Məhkəmə qərarları › İş №e-2-2(113)-2142/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2142/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2142/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc sənədi, borc sənədinin kreditorda və ya borcluda olmasının hüquqi nəticəsləri, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40000 manat məbləğində pulun və ödənilmiş 210 manat dövlət rüsumu, 320 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdeh iddiaçıdan Şəmkir rayonunda yerləşən stomotoloji klinikasını təmir etmək adı ilə 2023-cü ilin mart ayından iyul ayınadək 76000 manat məbləğində pul almışdır. Lakin cavabdeh təmir-tikinti işlərini başa çatdırmamışdır. Dəfələrlə iddiaçı cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələr ilə bu günə qədər pulu ödəməmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh qəbz yazaraq obyektin təmir-tikinti işlərini tam şəkildə başa çatdırmağa razılaşdığını və iddiaçı tərəfindən ümumilikdə 76000 manat pul ödənildiyini təsdiq etmiş, 40000 manat məbləğində borcu 1 il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək cavabdeh tərəfindən heç bir ödənişin edilmədiyini və tərəflər arasında yazılı müqavilə olmadığını bildirdi.

6. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana çatdırılmaqla, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Borcun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki: “Mən, Cavabdeh Rafael oğlu, Şəmkir şəhər sakini İddiaçı ilə 2023-cü ilin mart ayında ona məxsus obyektin təmir-tikinti işlərini tam şəkildə başa çatdırmağa aramızda razılaşmış və onun tərəfindən mənə ümumilikdə 76000 manat məbləğində pul ödənilmişdir. Təmir-tikinti işləri başa çatdırılmadığından mənim İddiaçı 40000 manat məbləğində borcum qalmışdır. Həmin məbləği öhdəmə götürürəm. Və 1 il ərzində həmin pulu hissə-hissə ödəyəcəm”.

11. Məhkəməyə təqdim edilən Şəmkir Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X1 HK-1/3796 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən, material üzrə izahatı alınmış cavabdeh göstərmişdir ki, təxminən 15 ildir ki, fərdi qaydada təmir-tikinti işlərində mühəndis kimi fəaliyyət göstərir. 2023-cü ilin mart ayında Şəmkir rayonu ərazisində fərdi qaydada təmir-tikinti işlərində mühəndis kimi fəaliyyət göstərən zaman Xəyal adlı inşaat materialları satan tanışı vasitəsilə diş həkimi olan İddiaçı ilə tanış olmuşdur. Həmin vaxt Cavid ona yaşadığı evin həyətində yerləşən obyekti stomotoloji kabinet etmək istədiyini deyib, mühəndis kimi həmin obyektin smetasını çıxarıb, təmir-tikinti işlərinin görülməsini təklif etmişdir. O, Cavidin təklifi ilə razılaşdıqdan sonra Cavidə məxsus obyektə baxış keçirib, Cavidin ona təqdim etdiyi layihə əsasında görüləcək işləri minimum bazar qiyməti ilə hesablayıb, 76000 manat məbləğində smeta çıxarmışdır. O, Cavidə məxsus obyektdə təmir-tikinti işləri görə bilmədiyi üçün 2024-cü ilin mart ayında Cavid ilə birlikdə vəkil yanına gedib, Cavidə 40000 manat borcu qalması və həmin borcu bir il ərzində ödəyəcəyi barədə öz xətti ilə qəbz yazıb, öhdəlik götürmüşdür. Hal-hazırda 40000 manat məbləğində borcu mövcuddur.

12. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı öhdəlik münasibəti yaranmış, cavabdeh öhdəliyin təsdiqi üçün iddiaçıya borc sənədi təqdim edərək borc məbləğini hissə-hissə ödəyəcəyini vəd etmiş, lakin borc məbləğini qaytarmamışdır.

13. İddiaçı hazırda həmin sənəd üzrə 40000 manat məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

15. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

17. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.

18. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

19. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeryd edilməsini zərəri hesab edir.

20. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

24. Mülki hüquq nəzəriyyəsində borc sənədi abstrakt xarakterə malik hesab edilməklə hüquqi əsasdan məhrum olaraq tələb hüququnu təsdiq edir. Bu zaman borclu öhdəliyi icra edəndə kreditorun vəzifəsidir ki, borc sənədini borclunun özünə qaytarsın. Həmin sənədin borcluda olması onu təsdiq edir ki, öhdəliyə xitam verilmişdir, kreditorda olması isə öhdəliyin mövcudluğunu təsdiq edir.

25. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı olan öhdəliyinin təsdiqi üçün xx.xx.2024-cü il tarixli borc sənədi vermiş, 1 il ərzində borcu hissə-hissə qaytaracağını bildirmiş, lakin borcu qaytarmamışdır. Belə ki, borc sənədi hazırda kreditordadır, onda hər hansı məbləğin qaytarılması ilə bağlı qeyd mövcud deyildir. Bu isə öhdəliyin xitam edilmədiyini və ya hər hansı ödənişin olmadığını sübut edir.

26. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

29. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 40000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

30. İddiaçı həmçinin ödənilmiş 210 manat dövlət rüsumunun və 320 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.

31. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********79 nömrəli mədaxil qəbzi ilə 210 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

32. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 320 manat məbləğində pul hesaba köçürülmüşdür (xx.xx.2024-cü il tarixli ******* nömrəli vəkil orderi).

33. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

35. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Beləliklə, iddianın təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 40000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 210 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar