Məhkəmə qərarları › İş №e-2-2(113)-2075/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2075/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2075/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 61634,94 manat borc məbləğində pulun, hüquqi xidmətə görə ödənilən 400 manat məbləğdə ödənişin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 274.9 manat məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı arasında avtomobillərin mühərriklərinin təmiri, texniki xidmət göstərilməsi və ehtiyat hissələri ilə təmin olunması barədə xx.xx.2023-cü il tarixdə GMB/75/2023 saylı xidmət müqaviləsi bağlanmışdır. Daha sonra isə xx.xx.2023-cü il tarixli EBDE 091676 saylı elektron qaiməyə əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə ümumilikdə 61634,94 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Bununla belə, Cavabdeh MMC borcunu ödəməmiş, habelə iddiaçı tərəfindən göndərilmiş xəbərdarlıq məktubuna baxmayaraq, ona ödəniş edilməmişdir. Qeyd olunan borc məbləğinin onlara ödənilməsini və məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumların cavabdehdən tutularaq ona ödənilməsini təmin edilməsi xahiş edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 425.1,425,2, 427,1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, tərəflər arasında təhvil-təslim aktı olmamış, yalnız eqaimə mövcuddur. Müqavilə üzrə qiymət razılaşdırma protokolu nəzərdə tutulmamışdır. Şahid Airo MMC-nin işçisi olmuş, bütün göstərilən hallara o, aydınlıq gətirə bilər, malların təhvil-təslimi də məhz bu şəxsə olmuşdur. Mallar hissə-hissə verilmişdir, e-qaimənin 1 dəfəyə vurulması ilə bağlı məlumatı yoxdur. Tərəflər arasında hər hansı üzləşmə aktı olmamışdır. Satılan mallara dair sifariş sənədi yoxdur. Sifarişləri verən şəxslə sifarişləri göstərəcək e-mail, “whatsapp” yazışması və yaxud hər hansı yazışmalar yoxdur. Mallar hissə-hissə verildikcə hər dəfəsində e-qaimələr verilməyib, ola bilsin ki, mallar götürüldükdən və istifadə edildikdən sonra rəsmiləşdirilmiş, lakin mallar üzrə e-qaimənin hansı əsasla birdəfəlik verilməsi barədə məlumatı yoxdur. Sonda o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC iddia tələbinə etiraz təqdim edərək qeyd etmişdir ki, əvvəla, məlumat üçün bildir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində, GMB/75/2023 saylı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçi olaraq Cavabdeh MMC-nə onun sifarişi əsasında avtomobillərin mühərriklərinin təmirini, onlara texniki xidmət göstərilməsini təmin etməli, eləcə də onların ehtiyat hissələri ilə təmin olunmasını həyata keçirməli idi. “Sifarişçi” isə öz növbəsində sifariş verdiyi işi vaxtında qəbul etməli və ödənişləri həyata keçirməli idi. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan müqavilə bağlansa da, icrasız qalmış, tərəfindən “İcraçı”ya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmişdir. Buna baxmayaraq “İcraçı” tərəfindən xx.xx.2023-cü ildə “Sifarişçi”yə elektron qaimə-faktura göndərilərək ƏDV daxil cəmi 61634,94 manat pul tələb edilmişdir. Həmin dövrdə Cəmiyyətdə mühasib işləmiş şəxsin işə məsuliyyətsiz yanaşması səbəbindən qaimə-fakturalar geri qaytarılmamışdır. Bu səbəbdən də həmin elektron qaimə-fakturalar proqram təminatı tərəfindən təsdiq edilmişdir. Belə ki, AR Nazirlər Kabinetinin 2021-ci il, 02 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfat daxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Qaydaların 2.1ci bəndinə görə elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə Portala daxil olaraq bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Yenə həmin Qaydaların 3.3cü bəndinin tələblərinə görə cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. Yenə də həmin Qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. AR Konstitusiya Məhkəməsinin “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında ifadə olunmuş mövqeyinə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəf məhkəməyə elektron qaimə-fakturalardan başqa heç bir sübut təqdim edə bilməmişdir. İşə əlavə edilmiş qaimələrin təhlili isə onu göstərir ki, həmin qaimələrdə göstərilmiş ehtiyat hissələri və digər ləvazimatların “Sifarişçi”nin fəaliyyət dairəsində istifadə olunan ağır tonnajlı nəqliyyat vasitələrinə heç bir aidiyyatı yoxdur. Belə ki, qaimədə göstərilən cəmi dəyəri 17353,08 manat olan 285 ədəd **********-Energetic of Shark 60 AH R, cəmi dəyəri 13973,80 manat olan 153 ədəd **********-ZUBR Ultra 75 Ah R+ və cəmi dəyəri 15815,30 manat olan 153 ədəd **********-Eurostart model 12V 100Ah R+ yüngül maşınlarda istifadə olunan akkumlyatorlardır. Digər tərəfdən “Sifarişçi” akkumlyator alqı-satqısı ilə məşğul olan təsərrüfat subyekti deyildir. 591 ədəd akkumlyator onun nəyinə lazımdır? Daha öncə qeyd edildiyi kimi “Sifarişçi” tərəfindən “İcraçı”ya müqaviləyə uyğun heç bir sifariş verilməmişdir. Bununla bağlı işdə heç bir sübut yoxdur. Yuxarıda qeyd olunan 591 ədəd akkumlyator kifayət qədər böyük həcmli yükdür. Bu həcmdə yük hansı nəqliyyat vasitəsilə daşınmışdır, yol vərəqəsi, təhvil aktı və s. sübutları məhkəməyə iddiaçı təqdim etməlidir. Yekun olaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Cavbadehin nümayəndəsi iddianı qəbul etməyərək etirazda göstərilənləri təsdiq edib bildirmişdir ki, tərəflər arasında qeyd olunan müqavilədən əlavə hər hansı başqa münasibətlər olmamışdır. Yeganə münasibət bu müqavilə üzrə yaranacaq münasibətlər idi ki, hansı ki, müqavilə də icra olunmadığı üçün tərəflər arasında hər hansı münasibətlərin olmasından söz gedə bilməz. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş “Sifarişçi” Cavabdeh MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli GMB/75/2023 nömrəli müqavilədən görünür ki, İcraçı Sifarişçinin sifarişi əsasında avtomobillərin mühərriklərinin təmirini, texniki xidmət göstərilməsini və ehtiyat hissələri ilə təmin olunmasını öz üzərinə götürür, Sifarişçi isə qəbul edir. Bu müqavilə üzrə işin qiyməti hesab fakturada göstərilir. Müqavilənin 3.3-cü bəndinə əsasən göstərilmiş xidmətlərə görə hesablaşma əvvəlcədən və ya elektron qaimə təqdim edildiyi zamandan 30 gün ərzində manatla köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan 15 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 01 aprel 2024-cü il tarixinə Cavabdeh MMC-nin qalıq borcu 61634,94 manat olmuşdur. İş materiallarında olan EBDE seriyalı, 091676 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 61634,94 manat dəyərində olan müxtəlif adda mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan 27 fevral 2024-cü il tarixli **********44 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən X5 vasitəsilə dövlət büdcəsinə 275 manat dövlət rüsumu ödənilmişdir. Şahid X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, "xxxx" ASC, Cavabdeh MMC şirkətlərində mexanik kimi işləmiş, əsas Cavabdeh MMC şirkətində işləmişdir. Bu şirkətlər ümumilikdə böyük bir "xxxx"dir. Şirkətin bütün mexanik işləri ilə özü məşğul olmuşdur. Nəsib Yusubov gəlib onu tapıb, texnikaların təmiri, avtomobillərin mühərriklərinin təmiri, texniki xidmət göstərilməsini və ehtiyat hissələri ilə təmin olunması vəzifələrini ona etibar etmişdir. Konkret olaraq "xxxx" ASC və ya Cavabdeh MMC şirkətlərinin hansında işlədiyini dəqiq bilmir, bir müddət bir şirkətdə, daha sonra digər şirkətdə işləmiş, bir şirkətdən digərinə rəsmiləşdirmişlər. Garanti Motors MMC-də işləməmişdir. Cavabdeh MMC-də xx.xx.2023-cü il tarixdə işə başlamışdır. 2020-ci ildə müharibəyə kimi "xxxx" MMC-də mexanik kimi işləmiş, daha sonra müharibəyə getmiş, müharibə iştirakçısıdır. Müharibədən qayıtdıqdan sonra o, işdən çıxmışdır. Bir müddət sonra Nəsib müəllim, hansı ki, Airo MMC-nin direktoru olan Nümayəndə1 müəllimin atası, maraqlanıb onu tapmış və birlikdə işləməyə başlamışlar. Cavabdeh MMC-dən onu xəbəri olmadan, heç bir xəbərdarlıq olmadan onu işdən çıxartmışlar. İşdən çıxarılmağı barədə 2023-cü ilin iyul-avqust aylarında məlumatı olmuşdur. O, işə bərpa ilə bağlı məhkəməyə müraciət etməmiş, lakin X2 Xidmətinə müraciət etmişdir. İşdən çıxarılma səbəbi kimi ona heç bir səbəb deməmişlər. Oranın direktoru Ağası müəllim onun vəzifəsini mexanik kimi rəsmiləşdirmişdir. O, "xxxx" MMC-də işləyərkən “Volvo” texnikaları üzrə mütəxəssis olmuşdur. Onun əlində “Volvo” ehtiyat texnika avadanlıqları var idi, Nəriman adında usta ona zəng edərək bildirdi ki, belə bir müştəri var, Ağası müəllim, sonuncunun “Volvo”larında texniki nazaslıq var, köməklik etsin. O, nasaz mühərriki 2 ay müddətində həmin ehtiyyat hissələrini qoymaqla təmir etmişdir. Müəyyən müddət ərzində Ağası müəllim ona borclu qalmış, ən sonda ona motoru satıb borcu həmin məbləğdən çıxmasını bildirmişdir. O, razı olmamış, bildirmişdir ki, maşını düzəldib icarəyə versinlər, işləsin və ordan gələn məbləğlə onun borcunu ödüyər, aralarında bu cür razılıq olmuşdur. Texnika müəyyən müddət işlədi və onun da əlində az məbləğdə pul yığılmışdı, texnika alıb işlədib, gəlir yerinin olmasını istəmişdir. Yusubov Nəsib müəllimin 11 nasaz texnikası olmuş, ona əlindəki məbləğlə sonuncunun texnikalarının nasazlığını aradan qaldıraq daha sonra iş birliyi edib faizə işləməyi təklif etmiş, o, da razılaşmışdır. O, bir-bir bütün texnikaları təmir etmiş, 1 il müddətində 4 təkərli texnika və 9 ədəd tikinti texnikası təmir etmiş, işlək vəziyyətə salmışdır. Bu texnikalar sayəsində şirkətin hesabına müəyyən məbləğlər daxil olmuşdur. Bütün ehtiyat hissələrini borca götürdüyü üçün həmin şəxslər ondan ödəniş etməyini tələb etdikdə o, ödəniş etməli olduqlarını Nəsib Yusubova bildirmiş, lakin sonuncu ödəməkdən boyun qaçırmışdır. Haqq-hesab etdikdə məlum oldu ki, Nəsib Usubovun ümumiyyətlə servisə və texnikaya 186560 manat borcu olmuş, sonuncu qaimələrin düzgün vurulmaması, təhvil-təslim aktlarının olmamasını və başqa bəhanələri əsas gətirərək məbləği ödəməkdən imtina etmişdir. Halbuki o, bütün avadanlıqlarla bağlı Nəsib Yusubovun özü ilə məsləhətləşib daha sonra gedib almışdır. Siyahıda qeyd olunan texnikaların hamısı 1 günə götürülməmiş, hissə-hissə alınmışdır. Siyahıda göstərilən ehtiyyat hissələri Cavabdeh MMC-nin verdiyi siyahı üzrə verilən texnikalardır. "xxxx" MMCdən Səlcuk Qapanı tanımışdır. Malları Cavabdeh MMC özü almış, sadəcə o, siyahı verirmiş ki, hansı texnikalar alınmalıdır. Direktor Ağası müəllim olsa da, Nəsib müəllim idarəçiliyi həyata keçirmişdir. O, Nəsib müəllimlə də gedib mal almışdır. Sifariş, nasaz texnika gəldiyi zaman o, onun qüsurlarını aşkar etmiş, sonra Nəsib müəllimlə sifariş olunacaq texnikaların siyahısı hazırlayıb "xxxx" MMC-yə göndərilmiş və "xxxx" MMC də siyahıda qeyd olunan texnikaları onlara vermişdir. Nəsib müəllimin icazəsi olmadan hər hansı texnika sifariş edə bilməzdilər. Həmin siyahının hal-hazırda harda olması barədə məlumatı yoxdur. Hər hansı malların "xxxx" MMC-dən götürülməsi ilə bağlı ona Nümayəndə1 göstəriş verməyib, birbaşa özü iştirak etmiş, Ağası özü onlarla bəzən böyük şirkətlərdən sifarişləri götürdükdə rəhbər kimi deyil, sürücü kimi iştirak etmişdir. Ağası şirkətin rəhbəri olsa da, bütün idarəçiliyi Nəsib Yusubov həyata keçirmişdir. O, mexanik olsa da, sifarişləri ona həvalə etmişdilər. Ağası müəllim özü təkbasına gedib sifarişi götürdükdə texnikanın orijinallığı, salamatlığı ilə bağlı ilk ona göstərmişdir. "xxxx" MMC ilə Cavabdeh MMC şirkətləri bir-birlərini onun vasitəsilə tanımışlar. Texnikaları hissə-hissə götürdükləri zaman ödənişlər olurdu, lakin ödənişlərin hanslı yola həyata keçirilirdiyindən məlumatı yoxdur, mühasib daha dəqiq deyə bilər. Alınan texnikaya baxış keçirildikdən sonra tərəflər arasında hər hansı ödəniş tapşırığı və ya hər hansı sənədlər Nəsib müəllimə təqdim edilmiş, onun vəzifəsi texnikaları təhvil almaq idi. Siyahıda qeyd edilən texnikaların hamısı ilə bağlı birdəfəlik e-qaimənin vurulması barədə sualı mühasib cavablandıra bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 630.2-ci maddəsinə görə göndərmə müqaviləsində alıcının mal göndərənə malları mal alanlara yollamaq (vermək) haqqında göstərişlər (yollama sərəncamı) vermək hüququnun nəzərdə tutulduğu halda mal göndərən malları yollama sərəncamında göstərilmiş mal alanlara yollayır (verir). 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC xx.xx.2023-cü il tarixli GMB/75/2023 nömrəli müqavilənin bağlanması, işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və təqdim olunmuş sübutlarla təsdiqini tapdığından işin mübahisələndirilməyən halıdır. Cavabdehin iddiaya etirazının əsasını müqavilə xitam verilənə qədər, yəni 20 fevral 2024-cü il tarixinədək cavabdeh tərəfindən iddiaçıya heç bir şifariş verilməməsi, malların alınmaması və bu barədə malların təhvil aktlarının olmaması təşkil edir. Tərəflər arasında bağlanmış 20 fevral 2023-cü il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulan öhdəliklər üzrə sifarişçinin müraciətləri əsasında xidmətlərin göstərilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin müqavilənin qüvvədə olduğu müddət ərzində e-qaimədə göstərilən malları sifariş etməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı əvvəllər tərəflər arasında e-qaimə əsasında malların qəbul edilməsi və ödənişlər olması barədə də sübutlar təqdim etməmişdir. Bundan başqa tərəflər arasında imzalanmış müqavilədə cavabdehin iddiaçıya malları nümayəndəsi kimi Şahid mal alan olaraq verməsi haqqında göstərişlər vermə hüququ nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçı malları mal alan kimi Müşviq Hüseynova verməməlidir. Hətta məhkəmə iclasında dindirilmiş şahid Müşviq Hüseynov iddia tələbini təsdiq etməyən və bir-birinə zidd ifadələr vermişdir. Baxmayaraq ki, şahid cavabdehin keçmiş işçisi olmuşdur, onun işin gedişində müəyyən şəxsi maraqlarının olması istisna deyil, çünki işdən çıxması ilə bağlı cavabdeh barədə X2 Xidmətinə şikayət etmişdir. Belə ki, Şahid iddiaçıdan e-qaimədə göstərilən malları aldığını bildirsə də, həmin malların məhz cavabdehə məxsus texnikalar üçün istifadə olunduğunu və cavabdehin sifarişi əsasında alındığını təsdiq edə bilməmişdir. O, cavabdeh şirkətin rəhbərinin və atasının bir neçə şirkəti olduğunu, həmin şirkətlərə məxus texnikalara xidmət göstərdiyini və lazımı ehtiyyat hissələrini aralarında olan tanışlıq münasibəti əsasında iddiaçıdan aldığını, bütün tapşırıqları Airo MMC-nin rəhbəri Nümayəndə1 deyil, Nəsib Yusubovdan aldığını və sonuncuya məxsus 11 ədəd texnikanı təmir etdiyini bildirmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 61634,94 manat məbləğində malların alındığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının sübut olaraq istinad etdiyi yeganə sənəd e-qaimədir ki, həmin qaimənin sistem vasitəsi ilə təsdiq edilməsi cavabdehin qeyd edilən malları almasını qəbul etməsi kimi qiymətləndirilməməlidir. İddiaçının nümayəndəsi malların müxtəlif vaxtlarda alındığını bildirsə də, nəyə görə hər partiya satışdan sonra e-qaimənin vurulmadığını, sonradan bütün mallara görə bir e-qaimə vurulduğunu da izah edə bilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mallar alınmadığı halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin cavabdehin nümayəndəsi izahatında həmin qaimənin mühasibin məsuliyyətsizliyi ucbatından sistem vasitəsi ilə təsdiqləndiyini və geri qaytarılmadığını bildirmişdir. Hazırki işdə elektron qaimənin sistem tərəfindən təsdiqlənməsi cavabdeh tərəfindən iddiaçının göstərdiyi malların qəbul edilməsi və dəyərinin ödənilməsini qəbul etməsi mənasına gələ bilməz, ona görə ki, mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika və ya öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu formalaşmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödəniş iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar