Məhkəmə qərarları › İş №e-2-2(113)-2081/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2081/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2081/2023 02.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “silinmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, hesabdan çıxarış) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “silinmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “silinmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının hesabından çıxarılmış 2 133 336.41 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində 489/M nömrəli kredit müqaviləsi və 19 aprel 2017-ci il tarixində 17/000/HM/054427 nömrəli hesab müqaviləsi bağlanmışdır. Hesab müqaviləsinə əsasən, "xxxx" MMC tərəfindən hesabdan öz mülahizəsinə uyğun istifadə etmək imkanı vardır. Kredit müqaviləsinə əsasən, Bank tərəfindən "xxxx" MMC-yə illik 21 % dərəcəsi ilə 6 (altı) ay müddətinə 2 150 000 (iki milyon bir yüzəllimin) manat məbləğində kredit verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2021-ci il tarixində həmin kredit müqaviləsi barədə Əlavə razılaşma imzalanmışdır. Həmin əlavəyə əsasən, kreditin istifadə müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 12 % ə endirilmişdir. xx.xx.2021ci il tarixində Cavabdeh ASC tərəfindən verilmiş arayışa əsasən, "xxxx" MMC-nin həmin tarixə banka cəmi 2 108 936.46 (iki milyon bir yüz səkkiz min doqquz yüz otuz altı manat, 46 qəpik) manat kredit borcu olduğu qeyd edilmişdir. Həmin məbləğin 1 800 000 (bir milyon səkkiz yüz min) manatı əsas borc, 260 936.46 (iki yüz altmış min doqquz yüz otuz altı manat, 46 qəpik) manat faiz borcu və 48 000 (qırx səkkiz min) manat isə dəbbə borcu təşkiledir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin ödənilmə şərtləri müəyyən edilməsinə baxmayaraq Bank tərəfindən tərəflərin iradə ifadəsinə hörmətsizlik edilərək hesabdan akseptsiz olaraq pul vəsaitləri kredit ödənişi üçün çıxılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində akseptiz olaraq "xxxx" MMC-nin Cavabdeh ASC-də olan bank hesabından 2 133 336.41 ( iki milyon yüz otuz üç min üç yüz otuz altı manat, qırx bir qəpik) manat məbləğində pul vəsaiti kredit ödənişi təyinatı ilə tam əsassız olaraq silinmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müvafiq maddələrində kreditin geri qaytarılamasının qaydaları tərəflər arasında razılaşdırılmış, hətta öhdəliyin icra edilməməsi hallarında belə hansı tədbirlərin görülməli olduğu tam aydınlığı ilə qeyd edilmişdir. Həmçinin müqavilənin 4.8-ci maddəsinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Borc alan Borc verənə dəyimiş zərərin əvəzini ödəməyə borcludur. Yəni tərəflər arasında bağlanmış kredit müqaviləsində Borc alanın bank hesabının konkret olaraq təminat kimi qeyd edildiyi və ya kredit ödənişinin həmin hesabdan akseptsiz qaydada silinməsi barədə hər hansı bir müddəa və ya əlavə razılaşma mövcud deyildir. AR Ali Məhkəməsininn Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli Plenum Qərarında məhkəmə kollegiyasının akseptsiz silinmə barədə gəldiyi hüquqi nəticələrdən biri kimi qeyd edilmişdir ki, kredit müqaviləsində akseptsiz silinməyə dair bəndlər olduğu üçün hüquqi nəticə doğurur. Yəni həmin təminat şərtləri borc öhdəliyinin icrasının gecikdirildiyi halda banka kredit borcunun iddiaçının hesabındakı depozitdən silmək hüququ verir. İddiaçı kredit müqaviləsi bağlayarkən həmin şərltlərlə razılaşdığı üçün “anlaşma qanundur (conventio est lex)” qaydasına uyğun olaraq ona qatlanmaq öhdəliyi daşıyır. Amma sırf akseptsiz silinmə barədə tərəflər arasında bağlanmış müqavilədə heç bir müddəa mövcud deyildir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında həqiqətən bank hesabı və kredit müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin şərtləri iddiaçı tərəfindən pozulduğu, öhdəliklər vaxtında icra edilmədiyi üçün onun hesabından cavabdeh tərəfindən iddia ərizəsində göstərildiyi kimi akseptsiz silinmələr aparılmışdır. Aparılmış silinmələr hesabdan çıxarışda da öz əksini tapır. Bu səbəbdən iddia tələbi əsassızdır.

5. Məhkəmə iclasında mütəxəssis X1 izahatında göstərdi ki, hazırda Cavabdeh ASCdə Kredit Departamenti Kreditlərin təhlili şöbəsinin müdiri vəzifəsində çalışır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbləri iddiaçı tərəfindən pozulmuş, kreditin vaxtında ödənilməsi təmin edilməmiş, müqavilənin müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq kredit vəsaiti geri qaytarılmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının Cavabdeh ASC-də olan hesabına pul vəsaiti mədaxil edilən kimi müqavilə şərtlərinə əsasən gecikdirilmiş əsas və faiz borc üzrə silinmələr (ilk növbədə faiz, daha sonra əsas borc üzrə) aparılmış, silinmələr təqdim etdikləri hesabdan çıxarışda da əks olunmuşdur. Tərəflərindən hər hansı qanun pozuntusuna yol verilməmiş, silinmələr ilk növbədə faiz, daha sonra əsas borc üzrə aparılmışdır.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında bağlanmış 30 aprel 2019-cu il tarixli 489/M saylı kredit müqaviləsinə əsasən borc verən müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 21 % olmaqla, 6 ay müddətinə 2.150.000 manat məbləğində kredit verməyi öhdəsinə götürür.

8. Müqavilənin 4.2-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması faizlər aylıq, əsas məbləğ müddətin sonunda ödənilməklə 30 oktyabr 2019-cu il tarixinə qədər tam həyata keçirilməlidir.

9. Müqavilənin 4.9-cu bəndinə əsasən borc alan müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımi qaydada icra etməzsə, həyata keçirilən ödənişlər ilk növbədə müqavilə ilə nəzərdə tutulmuş cərimələrin, sonra faizlərin və ən sonda kreditin əsas məbləğinin ödənilməsinə yönəlir.

10. Müqavilənin 5.1.11-ci bəndinə əsasən bu müqavilənin 5.1.2, 5.1.5, 5.1.6 və 5.1.9cu bəndlərində qeyd olunan hallar baş verdikdə, ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borc alanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək borc verənin hüququdur.

11. Müqaviləyə 30 dekabr 2021-ci il tarixli əlavədən görünür ki, borc verən tərəfdən borc alana istehsalı fasiləsiz və ritmik təmin etmək zərurəti ilə əlaqədar olaraq material və dəstləşdiricilərin alınması, əmək haqqının və ona bərabər tutulan öhdəliklərin ödənilməsi” məqsədi ilə xx.xx.2019-cu il tarixinə qədər (xx.xx.2021-ci ilə qədər artırılıb), illik 21 % hesablamaq (faiz dərəcəsi 12 %-ə endirilib) şərti ilə verilən 2.150.000 manat məbləğində olan kreditin əsas məbləğdən 1.800.000 manat qalıq məbləğinin (faiz borcu 253737 manat məbləğindədir) istifadə müddəti bitmə tarixindən 6 ay müddətinə xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixinə kimi artırılır. Kreditin istifadə müddətinin artırılmasına görə borcalandan xidmət haqqı tutulmur.

12. İddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli 17/000/HM/054427 nömrəli bank hesabı müqaviləsinə əsasən bank müştəriyə Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaiti qəbul etməyi və hesaba mədaxil olunması, hesabdan müvafiq məbləğlərin müştərinin tapşırığı ilə köçürməsinə və nəğd verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatların aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.

14. Müqavilənin 3-cü bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır.

15. Cavabdeh tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli M/03-576 nömrəli arayışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 489/M saylı kredit müqaviləsinə əsasən illik 21 % dərəcəsi ilə 6 ay müddətinə (əlavəyə əsasən kreditin istifadə müddəti xx.xx.2021-ci il tarixinə qədər uzadılmış və illik faiz dərəcəsi 12% endirilmişdir), 2.150.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 489/M saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə iddiaçının xx.xx.2022-ci il tarixinə iddiaçıya borcu 2.108.936,46 manat (1.800.000 manat əsas borc, faiz borcu üzrə 260936,46 manat, dəbbə pulu 48000 manat) təşkil edir.

16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

25. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bank hesabı müqaviləsi, xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi, xx.xx.2021-ci il tarixdə isə kredit müqaviləsinə əlavə imzalanmışdır.

27. İddiaçı iddia ərizəsində onun razılığı olmadan, habelə tərəflər arasında bağlanmış kredit müqaviləsində nəzərdə tutulmadığı halda cavabdeh tərəfindən onun hesabından kredit müqaviləsi üzrə əsassız olaraq silinmələrin həyata keçirildiyini iddia edir.

28. Materiallardan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu ilə qədər müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli ikitərəfli razılaşma ilə müqavilənin müddəti xx.xx.2022-ci il tarixə qədər uzadılmışdır.

29. Kredit müqaviləsinin 5.1.11-ci bəndinə əsasən bu müqavilənin 5.1.2, 5.1.5, 5.1.6 və 5.1.9-cu bəndlərində qeyd olunan hallar baş verdikdə, ödəməni kredit məbləğindən istifadəyə görə faiz, dəbbə pulu və zərər də daxil olmaqla borc alanın cari hesabına yönəltməklə müqavilənin vaxtından əvvəl ləğv edilməsini tələb etmək borc verənin hüququdur.

30. Bundan əlavə, tərəflər arasında bağlanmış bank hesabı müqaviləsinin 2.3-cü bəndinə əsasən bank kreditlərini və digər tələblərini müştərinin sərəncamı olmadan onun hər hansı bir bank hesabındakı pul vəsaitindən silmək bankın hüququdur.

31. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

32. Göründüyü kimi, iddiaçı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğu, krediti vaxtında qaytarmadığı üçün cavabdeh tərəflər arasında bağlanmış bank hesabı və kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya məxsus bank hesabından akseptsiz silinmələr aparmışdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 1856 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “silinmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1856 (bir min səkkiz yüz əlli altı) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar