Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2175/2024 26.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mobil rabitə xidməti müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh “FA" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 187,84 manat ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 08 noyabr 2017-cı il tarixli, 1366-2017 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinizə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin İddiaçı MMC-yə 187,84 manat ödənilməmiş borcu qalmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.9, 445.2, 448-ci maddələrinə istinad olunmuşdur. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında 08 noyabr 2017-ci il tarixində 1366-2017 mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə üzrə şirkət koorporativ abunəçiyə mobil rabitə xidməti göstərir, “Korporativ abunəçi” isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ tarif planı əsasında xidmət haqqını vaxtı-vaxtında ödənilməsini təmin edir. 3.1-ci hazırkı müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti Korporativ tarif planında, digər xidmətlərin dəyəri isə bu Müqavilənin müvafiq Əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud şirkətin müəyyən etdiyi digər qaydada, hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən Korporativ abunəçi isə hər növbəti ayın 15-dən gec olmayaraq ödənişi təmin etməlidir. 1366-2017 nömrəli xx.xx.2019-cu il tarixli mobil rabitə xidmətlərinin göstərilməsinə dair 1 və 2 saylı qoşmalarda nömrələrin siyahısı qeyd edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş hesab fakturada 159,19 manat qalıq borc, 28,65 manat ƏDV məbləği olmaqla ümumilikdə 187,84 manat ödəniləcək məbləğ hesablanmışdır. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubunda 187,83 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, işin hallarından görünür ki, tərəflər arasında 08 noyabr 2017-ci il tarixində 1366-2017 nömrəli mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, həmin müqavilə üzrə İddiaçı MMC Cavabdeh MMC-yə mobil rabitə xidmətlərinin göstərilməsini, Cavabdeh MMC isə danışıq haqqının vaxtında ödənilməsini təmin etmək öhdəliyini üzərinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri icra etsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Beləliklə də, işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqaviləsi ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklərin tam icra edilmiş, lakin cavabdeh tərəfindən öz üzərinə düşən öhdəliklərinin icra edilməmiş, habelə icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinin hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə olunmuş sənədlərlə iddiaçının tələbin aşkar olması, yəni tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Belə olan halda hesab edirəm ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və 187,84 manat ödənilməmiş borc məbləği Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Eləcə də, iddiaçı 30 manat ödənilmiş dövlət rüsumunun da, cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hesab edirəm ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu da, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh MMC-dən 187 (bir yüz səksən yeddi) manat 84 (səksən dörd) qəpik ödənilməmiş borc məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2175/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2175/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver