Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2153/2025 12.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli XM 001 saylı xidmət müqaviləsinə əsasən 12094,43 manat borcun və 126,28 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər asında bağlanmış xx.xx.2021-ci il tarixli XM 001 saylı xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin Horadiz – Ağbənd dəmir yolunun tikintisi üzrə torpaq işlərinin (qazma və torpaq tökmə) layihəsində xx.xx.2021-ci il tarixindən etibarən özünə məxsus ekskavator vasitəsi ilə xidmət göstərməyi, sifarişçi isə icraçıya ekskovator yükləyicinin hər ayı üçün 15450 manat xidmət haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 23365,62 manat məbləğində xidmətlər göstərilmiş, xidmətlərin görülməsi ilə bağlı xx.xx.2021-ci il tarixli EBBO 975333 nömrəli elektron qaimə göndərilmişdir. 2.2. Tərəflər arasında əldə olunmuş razılığa əsasən həmin məbləğdən 3271,19 manat hissəsi ödəmə mənbəyindən vergi kimi büdcəyə ödənilmiş, qalan 20094,43 manat isə iddiaçıya ödənilməli idi. Göstərilən vəsaitdən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat olmaqla cəmi 8000 manat ödəniş edilmiş, lakin 12094,43 manat məbləğində vəsait bu günədək ödənilməmişdir. 2.3. Borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixində elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 7 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 427, 441 və s. maddələri göstərilmişdir.
4. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və iddiaya etirazın əsası olaraq göstərmişdir ki, iddia müddəti başa çatmışdır. Belə ki, mübahisəyə səbəb olan müqavilə xx.xx.2021-ci il tarixində bağlanmış, iddiaçı isə xx.xx.2021-ci il tarixində xidmətin icrasına dair elektron qaiməni təqdim etdiyini bildirir. Qanunvericiliyə əsasən, müqavilədən irəli gələn tələblər üç il müddətində irəli sürülməlidir. Əgər tələb iddia müddətini keçmişsə, məhkəmə həmin tələbi rədd etməlidir. Təqdim olunan sənədlərin hüquqi əsası yoxdur. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunan sənədlərin hüquqi qüvvəsi yalnız müqavilənin icrasını sübut etdiyi halda tanına bilər. Belə ki, xidmət müqaviləsinin 1.1-ci bəndində xidmətin dəyəri tərəflərin iştirakı ilə akt formasında təsdiqlənməlidir. Lakin Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, müqavilə şərtləri açıq və dəqiq müəyyən edilməli və yalnız müqaviləyə əsaslanan öhdəliklər icra olunmalıdır. Təqdim olunan sənədlər müqavilənin şərtlərini dəyişdirə bilməz və onların ödəniş öhdəliyi yaratdığını iddia etmək hüquqi cəhətdən əsassızdır. İddiaçı tərəfindən təqdim olunmuş elektron qaimə-fakturadan görünür ki, 2 ədəd texnika istifadə edilib. Lakin XM001 saylı Xidmət Müqaviləsinin 1 saylı Əlavəsində yalnız 1 ədəd ekskovatorun icarəsindən söhbət gedir. Həmçinin iddiaçı iddiasında göstərdiyi məbləğdən 3271,19 manatın vergi məqsədilə ödənildiyini bildirir. Lakin vergi ödənişləri müqavilənin tələblərinə uyğun həyata keçirildiyi üçün əlavə ödənişin tələb edilməsi hüquqi baxımdan mümkünsüzdür.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edən iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
6. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin etirazına münasibətdə yazılı izahat təqdim edərək göstərmişdir ki: – iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 975333 nömrəli elektron qaimədən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 23365,62 manat məbləğində xidmətlər göstərilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus bank hesabından çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya 3000 manat ödəniş edilmiş, cavabdeh tərəfindən ödənişin təyinatı kimi “2021-ci ilin dekabr ayı üçün xidmət haqqı ödənir" qeydi aparılmışdır. xx.xx.2021-ci il tarixli, XM 001 saylı Xidmət Müqaviləsinin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, icraçı göstərdiyi xidmətlərin dəyərinə uyğun olaraq hər ayın sonunda sifarişçiyə elektron qaimə-faktura təqdim edir. Həmin elektron qaimə-fakturaya əsasən sifarişçi tərəfindən xidmətin dəyəri növbəti ayın 15-dək icraçının bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. Tərəflərin yazılı və ya şifahi razılığı ilə ödəniş 1 ay müddətinədək uzadıla bilər. – Elektron qaimə-faktura xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. Demək ki, cavabdeh növbəti ayın 15-dək, yəni xx.xx.2022-ci il tarixədək borcunu iddiaçıya ödəməli idi. Lakin cavabdeh həmin ödənişdən qismən yəni, xx.xx.2022ci il tarixdə 3000 manat ödəniş aparmışdır. Qalıq ödənişlə bağlı isə cavabdeh tərəfindən iddiaçıya müraciət olunduqda, ödənişin qısa müddət ərzində həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən ona heç bir elektron qaimə-faktura təqdim edilmədən, daha dəqiq, xx.xx.2021-ci il tarixdə 5000 manat da ödəniş apardığı iş materiallarından görünməkdədir. Məhz bu səbəbdən də iddiaçı cavabdehin öz öhdəliyini yerinə yetirəcəyi ilə bağlı əmin olmuş və müqavilənin 2.1-ci bəndindən nəzərdə tutulmuş ödənişlərin 1 ay müddətinə uzadılması ilə bağlı şifahi razılıq vermişdir. Müqavilədə ödəniş müddətinin uzadılması ilə bağlı şərt yazılı və ya şifahi razılıqla nəzərdə tutulduğu üçün əlavə heç bir rəsmiləşdirmə apanlmamışdır. Cavabdehin qismən ödəniş etməsi elə tam ödəniş müddətinin uzadılması üçün məqsədli niyyət kimi qəbul edilməlidir. – Beləliklə də iddia müddətinin axımının başlanması son ödəniş tarixi olan xx.xx.2022-ci il tarixdən 1 ay müddətinə uzadılmış, yəni xx.xx.2022-ci il tarixi kimi şifahi qaydada razılaşdırılmışdır. Nəzərə alınsa ki, iddia olunan pul vəsaitinin potensial sahibi elə iddiaçının özüdür və onun ödənişlərin həyata keçirilməsində 1 aylıq uzadılma müddətinin tətbiq olunmasına etiraz etməməsi həmin müddətdə cavabdehə heç bir yazılı və ya şifahi müraciət edilməməsi, müqavilənin icrası müddətinin uzadılmasının bariz sübutudur. Beləliklə, Mülki Məcəllənin 372-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti xx.xx.2025ci il tarixdə başa çatır və kommersiya mübahisəsinə dair iddia ərizəsinin məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olması nəzərə alınaraq, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bundan başqa, cavabdeh öz etirazında bildirir ki, müqavilənin 1.1-ci maddəsində xidmətin dəyəri tərəflərin iştirakı ilə akt formasında təsdiqlənməlidir. Eyni zamanda müqavilədə 1 ədəd texnikanın istifadəsi nəzərdə tutulsa da, elektron qaiməfakturada 2 ədəd texnikanın icarəsi göstərilmişdir. Bu hissədə də cavabdehin etirazı əsassızdır. – Belə ki, yuxarıda da qeyd edildiyi kimi, müqavilənin 2.1-ci bəndində müəyyən edilir ki, icraçı göstərdiyi xidmətlərin dəyərinə uyğun olaraq hər ayın sonunda sifarişçiyə elektron qaimə-faktura təqdim edir. Həmin elektron qaimə fakturaya əsasən sifarişçi tərəfindən xidmətin dəyəri növbəti ayın 15-dək icraçının bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura cavabdeh tərəfindən nə ləğv edilmiş, nə dəyişiklik üçün geri qaytarılmış, nə də mübahisələndirilmişdir. Bu isə özlüyündə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 23365,62 manat məbləğində olan xidmətlərin göstərilməsinin sübutudur. – Cavabdeh tərəfindən iddiaçıya iki dəfə xx.xx.2021-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat olmaqla cəmi 8000 manat ödəniş edilmişdir. Əgər iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilməsə idi, cavabdeh bu ödənişləri həyata keçirməzdi. Cavabdeh tərəfindən ödənişlərin qismən həyata keçirilməsi xidmətlərin qəbul edilməsinin etirafıdır. xx.xx.2021-ci il tarixli 5000 manat məbləğində ödənişin təyinatı kimi cavabdeh tərəfindən “2021-ci ilin noyabr ayı üçün xidmət haqqı ödənir” qeydi, xx.xx.2022-ci il tarixli 3000 manat məbləğində ödənişin təyinatı kimi cavabdeh tərəfindən "2021-ci ilin dekabr ayı üçün xidmət haqqı ödənir” qeydi aparılmışdır. Bu da cavabdeh tərəfindən hər iki ay üzrə xidmətlərin göstərilməsinin etirafı kimi qəbul edilməlidir. Eyni zamanda xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturada 2 ədəd texnika nəzərdə tutulmamışdır. Sənəddən göründüyü kimi, həmin qaimə 2 aylıq xidmətlərin ayrı-ayrılqda göstərilməsi ilə tərtib olunmuş və bir növ iki aylıq xidmət cəmlənərək, vahid elektron qaimə-faktura təqdim edilmişdir. İddiaçının cavabdehdən 3271,19 manat vergi öhdəliklərinə dair hər hansı tələbi yoxdur.
7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndələri X3 və X2 etirazın məzmununa uyğun izahatlar verərək iddianın rədd olunmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddiaçı tərəfindən elektron qaimədə göstərilən dəyərdə xidmət göstərilməmiş, iddiaçı işləri yarımçıq qoyub getmişdir. İddiaçı tərəfindən nə xidmət göstərilmişdirsə, dəyəri hesablanıb ödənilmişdir. İddiaçıya hər hansı borcları mövcud deyildir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 13 noyabr 2021-ci il tarixli 001 nömrəli xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı xidmətlərin göstərilməsini sifariş verib cavabdehə hər ay üçün 15450 manat xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının Horadiz – Ağbənd dəmir yolunun tikintisi üzrə torpaq işlərinin (qazma və torpaq tökmə) layihəsində xx.xx.2021-ci il tarixindən etibarən özünə məxsus ekskavator vasitəsi ilə xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 23365,62 manat dəyərində göstərilmiş xidmətlə bağlı cavabdehə xx.xx.2021-ci il tarixli EBBO 975333 seriya və nömrəli elektron qaimə-faktura göndərilmiş, qaimə-faktura sistem tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən “2021-ci ilin noyabr ayı üçün xidmət haqqı ödənir” qeydi edilməklə xx.xx.2021-ci il tarixdə 5000 manat, “2021-ci ilin dekabr ayı üçün xidmət haqqı ödənir” qeydi edilməklə xx.xx.2021-ci il tarixdə 3000 manat ödəniş edilmişdir.
12. İddiaçı göstərilmiş xidmətlərin dəyərini təşkil edən 23365,62 manat xidmət haqqından tərəflərin razılaşması ilə ödənilməli olan 3271,19 manat ödəmə mənbəyindən vergi, cavabdeh tərəfindən ödənilmiş 8000 manat xidmət haqqı çıxılmaqla qalan 12094,43 manat pulun cavabdehdən tutulmasını tələb edir.
13. Cavabdeh iddiaya etiraz edərək rədd olunmasını xahiş edir və bildirir ki, 3 illik iddia müddəti başa çatmışdır. Həmçinin iddiaçı tərəfindən 23365,62 manat dəyərində xidmətlər göstərilməmiş, göstərilmiş xidməti dəyəri tam ödənilmişdir.
14. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmədən öncə məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərar).
15. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 13 noyabr 2021-ci il tarixli 001 nömrəli xidmətlərinin göstərilməsi haqqında müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
19. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
20. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
21. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
22. Təqdim olunan sübutları qanunvericilik normalarının tələbi baxımından araşdırdıqda müəyyən olunur ki, iddiaçı müvafiq subyektiv hüquqa malikdir və həmin hüquq cavabdeh tərəfindən pozulub. Belə ki, cavabdeh xidmətlərin göstərilmədiyi qeyd etsə də, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə elektron qaimə təqdim edildikdən sonra cavabdeh tərəfindən ləğvə və ya düzəlişə qaytarılmamış, əksinə cavabdeh xx.xx.2022-ci il tarixdə ödəniş etmişdir. Cavabdeh tərəfindən təqdim olunan elektron qaimələrin statusuna dair elektron sistemdən çıxarışdan görünür ki, müxtəlif şəxslər tərəfindən cavabdehə elektron qaimələr təqdim edilmiş, qaimələrin bir hissəsini sistem təsdiqləmiş, bir hissəsini isə cavabdeh özü təsdiq etmişdir. Beləliklə, aydın olur ki, cavabdeh ona təqdim olunan elektron qaimələrə aktiv nəzarəti həyata keçirmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi elektron qaimənin sistem tərəfindən təsdiqlənməsinə və təhvil-təslim aktının olmamasına istinad etməklə xidmətlərin göstərilmədiyinə cavabdehin istinad etməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir və məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 23365,62 manat dəyərində xidmətlər göstərilmişdir. Başqa sözlə, iddiaçı həmin məbləğləri tələb etmək üçün subyektiv hüquqa malikdir, cavabdeh tərəfindən isə adıçəkilən hüquq pozulmuşdur.
23. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
24. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
25. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
26. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
27. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
28. Məhkəmə iddia müddətinin başlandığı tarix ilə bağlı aşağıdakıları qeyd edir.
29. Tərəflər arasında bağlanmış 2.1-ci bəndinə əsasən, icraçı göstərdiyi xidmətlərin dəyərinə uyğun olaraq hər ayın sonunda sifarişçiyə elektron qaimə-faktura təqdim edir. Həmin elektron qaimə-fakturaya əsasən sifarişçi tərəfindən xidmətin dəyəri növbəti ayın 15-dək icraçının bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. Tərəflərin yazılı və ya şifahi razılığı ilə ödəniş 1 ay müddətinədək uzadıla bilər. Müqavilənin 2.2-ci bəndinə əsasən, elektron qaimə-faktura təqdim edilmədən sifarişçi tərəfindən xidmət haqqı ödənilməyəcəkdir.
30. Göründüyü kimi, tərəflər müqavilədə ödəniş müddəti və qaydasını dəqiq razılaşdırmış, ödənişin həyata keçirilməsini elektron qaimə-fakturanın təqdim edilməsindən asılı etmişlər. Həmçinin ödənişin yazılı və ya şifahi razılığı ilə 1 ay müddətinədək uzadıla biləcəyini təsbit etmişlər.
31. Məhkəmə tərəflər arasında olan şifahi razılaşmaya əsasən ödəniş müddətinin 1 ay uzadıldığı ilə bağlı iddiaçının mövqeyini əsassız hesab edir. Belə ki, iddiaçı noyabr ayında göstərilmiş 15 günlük xidmət haqqı ilə bağlı cavabdehə elektron qaimə təqdim etməmiş, yalnız dekabr ayında təqdim etmişdir. Bu isə onu göstərir ki, iddiaçı noyabr ayında göstərilmiş xidmət haqqının qalan hissəsinin ödənilməsinə möhlət vermiş, yalnız xx.xx.2021-ci il tarixdə təqdim edilən elektron qaimə ilə noyabr ayının da xidmət haqqını tələb etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının bildirdiyi kimi xidmət haqqının ödənilməsinə 1 ay möhlətin verilməsi elektron qaimənin də xx.xx.2021-ci il tarixdə deyil, 1 ay sonra təqdim edilməsi ilə ifadə oluna bilərdi.
32. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur (E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 28 dekabr 2023-cü il tarixli qərar).
33. Qeyd olunan normadan və sübutetmə ilə bağlı qanunun tələbindən çıxış edən məhkəmə qeyd edir ki, müqavilədə ödəniş müddətinin uzadılmasının şifahi razılaşma əsasında mümkünlüyünün qeyd edilməsi məhkəmə tərəfindən belə bir şifahi razılaşmanın hər hansı əyani sübutda əks olunmadan yalnız izahat əsasında qəbul edilə bilməsi nəticəsinə gəlməyə əsas vermir. İddiaçı isə şifahi razılaşmanın mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
34. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
35. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə cavabdehin vergi ödəməli olduğunu qeyd etmiş, vergi orqanından bu barədə məlumatın əldə edilməsi üçün sorğu verilməsini məhkəmədən xahiş etmiş, vergi orqanı tərəfindən təqdim olunan sənədlərdən belə bir halın olduğu təsdiqini tapmamışdır. Yəni bu əsasla iddia müddətinin axımının kəsilməsi halının olmadığı da müəyyən olmuşdur.
36. Məhkəmə elektron qaimə-fakturaya əsasən sifarişçi tərəfindən xidmətin dəyərinin növbəti ayın 15-dək ödənilməsi barədə tərəflərin razılaşmasını nəzərə alaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsi üzrə noyabr və dekabr ayında göstərilmiş xidmətlərə dair xx.xx.2021-ci il tarixdə təqdim olunan elektron qaimə üzrə xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququ üçün iddia müddəti xx.xx.2022-ci il tarixdə başlamışdır. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş, müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür.
37. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
38. Beləliklə, müəyyən olunur ki, iddiaçı tərəfindən xidmət haqqının tələb edilməsi üzrə iddia müddəti ötürülmüş, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması halı olmamışdır.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbi üzrə iddia müddəti keçdiyindən, həmin tələb rədd olunmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126,28 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
42. İddia tələbinin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçıya aid edilir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova