Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2095/2023 27.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: radiotezlik, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 272 nömrəli Müqaviləyə əsasən cavabdehdən 2019-cu və 2020-ci illər üçün 3827,88 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında Müqavilə” bağlamışdır. Müqavilənin 2.5-ci bəndinə görə cavabdehin qüvvədə olan mövcud tariflərə uyğun ödənişlərin ödənilməsini təmin etməsinə dair öhdəliyi vardır. Cavabdeh Müqavilə üzrə öhdəliyini icra etmədiyi üçün tezlik və radioelektron vasitələrindən istifadəyə görə iddiaçıya 2019-cu və 2020-ci illər üçün 3827,88 manat məbləğində borcu yaranmışdır. Müqavilənin dəyəri cavabdehin iddiaçıya təqdim etdiyi anket məlumatlarına əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin 44 və 49-cu bəndləri tətbiq edilməklə hesablanmışdır. Bu barədə cavabdehə xx.xx.2019-cu il tarixində 9P-19-1 nömrəli, xx.xx.2019-cu il tarixində 9P-19-2, xx.xx.2019-cu il tarixində 9P-19-3 və 9P-19-4 nömrəli, xx.xx.2020-ci il tarixində 11P-20 nömrəli, xx.xx.2020-ci il tarixində 12P-20, 12P-20-1 nömrəli, xx.xx.2020-ci il tarixində 12P-20-1 nömrəli hesablar təqdim edilmişdir. Cavabdehə xx.xx.2020-ci il tarixli DRİ-HKŞ-9/741 nömrəli və xx.xx.2021-ci il tarixli 106-01-12/348-21 nömrəli “Pretenziya” məktublarının göndərilməsinə baxmayaraq, qeyd olunan dövrdən 3827,88 manat borcu hal-hazıradək qalmaqdadır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Quliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə tərəflərin ləğv təşəbbüsü olmadığı üçün növbəti il üçün də avtomatik olaraq uzadılmışdır. Bundan əlavə, cavabdeh istifadə etdiyi radioelektron vasitələrinin istifadəsinin dayandırılması və sairə barədə iddiaçıya məlumat verməmiş, bu səbəbdən radiorabitə avadanlıqlarının istismarına icazə verilmişdir. Bundan əlavə, ödəniş edilmədiyi təqdirdə də radiorabitə avadanlıqlarının istismarına növbəti il üçün də icazə verilməsi icraçının hüququdur.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bir ildir, həmin müqavilənin 2.12-ci bəndinə əsasən yalnız ödənişlər edildikdən sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verilir. 2019-cu il üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait ödənilmədiyi halda cavabdehin 2020-ci il üzrə də borc hesablaması əsassızdır. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir.
5. Cavabdehin nümayəndə və vəkili Nümayəndə əlavə olaraq iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən belə başa düşülür ki, müqavilə üzrə müvafiq radiorabitə avadanlıqlarının istismarına 2019-cu ildə icazə verilmişdir. Müqavilənin 2.12-ci bəndinə əsasən isə iddiaçı ödənişlər aparıldıqdan sonra 1 il müddətinə radiorabitə avadanlıqlarının istismarı üçün icazə verilir. Göründüyü kimi, ödənişlər aparılmadıqda radiorabitə avadanlıqlarının istismarına icazənin avtomatik qaydada artırılması müqavilə şərtlərinə uyğun deyil. Müqavilənin 2018-ci ildə bağlanıldığı və iddia ərizəsinin əlavələrində ilkin istismara icazələrin verilməsini təsdiq edən sənədlərin 2019-cu ilə aid olduğu nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iş üzrə irəli sürülmüş iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsini xahiş edir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən icarçı sifarişçinin rəsmi müraciətini nəzərə alaraq UQD və simsiz məlumat ötürən rabitəsi üçün tezlikləri təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir.
8. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarını nəzarət tarifləri” preyskurantının bəndinə uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür. Hesabların ödənilməsi növbəti ilə keçirildiyi halda icraçı hər gecikdirilmiş aya görə 0,1 % penya ödənilməsini sifarişçidən tələb edir.
9. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9P-19-1 nömrəli hesabdan görünür ki, xx.xx.2018-ci il tarixli 272 nömrəli müqaviləyə əsaən cavabdeh xx.xx.2019xx.xx.2019-cu il tarixləri üzrə istismar yığımı üçün 378,84 manat, xx.xx.2019-cu il tarixli 9P- 19-2 nömrəli hesaba əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixi üzrə 422,40 manat, xx.xx.2019-cu il tarixli 9P-19-3 nömrəli hesaba əsasən xx.xx.2019-xx.xx.2019-cu il tarixi üzrə 378,84 manat, xx.xx.2019-cu il tarixli 9P-19-4 nömrəli hesaba əsasən xx.xx.2019xx.xx.2019-cu il tarixi üzrə 378,84 manat, xx.xx.2020-ci il tarixli 11P-20 nömrəli xx.xx.2020xx.xx.2020-ci il tarixləri üzrə 537,24 manat, xx.xx.2020-ci il tarixli 12P-20 nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il tarixləri və xx.xx.2020-xx.xx.2020-ci il tarixləri üzrə 1074,48 manat, xx.xx.2020-ci il tarixli 11P-20-Z nömrəli hesaba əsasən xx.xx.2020xx.xx.2020-ci il tarixləri üzrə 120 manat, xx.xx.2020-ci il tarixli 12P-20-1 nömrəli hesaba əsasən xx.xx.2020-xx.xx.2020-ci il üçün 537,24 manat ödəniş etməlidir.
10. İddiaçı tərəfindən cavabdehə EBAV 371651 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 924599 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 690254 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 689901 nömrəli xx.xx.2020-ci il tarixli, EBAE 112256 nömrəli xx.xx.2019-cu il tarixli, EBAB 722845 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 155479 nömrəli xx.xx.2019-cu il tarixli, EAAX 282000 nömrəli xx.xx.2019-cu il tarixli, EAAV 669049 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimələr göndərilmişdir.
11. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli müraciətə əsasən əvvəllər istifadə etdikləri və hazırda anbarda olan Nanostation M2 RRX antenalarının qeydiyyatdan çıxarılması və möhürlənməsi üçün mütəxəssis göndərilməsi xahiş olunmuşdur.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 24 yanvar 2018-ci il tarixli 272 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqavilə bağlanmış, iddiaçı öz öhdəliklərini lazımınca yerinə yetirsə də, cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya 24 yanvar 2018-ci il tarixli 272 nömrəli müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 4 yanvar 2018-ci il tarixli 272 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3827,88 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 3827,88 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə cavabdehin müqavilənin müddətinin xx.xx.2018-ci il tarixə qədər olması və həmin ildə cavabdeh tərəfindən ödəniş edilmədiyi təqdirdə də iddiaçı tərəfindən radiorabitə avadanlıqlarının istismarına icazə verilməsi barədə dəlili ilə razılaşmır.
20. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən tərəflərdən biri müqavilənin müddətinin bitməsinə 30 gün qalmış onun ləğv edilməsi haqqında yazılı təklif verməzsə, müqavilə növbəti illər üçün də qüvvədə qalır.
21. Cavabdeh tərəfindən Məhkəməyə həmin müqavilənin ləğv edilməsi barədə edilmiş təkliflə bağlı hər hansı sübut təqdim edilməmişdir.
22. Bundan əlavə, həmin müqavilənin 2.2-ci bəndinə əsasən radiorabitə şəbəkəsində olan bütün dəyişikliklər haqqında icraçıya 10 iş günü ərzində məlumat verməlidir.
23. Belə ki, materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə ödənişlərlə bağlı təqdim edilmiş hesab faktura və elektron qaimələrə cavabdeh tərəfindən etiraz edilməmiş, bundan əlavə, cavabdeh yalnız xx.xx.2021-ci il tarixdə iddiaçıya müraciət ünvanlayaraq istifadəsində olmuş antenaların qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh tərəfindən Məhkəməyə göstərilən tarixdən əvvəl iddiaçıya edilmiş hər hansı müraciətlə bağlı sübut təqdim edilməmişdir.
25. Bundan əlavə iddiaçının nümayəndəsi izahatında cavabdehin istifadəsində hələ də radioelektron vasitələrinin olmasını göstərmiş, cavabdehin adıçəkilən müraciətində yalnız bir qisim RRX antenalarının qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsinin xahiş edildiyini bildirmişdir.
26. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə razılaşmır, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Belə ki, materiallardan görünür ki, iddia ərizəsində 2019 və 2020-ci illər üzrə yaranmış borcun ödənilməsi tələbi irəli sürülmüşdür.
28. İddiaçı tərəfindən cavabdehə həmin tələblə bağlı xx.xx.2021-ci il tarixdə mediasiya sessiyasının tətbiqi barədə təklif göndərilmiş, daha sonra xx.xx.2023-cü il tarixdə Məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Bununla da, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən iddia müddətinin axımı dayandırılmışdır.
29. Həmin Qanununun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
30. Həmin Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
31. Həmin Qanununun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
32. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmamışdır.
33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3827,88 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
36. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB/4-01814 nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir.
37. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3827,88 (üç min səkkiz yüz iyirmi yeddi manat səksən səkkiz qəpik) manat pul və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova