Məhkəmə qərarları › İş №e-2-2(113)-2093/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2093/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2093/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı X1 Cavabdehnə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda cəmi 34393 manat, ödənilməmiş icarə haqqı cəmi 17.500 manat, 25 ay 17.500 manat icarə haqqının ödənilməsinin digər səbəbdən gecikdirilməsi x 8% bankın illik uçot dərəcəsi 1.400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 400 manat cəmi 53.693 (əlli üç min altı yüz doxsan üç) manat cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2017-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə 149 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ev 17-də yerləşən 53 kv.m olan qeyri-yaşayış sahəsi və F. Məmmədov küçəsi ev 17-də yerləşən 53 kv.m 20 saylı mənzilin sökülməsi, əvəzində həmin sahələrə 20 faiz əlavə etməklə E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61,9 kv.m olmaqla 124 kv.m qeyri-yaşayış sahəsini mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə görə bu müqaviləyə əsasən mülkiyyətində olan qeyri-yaşayış sahəsini söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 20.000 manat məbləğin 10.000 manatını ilkin ödəniş etməyi və ödəniş və qalıq 10.000 manatını hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü bəndinə əsasən hər hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini qeyri-yaşayış sahəsi istismara qəbul edilib ev “mülkiyyətçi”yə təhvil verilənədək uzadılmasını təmin etmək cavabehin vəzifəsi kimi üzərinə qoyulmuşdur. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətində başa çatdırılaraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi”yə qeyri-yaşayış sahəsini təhvil vermək cavabdehin vəzifəsi kimi üzərinə qoyulmuşdur. 14 noyabr 2017-ci il tarixində müqavilə üzrə öhdəliyi yerinə yetirərək həmin ünvanda veriləcək ümumi sahəsi 124 kv.m olan qeyri-yaşayış sahəsinin tam dəyərini- 20.000 manatını ödəmiş, borcu qalmamışdır. Bu barədə maliyyə arayışı verilmişdir. Vəzifə vaxtından əvvəl yerinə yetirilmişdir. Şifahi razılığa əsasən hər ay cavabdeh 1400 manat icarə haqqı ödəməli idi. Həmin razılaşma rəsmiləşdirilməmiş, iş adamı kimi tərəflər arasında “söz”lə təsdiqlənmiş və razılaşdırılmışdır. Lakin cavabdeh həmin məbləği ödəməmişdir. 24 ay 17-gün müddətində hər ay 1400 manat faydadan məhrum olmuşdur. 28 noyabr 2019-cu il tarixində tərəflərin razılığına əsasən 11 noyabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən Cavabdeh MMC-nin direktoru bir tərəfdən, digər tərəfdən “mülkiyyətçi” olaraq müqavilədə aşağıdakı qaydada dəyişiklik edildi: "xxxx" MMC-nin direktoru ilə ünvan 1 17 saylı evdə yerləşən qeyri-yaşayış sahəsinin və F. Məmmədov küçəsi ev 17-də yerləşən 20 saylı mənzilin sahibi İddiaçı razılığa gəlirlər ki, aralarında bağlanmış 11 noyabr 2017-ci il tarixli, 149 saylı müqavilənin 2.1.2-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: 1. tikilən binanın tikintisi başa çatıb istismara qəbul edilənədək hər ay üçün 700 manat kirayə haqqı ödənilsin. 2. müqavilə uzadılaraq 01.noyabr 2023-cü il tarixinədək qüvvədə olsun. Tərəflər müqaviləyə dəyişikliyi imzalamışlar. Cavabdeh bu müqavilə öhdliyinin də tələbini pozmuşdur. Nəticədə maddi ziyan dəymiş, əldə olunacaq faydadan məhrum olmuşdur. Belə ki, cavabdeh 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayı daxil olmaqla hər ay 700 manat kirayə haqqı ödəmişdir. 2020-ci ilin dekabr ayından hal-hazıra qədər, yəni 2022-ci ilin dekabr ayı daxil olmaqla kirayə haqqını ödəməmişdir. Pretenziya qaydasında həm poçt vasitəsi ilə, həm də birbaşa cavabdehin yerləşdiyi hüquqi ünvan üzrə ofisə rəsmi müraciət etmişdir. Lakin bugünə qədər cavab verilməmişdir. Cavabdeh öhdəliyi pozmaqda davam edir. Adı çəkilən müqavilə əsasında cavabdehin sərəncamına verdiyi mülkiyyətində olan 56 kv.m və 53 kv.m sahəni birlikdə 1400 manata icarəyə vermişdir. Həmin faydadan məhrum olmuşdur. Tikintinin 2020-ci il dekabr ayına başa çatması gözlənilir. Vurulmuş maddi ziyan aşağıdakı qaydada hesablanmalıdır. 18 noyabr 2019-cu il-11 noyabr 2017-ci il = ödənilməmiş ay və gün- 24 ay, 17 gün x 1400 manat= 34.393 manat əldən çıxmış fayda. xx.xx.2022-2020.12.0 = icarə haqqı ödənilməmiş aylar -25 ay x 700 manat =17500 manat. 25 ay icarə haqqının ödənilməsini digər səbəbdən gecikdirilməsi x 8 % bankın illik uçot dərəcəsi = 1400 manat. 4. 34393 manat əldən çıxmış + 17500 manat ödənilməmiş icarə haqqı + icarə haqqının gecikdirilməsi bankın uçot dərəcəsi 8 % 1400 manat= cəmi 53293 manat vurulmuş ziyan. Vurulmuş maddi ziyanın əvəzi olaraq əldən çıxmış fayda 34.393 manat, ödənilməmiş icarə haqqı 17.500 manat, icarə haqqının gecikdirilməsinə görə 17.500 manatın x 8%-i=1400 manat cəmi=53293 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 400 manat - cəmi= 53693 manat cavabdedən alınmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, əldən çıxmış fayda cəmi 34.393 manat, ödənilməmiş icarə haqqı cəmi 17.500 manat, 25 ay 17500 manat icarə haqqının ödənilməsinin digər səbəbdən gecikdirilməsi x 8 % bankın illik uçot dərəcəsi 1400 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 400 manat -cəmi = 53693 (əlli üç min altı yüz doxsan üç) manat, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa olunan yaşayış binasının E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61,9 kv.m olmaqla, ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsi təhvil verilən günədək hər ay 700 manat cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən alınaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC və İddiaçı arasında imzalanmış 11 noyabr 2017-ci il tarixli 149 nömrəli müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ev 17-də yerləşən qeyri-yaşayış sahəsi və F.Məmmədov küçəsi ev 17, mənzil 20 yaşayış üçün mülkiyyətçiyə məxsus olan mənzilin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli qərarına əsasən sökülməsi nəzərdə tutulan və bu sahədə nəzərdə tutulan yeni yaşayış binasının tikintisini həyata keçirmək, bu binada “mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 53 kv.m qeyri-yaşayış sahəsinin və 56 kv.m faktiki sahəsinə 20% əlavə etməklə E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61.9 kv.m olmaqla ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsini “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2 bəndə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan qeyriyaşayış sahəsinin söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş qeyri-yaşayış sahəsini qəbul etməyi və ümumi 20.000 manat məbləğin 10.000 manatını ilkin ödəniş etməyi və qalıq 10.000 manatı hissə-hissə ödəməyi öhdəsin götürür. 2.1.2 bəndə əsasən yeni binanın tikintisi başa çatıb istismara qəbul edilənədək müvvəqi yaşayış məqsədi ilə aylıq _ manat kirayə haqqını tələb etmək mülkiyyətçinin hüququdur. 2.2.3 bəndə əsasən müqavilənin 2.1.2 bəndində nəzərdə tutulmuş kirayət haqqı rübdə 1 dəfə, hər rübün 1 ayının, _də “mülkiyyətçi”yə ödənilməsini təmin etmək "xxxx" MMC-nin vəzifəsidir. 2.2.4 bəndə əsasən hər-hansı bir səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə 2.1.2 bəndində nəzərdə tutulmuş ödənişin müddətini qeyriyaşayış sahəsi isitsmara qəbul edilib ev “mülkiyyətçi”yə təhvil verilənədək uzadılmasını təmin etmək. 2.2.5 bəndə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işləri 20 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi”yə qeyri-yaşayış sahəsini təhvil vermək. 11 noyabr 2017-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi haqqında 28 noyabr 2019cu il tarixli əlavədə nəzərdə tutulmuşdur ki, 11 noyabr 2017-ci il tarixli 149 saylı müqavilənin 2.1.2 bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: 1. tikilən binanın tikintisi başa çatıb istismara qəbul edilənədək hər ay üçün 700 manat kirayə haqqı ödənilsin. 2. müqavilə uzadılaraq 01 noyabr 2022-ci il tarixinədək qüvvədə olsun. 14 noyabr 2017-ci il tarixli maliyyə arayışında Bakı şəhəri, Nərimanov rayonu Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 6 girişli 16 mərtəbəli yaşayış binasının E qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61.9 kv.m olmaqla ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsinin tam dəyəri üzrə İddiaçı Cavabdeh MMC-yə heç bir borcu yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12447693 nömrəli RX seriyalı çıxarışdan məlum olur ki, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış binası İddiaçı mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli MH seriyalı çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində istifadədə olan 0.1185 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın zirzəmisində 45.9 kv.m ümumi, 45.9 kv.m əsas sahədəbn ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 5136 nömrəli vərəqində qeydiyyata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı göndərdiyi xx.xx.2022 tarixli **********324100 nömrəli cavab məktubunda Bakı şəhəri Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ev 17, Bakı şəhəri Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində ev 17, mənzil 20 və ünvan 3 ünvanları üzrə icarəyə verilmiş təsərrüfat subyektlərində fəaliyyət göstərən vergi ödəyiciləri barədə məlumatda X22, X13, X8, X14, X11, X15, X4 adları qeyd edilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçi” X9 arasında imzalanmış 13 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi 17 saylı binanın zirzəmisində yerləşən 45.9 kv.m qeyri yaşayış sahəsi xx.xx.2015xx.xx.2016 tarixlərində aylıq 400 manat olmaqla icarəyə verilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçi” X16 arasında imzalanmış 22 iyul 2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi 17 saylı binanın zirzəmisində yerləşən 45.9 kv.m qeyri yaşayış sahəsi xx.xx.2016xx.xx.2017 tarixlərində aylıq 400 manat olmaqla icarəyə verilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçi” X5 arasında imzalanmış 04 sentyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi 17 saylı evin 40.5 yaşayış sahəsi xx.xx.2015-xx.xx.2016 tarixlərində aylıq 1.200 manat olmaqla icarəyə verilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçiX12 arasında imzalanmış 17 fevral 2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi 17 saylı evin 40.5 kv.m olan yaşayış sahəsi xx.xx.2016-xx.xx.2017 tarixlərində aylıq 800 manat olmaqla icarəyə verilmişdir. “icarədar” İddiaçı Maqsud oğlunun adından etibarnamə üzrə imzalamış X6, “icarəçi” X17 arasında imzalanmış 07 iyun 2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Faiq Yusubov küçəsi 43 nömrəli binanın zirzəmisində yerləşən sahəsi 52.5 kv.m olan qyeri yaşayış sahəsu xx.xx.2016-xx.xx.2017 tarixlərində aylıq 1.000 manat olmaqla icarəyə verilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçi” X12 arasında imzalanmış 1 fevral 2016-cı il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Firdovsi Məmmədov küçəsi 17 saylı evin 40.5 kv.m olan yaşayış sahəsi xx.xx.2016-xx.xx.2017 tarixlərində aylıq 800 manat olmaqla icarəyə verilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçi” X7 arasında imzalanmış 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında 75 kv.m qeyri yaşayış saəsi xx.xx.2022-xx.xx.2022 tarixlərində aylıq 1.400 manat olmaqla icarəyə verilmişdir. "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmiş 2017-ci il tarixli 17 nömrəli mədaxil xəzinə orderinə əsasən 3.000 manat, 2017-ci il tarixli 16 nömrəli mədaxil xəzinə orderinə əsasən 7.000 manat, 2017-ci il tarixli 17 nömrəli mədaxil xəzinə orderinə əsasən 10.000 manat İddiaçı Maqsud oğlu tərəfindən ödənilmişdir. “icarədar” İddiaçı Maqsud oğlu, “icarəçi” X2 arasında imzalanmış 01 iyul 2009-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən sahəsi 40.5 kv.m olan 20 saylı mənzil 1 il müddətinə aylıq 500 manat olmaqla icarəyə verilmişdir. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı olan İddiaçı və Cavabdeh MMC arasında 11 noyabr 2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında Nazirlər Kabinetinin Qərarına uyğun olaraq ünvan 1 ev 17-də yerləşən qeyri-yaşayış sahəsi və F.Məmmədov küçəsi ev 17, mənzil 20 ünvanında olan mənzilin sökülməsi, bunun qarşılığında iddiaçının mülkiyyətində olan 53 kv.m qeyri-yaşayış sahəsinin və 56 kv.m faktiki sahəsinə 20% əlavə etməklə E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61.9 kv.m olmaqla ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsinin olan İddiaçı mülkiyyətinə verilməsi, bunun qarşılığında 20.000 manat İddiaçı tərəfindən ödənişin olması tərəflər arasında razılaşdırılmışdır. Daha sonra 28 noyabr 2019-cu il tarixdə tərəflər arasında imzalanmış müqaviləyə dəyişiklik edilmiş, hər ay üzrə aylıq 700 manat ödəniş tərəflər arasında razılaşdırılmış, müqavilənin müddəti 01 noyabr 2022 tarixinədək uzadılmışdır. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1 maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 700.1 maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddiaçının iddia ərizəsində 4 tələb qeyd edilmişdir: cəmi 34.393 manat əldən çıxmış fayda, 17.500 manat ödənilməmiş icarə haqqı, 25 ay 17500 manat icarə haqqının ödənilməsinin digər səbəbdən gecikdirilməsi 8 % bankın illik uçot dərəcəsi üzrə 1400 manat və qeyri-yaşayış sahəsi təhvil verilən günədək hər ay 700 manatın cavabdehdən tutulması. Məhkəmə 34.393 manat əldən çıxmış faydaya münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbini sübuta yetirilməsi ilə bağlı məhkəməyə daha əvvəlki illərdə ayrı-ayrı şəxslərlə bağlanmış icarə müqavilələrini təqdim etmişdir. Eyni zamanda iddia ərizəsindən məlum olur ki, iddiaçı həmin məbləği hesablayarkən 11 noyabr 2017-ci il tarixindən 18 noyabr 2019-cu il tarixinədək olan dövr üzrə ödənilməli olan 1.400 manat icarə haqqı məbləğini əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik əldən çıxmış faydanı hüququ pozulmayacağı halda, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin (əldən çıxmış fayda) başa düşüldüyünü qeyd etmişdir.Qeyd edilən qanunvericilik normasında əldən çıxmış faydanın əsaslı olması şəxsin hüququnun pozulması ilə şərtləndirilmişdir. Belə ki, tərəflər arasında imzalanmış ilkin müqavilənin şərtlərində aylıq icarə haqqının məbləği müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı 1.400 manat şifahi razılığın olduğunu qeyd etsə belə bunu məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Bundan savayı məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən tarix aralığında ona hər-hansı ödənişin olmamasını əldən çıxmış fayda olaraq da cavabdehdən tələb etməsinin hüquqi əsası yoxdur. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə nəzərdə tutulmuşdur ki, yeni tikiləcək qeyri-yaşayış sahəsi binanın bünövrəsi qoyulduqdan sonra 20 ay müddətinə başa çatıdırılaraq hazırki iş üzrə iddiaçıya təhvil verilməlidir. Belə olan halda müqavilə şərtinə uyğun olaraq idiaçı əvvəlcədən qeyri-yaşayış sahəsi üzrə əldə edəcəyi gəlirdən məhrum olmasına öz razılığını vermişdir. İddiaçı həmin dövr aralığı üzrə əldən çıxmış fayda yox, icarə haqqının ödənilməsini tələb edə bilərdi ki, bunu tələb etməmiş və eyni zamanda həmin dövr üzrə 1.400 manat aylıq ödənişin olması barədə tərəflər arasında razılığın olmasını sübuta yetirə bilməmişdir. İddiaçı 17.500 manat ödənilməmiş icarə haqqını da tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qeyd edilən hissədə qismən əsaslıdır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh 2019-cu ilin noyabr ayından 2020-ci ilin noyabr ayı daxil olmaqla hər ay 700 manat kirayə haqqı ödəmişdir. 2020-ci ilin dekabr ayından hal-hazıra qədər, yəni 2022-ci ilin dekabr ayı daxil olmaqla kirayə haqqını ödəməmişdir. Eyni zamanda tərəflər arasında olan müqaviləyə əlavənin şərtində nəzərdə tutulmuşdur ki, müqavilə uzadılaraq 01 noyabr 2022-ci il tarixinədək qüvvədə olsun. Tərəflər arasında müqavilə 2019-cu ilin noyabr ayında imzalanmışdır. İddiaçı ödənilməmiş icarə haqqı ayllarını hesablayarkən 25 ay hesablamışdır. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, bu halda 2020-ci ilin dekabr ayından (müqaviləyə əlavə imzalanan tarixdən) -2022-ci ilin noyabr ayının birinə qədər (müqaviə müddətinin bitmə tarixinə qədər) olan dövr, yəni 23 ay nəzərə alınmalıdır. Həmin dövr üzrə isə cavabdehdən tutulmalı olan ümumi məbləğ 16.100 manat təşkil edir. İddia tələbinin 25 ay 17.500 manat icarə haqqının ödənilməsinin digər səbəbdən gecikdirilməsinin 8% bankın illik uçot dərəcəsi 1400 manat hesablanmasına münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin iddiaçıya məxsus pul məbləğindən faydalandığına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. İddia tələbinin ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa olunan yaşayış binasının E girişinin qeyri-yaşayış sahəsinin birinci və ikinci mərtəbəsində hər biri 61,9 kv.m olmaqla, ümumi sahəsi 124 kv.m qeyri-yaşayış sahəsi təhvil verilən günədək hər ay 700 manat cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən alınaraq ödənilməsi hissəsinə münasibətdə məhkəmə bildirir ki, iddiaçının iddia tələbinin əsasında tərəflər arasında imzalanmış müqavilə dayanır. Həmin müqaviləyə dəyişiklik edilməsi barədə əlavədə isə müqavilənin 01 noyabr 2022-ci il tarixinədək qüvvədə olması göstərilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan müqavilənin qüvvədə olması müddəti bitmişdir. Belə olan halda isə iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat məbləğində mediasiya xərci cavabdehə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən icarə haqqı üzrə 16.100 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərci "xxxx" məhdud məsuliyyətli cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar