa Məhkəməsi, Stanyo Belçikaya qarşı iş üzrə (7.07.2009) qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə (xx.xx.2000) qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə hesab edirəm ki, İddiaçı ASC dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin müddətin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı İddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Hacıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında uzun müddətli əməkdaşlıq olmuş, iddiaçının tapşırıqları həmişə vaxtında və dəqiq icra edilmiş, bu hal onların münasibətlərində ilk belə haldır. Bu səbəbdən iddiaçı cavabdehə etimad etmiş, sonuncunun öz öhdəliklərini vicdanla icra edəcəyinə inanmış, bu səbəbdən tapşırığın icrası ilə vaxtında maraqlanmamışdır. Müştəri ona məxsus kartın kənar şəxsə verilməsi və ona zərər dəyməsi faktı ilə bağlı 2023-cü il tarixdə Mərkəzi Banka müraciət etmiş, bu halla bağlı tərəflərindən araşdırma aparıldıqdan sonra hüquqlarının pozulması faktı müəyyən edilmiş və məhkəməyə iddia ərizəsi verilmişdir. Bu səbəbdən hesab edir ki, iddia müddəti ötürülməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında bildirdi ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün zəruri sübutları təqdim edə bilmir. Əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, iddiaçı tərəfindən hüquqlarının pozulması halı 2020-ci ildə müəyyən edilə bilərdi. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia təmin edilməməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (sifarişçi) və cavabdeh (icraçı) arasında bağlanmış 31 mart 2020-ci il tarixli müqaviləyə əsasən sifarişçi tərəfindən müştərilərə göndərilən plastik kartları icraçının republika ərazisində fəaliyyət göstərən poçt filiallarında (poçt şöbələrində) qeydiyyatlı poçt göndərişlərin mövcud poçt qaydalarına uyğun qəbulu, daşınması və təyinatı üzrə çatdırılması ilə bağlı xidmət göstərməyi, sifarişçi isə müqavilədə göstərilmiş müddətdə və şərtlərlə göstərilmiş xidmətin haqqını ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən ... Hər bir halda qəbul barədə sifarişçinin nümayəndəsinə sistemdə çap olunmuş çıxarış təqdim edilir.

10. Müqavilənin 3.2.1-ci bəndinə əsasən icraçı sifarişçi tərəfindən müştərilərə göndərilən plastik kartlar qeydiyyatlı poçt göndərişlərinə uyğun olaraq sifarişçinin səlahiyyətli nümayəndəsindən müvafiq sənəd (f.103 siyahısı) əsasında yoxlayaraq qəbul edir və düzgünlüyü təsdiq olunduqdan sonra mövcud qaydalara uyğun olaraq çatdırılmasını təmin edir.

11. Müqavilənin 3.2.5-ci bəndinə əsasən icraçı plastik kartların çatdırılmasına cəlb edilmiş əməkdaşlarını plastik kartları şəxsən özlərinin müştərilərə və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında müştərilərin nümayəndələrinə əlbəəl çatdırmalı olduqları, habelə plastik kartların özündən və ya üzərindən göstərilmiş məlumatlardan qanunsuz istifadə etməyin məsuliyyətə səbəb olacağı barədə təlimatlandırırır.

12. Ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarışa əsasən müştəri Ə.Əskərovanın hesabına iddiaçı tərəfindən 1125 manat vəsait mədaxil edilmişdir.

13. Pensiyaçılara plastik kartların təhvil verilməsinin qeydiyyat kitabından çıxarışdan görünür ki, AZE 01239192 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi müştəri Əminə Əskərovaya məxsus son dörd rəqəmi 10-85 olan plastik kart 16.05.20-ci il tarixdə cavabdeh tərəfindən təhvil verilmişdir.

14. Əminə Əskərova tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumatların açıqlanmasına dair razılıq ərizəsinə əsasən, o, kart sahibi kimi ona məxsus fərdi və bank sirri məlumatlarının İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi dövlət aqrar inkişaf mərkəzlərinə dövlət büdcəsi vəsaiti hesabına verilən əvəzsiz maliyyə vəsaitlərinin (subsidiyaların) istifadəsinə nəzarətin həyata keçirilməsi, “X5 İnformasiya Sistemində paylaşılması və təhlillərin aparıla bilməsi məqsədləri üçün açıqlanmasına və ötürülməsinə razılıq vermişdir.

15. X4 məxsus ödəniş kartından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2020-xx.xx.2024-cü il dövrü üzrə ümumilikdə 1071,98 manat məxaric olunmuşdur.

16. X4 məxsus ödəniş kartından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2020-xx.xx.2024-cü il dövrü üzrə ümumilikdə 358 manat məxaric olunmuşdur.

17. X6 tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsində ona məxsus kartın onun xəbəri və razılığı olmadan başqa şəxsə verildiyi və nəticədə onun vəsaitinin kənar şəxs tərəfindən mənimsənildiyi göstərilmişdir.

18. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə tapşırıq müqaviləsi imzalanmış, iddiaçının tapşırığı ilə müştəri Əminə Əskərovaya məxsus plastik kartın müştəri və ya notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə tapşırığı lazımi qaydada icra edilməmiş, nəticədə iddiaçıya 1125 manat məbləğində zərər dəymişdir.

19. Belə ki, cavabdeh öz öhdəliyini lazımi qaydada icra etdiyini bildirsə də, müştəri Əminə Əskərovanın adından kartı təhvil almış şəxsin səlahiyyətlərini təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmiş, müqavilənin 3.2.6-cı bəndi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etdiyini sübut edə bilməmişdir.

20. Halbuki, tərəflər arasında bağlanmış 31 mart 2020-ci il tarixli müqavilənin 3.2.2-ci bəndinə əsasən cavabdeh plastik kartlar mövcud qaydalara uyğun olaraq müştərilərə təhvil verilənədək onların aktivləşdirilməsi, vəsaitin məxaric olunması, habelə itirilməsi, məhv olunması və ya zədələnməsinə görə məsuliyyət daşıyır.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

24. 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

25. 784-cü maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

26. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

31. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

32. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

33. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının vurulmuş zərərin ödənilməsi barədə iddia tələbi əsaslıdır.

35. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş edir.

36. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

37. Belə ki, materiallardan görünür ki, iddiaçının tapşırığı əsasında müştəri Ə.Əskərovaya məxsus plastik kart xx.xx.2020-ci il tarixdə səlahiyyətsiz şəxsə təqdim edilmiş, iddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə üç illik iddia müddətini ötürmüşdür.

38. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

39. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

40. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

41. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

42. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

43. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

44. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

45. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

46. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

47. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

48. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

49. Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 32 manat manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar