Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2079/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 7080 manat borcun və ödənilmiş 90,8 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində İddiaçı MMC arasında 28 oktyabr 2022-ci il tarixli müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavədə göstərilmiş işləri icra edərək cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Sifarişin ümumi dəyəri də müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavə ilə müəyyən edilmişdir. Qeyd olunan müqaviləyə 1 saylı əlavəyə əsasən sifariş verilmiş iş – qaynaq birləşmələrinin yoxlanılması, işlərin məbləği isə aylıq 3000 manat (18% ƏDV daxil olmadan) müəyyən edilmişdir. 2.2. Tərəflər arasında təsdiq edilmiş müqaviləyə uyğun olaraq göstərilmiş xidmətlərin təhvil-təsliminə dair xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2022 – xx.xx.2023-cü il tarixləri müddətində göstərilən xidmət haqqının məbləği ƏDV daxil 3540 manat, xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri müddətində göstərilən xidmət haqqının məbləği isə ƏDV daxil 3540 manat təsdiq edilmişdir. Ümumilikdə göstərilmiş xidmətlərin dəyəri 7080 manat təşkil etmiş, lakin dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, bu günədək xidmət haqqı cavabdeh tərəfindən ödənilməmişdir. 2.3. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron məhkəmə portalı və vergi ödəyicisinin elektron kabineti vasitəsi ilə pulun qaytarılmasına dair pretenziya ünvanlanmışdır. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ödəniş edilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 399, 427, 442-ci və s. maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Mümkünlük və cavabdehin mövqeyi
5. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi yerləşdirilmiş, lakin cavabdeh tərəf kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. 10.Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (İcraçı qismində) ilə cavabdeh (Sifarişçi qismində) arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli ARCH-İSB-İNS_28/10 nömrəli müqavilənin şərtlərindən görünür ki, İcraçı, bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavədə göstərilmiş işləri icra edərək Sifarişçiyə təhvil verir (1.1). İcraçı qanunla müəyyən edilmiş qaydada görüləcək işlərin icrasına mütəxəssislər, ixtisaslaşdırılmış təşkilatlar və digər icraçıları cəlb edə bilər (1.2). Akt əsasında İcraçı görülmüş işləri təhvil verir, Sifarişçi isə təhvil alır. İcraçı tərəfindən işə cəlb edilmiş mütəxəssis, ixtisaslaşdırılmış təşkilat və digər icraçıların yerinə yetirdikləri işin keyfiyyətinə görə İcraçı cavabdehlik daşıyır (1.3). Sifarişin ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavə ilə müəyyən edilir (4.1). Həyata keçirilmiş işlərin dəyəri “Sifarişçi” tərəfindən nağd və ya köçürmə yolu ilə ödənilir (4.2). Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğun olaraq “İcraçı” bütün vergilərin, rüsumların, lisenziya haqqlarının və digər ödənişlərin aparılmasına məsuliyyət daşıyır (4.3). 12.Həmin müqaviləyə 28 oktyabr 2022-ci il tarixli 1 saylı əlavədən görünür ki, sifariş verilmiş işlərin adı qaynaq birləşmələrinin yoxlanılması (maqnit defektoskopiya üsulu ilə), işlərin məbləği 3000 manat (ƏDV xaric), ödənişlərin aparılması qaydası avans 0%, hesabat (elektron) təqdim olunduqdan sonra 100% olaraq razılaşdırılmışdır. 13.İş materiallarına əlavə edilmiş İddiaçı MMC və Cavabdeh MMC arasında 28 oktyabr 2022-cü il tarixində bağlanmış ARCH-İSB-İNS-28/10 nömrəli müqaviləyə əsasən göstərilmiş xidmətlərin/işlərin təhvil-təslim aktlarından görünür ki, 04 yanvar 2023-cü il tarixli aktla 28 oktyabr 2022-ci il – 4 yanvar 2023-cü il tarixləri müddətində göstərilən xidmətlər və xidmət haqqının məbləği ƏDV daxil olmaqla 3540 manat, 12 fevral 2023-cü il tarixli aktla 4 yanvar 2023-ci il – 12 fevral 2023-cü il tarixləri müddətində göstərilən xidmətlər və xidmət haqqının məbləği ƏDV daxil olmaqla 3540 manat olaraq hər iki hüquqi şəxs tərəfindən (möhür və direktorlarının imzası ilə) təsdiq edilmişdir. 14.Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBCM 479894 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 3540 manat, xx.xx.2023-cü il tarixli EBCO 918120 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 3540 manat dəyərində xidmətin təqdim edilməsi üçün rəsmiləşdirilmişdir. 15.Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 28 oktyabr 2022-ci il tarixli ARCH-İSB-İNS_28/10 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavədə göstərilmiş işləri icra edərək cavabdehə təqdim etməyi, cavabdeh isə görülmüş işləri təhvil almağı və dəyərini əlavədə göstərilmiş qaydada ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə 28 oktyabr 2022-ci il tarixli 1 saylı əlavə imzalanmış, qaynaq birləşmələrinin maqnit defektoskopiya üsulu ilə yoxlanılması xidməti razılaşdırılmış, xidmətlərin dəyərinin hesabat (elektron) təqdim olunduqdan sonra 100% olaraq ödənilməsi şərtləşdirilmişdir. 04 yanvar 2023-cü il və 12 fevral 2023-cü il tarixli xidmətlərin/işlərin təhvil-təslimi aktları ilə xidmət haqqının məbləği ƏDV daxil olmaqla 7080 manat olaraq təsdiq edilmiş və xidmətlər cavabdeh tərəfindən qəbul edilmiş, həmin xidmətlərlə bağlı tərtib edilmiş və cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli EBCM 479894 və xx.xx.2023-cü il tarixli EBCO 918120 seriya və nömrəli elektron qaimələr isə sonuncu tərəfindən düzəlişə və ya ləğvə qaytarılmamış, sistem tərəfindən təsdiq edilmişdir. 16.İddiaçı 04 yanvar 2023-cü il və 12 fevral 2023-cü il tarixli aktlara əsasən göstərilən xidmətlərin dəyərini – ƏDV daxil olmaqla 7080 manat xidmət haqqının tutulmasını tələb edir. 17.Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir. 18.Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 19.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). 20.Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. 21.Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. 22.Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli ARCH-İSB-İNS_28/10 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
27. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
28. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
29. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində (28 oktyabr 2022-ci il tarixli 1 saylı əlavə) göstərilən xidmətlərə görə xidmət haqqının hesabat (elektron) təqdim olunduqdan sonra cavabdehin bank hesabına ödənilməsi şərtləşdirilmiş, xidmətlər 04 yanvar 2023-cü il və 12 fevral 2023-cü il tarixli aktlarla təhvil alınmış, lakin dəyəri ödənilməmişdir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
36. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 7080 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı həmçinin ödənilmiş 90,8 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. 38.Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün 90,8 manat məbləğində dövlət rüsumu ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmişdir.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 40.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 41.Hazırkı iş üzrə iddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90,8 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli müqavilə üzrə 7080 (yeddi min səksən) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 90 (doxsan) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova