Məhkəmə qərarları › İş №e-2-2(113)-2182/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2182/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2182/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli, 24/12 nömrəli xidmət müqaviləsinə əsasən məhsulların istehsalı üçün cavabdehə avans kimi ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manat pul vəsaiti, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və ödənilmiş dövlət rüsumuna görə 59 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli, 24/12 nömrəli xidmət müqaviləsinə əsasən məhsulların istehsalı üçün cavabdehə 3570 manat avans ödənişi edilmişdir. Bildirilmişdir ki, müqavilə bağlanılan gün İddiaçı MMC-nin direktoru olaraq sifariş verilən qutuların qəlib forması və 1 ədəd hazır qutu nümunəsi ofislərində cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Həmin vaxt cavabdehə məxsus ofisdə Günel xanım və Pərvanə xanım var idi. Razılaşmaya görə xx.xx.2025-ci il tarixdə sifariş verilən mallar təhvil verilməli idi. Qutular gül istehsalı üçün nəzərdə tutulduğundan qısa müddətdə lazım idi. Çünki güllərin satışı mövsumi xarakter daşıdığından həmin mallar sifariş olunduqdan qısa zaman sonra təhvil verilməli idi. Bu səbəbdən də 2025-ci ilin yanvar ayının 6, 9 və 10-u tarixlərində cavabdehin nümayəndələri ilə əlaqə saxlamışdır. 10 yanvar tarixində bildiriləndə ki, çatdıra bilmirlər, əlavə 15 gün vaxt verin, deyildi ki, o qədər vaxt yoxdur, pulu qaytarın, başqa şəxslərlə bu iş görülər. Cavabdehin nümayəndəsi iddiaçı ilə razılaşdı, hətta qəlib formasını və 1 ədəd hazır qutu nümunəsini də taksi ilə geri qaytararaq pulu da qısa vaxtda qaytaracağını bildirdi. Lakin pulu qaytarmaq əvəzinə xx.xx.2025-ci il tarixdə məktub göndərərək, müxtəlif bəhanələrlə avans kimi ödənilmiş 3570 manat vəsaitin qaytarılmasından imtina etdilər. Cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərilərək xx.xx.2024-cü il tarixli, 24/12 nömrəli xidmət müqaviləsi üzrə avans kimi ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manat pulun 3 (üç) gün ərzində ödənilməsi xahiş olunmuş, əks təqdirdə hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət edərək, 3570 (üç min beş yüz yetmiş) manat pul vəsaiti, hüquqi yardımla bağlı xərclər və iddianın verilməsi üçün ödəniləcək dövlət rüsumunun da tələb oluncağı ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh pulun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də hazırda məhkəmə müdafiəsi hüquqlarından istifadə olunması zərurəti yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 385.1, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2024-cü il tarixində 24/12 nömrəli xidmət müqaviləsi imzalanmış və müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəsinə əsasən iddiaçı tərəflə qiymət razılaşdırma protokolunda göstəriləcək xidmətlərin ümumi dəyəri 5100 (beş min yüz manat sıfır qəpik) manat olaraq, qeyd kimi isə iddiaçı tərəfindən qeyd olunan ümumi məbləğin 70% (yetmiş faiz) hissəsinin avans olaraq ödənilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən əlavə edilən müqavilə və qiymət razılaşdırma protokolunda da sözügedən qeydlər öz əksini tapır. Müqavilədə, eyni zamanda qiymət razılaşdırma protokolunda da malların təhvil verilməsi, yaxud xidmətlərin göstərilməsi üzrə dəqiq bir müddət müəyyən edilməmiş, malların yaxud xidmətlərin təhvil verilməsinin tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən ediləcəyi qeyd olunmuşdur. İddiaçı ilə mövcud olan xidmət müqaviləsinin 5.1-ci maddəsinə əsasən xidmətlərin icra müddəti əlavə razılaşma ilə müəyyən edilir. Müqavilənin 1 saylı əlavəsində isə heç bir icra müddəti müəyyən edilməmiş, xidmətlərin icra müddəti iddiaçı tərəflə yazışmalarda razılaşdırılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xidmətlərin təhvil verilməsi şifahi xarakter daşıyaraq yanvar ayının 12-nə qədər hazır olacağı cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin iddiaçı tərəfindən əlavə olunan məktublara uyğun olaraq İddiaçınə məhsulların tam təhvil verilməsi üçün ümumi məbləğin ödənilməsinin tam formada həyata keçirildikdən sonra mümkün olduğu qeyd olunmuşdur. Belə ki, məhsulların tam təhvil verilməsi üçün ümumi ödənişin hamısının edilməsi zəruri idi. Müqavilə üzrə göstəriləcək xidmətin həyata keçirilməsi üçün iddiaçı tərəfindən avans məbləği ödənilmiş, sifariş edilmiş malların təhvil götürülməsi üçün sifariş edilmiş məhsulların ödənişinin tam şəkildə ödənilməsi lazım idi. Qeyd olunan məsələ üzrə iddiaçıya onlayn kargüzarlıq üzərindən məktublar ünvanlanmışdır. Məhsulların tam təhvil verilməsi üçün vaxt müəyyən edilmiş və ödənişin qalan hissəsinin də həyata keçirilməsi bildirilmişdir. İddiaçı tərəfindən göstərilən təzyiqlərin qeyri-qanuni olduğu, iddia ərizəsində qeyd olunan faktların əsassız olduğu bildirilmişdir. Belə ki, iddiaçı ilə işgüzar münasibətlər mövcuddur və mövcud münasibətlər müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. İddiaçının tələbi müqavilə üzrə cavabdeh olaraq Cavabdeh MMC-nin hüquqlarını həyata keçirilməsinə maneə törədir. Sözügedən xidmət müqaviləsinin 1.1-ci maddəsinə əsasən icraçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində qeyd edilən malların hazırlanması və sifarişçiyə təqdim edilməsini, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilə üzrə icraçı olaraq malların hazırlanması üzrə müvafiq sifariş verilmiş və mallar hazırlanmışdır. Lakin sifarişçi tərəfindən ödəniş tam həyata keçirilməmiş, habelə ödənilmiş avans məbləğinin geri verilməsi tələb edilmişdir. Müqavilə üzrə öhdəliyin pozulması bilavasitə sifarişçi tərəfindən həyata keçirilmişdir. Daha sonra xidmət müqaviləsinin 3.1.1 -ci maddəsinə əsasən sifarişçi xidmət haqqını bu müqavilə və müvafiq əlavə ilə müəyyən olunmuş şərtlərlə vaxtında ödəməlidir və qüsursuz yerinə yetirilmiş xidməti icraçıdan təhvil almalıdır. Bu maddədə də qeyd olunan öhdəlik sifarişçi tərəfindən yerinə yetirilməmişdir. Eyni müqavilənin 3.2.3.-cü maddəsinə əsasən icraçı xidmət haqqının bu müqavilənin şərtlərinə uyğun olaraq vaxtında ödənilməsini sifarişçidən tələb edə bilər. Müqavilənin 6.2-ci maddəsinə əsasən sifarişçinin hazırki müqavilə üzrə icraçı qarşısında məsuliyyətinin həddi sifarişçinin bu müqavilənin icrası ilə bağlı icraçıya vurduğu real zərərin məbləğinin həcmi ilə məhdudlaşır. Bu isə özlüyündə hal-hazırda mövcud olan mübahisə predmetinin birbaşa olaraq həlli kimi başa düşülə bilər. Belə ki, sifarişçiyə müvafiq məhsulların təhvil verilməsi üçün məhsullar sifariş verilmiş və məhsulların dəyəri ödənilmiş avansla ödənilmişdir. iddiaçının tələbi üzrə avans məbləği geri ödənildiyi halda icraçıya 3570 manat real zərər dəyəcəkdir. Eyni zamanda xidmət müqaviləsinin 8.1-ci maddəsinə əsasən bu müqaviləyə bütün əlavə və dəyişikliklər maraqlı tərəfin rəsmi müraciəti və tərəflərin qarşılıqlı razılığı ilə edilə bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi malların təhvil verilməsi üzrə qeyd etdiyi müddətlərin qarşılıqlı razılıq əsasında əldə olunmadığını, sifarişin hazır olma müddətinin ağlabatan müddət ərzində real zaman kəsiyi üzrə hazır olacağı, rəsmi məktublar, onlayn kargüzarlıq vasitəsilə müddət bildirilmişdir. İddiaçı göndərilən həmin məktubu məhkəməyə təqdim etməmiş, bu isə özlüyündə sübutları təqdim etməməklə nəticəyə bilavasitə təsir elmək üçün edilmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsində whatsapp mobil tətbiqi ilə qeydə alınmış yazışmaların və səs yazılarının məhkəməyə təqdim olunacağı bildirilmiş, lakin əlavə olunan sənədlərdə qeyd olunan sübutlara rast gəlinməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində bildirdi ki, 2024-cü ilin oktyabr ayından 2025-ci ilin mart ayına qədər dostu olan iddiaçının qanuni təmsilçisi Rauf müəllimə kömək etmişdir. Mövsümlə əlaqədar karton kağızlara ehtiyac yaranmışdı. O, iddiaçı şirkətdən əlavə digər şirkətdə də işləmişdir. O, Günel xanımla danışdı və kağız, qutular sifariş verdlər. Bildirdi ki, kağızlar ayın 14-nə kimi onlara lazımdır. Sonradan Rauf müəllim ona dedi ki, Günel xanımgilin işi alınmır və onların materialları yoxdur. Günel xanımla əlaqə saxlayanda bildirdi ki, klişen və pul geri qaytarılacaq, odə Sədərəkdən zəng vurdu və qapıçıya bildirdi ki, klişeni və pulu götürsünlər. Klişeni götürdülər, amma pul qaytarılmadı.

8. Məhkəmə iclasında Şahid2 verdiyi ifadəsində bildirdi ki, Şahin müəllimi tanıyır. Şahin müəllim sifarişlər verirdi. Şahin müəllim dedi ki, onlara qutular lazımdır və qutular sifariş verdilər. Sonradan Rauf müəllimlə əlaqə saxladıq. Rauf müəllim dedi ki, onlara tez zamanda qutular lazımdır. Müqavilə Rauf müəllimlə birlikdə hazırlandı. Rauf müəllimə bildirdi ki, 30 iş günü müddətində bu məhsul hazırlanmalı məhsul idi. Ona görə də müqaviləyə müddət yazılmadı. Qutuların verilməsi yubadılanda o, Rauf müəllimə məlumat verdi. Yenə bildirdi ki, bacardığıqları qədər məhsullar tez veriləcək. Sonradan onlara başqa formada kağız məhsulları gəlmişdi. Sonradan kağız nümunəsi və qəlibləri Rauf müəllimə göndərdilər. Rauf müəllim dedi ki, pul geri qaytarılsın. Artıq qutular sifariş verilmişdi. O, Rauf müəllimə dedi ki, cavabdeh şirkətlə əlaqə saxlamıışıq, mühasibatlıqdan bildiriblər ki, pul qaytarıla bilər, lakin dəqiq söz verilmədi. Sifariş verilən mallar verilməyibdir, çünki qutuların pulunu tam ödəməmişlər və anbarda durur.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 24 dekabr 2024-cü il tarixli, 24/12 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində (irəlidə əlavə adlanacaq) qeyd edilən malların hazırlanması və sifarişçiyə təqdim edilməsini (bundan sonra xidmət adlanacaq), sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin xidmət haqqını bu müqavilə və müvafiq əlavə ilə müəyyən olunmuş şərtlərlə vaxtında ödəmək və qüsursuz yerinə yetirilmiş xidməti icraçıdan təhvil almaq hüququ vardır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icraçının xidmət haqqının müqavilənin şərtərinə uyğun olaraq vaxtında ödənilməsini sifarişçidən tələb etmək hüququ vardır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı və hesablaşma qaydası müqavilənin müvafiq əlavəsi ilə müəyyən olunur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən xidmətlərin icra müddəti əlavə razılaşma ilə müəyyən edilir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə və ya lazımınca yerinə yetirlməməsinə görə bu müqavilənin şərtləri və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən və ümumi dəyəri 5100 manat olan xidmət barədə razılığa gəlmişdirlər. Qeyd edilmişdir ki, xidmətin ümumi dəyərinin 70%-i məbləğində avans qabaqcadan ödənilir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. xx.xx.2024-cü il tarixli, 2412/24 nömrəli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, 24/12 nömrəli müqaviləyə əsasən razılaşdırlmış xidmətlərə görə ödənilməli olan vəsait 5100 manat təşkil edir. Həmin məbləğin 70%-i (3570 manat) avans kimi əvvəlcədən ödənilməlidir.

12. “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 202OPXO243602022 nömrəli “A” formatlı ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3570 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi 24/12 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə və 2412/24 nömrəli hesab-faktura üzrə avans ödənişi qeyd edilmişdir.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

14. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 24/12 nömrəli xidmət müqaviləsinə əsasən məhsulların istehsalı üçün 3570 manat avans ödəniş edilmişdir. Həmin ödəniş əsasında məhsullar istehsala verilmişdir. Hal-hazırda sifariş edilən məhsullar istehsalat müddətindədir. Xidmət müqaviləsi üzrə məhsulların təhvil verilməsinin tarixi qeyd edilməmişdir. Bu səbəbdən bildirilmişdir ki, sifariş edilən məhsullarınızın təhvili xx.xx.2025-ci il tarixinədək tam ödənişdən sonra həyata keçiriləcəkdir. Edilmiş avans ödənişi geri qaytarılmalıdırsa, bu zamanda istehsal prosesində istifadə edilən xam malın ödənişi tələb ediləcəkdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 599.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.3-cu maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

17. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən icraçı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində qeyd edilən malları hazırlanmaq və sifarişçiyə təqdim etmək, sifarişçi isə bu müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəmək öhdəliklərini üzərinə götürmüşlər. Müqavilə üzrə məhsulların hazırlanıb iddiaçıya təqdim edilməsi üçün cavabdehə 3570 manat avans ödənişi edilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə ilkin öhdəlik yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən müəyyən olunmuş müddət ərzində məhsulun hazırlanıb iddiaçıya təqdim edilməsi öhdəliyi yerinə yetirilməmişdir. Həmin hal tərəflərin izahatı, işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, hesab-faktura, ödəniş tapşırığı) öz təsdiqini tapır. Müqavilədə və əlavəsində cavabdeh tərəfindən öhdəliyin icra müddəti nəzərdə tutulmasa da, tərəflər arasında olan şifahi danışıqlar, eləcə də yazışmalarda belə müddətlər müəyyən edilmiş, lakin nə həmin müddət ərzində, nə də hal-hazıradək məhsul hazirlanmamışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən dindirilən şahid bildirmişdir ki, sifariş verilən mallar verilməyibdir, çünki qutuların pulunu tam ödəməmişlər və anbarda durur.

18. İddia tələbinin bir hissəsini cavabdehdən 3570 manat məbləğində pul vəsaitini tutulması təşkil edir.

19. Məhkəmə qanunvericilik normalarını, cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə qabaqcadan ödəniş məbləğini almış cavabdehin əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyini, iddiaçının isə əşya üçün qabaqcadan ödədiyi məbləğin, ödənilən avans məbləğin geri qaytarılmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 3570 (üç min beş yüz yetmiş) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qiymət razılaşma protokolunda əvvəlcədən ediləcək ödəniş kimi 70% avans ödənişi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 202OPXO243602022 nömrəli “A” formatlı ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3570 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi 24/12 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə və 2412/24 nömrəli hesab-faktura üzrə avans ödənişi qeyd edilmişdir.

20. Cavabdehin etiraz ərizsindəki “sifarişçi tərəfindən ödəniş tam həyata keçirilməmiş, habelə ödənilmiş avans məbləğin geri verilməsi tələb edilmişdir. Müqavilə üzrə öhdəliyin pozulması bilavasitə sifarişçi tərəfindən həyata keçirilmişdir” kimi mövqeyi ilə məhkəmə razılaşmır. Belə ki, müqavilə üzrə sifarişçinin mal təhvil verilməmiş ödənişin tam həyata keçirilməsi kimi bir öhdəliyi olmamışdır. İddiaçının tam məbləğin 70%-nin, yəni 3570 manatın avans olaraq ödəmək öhdəliyi olmuş, həmin öhdəlik də müqavilə bağlanandan dərhal sonra, növbəti gün xx.xx.2024-cü il tarixdə yerinə yetirilmişdir, həmin hal da yanaşı olaraq iddiaçının məhsulu tez əldə etmək marağının olmasının göstəricisidir.

21. Eləcə də, iddiaçı hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 59 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

22. İddianın hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənişin edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

23. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 55,7 manat (əlli beş manat yetmiş qəpik) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2024-cü il tarixli, 24/12 nömrəli müqavilə üzrə 3570 (üç min beş yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,7 manat (əlli beş manat yetmiş qəpik) olmaqla, ümumilikdə 3625,7 manat (üç min altı yüz iyirmi beş manat yetmiş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Məsuliyyətli Cəmiyyətinin Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar