Məhkəmə qərarları › İş №e-2-2(113)-2132/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2132/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2132/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: bank hesabı müqaviləsi, xarici valyutanın köçürülməsi, xarici valyutanın alışı, maddi zərər, səbəbli əlaqə, sübutetmə yükü) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərər qismində 34125 manat məbləğində pulun və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ölkəyə idxal ediləcək malların dəyərini ödəmək üçün Rusiya Federasiyasına xarici valyuta ilə köçürülmə edilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından cavabdehdə olan hesabına 700 000 manat məbləğində pul köçürmüşdür. Həmin tarixdə 244 125 manat qarşılığında 1 rubl 0,03255 manat məzənnəsi ilə 7 500 000 rubl cavabdehdən alınsa da, sonradan sonuncu həmin məbləği Rusiya Federasiyasına köçürməkdən imtina etmişdir. Bankın bu əməliyyatdan 3375 manat qazancı olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC artıq "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) vasitəsilə köçürmə etmək məcburiyyətində qalmışdır. Həmin günün məzənnəsi 1 rubl 0,028 manat olmuşdur. Nəticədə "xxxx" MMC-yə 34125 manat ziyan dəymişdir. Belə ki, 25 oktyabr 2022-ci il tarixdə 1 rubl 0,028 manat məzənnəsi ilə rubl alınsa idi, 244 125 manat deyil, cəmi 210 000 manat ödəniləcəkdi. 2.2. Hazırkı iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri sənədlər təqdim edilmişdir. Məhz bu səbəbdən cavabdeh iddiaçıya külli miqdarda xarici valyuta (Rusiya rublu) satmış, lakin həmin vəsait iddiaçının bank hesabında olmasına və banka bu vəsaitin xaricə köçürülməsinə dair tapşırıq verilməsinə baxmayaraq, cavabdeh bu əməliyyatı etməmiş və nəticədə iddiaçıya 34125 manat məbləğində zərər dəymişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 954.1, 957.1-ci maddələri, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” göstərilmişdir.

4. Cavabdeh ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddiaya etiraz təqdim edərək göstərmişdir ki: 4.1. 30 iyun 2022-ci il tarixdə iddiaçı ölkəyə idxal ediləcək malların dəyərini ödəmək üçün Rusiya Federasiyasına xarici valyuta ilə köçürülmə edilməsi məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından cavabdehdə olan hesabına 700 000 manat məbləğində pul köçürülmüş, həmin tarixdə 244 125 manat qarşılığında 1 rubl 0,03255 manat məzənnəsi ilə 7 500 000 rubl cavabdehdən alınmışdır. Müştərinin köçürmə etmək istədiyi şirkət sanksiya siyahısında olduğundan köçürmənin icrasından imtina olunmuş, həmin an da şirkət rəhbəri Qanuni nümayəndə telefon vasitəsilə məlumat verilmişdir. Müştəri isə heç bir tədbir görmədən vəsaiti hesabda saxlamışdır. Bir müddət keçdikdən sonra müştəri ölkə xaricində olduğunu bildirərək onun iştirakı olmadan hesabındakı vəsaitin digər bankdakı rubl hesabına köçürülməsini xahiş etmiş, onun iştirakı olmadan köçürmənin icrasının mümkün olmadığı cavabdehin əməkdaşı tərəfindən ona izah edilmişdir. Sonradan, yəni 21 oktyabr 2022-ci ildə vəsaitin bir hissəsi, 23 noyabr 2022-ci ildə isə qalan hissəsi müştərinin ödəniş tapşırığına əsasən digər bankda olan rubl hesabına köçürülmüşdür. Əlavə olaraq şirkətin rəhbəri Qanuni nümayəndə cavabdehin əməkdaşına bildirmişdir ki, məlum hadisələrlə bağlı rublun dəyəri aşağı düşür, hesabında olan rubla vaxtında sərəncam verməməkdə məqsədi vaxt uzatmaq və nəticədə cavabdehdən gəlir əldə etməkdir. 4.2. İddiaçıya hər hansı bir maddi zərərin dəyməsi mümkün deyil. Belə ki, iddiaçının Rusiya şirkəti qarşısında olan öhdəliyi rublla olmuş, bu məqsədlə də cavabdehdən rubl almışdır. Nəticədə də həmin aldığı rublu bir müddət sonra konvertasiya etmədən, elə rubl olaraq da Rusiya şirkətinə köçürmüşdür. İddiaçı Rusiya şirkəti qarşısında olan pul öhdəliyini icra etmək üçün rubl almalı idi və həmin vəsaiti köçürməli idi ki, bunu da etmişdir. Bu səbəbdən də iddiaçıya maddi zərərin dəyməsindən söhbət gedə bilməz. Beləliklə, iddia ərizəsi reallığı əks etdirməyən, hüquqi əsası olmayan və formal mülahizələr üzrə dəlillər əsas gətirilərək tərtib edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, əsassız iddia verməklə iddiaçının məqsədi cavabdehdən gəlir əldə etməkdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə uzun müddətdir, əməkdaşlıq edir. Lakin Rusiya – Ukrayna müharibəsi ilə əlaqədar Rusiya Federasiyasına pul köçürmələrində çətinliklər mövcud olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Rusiya Federasiyasına pul köçürməsinin riskli olduğunu, köçürüləcək pulun təyinatı üzrə hesaba oturmaya biləcəyini və ya gec icra oluna biləcəyini bildirdilər. Bundan sonra Rusiya Federasiyasındakı zavodla əlaqə saxlanılmış, cavabdehin pul köçürmələrini etdiyi məlumatı alınmışdır. Daha əvvəl cavabdehin Cahandar adlı nümayəndəsi tez-tez əlaqə saxlayır, cavabdehlə əməkdaşlıq təklif edirdi. Bu səbəbdən həmin şəxslə əlaqə saxlanılmış, o da köçürmənin mümkün olduğunu bildirmişdir. İddiaçının Rusiyadan mal aldığı şirkətlər əvvəlcədən iddiaçının bank hesabı barədə məlumatı təsdiqləyir, daha sonra köçürməyə icazə verirdilər. Cahandar müəllim köçürmənin mümkün olduğunu qeyd etdiyindən Rusiyadakı şirkətlər də razılıq verdikdən sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki 700 000 manat pulun 2022-ci ilin aprel ayında Cavabdeh ASC-də açılmış hesaba köçürülməsi barədə ödəniş tapşırığı vermişdir. Cahandar müəllim iddiaçının qanuni təmsilçisini yerləşdiyi yerə yaxın olduğundan bankın Atatürk filialına yönəltmiş, orada 244 125 manat qarşılığında 7 *** **** rubl alınmış, həmin vəsaitin Rusiyadakı iki şirkətə köçürülməsi barədə sənədlər təqdim edilmişdir. Daha sonra həmin gün (30 iyun 2022-ci il) saat 5-6 arasında Atatürk filialından əməkdaş köçürmənin baş tutmadığını telefonla bildirmiş, Cahandar müəllimlə əlaqə saxlanıldıqda isə məsələ araşdırılmış, şirkətlərinin hesablarının sanksiya altında olduğu bildirilmişdir. Halbuki cavabdehin nümayəndəsi bu köçürməni edə biləcəyini qeyd etmiş, məhz bu səbəbdən cavabdehdən rubl pul vahidi ilə vəsait alınmışdır. Daha sonra rublun manata nisbətdə məzənnəsi aşağı düşmüş, iddiaçı zərərə uğramışdır. Bankdan isə iddiaçıya dəyən zərərin azaldılması üçün məzənnənin yenidən qalxmasını gözləmək tövsiyə olunmuş, xx.xx.2022-ci il tarixli konvertasiyanın eyni məzənnə ilə yenidən edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra "xxxx" ASC-də hesab açmış, həmin hesabı satıcı şirkətlə razılaşdırmış, həmin bankdan rubl almış və 15 iyul 2022-ci il tarixdə iki şirkətdən birinə köçürmə etmişdir. Rublun məzənnəsinin artmasını uzun müddət gözləmiş, artmadığından oktyabr-noyabr aylarında Cavabdeh ASC-də olan hesabındakı rublunu da digər bankda olan hesabına köçürmüşdür. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, dəymiş zərər kimi rublun məzənnələri arasında olan fərqin tutulmasını istəyir. Belə ki, cavabdeh bank pulun köçürülə biləcəyini bildirməsəydi həmin gün rubl almaz, daha sonra aşağı məzənnə ilə alardı.

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil qeyd etdi ki, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na əsasən 17000 manat məbləğindən çox valyutanın başqa pul vahidinə çevrilməsi üçün banka əsas təqdim edilməlidir. İddiaçı da Rusiya şirkətləri ilə bağladığı müqavilələri banka təqdim etmiş və bank tərəfindən həmin sənədlərə müvafiq ştamplar vurulmuşdur. Bank müvafiq əməliyyatı həyata keçirərkən 3375 manat qazan əldə edib, lakin köçürməni həyata keçirməyib. Bir-iki saat ərzində sanksiya tətbiq oluna bilməzdi, halbuki cavabdeh pul köçürməsinin baş tutacağını vəd etmişdir. Bundan sonra isə iddiaçı "xxxx" ASC-də hesab açmağa məcbur olmuşdur ki, bunun üçün proseduralara riayət etməsi kifayət qədər vaxt aparmışdır. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, dəymiş zərər kimi əldən çıxmış fayda olaraq rublun xx.xx.2022-ci il tarixdə olan məzənnəsi ilə xx.xx.2022-ci il tarixdə olan məzənnəsi arasında olan fərqin tutulmasını istəyirlər.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və bildirdi ki, xx.xx.2022-ci il tarixdə müvafiq köçürmə baş tutmadıqdan dərhal sonra iddiaçının nümayəndəsinə bu barədə məlumat verilib və pul məbləğinə sərəncam verməsi təklif olunub. Bank iş saatı başa çatsa da, kassa əməliyyatı saxlana bilərdi ki, bu zaman saat 9-a (axşam) kimi iddiaçı banka yaxınlaşıb konvertasiyanın ləğv edə bilərdi. Lakin iddiaçı bunu etməyib. Həmçinin iddiaçı rublla olan pul vəsaitini "xxxx" ASC-nə köçürərək oradan Rusiya şirkətləri qarşısındakı öhdəliklərini icra edə bilərdi. Lakin iddiaçı cavabdehdə olan pul vəsaitini köçürmək əvəzinə yenidən xarici valyuta almışdır. Bir halda ki, Rusiya şirkətləri qarşısındakı öhdəlik rublla icra olunmalı idi, iddiaçının cavabdehdən aldığı rubl istifadə oluna bilərdi.

8. Məhkəmənin iddiaçının köçürmə etdiyi Rusiya şirkətlərinin sanksiya altında olması barədə cavabdehdə məlumatın olması barədə suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, şirkətin sanksiya altında olduğunu bank əvvəlcədən bilə bilmir. Belə ki, müştəridən sənədlər toplandıqdan sonra sistemə daxil edilir, yalnız köçürmə əməliyyatına cəhd edildikdə sistem əməliyyatın mümkün olmadığını bildirərək, dərhal bankın digər şöbəsinə göndərir, həmin şöbədə məsələ aydınlaşdırılır, köçürmənin baş tutumamasının səbəbi dəqiqləşdirilir. Yəni köçürmənin baş tutmamasının səbəbini sistem göstərir. Məhkəməyə təqdim olunan sanksiya barədə məlumat köçürmə əməliyyatının baş tutmamasının səbəbi barədə sistemin səbəb kimi təqdim etdiyi məlumatdan çıxarılmışdır. Sanksiya müxtəlif meyarlar əsasında tətbiq edilir. Belə ki, şirkətin təsisçilərindən birinə görə və ya şirkətin fəaliyyət istiqamətinə görə və s. Həmçinin sanksiyaların sayı minlərlədir. Belə olan halda cavabdeh tərəfindən belə bir məlumat dəqiqliklə bilinə bilməz. Eyni zamanda bu siyahı hər dəqiqə dəyişdiyindən problemlər ortaya çıxa bilir. Hazırkı halda pul köçürülməsi istənilən şirkətlərdən birinin rəhbəri Abramoviç olduğu üçün, ona məxsus bütün şirkətlərə, o cümlədən “Evraz Ple” şirkətinə sanksiya tətbiq edildiyindən köçürmə baş tutmamışdır.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Maddi zərərin tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İş materiallarına əlavə edilmiş 22-C-000329-0422 nömrəli xx.xx.2022-ci il tarixli bank hesabının açılmasına dair razılaşmadan görünür ki, iddiaçıya Cavabdeh ASC-də (Nərimanov filialı) rubl valyutası ilə cari hesab açılmışdır.

12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə saat 15:34-də "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş ödəniş tapşırığından görünür ki, 700 000 manat məbləğində pul vəsaitinin iddiaçıya məxsus Cavabdeh ASC-nin Nərimanov filialındakı hesaba köçürülməsi barədə banka tapşırıq verilmişdir.

13. Məhkəməyə təqdim olunan 30 iyun 2022-ci il tarixli xarici valyutanın alınması/satılması üzrə sifarişdən görünür ki, iddiaçı tərəfindən bir rubl üçün 0,03255 manat məzənnəsi ilə 7 500 000 Rusiya rublu (manat örtüyü 244 125) cavabdehdən alınmışdır.

14. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesab-fakturalardan görünür ki, hesab-fakturalara Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixli ştamplar vurulmuş, daha sonra üzərindən xətt çəkilmişdir.

15. xx.xx.2022-ci il tarixli ********** nömrəli və xx.xx.2022-ci il tarixli ********** nömrəli əmrlərdən görünür ki, cavabdeh tərəfindən Rusiya rublu üçün nağdsız mübadilə əməliyyatları üzrə xx.xx.2022-ci il tarixə alış məzənnəsi 0,0270 manat, satış məzənnəsi 0,0350 manat, xx.xx.2022-ci il tarixə alış məzənnəsi 0,0280 manat, satış məzənnəsi 0,0350 manat müəyyən edilmişdir.

16. Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə olunmuş rəsmi məzənnə məlumatlarından görünür ki, rublun manata nisbətdə məzənnəsi xx.xx.2022-ci il tarixdə 0,0321 manat, xx.xx.2022-ci il tarixdə 0,0312 manat, xx.xx.2022-ci il tarixə 0,0282 manat təşkil etmişdir.

17. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus Cavabdeh ASC-də olan AZ32NİCB**********0001A40060 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 700 000 manat məbləğində pul hesaba mədaxil olunmuş, həmin tarixdə 3375 manat valyuta/nağd kurs fərqi kimi, 240 750 manat rubl alışı kimi hesabdan məxaric edilmişdir. xx.xx.2022-ci il tarixdə 455 755 manat digər bank hesabına köçürülmüşdür.

18. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus Cavabdeh ASC-də olan AZ15NİCB**********0004R40160 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 7 500 000 rubl məbləğində pul hesaba mədaxil olunmuş, xx.xx.2022-ci il tarixdə 6 749 723,50 rubl, xx.xx.2022-ci il tarixdə 735 305 rubl pul digər bank hesabına köçürülmüşdür.

19. Məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli VM1 nömrəli ödəniş tapşırığından görünür ki, 1 rubl üçün 0,03 manat məzənnəsi ilə 186 000 manata 6 200 000 rubl pul "xxxx" ASC-dən alınmışdır (komissiya haqqı 1116 manat təşkil etmişdir).

20. İş materiallarında olan iddiaçıya məxsus "xxxx" ASC-də açılmış AZ42AİİB401600D**********229 nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 6 144 000 rubl pul “X1 Sıbırsk” Şirkətinin bank hesabına köçürülmüşdür.

21. İş materiallarına əlavə edilmiş AZ42AİİB401600D**********229 nömrəli hesabdan "xxxx" ASC-nin Şuşa filialı tərəfindən təsdiqlənmiş çıxarışdan görünür ki, hesabın açılma tarixi xx.xx.2022-ci ildir.

22. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından 700 000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdə açılmış Cavabdeh ASC-dəki hesabına köçürmüş, həmin gün rublun manata nisbətdə 0,03255 məzənnəsi ilə 244 125 manata 7 500 000 rubl xarici valyuta almışdır. xx.xx.2022-ci il tarixdə qeyd edilən vəsaitin Rusiya şirkətlərinə köçürülməsinə cəhd edilsə də, köçürmə baş tutmamışdır. Bundan sonra iddiaçı "xxxx" ASC-də hesab açmış, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən 6 200 000 rubl alınmış, xx.xx.2022-ci il tarixdə isə “X1 Sıbırsk” Şirkətinin bank hesabına köçürülmüşdür. Cavabdeh ASC-də qalmış 7 500 000 rubl isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iddiaçının digər bankda olan hesabına köçürülmüşdür.

23. İddiaçı bildirir ki, cavabdeh tərəfindən pul köçürməsinin həyata keçirilməməsi nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəymişdir və zərər olaraq xx.xx.2022-ci il (cavabdeh tərəfindən köçürmənin həyata keçirilmədiyi tarix) və xx.xx.2022-ci il (iddiaçının cavabdeh bankda olan hesabındakı rublun əsas hissəsini başqa banka köçürdüyü tarix) tarixlərdə Rusiya rublunun Azərbaycan manatına nisbətdə olan məzənnələri arasındakı fərqin - 34125 manat pulun cavabdehdən tutulmasını tələb edir.

24. Cavabdeh pul köçürməsinin benefisiarın hesabında sanksiyanın olması səbəbindən baş vermədiyini, rubl vəsaiti barədə iddiaçının vaxtında sərəncam vermədiyini qeyd edərək iddianın rədd olunmasını xahiş edir.

25. Məhkəmə iddiaya qiymət verməzdən öncə iddianın əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.

27. İddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir.

28. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsində qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər.

29. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

30. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

31. Beləliklə, dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

32. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

33. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarları).

34. İddiaya sərəncam vermək, faktiki əsasını müəyyən etmək və dəyişdirmək hüququna ancaq iddiaçının malik olması və məhkəmə tərəfindən dəyişdirilməsinin mülki prosessual qanunvericiliyin dispozitivlik, çəkişmə və bərabərlik prinsiplərinin pozulması ilə nəticələnəcəyindən yolverilməzliyinə dair Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iddiaya iddiaçının əldən çıxmış fayda şəklində ona dəydiyini iddia etdiyi zərəri əsaslandırdığı faktiki əsaslar üzrə qiymət veriləcəkdir.

35. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

36. Mülki Məcəllənin 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

37. Göründüyü kimi, mülki qanunvericilikdə bank hesabı müqaviləsi borc, saxlama və tapşırıq müqaviləsinin elementlərini əks etdirməklə müstəqil hüquqi kateqoriya – mülki hüquqi müqavilə kimi təsbit edilmiş, həmin əqdə əsasən bank müştərinin hesabı üzərində onun müxtəlif məzmunlu tapşırıqlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştərinin tapşırıqlarının bir hissəsi qismində də hesabdan müvafiq məbləğlərin köçürülməsi təşkil edir.

38. Mülki Məcəllənin 966-cı maddəsinə əsasən, müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.

39. Həmin Məcəllənin 449-cu maddəsində göstərilmişdir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Bu baxımdan, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərar).

41. Hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə köçürmə baş tutmadıqdan sonra həmin gün bankın nümayəndəsi müştəri, yəni iddiaçı ilə əlaqə saxlamışdır. Həmçinin xx.xx.2022-ci il tarixdən sonra iddiaçı 7 500 000 rubl pul vəsaiti üzərində ilk dəfə yalnız xx.xx.2022-ci il tarixdə sərəncam vermiş, bu isə onun məzənnənin dəyişəcəyi ehtimalına əsaslanan iradəli seçimi olmuşdur. Belə olan halda bank tərəfindən iddiaçıya məxsus xarici valyutada olan pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırma, onun ödənilməsini digər şəkildə gecikdirmək və ya pul vəsaitini əsassız əldə etmə və ya toplama kimi hərəkətlərin edilməsi işdə olan sübutlarla təsdiqlənmir. Həmçinin iddiaçı da bu halların heç birini irəli sürmür.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 966 və 449-cu maddələrindən çıxış etməklə hazırkı iddia tələbi təmin edilə bilməz.

43. Bundan başqa, məhkəmə qeyd edir ki, xarici valyutanın alqı-satqısı bank hesabı müqaviləsində bankın öhdəliklərinin məzmunu ilə əhatə olunmur. Belə ki, bank hesabı müqaviləsi yuxarıda qeyd edildiyi kimi borc, saxlama və tapşırıq müqaviləsinin elementlərini ehtiva etsə də, alqı-satqı elementlərini əks etdirmir. Xarici valyutanın alqısatqısı isə ayrıca müqavilə olmaqla mülki qanunvericilik və normativ xarakterli aktlarla tənzimlənir. Bu səbəbdən xarici valyutanın alışı və xarici valyutanın köçürülməsi ayrı-ayrı hüquqi tənzimləmə rejiminə tabedir.

44. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın (maliyyə hesabatları istisna olmaqla) və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilir.

45. Göründüyü kimi, rezidentlər tərəfindən xarici valyutanı almaq hüququnun realizə forması alqı-satqı qaydasında müştərinin (alıcının) sifarişi əsasında baş verir. Bu isə adıçəkilən münasibətlərin bank hesabı müqaviləsi ilə əhatə olunmadığını bir daha təsdiq edir.

46. İddiaçının xarici valyuta alışı üçün müvafiq müqavilənin cavabdehə təqdim olunduğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”na istinadla əsaslandırır.

47. Halbuki Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları” (bundan sonra Qaydalar) “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru istisna olmaqla, rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada banklar vasitəsi ilə əməliyyatlarının aparılması qaydalarını tənzimləyir. Həmçinin iddia ərizəsində istinad olunan Qaydaların 4-cü bəndi məhz xarici valyutada olan köçürmələri tənzimləməklə xarici valyutanın alışı ilə bağlı hər hansı norma müəyyən etmir.

48. Belə ki, Qaydaların 4.3-cü və 4.3.1-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar – ödəniş malların idxalı ilə əlaqədar olduqda banka idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əsli (və ya rezident və qeyri-rezident fiziki şəxslərin kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulmayan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallarla bağlı X2 aktlarında nəzərdə tutulmuş müşayiətedici sənəd) təqdim edilir (bəyannamə elektron formada tərtib edildikdə, bank hesabının sahibi həmin sənədin elektron formada əldə edilməsini təmin etməlidir).

49. Göründüyü kimi, Qaydalarda pul vahidinin konverstasiyası, alışı üçün yox, məhz xarici valyutada köçürmələr üçün malların idxalı ilə əlaqədar olduqda idxal müqaviləsi və ya ödənişin təyinatını, məbləğini və idxal olunan mallar barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin malların idxalını təsdiq edən gömrük bəyannaməsinin əslinin banka təqdim edilməsi nəzərdə tutulmuşdur. Müvafiq normaya uyğun olaraq da xx.xx.2022-ci il tarixli hesab-fakturalara bank tərəfindən ştamplar vurulmuşdur.

50. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən xarici valyutanın alqı-satqı üzrə öhdəliklər tam icra edilmişdir. İddiaçı da belə bir icranı inkar etmir. Lakin iddiaçı cavabdeh tərəfindən xarici valyutada olan pul vəsaitinin köçürülməsinin baş tutmamasına istinad edərək tərəflər arasındakı ayrı-ayrı müqavilə münasibətlərini əks etdirən bank hesabı müqaviləsi və valyutanın alqı-satqı müqaviləsini əlaqələndirir, birincinin icra olunmaması nəticəsində valyutanın alqı-satqı müqaviləsi nəticəsində yaranan məzənnə fərqinə uyğun əldən çıxmış faydanı tələb edir.

51. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

52. Həmin Məcəllənin 21-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3).

53. Mülki qanunvericiliyin normalarının müqayisəli təhlili onu deməyə əsas verir ki, öhdəliyin icra edilməməsi ilə vurulan “zərər”in əvəzinin ödənilməsi üçün 1) zərərin mövcud olması; 2) zərərin hüquqazidd hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3) zərərlə müvafiq hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə; 4) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

54. İddiaçı öz izahatında ona "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Rusiya şirkətlərinə pul köçürməsinin riskli olması ilə bağlı məlumat verildiyini qeyd etmişdir. Həmçinin həmin dövrdə Rusiya-Ukrayna arasında müharibənin baş verdiyi, bu səbəbdən beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı və bir sıra ölkələr, o cümlədən X3 tərəfindən rus şirkətlərinə və sahibkarlarına sanksiyaların tətbiq olunduğu hamıya bəlli olan hal idi. İddiaçı bu məlumatlardan xəbərdar olduğundan pulun köçürülməmə riskini nəzərə almalı idi. Məhkəmə bu mənada bankın nümayəndəsi tərəfindən şirkətin təsisçilərindən birinə və ya şirkətin fəaliyyət istiqamətinə görə və s. əsasla sanksiyaların tətbiq edildiyini, köçürmə əməliyyat icra olunmadan hesabın üzərində sanksiyanın olubolmamasının müəyyən edilməsinin qeyri-mümkün olduğu barədə cavabdehin arqumentləri ilə razılaşır.

55. Həmçinin nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixdə pul köçürməsi baş tutmadığı halda iddiaçı 7 500 000 rubl pul vəsaitinə hər hansı sərəncam verməmiş, xx.xx.2022-ci il tarixdə yenidən xarici valyuta almışdır. Halbuki iddiaçının pul öhdəliyi rublla ifadə edildiyindən Cavabdeh ASC-dən aldığı valyutanı "xxxx" ASC-nə köçürməklə istifadə edə bilərdi.

56. İddiaçının Cahandar adlı şəxslə razılığı isə hər hansı sübutla təsdiqlənmir. Əksinə bankın nümayəndəsi bu hala etiraz edərək, iddiaçının xarici valyutada olan pul vəsaiti barəsinə sərəncam vermədiyini qeyd edir. Belə olan halda bankın nümayəndəsi kimi təqdim edilən Cahandar adlı şəxslə belə bir razılığın olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür.

57. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

58. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

59. Hazırkı iş üzrə iddiaçının Cahandar adlı şəxslə razılığı ilə bağlı sübutu işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

60. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Məcəllənin 955-ci maddəsinə bank hesabı müqaviləsi üçün məcburi forma tələbi müəyyən edilmişdir və həmin müqavilədə (22-C-000329-0422 nömrəli xx.xx.2022-ci il tarixli bank hesabının açılmasına dair razılaşmada) əks olunmayan istənilən razılığın hüquqi qüvvəsi yoxdur. Hazırkı halda isə belə bir razılıq işdəki sübutlarla birmənalı və ya ağlabatan əsasla təsdiqlənmir.

61. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçı dəymiş zərərlə pulun köçürülməməsi arasındakı səbəbli əlaqəni rublun manata nisbətdə məzənnəsinin dəyişməsi ilə şərtləndirir, hətta zərərin məbləğini də məzənnəyə əsasən müəyyən edir.

62. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, hər bir vətəndaş, o cümlədən iqtisadi münasibətlərin iştirakçısı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsinin müəyyən edilməsi faktını bilir. Manatın xarici valyutalara nisbətdə məzənnəsinin müəyyən edilməsi o deməkdir ki, valyuta məzənnələri sabit deyil. Yəni manatın məzənnəsi müxtəlif iqtisadi və maliyyə faktorlarından asılı olaraq xarici valyutalara nisbətdə arta və ya azala bilər. Maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il tarixli qərar).

63. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin risklə xarakterizə olunması Konstitusiya Məhkəməsinin qərarında da əks olunmuşdur. Hazırkı işdə də rublun manata olan nisbəti hər gün Mərkəzi Bank tərəfindən müəyyən olunduğu halda Rusiya – Ukrayna müharibəsi fonunda həmin məzənnənin dəyişməsi iddiaçı tərəfindən proqnozlaşdırıla bilən olmuşdur.

64. Mülki hüquq doktrinasında səbəbli əlaqə dedikdə hadisələr arasında elə əlaqə nəzərdə tutulur ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Hazırkı iş üzrə iddiaçının dəymiş maddi zərər kimi iddia etdiyi məbləğ cavabdeh tərəfindən pulun köçürülməsinin baş tutmaması nəticəsində yox, məhz Mərkəzi Bank tərəfindən müəyyən edilən məzənnələr ilə rublun manat qarşısında dəyər itirməsi səbəbindən yaranmışdır. X5 müəyyən etdiyi məzənnə sabit qalsa idi, iddiaçının zərər kimi ifadə etdiyi məzənnə fərqi də yaranmazdı.

65. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi məbləğin zərər olması təsdiq olunmur, iddia edilən zərərlə cavabdehin hərəkəti arasında isə səbəbli əlaqə yoxdur. Belə olan halda iddiaçının iddiasının faktiki əsası kimi istinad etdiyi hallar köçürmənin həyata keçirilməməsi nəticəsində iddiaçıya dəydiyi iddia edilən zərərin (əldən çıxmış fayda) yaranması əsası kimi qəbul oluna bilməz.

66. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair iddiası rədd olunmalıdır.

b) Məhkəmə xərcləri ilə bağlı

67. İddiaçı eləcə də 200 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

68. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-7699 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçının və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdehin nümayəndəsi mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş, iddiaçının nümayəndəsi tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci ödənmişdir.

69. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

70. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

71. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

72. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

73. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərci iddiaçıya aid edilməlidir.

V. Nəticə:

75. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “dəymiş zərərə görə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar