Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2165/2025 26.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin verilməsi və icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin verilməsi və icarə haqqının ödənilməsi ilə qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 101.5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MMC-yə sökülməsi üçün təhvil verilməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 101.5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada, X1 küçəsinə baxan istiqamətdə 101.5 m2 ölçüdə təmirli qeyri-yaşayış sahəsinin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 1000 (min) manat məbləğində icarə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxılində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun İddiaçı tərəfindən tənzimlənməsı şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 21 may 2020-ci il tarixli rəyə əsasən həmin binanın daxili həyət hissəsində yerləşən 3 ədəd kimi mərtəbəli yaşayış evinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki: - onların iki ədədi XX əsrin əvvəllərində (yəni, 100 ildən də əvvəl) inşa olunmuşdur; - yaşayış evinin girişində və fasad hissələrində suvaq və hörgü məhlulları aşınmışdır; - girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; - yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşlardan hörülmüş divarlarda gücləndirilmə tədbirləri görülmədən müxtəlif ölçülərdə boşluqlar açılmışdır ki, bu da binanın yükdaşma qabiliyyətinin azalmasına səbəb olmuşdur; - evlərin kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya sistemləri köhnəlmiş və yararsız vəziyyətdədir; - evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və faza sərtliyini xeyli zəiflətmişdir; - yaşayış evləri mövcud tikinti norma və qaydalara cavab vermir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MMC-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 19 yanvar 2021-ci il tarixli, 1635 №-li Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər, eyni zamanda söküləcək qeyri-yaşayış sahələrinin əvəzinə eyniölçülü, lakin daha əlverişli xüsusiyyətlərə malik, normalara cavab verən qeyri-yaşayış sahələri təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış və fəaliyyət məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə və icarə haqları təklif olunur. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 18 dekabr 2020-ci il tarixli, 274 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən və kəskin qəzalı vəziyyətdə olan binada yaşayan mülkiyyətçilərin əksəriyyəti (95%) ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən, ümumi sahəsi 101.5 m2 olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mülkiyyətçilər kimi, sahib olduğu Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 101.5 m2 sahədən ibarət olan və hal-hazırda istifadəyə yararsız olan qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli, müasir və innovativ tələblərə cavab verən, 101.5 m2 sahədən ibarət qeyri-yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 1000 (min) manat icarə haqqı təklif olunur. Bildirilir ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi 1926-cı ildə inşa olunmuş 3 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir və istismarı mümkün olmayan vəziyyətdədir. İddiaçı MMC cavabdehin qeyri-yaşayış sahəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi binanın 160-dan artıq sakini (ümumilikdə 168 sahə mülkiyyətçisi vardır) ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə və icarə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı qəzalı vəziyyətdə olan evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma əsaslandırılmasına, Əmlak Məsələləri Dövlət Komitəsinin yerquruluşu planına və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq “iddia tələbinin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 101,5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin və onun altında yerləşən 72,58 m2 zirzəmi sahəsinin boşaldılaraq İddiaçı MMC-yə sökülməsi üçün təhvil verilməsinə; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 101,5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsinin və onun altında yerləşən 72,58 m2 zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın 1 -ci mərtəbəsində, X1 küçəsinə baxan istiqamətdə 122 m2 ölçüdə təmirli qeyriyaşayış sahəsinin, eyni zamanda 1-ci mərtəbədə təklif olunan qeyri-yaşayış sahəsinin altında yerləşən 87,1 m2 ölçüdə təmirli zirzəmi sahəsinin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsinə; sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi və zirzəmi sahəsi ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 2800 (iki min səkkiz yüz) manat məbləğində icarə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizədə qeyd olunur ki, cavabdeh məhkəmə iclaslarında qeyd olunan tələblərin ilk ikisi ilə razı olduğunu dəfələrlə bildirmişdir. Cavabdeh yalnız icarə haqqı hissəsində iddia tələbini qəbul etməməkdədir. Nəzərə alınmalıdır ki, iddia tələbini təşkil edən icarə haqqı məbləği məhkəmə qərardadına əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/S 21- 312/25 saylı mütəxəssis rəyinə uyğun olaraq təklif edilməkdədir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 560.1, 560.2, 560.3-cü maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini də nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın təmin, cavabehin nümayəndəsi isə iddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 1635 nömrəli torpaq icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən icarəyəverən icarə əsasında sahəsi 15500 kv.m olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş ərazini icarəçiyə 49 il müddətinə istifadəsinə verir; 1.3-cü bəndinə əsasən torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün verilir; 7.1-ci bəndinə əsasən müqavilə 49 il müddətinə bağlanır; 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. İcarə haqqı tərəflərin razılığı ilə təyin edilmiş normativ qiymətlər əsasında müəyyənləşdirilir və icarəçi tərəfindən ödənilir; 7.3-cü bəndinə əsasən icarə haqqı xx.xx.2021-ci il tarixindən hesablanır; 7.4-cü bəndinə əsasən icarəçi hər il 52954,20 manat icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İddiaçı MMC-yə verilmiş şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi haqqında sərəncamdan çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 may 2021-ci il tarixli, 11 nömrəli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.B.Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə ləyihələndirilən 2 ədəd 8, 2 ədəd 10, 2 ədəd 14 mərtəbəli yaşayış binaları və 5 ədəd 1 mərtəbəli qeyri-yaşayış binalarının şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir.
11. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 274 nömrəli yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İddiaçı istifadəsinə verilməsi haqqında sərəncamından müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” FLİ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının texniki vəziyyəti haqqında rəydən müəyyən olunur ki, rəydə adıçəkilən yaşayış sahəsinə baxış keçirilmiş və baxış nəticəsində müəyyən olunmuşdur ki, Mirəsədulla Mirqasımov küçəsi 4 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, 3 mərtəbəli olub daxili həyətlidir. Bina XX əsrin əvvəlllərində inşa edilmişdir. Binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan perimetr boyu eyvan olmaqla inşa edilmişdir. Əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından, mərtəbəarası örtükləri – pilləkən qəfəssələrində dəmir-betondan, yaşayış sahələrində isə ağac materialından yerinə yetirilmişdir. Damı çardaq tipli olub dalğavari asbestsement və metal vərəqələrlə örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Binanın girişlərində və fasad hissələrində suvaq qatları və hörgü məhlulları aşınmışdır. Fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır. Binanın dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır. Yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur. Binanın pilləkən qəfəssələrində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır. Baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır. Binanın kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Binanın daxili həyət hissəsində əksər açıq eyvanlar sakinlər tərəfindən əlavə dirəklərlə tikilərək bağlanmış, ön fasad hissəsində müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmiş, bəzi mövcud eyvanlar inşaat materialları ilə tikilərək genişləndirilmişdir. Həmçinin binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir. Sonradan inşa edilən mərtəbənin və yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatları aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır. Yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı əksər mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir.
13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərdövlətsənayelayihə” FLİ tərəfindən ünvan 3 ünvanın daxili heyət hissəsində yerləşən 3 ədəd 2 mərtəbəli yaşayış evlərinin texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli rəyinə əsasən baxış zamanı məlum olmuşdur ki, Mirəsədulla Mirqasımov küçəsi 4 saylı ünvanda yerləşən yaşayış evinin 2 ədədi 1 girişli 4 mənzilli, 1-i isə 2 girişli 8 mənzilli olmaqla XX əsrin əvvəllərində inşa edilmişdir. Evlərin əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından, mərtəbəarası örtükləri - pilləkən qəfəssələrində dəmir-betondan, yaşayış sahələrində isə ağac materialından yerinə yetirilmişdir. 1 girişli 4 mənzilli evde temir işləri aparılmış, əlavə yaşayış sahələri inşa edilmiş, çardaq tipli dam quraşdırılaraq dalğavari metal vərəqələrlə örtülmüşdür. 1 girişli 4 mənzilli və 1 girişli 8 mənzilli yaşayış evlərinin damı yastı tipli olmaqla yumşaq materiallarla örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Baxış keçirilən 2 ədəd yaşayış evlərində aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: Yaşayış evinin girişlərində və fasad hissələrində suvaq qatları və hörgü hehlulları aşınmışdır. Girişlərdə və mənzillərdə qalınlığı 2-3 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır. Evlərin dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdeki mənzillərin tavan hissələrində ve ümumi sahələrində rütubət izləri yaranmışdır. Yükdaşıyan ve öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur. Baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır. Evlərin kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətlən köhnəlmiş və yararsız vəziyyətdədir. Evlərin ön və arxa fasad hissələrində sakinlər tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış evlərinə keçirilən baxış zamanı sonradan təmir olunmuş 1 girişli 4 mənzilli olan yaşayış evinə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 3 ünvanın daxili həyət hissəsində yerləşən 2 ədəd 1 girişli, 4 və 8 mənzilli yaşayış evləri yolverilməz, sonradan təmir olunmuş 1 girişli 4 mənzilli yaşayış evi isə məhdud işlək vəziyyətdədir.
14. İş materiallarına yaşayış binalarında yerləşən mənzillərin çıxarışları, ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir.
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 101,5 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020.
16. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzləşdirilməsi ilə bağlı müqavilə bağlanması təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
17. Cavabdeh tərəfindən təqdim edilən “İnter Proper “ MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İnPro-001/22 nömrəli qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir xərcləri, aylıq orta kirayə haqqı, hazırkı bazar qiyməti və yeni tikilmiş yaşayış binasında bu tipli qeyri-yaşayış sahəsinin orta bazar qiymətini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı aparılan təhlil və hesablamalar nəticəsində qeyri-yaşayış sahəsinin hazırkı bazar dəyəri 435000 manat müəyyənləşdirilmişdir. Bundan əlavə, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin təmir xərcləri (usta haqqı ilə birlikdə - 32000) 232000 manat, aylıq orta kirayə haqqı 8000 manat, hazırkı bazar dəyəri 435000 manat, yeni tikilmiş yaşayış binasında eyni təmirli eyni şəraitli obyektin orta aylıq kirayə haqqı 10000-10500 manat təşkil edir.
18. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, CVN/S 21-312/25 nömrəli mütəxəssis rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinın faktiki sahəsi 1ci mərtəbə üzrə sənədlə və faktiki 101,5 kv.m, zirzəmi, yarımzirzəmi sahəsi faktiki (artırma ilə) 72,58 kv.m olmaqla 174,08 kv.m təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 29 avqust 2025-ci il tarixinə 617000 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 29 avqust 2025-ci il tarixinə 2800 manat/1 ay təşkil edir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, hüquqdan sui-istifadədir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X3 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni «ictimai maraq» məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstndə həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyri-mütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
23. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
26. Göründüyü kimi, Cavabdeh ona məxsus olan istifadəyə yararsız əmlakının yeni tikilmiş, müasir standartlara cavab verən binada təmirli əmlak sahəsi ilə əvəzləşdirilməsi təklif olunsa da, cavabdeh iddiaçı tərəfin qanunauyğun və ədalətli təklifi ilə razılaşmayaraq, kooperativin maraqlarına cavab verən tikinti işlərinin aparılmasını lüzumsuz yubadır. Bununla da qeyd edilən ərazidə inşa edilməli çoxmənzilli binalarda yaşayış sahəsi ilə təminatı nəzərdə tutulan vətəndaşların hüquqları və mənafeləri pozulur, MMC öz üzərinə düşən vəzifələri vaxtında və tam şəkildə icra etməmək təhlükəsi ilə üzləşir.
27. Qanunvericiliyin müddəalarına və ayrılmaz hüquqlarla bağlı prinsiplərə əsasən cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakı üzərində hüquqlarının və mənafeələrinin qorunma qalxanı altında olması digər şəxslərin də eyni dərəcədə tanınan hüquqlarından üstün tutulmamalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin xüsusi mülkiyyətində olan sahənin iddiaçıya təhvil verilməsi müqabilində onun yeni tikiləcək qeyriyaşayış sahəsi ilə təmin edilməsi və həmin yeni qeyri-yaşayış sahəsinin təhvil veriləcəyi müddətədək yaşayış sahəsi ilə təmin olunması məqsədilə icarə haqqının verilməsindən ibarətdir. İş üzrə qeyri-yaşayış sahəsinin və icarə haqqının müəyyən edilməsi məqsədilə təyin edilmiş qiymətləndiricinin verdiyi rəyə əsasən qeyri-yaşayış sahəsi və həmin ərazidə oxşar şəraitli qeyri-yaşayış sahələrinin icarə haqqları müəyyən edilərək iddiaçının tələbinin ədalətli olub-olmaması araşdırılmışdır.
28. Cavabdehin xüsusi mülkiyyət hüququndan irəli gələrək mənzilin hər hansı formada əvəzləşdirilməsinə etirazı iddiaçının həyata keçirdiyi tikinti və abadlaşdırma fəaliyyətinin, eyni ərazidə mülkiyyətləri ədalətli kompensasiya edilmiş digər sakinlərin yeni yaşayış və qeyri-yaşayış sahələri ilə təminatının əsassız şəkildə qarşısını alır. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın qarşılığında iddiaçının təklif etdiyi qaydada qeyri-yaşayış sahəsi ilə təminat və müvafiq dövr üçün icarə haqqı ödənişi ədalətli kompensasiya kimi qiymətləndirilməlidir.
29. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 101,5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsi və onun altında yerləşən 72,58 m2 zirzəmi sahəsi boşaldılaraq sökülməsi üçün İddiaçınə təhvil verilməli, İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 101,5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsi və onun altında yerləşən 72,58 m2 zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın 1-ci mərtəbəsində, X1 küçəsinə baxan istiqamətdə 122 m2 ölçüdə təmirli qeyri-yaşayış sahəsi, eyni zamanda 1-ci mərtəbədə təklif olunan qeyri-yaşayış sahəsinin altında yerləşən 87,1 m2 ölçüdə təmirli zirzəmi sahəsi 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin İddiaçınə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi və zirzəmi sahəsi ilə təmin olunan günədək İddiaçı tərəfindən hər ay 2800 manat (iki min səkkiz yüz) məbləğində icarə haqqı Cavabdeh ödənilməlidir.
30. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ**********41********) köçürülməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 101,5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsi və onun altında yerləşən 72,58 m2 zirzəmi sahəsi boşaldılaraq sökülməsi üçün İddiaçınə təhvil verilsin. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 101,5 m2 sahədən ibarət olan qeyri-yaşayış sahəsi və onun altında yerləşən 72,58 m2 zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın 1-ci mərtəbəsində, X1 küçəsinə baxan istiqamətdə 122 m2 ölçüdə təmirli qeyri-yaşayış sahəsi, eyni zamanda 1-ci mərtəbədə təklif olunan qeyri-yaşayış sahəsinin altında yerləşən 87,1 m2 ölçüdə təmirli zirzəmi sahəsi 2 (iki) il müddətinə Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi və zirzəmi sahəsinin İddiaçınə təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi və zirzəmi sahəsi ilə təmin olunan günədək İddiaçı tərəfindən hər ay 2800 manat (iki min səkkiz yüz) məbləğində icarə haqqı Cavabdeh ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 400 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (kod: 805711, VÖEN: ********** müxbir hesab: AZ03NABZ********************, SWİFT BİK: İBAZAZ2X, hesab: AZ471BAZ**********41********) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova