Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2190/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 63207 (altmış üç min iki yüz yeddi) manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 263 (iki yüz altmış üç) manat, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 282 (iki yüz səksən iki) manat olmaqla, cəmi 64052 (altmış dörd min əlli iki) manat məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında icraçı tərəfindən sifarişçiyə müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksessuarları, kompüter texnikası, həmçinin böyük və kiçik məişət texnikasının müqavilədə göstərilmiş qaydada təhvil verilməsi öhdəliyini nəzərdə tutan xx.xx.2023-cü il tarixli, _İNT 142/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən müvafiq müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və cari təqvim ilinin sonuna kimi qüvvədə qalır. Belə ki, "xxxx" MMC ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən imzalanmış xx.xx.2023-cü il tarixli İSÖ 5222 saylı, xx.xx.2023-cü il tarixli İSÖ 404 saylı, xx.xx.2023-cü il tarixli İSÖ 5663 saylı, xx.xx.2023-cü il tarixli İSÖ 5750 saylı, xx.xx.2023-cü il tarixli İSÖ 5969 saylı və xx.xx.2023cü il tarixli İSÖ 5972 saylı malların təhvil-qəbul aktlarından, həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi haqqında elektron qaimələrin məzmunundan görünür ki, "xxxx" MMC, İddiaçı QSC-dən 63207 (altmış üç min iki yüz yeddi manat) manat dəyərində mal götürmüşdür. Lakin ödənişlər sifarişçi tərəfindən həyata keçirilməmiş və buna görə sifarişçinin icraçı qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, yuxarıda qeyd edilən təhvil qəbul aktlarına əsasən "xxxx" MMC-nin İddiaçı QSC-yə olan borcu 63207 manat müəyyən olunmuşdur. Qeyd edilən borcdan heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, "xxxx" MMC-nin İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, _İNT 142/23 saylı müqavilə üzrə götürmüş olduğu, dəyəri 63207 manat olan elektronika malları üzrə yaranmış borcdan heç bir ödəniş həyata keçirilmədiyindən müfaviq müqavilə üzrə borc 63207 manat təşkil etmişdir. Kreditor olaraq İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-yə pretenziya məktubu göndərilmiş, lakin heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən iddianın gecikdirilməsi üzrə borc məbləği 1 ay əsasında 263,37 manat ((63207*5%)/12)*1=263,37) təşkil edir. Beləliklə, "xxxx" MMC-nin İddiaçı QSC qarşısında öhdəliyi aşağıdakı məbləğdə müəyyən edilir: 1. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən əsas borc məbləği – 63207 manat; 2. Gecikdirilmiş dövr üçün illik beş faiz əsasında hesablanmış borc məbləği – 263 manat; 3. Hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş məbləğ – 300 manat; 4. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq – 282 manat olmaqla, cəmi 64052 manat. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində İddiaçı QSC ilə sifarişçi qismində "xxxx" MMC arasında xx.xx.2023cü il tarixli, _İNT 142/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə bu müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarlar, kompyuter texnikası, həmçinin böyük və kiçik məişət texnikasının bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi malın qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən malın dəyəri və təhvil-təslim şərtləri satınalma anında tərtib edilən və məsul şəxsin imzası ilə təsdiq olunmuş müqaviləyə əlavə olan malların spesifikasiyası ilə müəyyən edilir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən malların spesifikasiyası bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən qabaqcadan sifariş olunmuş malları təhvil aldıqdan sonra 20 (iyirmi) təqvim günü ərzində icraçıya sifariş olunmuş malların 100% dəyərini ödəyir. - xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 052752 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3050 manat ƏDV daxil təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDN seriyalı, 855011 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 420 manat ƏDV daxil təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 670845 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 495 manat ƏDV daxil təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDO seriyalı, 908699 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31498,70 manat ƏDV daxil təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 622989 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 26953,30 manat ƏDV daxil təşkil edir. - xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 626744 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 790 manat ƏDV daxil təşkil edir. - İddiaçı tərəfindən iş materiallarına elektron-qaimələrin əsasında dayanan malların təhvil-qəbul aktları əlavə edilmişdir. - İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 190 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı QSC-yə 63207 manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 006XOH********** nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC tərəfindən Sirius Vəkil Bürosunun AZ71AİİB400600C**********104 nömrəli hesabına 300 (üç yüz) manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 70 nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, _İNT 142/23 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Sözügedən müqaviləyə əsasən icraçı, sifarişçiyə bu müqaviləyə əsasən mobil və simli telefonlar və onlar üçün nəzərdə tutulmuş aksesuarları, kompyuter texnikası həmçinin böyük və kiçik məişət texnikasını bu müqavilədə göstərilmiş qaydada təhvil verilməsini öhdəsinə götürür. Sifarişçi isə malın qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə sadalanan qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, cavabdeh "xxxx" MMC-dən 63207 (altmış üç min iki yüz yeddi) manat əsas borc (təqdim olunmuş elektron qaimələr və təhvil qəbul aktları üzrə ümumi məbləğ 63207 manat təşkil edir), gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 263 (iki yüz altmış üç) manat (1 ay üzrə hesablanmışdır) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, qeyd olunan borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır. İddiaçı vəkilə ödənilmiş 300 manat və 282 manat rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 280,40 manat (iki yüz səksən manat qırx qəpik) (ödənilməli olan dövlət rüsumu olmuşdur) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 63207 (altmış üç min iki yüz yeddi) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 263 (iki yüz altmış üç) manat, 300 (üç yüz) manat hüquqi yardım, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 280,40 manat (iki yüz səksən manat qırx qəpik) olmaqla, cəmi 64050,4 manat (altmış dörd min əlli manat qırx qəpik) məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2190/2024
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2190/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver