Məhkəmə qərarları › İş №e-2-2(113)-2075/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2075/2023

28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2075/2023 28.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: vurulmuş zərərin ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən “X3” MMC-nin "xxxx" ASC-də olan hesabına 550000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi nəticəsində iddiaçıya vurulmuş 550000 manat zərərin qaytarılması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən “X3” MMC-nin "xxxx" ASC-də olan hesabına 550000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi nəticəsində iddiaçıya vurulmuş 550000 manat zərərin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 19 aprel 2017-ci il tarixində 17/000/HM/054427 nömrəli bank hesab müqaviləsi bağlanmışdır. Həmin müqavilə tələblərini rəhbər tutaraq, iddiaçı tərəfindən hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Lakin cavabdeh tərəfindən iddiaçının qanuni hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən “X3” MMC-nin "xxxx" ASC-də olan hesabına 550000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığı cavabdeh tərəfindən səhv icra edilmişdir. 462483 nömrəli ödəniş tapşırığında ödənişin konkret olaraq təyinatı qeyd edilməsinə baxmayaraq iddiaçı tərəfindən ödəyənin iradəsinə zidd olaraq düzgün icra edilməmiş, Bank öz “düşüncəsi” əsasında hesab sahibinin pul vəsaiti üzərində əməliyyatlar icra etmişdir. Belə ki, 462483 nömrəli ödəniş tapşırığının təyinatında “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə “X3” MMC-nin hesabına mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir. Məhkəməyə təyin edilən ödəniş tapşırığı və hesabdan çıxarışlardan həmin əməliyyatlar tam aydın şəkildə öz əksini tapmışdır. Bu müştəri və bank arasında olan münasibətlərə, hüquqi şəxsin öz vəsaiti barədə sərəncam vermə hüququna tam zidd olan bir addım olmaqla yanaşı, eyni zamanda Mülki Məcəllənin tələblərinin ciddi şəkildə pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən, hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Lakin iddiaçı tərəfindən tam əsaslı olaraq icra edilməsi üçün cavabdeh banka yönləndirilmiş ödəniş tapşırığı onun iradəsi ziddinə olaraq bankın şəxsi maraqları üçün istifadə edilmişdir. Cavabdeh tərəfindən edilmiş bütün bu kobud qanun pozuntuları iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə yanaşı eyni zamanda ona ciddi mənada maddi ziyan vurmuşdur. İddiaçı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təsisçiliyi ilə yaradılmış konkret fəaliyyət istiqaməti müəyyənləşdirilmiş hüquqi şəxsdir. Öz maliyyə işlərini bir növ dövlət orqanı kimi icra edən, büdcəsini formalaşdıran bir təşkilatdır. Müdafiə Sənayesi Nazirliyi tərkibində olan digər müəssisələr kimi, iddiaçı da öz fəaliyyəti ilə əlaqədar olaraq növbəti, növbədənkənar iclaslar keçirir və nəticə olaraq ciddi vəsaitlər hesabına başa gələn xüsusi əhəmiyyətli qərarlar qəbul edir. Eyni ilə xx.xx.2022-ci il tarixində tərtib edilmiş protokolda olduğu kimi. Həmin protokolla müəyyənləşdirilmişdir ki, iddiaçı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan digər bir hüquqi şəxs “X3” MMC-yə maliyyə yardımı həyata keçirilsin. Bu qərar hüquqi şəxsin özünün verə biləcəyi və qanunla hər hansı bir məhdudiyyət tətbiq edilməməli olan bir qərardır. Lakin təəssüflər olsun ki, cavabdeh bank iddiaçının bu əsaslı qərarına hörmət etməmiş, öz vəzifələrini aşaraq hüququ olmadığı halda iddiaçının pul vəsaiti üzərində qərar qəbul etmişdir. Bu barədə cavabdeh banka etdiyi şifahi və ya yazılı bildirişlər nəticə verməmiş, təyin edilmiş mediasiya prosesinə belə cavabdeh tərəfindən iştirak edilməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq iddiaçıya qarşı törədilmiş bu qeyri-qanuni əməllərin aradan qaldırılması üçün məhkəməyə müraciət edir.

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 489/M saylı kredit müqaviləsinə əsasən, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə 6 ay müddətinə, illik 21 % hesablanmaqla ******* manat kredit verilmişdir. Lakin borclu "xxxx" MMC tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl edilməmiş, borcun ödənilməsi gecikdirilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə borcun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, lakin "xxxx" MMC-nin Cavabdeh ASC-ni məhkəməyə verməsi səbəbi ilə (Bakı Kommersiya Məhkəməsi: e-2- 2(113)-2081/2023 və e-2-2(113)-2073/2023 saylı kommersiya mübahisələri) işin baxılmamış saxlanmasına dair vəsatət verilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2174/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş dayandırılmışdır. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 550 000 (beş yüz əlli min) manat məbləğində vəsaitin göndərilməsi barədə ödəniş tapşırığı Cavabdeh ASC tərəfindən icra edilərək, "xxxx" MMCnin hesabına köçürülmüş, həmin məbləğ "xxxx" MMC ilə Cavabdeh ASC arasında bağlanmış 524/M və 647/M saylı kredit müqavilələri üzrə kredit borcundan silinmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 489/M saylı kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 21 % olmaqla, 6 ay müddətinə 2.150.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

11. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması faizlər aylıq, əsas məbləğ müddətin sonunda ödənilməklə 30 oktyabr 2019-cu il tarixinə qədər tam həyata keçirilməlidir.

12. Müqavilənin 4.9-cu bəndinə əsasən borc alan müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir.

13. Müqavilənin 5.1.11 -ci bəndinə əsasən bu müqavilənin 5.1.2, 5.1.5, 5.1.6 və 5.1.9- cu bəndlərində qeyd olunan hallar baş verdikdə, ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borc alanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək borc verənin hüququdur.

14. İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsinə əsasən bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaiti qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürməsinə və nəğd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.

15. Müqavilənin 2.3-cü bəndinə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.

16. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır.

17. 26.08.2022-ci il tarixli, 462483 nömrəli ödəmə tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına 550.000 manat məbləğin ödənilməsi barədə ödəmə tapşırığı verilmiş və ödənişin təyinatı və əsası hissəsində “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” sözləri qeyd edilmişdir.

18. Hesabdan çıxarış məlumatlarından görünür ki, iddiaçı tərəfindən köçürülmüş 550.000 manat maliyyə yardımı "xxxx" MMC-nin Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülmüş, sonra həmin məbləğ "xxxx" MMC-nin kredit borcu ödənişinə yönəldilmişdir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bank hesabı müqaviləsi, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi imzalanmışdır.

20. İddiaçı iddia ərizəsində mübahisənin əsası kimi göstərmişdir ki, iddia tərəfindən verilmiş 462483 nömrəli ödəniş tapşırığının təyinatında “xx.xx.2022-ci il tarixli protokola əsasən maliyyə yardımı üçün ödənilir” qeydi yazılmışdır. Həmin məbləğ iddiaçının hesabından çıxmış, lakin təyinatı üzrə “X3” MMC-nin hesabına mədaxil olmamışdır. Bunun səbəbi barədə bankdan məlumat aldıqda heç bir tutarlı əsas bildirmədən həmin məbləğin bankın öz mülahizəsinə əsasən kredit borcu üzrə silindiyi bildirilmişdir.

21. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən “X3” MMC-yə məxsus Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan hesabına köçürülməsi və “X3” MMC-yə məxsus hesabdan “X3” MMC-nin kredit borcuna silinməsi müəyyən olunmuşdur.

22. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən pulun silinməsi iddiaçı tərəfindən göstərilən halda həyata keçirilməmiş, “X3” MMC-nin hesabına köçürülməklə onun kredit borcuna yönəldilmişdir.

23. Hətta, köçürülməsi nəzərdə tutulmuş pul məbləği yuxarıda qeyd olunan halda silinsəydi belə, tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 2.3-cü bəndinin tələblərinə uyğundur. Belə ki, həmin bəndə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.

24. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

25. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiaçı tərəfindən “X3” MMC-nin "xxxx" ASC-də olan hesabına 550000 manat məbləğin ödənilməsi barədə tərtib edilmiş 462483 nömrəli ödəniş tapşırığının cavabdeh tərəfindən səhv icra edilməsi nəticəsində iddiaçıya vurulmuş 550000 manat zərərin qaytarılması barədə iddiası rədd edilsin. Ödənilmiş 440 manat dövlət rüsumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar