Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2120/2023 26.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı cavabdehdən 27621 manat və dövlət rüsumu olaraq ödənilmiş 200 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 27621 manat və dövlət rüsumu olaraq ödənilmiş 200 manat pulun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında xx.xx.2022-ci il tarixli 54 nömrəli “Xidmət müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan Kamaz markalı, 20EP404 dövlət qeydiyyat nişanlı yanacaq maşınını cavabdehin xidmətinə verməyi, cavabdeh isə maşının istifadəsinə görə hər ay 6390 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə bir nömrəli əlavəyə, yəni razılaşma protokolu əsasında maşın cavabdehə təhvil verilmişdir. Müqavilə cavabdeh hüquqi şəxsin qanuni nümayəndəsi, MMC-nin drektoru X7 tərəfindən imzalanmışdır. Cavabdeh həmin vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən etibarən maşını daimi olaraq istifadə etmiş, xx.xx.2023-cü il tarixdə isə iddiaçıya təhvil vemişdir. Nəticədə cavabdeh maşını 4 ay 10 gün istifadə etmişdir. Müqaviləyə əsasən 4 ay 10 gün üçün 27621 manat ödəməli idi. Lakin cavabdeh heç bir xidmət haqqı ödəməmişdir. Nəticədə cavabdehin 27621 manat borcu yaranmışdır. Dəfələrlə cavabdehdən borcun ödəməsi tələb edilsə də ödəyəcəyinə dair vədlər vermiş, lakin ödəməmişdir. Hətta, Access Bank vasitəsilə hesabına pul köçürməsi ilə bağlı ödəniş tapşırığının şəklini telefon vasitəsilə göndərmiş, lakin hesabına hər hansı məbləğdə pul köçməmiş və ödəniş tapşırığının da saxta olması məlum olmuşdur. Mübahisənin məhkəmədən qabaq həlli ilə bağlı olaraq pretenziya qaydasında müraciət edilmiş, nəticə verməmişdir. Həmçinin mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına müraciət edilmiş, müvafiq arayış alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı öz iddia ərizəsində cavabdehdən 27621 manat əsas borcun tutulmasını, 200 manat dövlət rüsumunun tutulmasını xahiş etsə də, borcun açıqlamasına dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında cavabdehin guya ki, rəhbərinin səs yazılarının olmasını və iddianı qəbul etməsini bildirmişdir. Hesab edir ki, istinad edilən səs yazısı gizli yolla əldə edildiyindən sübut kimi istifadə oluna bilməz. Elektron qaimə-fakturalar göndərildiyi gündən 5 gün ərzində qəbul edilib-edilməməsindən asılı olmayaraq avtomatik sistem tərəfindən təsdiaq edilir. Hazırki iş üzrə sübut kimi elektron qaimələr təqdim edilmişdir. Hesab edir ki, iddiaçı tərəfindən birtərəfli qaydada təqdim edilən elektron qaimə-faktura tərəflər arasında borcun təsdiq edilməsini əsaslandırmaq üçün sübut qismində çıxış edə bilməz İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı əvvəl keçirilmiş məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, sürücü işləmiş, Gəncə şəhərinə, Kəlbəcər rayonuna yanacaq daşımışdır. Maaşlarını, pullarını cavabdeh verməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 54 nömrəli Xidmət müqaviləsindən görünür ki, iddiaçı mülkiyətində olan texnikasını (Əlavə 1) bu müqavilədə müəyyən edilən şərtlər daxilində cavabdehin xidmətinə verməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. 5 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 25920 manat dəyərində yanacaq maşını ilə xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 54 nömrəli Xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı mülkiyətində olan texnikasını (Əlavə 1) bu müqavilədə müəyyən edilən şərtlər daxilində cavabdehin xidmətinə verməyi, cavabdeh isə xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 25920 manat dəyərində yanacaq maşını ilə xidmətlər göstərmiş, lakin cavabdeh tərəfindən iddiaçıya xidmətlərin haqqı ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli 54 nömrəli Xidmət müqaviləsi bağlanılmışdır. İddiaçı cavabdehə 27621 manat məbləğində satılmış malların dəyərinin ödənilmədiyini iddia edir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, xidmətlərin cavabdehə göstərildiyi sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir. Elektron qaimə-fakturalar faktiki olaraq 2022-2023-cü il tarixlərində cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Cavabdehin elektron qaimələr üzrə xidmətlərin göstərilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə xidmətlərin göstərilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən ümumilikdə 25920 manat dəyərində yanacaq maşını ilə xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı 27621 manat borcun ödənilməsini tələb etsə də, iş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 25920 manat dəyərində yanacaq maşını ilə xidmətlərin göstərilməsinə dair elektron qaimə təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 54 nömrəli Xidmət müqaviləsinə əsasən 25920 manat məbləğində borc iş materialları ilə təsdiq olunduğundan həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 172,86 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 93,84 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 189,35 manat (200 manat (mediasiya xərci) – 189,35 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 25920 manat və mediasiya xərcinə görə 189,35 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 25920 manat və mediasiya xərcinə görə 189,35 manat tutularaq X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2120/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2120/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver