Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-223/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “tələbin güzəşti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tələbin güzəşti, arxiv, müqavilənin ləğvi, xəbərdarlıq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “tələbin güzəşti müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli tələbin güzəşti müqaviləsinə əsasən 16612,55 manat pul vəsaitinin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə ləğv prosesində olan "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO "xxxx" Sığorta Şirkəti ASC) arasında bağlanmış tələb hüquqlarının alğı-satqısı və öhdəliklərin verilməsi barədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LPO "xxxx" Sığorta Şirkəti ASC və cavabdeh arasında bağlanmış LDT-CT1014 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv müqaviləsinin vaxtından əvvəl xitamı ilə əlaqədar qaytarılmalı olan məbləğə dair tələb iddiaçıya güzəşt edilmişdir. Bu barədə tələbin güzəşti müqaviləsinin şərtlərinə uyğun olaraq, LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən müvafiq şəhadətnamə verilmişdir. Tələbin güzəşti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 651-654-cü maddələrinin tələbinə uyğun həyata keçirilmişdir. Arxiv müqaviləsinin A Əlavəsinin 8-ci bəndinin tələbinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsi geri qaytarılmalıdır (açılış haqqı, plomblama və paketləməyə dəstək xidmətləri xaric). LPO "xxxx" Sığorta Şirkəti ASC-nin əlaqələndirici şəxsindən aldıqları sənədlərdən məlum olur ki, arxiv müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Tələb sahibi olaraq, müqavilənin xitamı ilə bağlı qaytarılmalı olan məbləğ onlar tərəfindən hesablanmışdır. Hesablama zamanı sənədlərin məhvi üçün 10 gün müddət nəzərə alınmaqla, saxlama xidməti üçün aprel ayı tam nəzərə alınmışdır. Bu məbləğ 16612,55 manat təşkil edir. Arxiv müqaviləsində nəzərdə tutulmuş xitam xəbərdarlığı ilə bağlı tələbə riayət edilmişdir. Belə ki, həmin müqavilənin 9.1-ci bəndinin 2-ci cümləsində nəzərdə tutulmuş “müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbərdarlığı ilə xitam verilə bilər” tələbinə əsasən LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmişdir. Sonra Milli Arxiv İdarəsi tərəfindən sənədlərə baxılması, dövlət arxivinə qəbulu və qalan sənədlərin məhvi üçün rəy verilməsi ilə əlaqədar bu müddət uzanmış və nəhayət xx.xx.2022-ci il tarixdə bütün zəruri sənədlər təqdim edilmişdir. Məhz bundan sonra müqavilənin xitamı üçün hüquqi şərait yaranmış və xx.xx.2022-ci il tarixdə bu barədə cavabdehə məlumat verilmişdir. Pretenziya qaydasında cavabdehə bildirilmiş tələb cavabsız qalmış, mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət edilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442, 448.1-ci maddələri göstərilmişdir.
4. Cavabdeh tərəf iddiaya etirazlar təqdim etmiş və etirazların əsası kimi göstərilmişdir ki, tələb hüququnun ötürülməsi mülki qanunvericiliyə uyğun aparılmamışdır. Belə ki, iddia ərizəsində xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edilsə də, həmin müqavilənin surəti cavabdehə təqdim edilməmiş, bununla da hansı hüquqların ötürülməsi onlara məlum olmamışdır. Onlara təqdim olunan sənədlər "xxxx" Sığorta Şirkəti ASC tərəfindən birtərəfli qaydada tərtib olunmuş məktublar və şəhadətnamə, iddiaçı tərəfindən pretenziya olmuşdur. Mülki Məcəllənin 194.4, 198.1, 198.2-ci maddələrinin tələbinə əsasən tələbin güzəşti müqavilə şəklində olmalı və müqavilə borcluya təqdim olunmalıdır. Lakin bu qaydaya əməl olunmayıb. Sözügedən müqavilə məhkəmə icraatının gedişində məhkəməyə təqdim olunmuş, məhkəməyəqədərki mərhələdə cavabdehə təqdim olunmamışdır. Bundan başqa, tələb hüququnun ötürülməsi "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış müqavilənin şərtlərinə riayət edilmədən aparılmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin “AXA standartlarının şərtləri” adlı əlavəsinin 2-ci bəndinə əsasən konfidensial məlumatın bu müqaviləyə xaric olan digər tərəflərə ötürülməsi, məlumatların nəşri və ya digər üsulla açıqlanması, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız tərəflərin qarşılıqlı razılığı əsasında aparıla bilər. Müqaviləyə Əlavənin 3.1-ci bəndinə əsasən maliyyə cədvəli, hesabat, maliyyə və hüquqi və s. məlumatlar məxfi hesab olunur. Sözügedən müqavilə üzrə tələb hüquqlarının ötürülməsi konfidensial məlumatların üçüncü şəxsə ötürülməsi ilə nəticələnir, aralarında bağlanmış müqaviləyə əsasən bu yalnız tərəflərin qarşılıqlı razılaşması ilə tənzimlənməli idi. Lakin tələbin güzəşti razılaşmanın mahiyyətinə zidd olmuşdur, ona görə də bu əqd etibarsızdır. Bundan başqa, "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehdə saxlanılan əşyaları sıradan predmetlər deyil, sənədlərdir, arxiv məlumatlarıdır. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”a əsasən qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin, habelə ayrı-ayrı fiziki şəxslərin fəaliyyəti nəticəsində yaranan arxiv fondları və arxiv sənəldəri Milli arxiv fondunun qeyri-dövlət hissəsini təşkil edir və həmin təşkilatların və ya şəxslərin mülkiyyətidir. Dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz. Milli Arxiv Fondunun xx.xx.2022-ci il tarixli Aktı əsasında məhvetmə həyata keçirilə bilməz. Həmin sənəddə hansı sənədlərin cavabdehdə saxlanıldığı, hansı qutularda olduğu və ya bütün qutuların və ya onların bir qisminin məhv edilməli olduğu qeyd edilməmişdir. Aktın 11 və 12-ci bəndlərinin qeyd hissəsinə əsasən “sənədli təftişin tam başa çatması şərti ilə. Mübahisələr, fikir ayrılıqları, istintaq və məhkəmə işləri olduqda son qərar çıxarılanadək saxlanılır” və ya “ehtiyac bitib” kimi qeydlər mövcuddur. Bu səbəbdən hansı sənədlərin hansı qutularda olması, hansı qutularda olan sənədlər üzrə mübahisələrin, fikir ayrılıqlarının və məhkəmə işlərinin olması aydın deyildir. Sözügedən aktın cavabdehdə saxlanılan sənədlərə şamil edilməsi və ya digər yerdə yerləşən arxiv fondunu əhatə etməsi aktda öz əksini tapmayıb. Belə olan halda məhvetmə aparıla bilməz. Ya xidmət haqqı hesablanarkən sənədlərin bu günə kimi saxlanılması nəzərə alınmalı, ya da arxiv sənədlərinin geriyə təhvili tələb olunursa hər qutu üçün xidmət haqqı yenidən hesablanmalıdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi - qanuni təmsilçisi X4 iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir. Bundan başqa izahatında bildirmişdir ki, iddiaçı ilə LPO "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış tələb hüquqlarının alğı-satqısı və öhdəliklərin verilməsi barədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən LPO "xxxx" Sığorta Şirkəti ASC və cavabdeh arasında bağlanmış LDT-CT1014 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv müqaviləsinin vaxtından əvvəl xitamı ilə əlaqədar qaytarılmalı olan məbləğə dair tələb iddiaçıya güzəşt edilmiş, bununla bağlı xx.xx.2021-ci il tarixdə müqaviləyə 11 nömrəli əlavə razılaşma imzalanmış və eyni tarixli şəhadətnamə verilmişdir. Tələbin güzəşti barədə LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə məlumat verilmiş, xx.xx.2022-ci il tarixdə isə iddiaçı cavabdehə pretenziya məktubu ünvanlamış, pretenziyaya xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətini, qaytarılmalı olan məbləğ üzrə hesablama cədvəlini, xitam məktublarının surətini əlavə etmiş, lakin pretenziya məktubuna cavab verilməmişdir. xx.xx.2020-ci il tarixli arxiv müqaviləsinin 9.1-ci bəndinə əsasən LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmiş, bundan sonra da müvafiq yazışmalar aparılmış, xx.xx.2022-ci il tarixdən müqaviləyə xitam verilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, müqavilə üzrə ƏDV daxil bütün məbləğlər ödənilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etirazların məzmununa izahatlar vermiş, eyni zamanda bildirmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus arxiv sənədləri bu gün də cavabdehdə saxlanılır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, müqavilənin qiyməti ƏDV daxil ödənilmişdir. Eyni zamanda bildirmişdir ki, arxiv idarəsinin işçiləri cavabdehin anbarında sənədlərə baxış keçirsə də, bütün sənədlərə baxış keçirməmiş, seçmə üsulu ilə baxış keçirmişdir, bu isə qanunvericiliyin tələblərinə uyğun deyil. Ona görə də sənədləri məhv edə bilmirlər. III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və Mülki Məcəllənin 6.1.5-ci maddəsində qeyd olunan müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
11. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki Məcəllənin 14.2 və 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi nəzərdə tutulmuşdur.
13. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Göründüyü kimi, mülki qanunvericilik müqavilə azadlığı prinsipini müəyyən etmiş, mülki dövriyyə iştirakçılarına qanunvericilikdə təsbit olunmamış müqavilə növü seçmək və müvafiq şərtlər əsasında bağlamaq imkanı tanımışdır. Bu minvalda Mülki Məcəllədə birbaşa xidmət müqaviləsi nəzərdə tutulmasa da, mülki hüquq subyektləri arasında bu və ya digər xidmətin göstərilməsinə dair müqavilələrin bağlanmasını qadağan edən norma da mövcud deyildir.
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında müştəriyə məxsus uçotların idarə edilməsi, məlumat daşıyıcılarının arxivləşdirilməsi və digər əlaqəli xidmətlərin göstərilməsinə dair xx.xx.2020-ci il tarixdə LDT-CT1014 nömrəli müştəri müqaviləsi bağlanmış, müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması razılaşdırılmış, müqaviləyə Əlavə A-ya əsasən razılaşdırılmış xidmət haqları "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ƏDV daxil ödənilmişdir.
17. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan onunla (alıcı qismində) "xxxx" Sığorta Şirkəti ASC (satıcı qismində) arasında xx.xx.2020-ci il tarixdə bağlanmış tələb hüquqlarının alğı-satqısı və öhdəliklərin verilməsi barədə müqaviləyə əsasən satıcı özünə məxsus tələb hüquqlarını alıcıya satır, alıcı isə bunun müqabilində satıcıya müqavilədə nəzərdə tutulmuş məbləğdə və qaydada müvafiq haqq ödəyir (1.1), satılan tələblərin siyahısı müqavilənin 1 və 2 nömrəli əlavələrində göstərilir (2.1), satıcı güzəşt edilən hər bir tələb üzrə alıcıya müqavilənin 6 nömrəli əlavəsində müəyyən edilmiş formada şəhadətnamə təqdim edir (3.2).
18. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan "xxxx" Sığorta Şirkəti ASC (satıcı) ilə iddiaçı (alıcı) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış tələb hüquqlarının alğı-satqısı və öhdəliklərin verilməsi barədə xx.xx.2020-ci il tarixli müqaviləyə 11 nömrəli razılaşmaya (əlavəyə) əsasən müqavilənin 2 nömrəli əlavəsinə (satılan tələblərin siyahısına) xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilə üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbinin əlavə olunması razılaşdırılmışdır.
19. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli, DT-2094- 36 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixli LDT-CT1014 nömrəli müqavilə üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbinin iddiaçıya güzəşt olunması barədə "xxxx" Sığorta Şirkəti ASC şəhadətnamə təqdim etmişdir.
20. Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
21. Mülki Məcəllənin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
22. Həmin Məcəllənin 194.4-ci maddəsinə əsasən sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.
23. Beləliklə, məhkəmə müəyyən edir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilə üzrə xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılması tələbi "xxxx" Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış müqaviləyə və müqaviləyə əlavə razılaşmaya əsasən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya güzəşt olunmuşdur.
24. Cavabdeh tələb hüququnun ötürülməsinin onunla "xxxx" Sığorta Şirkəti ASC arasında bağlanmış müqavilənin şərtlərinə riayət edilmədən aparıldığını, iddiaçıya təqdim olunan sənədlərin xx.xx.2020-ci il tarixli müqavilənin “AXA standartlarının şərtləri” adlı əlavəsinin 3.1-ci bəndində qeyd olunan konfidensial məlumatların üçüncü şəxsə ötürülməsi ilə nəticələndiyini, aralarında bağlanmış müqaviləyə əsasən bunun yalnız tərəflərin qarşılıqlı razılaşması ilə tənzimlənməli olduğunu etirazının əsası kimi qeyd edir. Məhkəmə cavabdehin arqumentini əsassız hesab edir.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış müqavilədə tələbin güzəştini istisna və ya qadağan edən şərt olmamış, tələbin güzəşti ilə bağlı iddiaçıya təqdim olunan sənədlərdə olan məlumatlar “AXA standartlarının şərtləri” adlı əlavəsinin 3.1-ci bəndində qeyd olunan konfidensial məlumatlara aid olmayıb, qanunvericiliyin tələbinə əsasən tələbin güzəşti ilə bağlı təqdim olunmalı sənədlər olmuşdur.
26. Mülki Məcəllənin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir.
27. Həmin Məcəllənin 193.3-ci maddəsinə əsasən əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur.
28. Bundan başqa, məhkəmə qeyd edir ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tələbin güzəşti barədə xx.xx.2021-ci il tarixdə məlumat verildikdə cavabdeh bununla bağlı hər hansı etiraz bildirməmiş, yuxarıda qeyd olunan hallara istinad etməmişdir. Beləliklə, tələbin güzəşti ilə razılaşmışdır.
29. Cavabdehin etirazının digər əsası tələbin güzəşti ilə bağlı lazımi sənədlərin təqdim olunmaması ilə bağlıdır. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir.
30. Mülki Məcəllənin 198.1-ci maddəsinə əsasən borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.
31. Göründüyü kimi, qeyd olunan maddədə əks olunmuş norma dispozitiv norma olmaqla borclunun yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilməsi qeyd olunmuşdur.
32. Bundan başqa, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə pretenziya məktubu ünvanlamış və pretenziyaya xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətini təqdim etmişdir. Lakin pretenziya məktubuna cavab verilməmiş, tələbin güzəşti ilə bağlı əlavə sənəd tələb olunmamışdır. Qeyd olunan sənədlərin təqdim olunduğu etirazda da qeyd olunmuş və mübahisələndirilməmişdir.
33. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, LDT-CT1014 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verildiyini, buna görə də aprel ayına saxlama tam nəzərə alınmaqla ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılmasını xahiş edir.
34. Məhkəməyə təqdim olunan tərəflər arasında olan yazışmalardan aydın olur ki, xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilənin xitamı ilə bağlı LPO "xxxx" Sığorta Şirkəti ASC və cavabdeh arasında fikir ayrılığı olmuşdur. Cavabdeh həmin etirazı tələb güzəşt olunmuş iddiaçıya qarşı irəli sürür.
35. Mülki Məcəllənin 199.1-ci maddəsinə əsasən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.
36. "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müştəri müqaviləsinin 9.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. Müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbərdarlığı ilə xitam verilə bilər.
37. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" Sığorta Şirkəti ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “şirkətin ləğvi ilə bağlı bəzi sənədlərin Milli arxiv fonduna verilməsi, digərlərinin saxlamağa ehtiyac olmadığı məlum olmuşdur. Bu səbəbdən müqavilənin 9.1ci bəndinə əsasən ilin sonunda müqaviləyə xitam vermək məcburiyyətindəyik. Xitam vermənin dəqiq tarixinin milli arxiv fondunun sənədləri qəbul etmə imkanından asılı olacaq və bu barədə sizə məlumat veriləcəkdir....Bütün danışıqların aparılması, sənədlərin imzalanması, geri qaytarılan vəsaitin hesablanması, əvəzləşdirilməsi, alınması və şirkətə aid səlahiyyətlərin icrası X5 həvalə olunur”
38. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" Sığorta Şirkəti ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “xx.xx.2020-ci il tarixdə LDT-CT1014 nömrəli müqaviləyə xitam verilməsindən sonra geri qaytarılmalı olan pula dair tələb iddiaçıya güzəşt olunmuşdur. Sənədlərin milli arxiv fondu tərəfindən baxılması, tikilməsi və s. işlərin görülməsi ilə bağlı şirkətinizlə əlaqələndirmə, danışıqların aparılması, sənədlərin imzalanması, qaytarılan vəsaitin hesablanması, digər xidmətlərlə əvəzləşdirilməsi və şirkətə aid səlahiyyətlərin icrası əvvəlki kimi X5 həvalə olunur”.
39. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X6 ilə cavabdehin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa xx.xx.2022-ci il tarixdə Milli arxiv fondu tərəfindən siyahıların tərtib edilməsi və aktlaşdırılması prosesi həyata keçirildiyi üçün müqavilənin xitamının yanvar ayının sonunadək ləngidilməsini cavabdehdən xahiş etmiş, Milli arxiv fondunun fəaliyyəti və sənədlərin daşınması ilə bağlı danışıqlar olmuş, bundan sonra Fuad Musa xx.xx.2022-ci il tarixdə müraciət edərək həmin tarixdən müqaviləyə xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Cavabdeh müqaviləyə xitam verilməsi barədə 3 aylıq xəbərdarlığın qüvvəsini itirdiyini və yenidən göndərilməli olmasını qeyd etmişdir. Bundan sonra tərəflər arasında müqavilənin xitamı ilə bağlı yazışmalar davam etmişdir.
40. Məhkəmə qeyd edir ki, əqdlərin ləğvetmə və xitam anlayışları hazırkı halda eynilik təşkil edir. Belə ki, ləğvetmə xitam hallarının xüsusi bir təzahür formasıdır, həm xitam anlayışı, həm də ləğvetmə anlayışı əqdlərlə bağlı olduqları halda hüquq münasibətlərinin və onlarının nəticələrinin aradan qalxmasını bildirir.
41. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
42. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
43. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
44. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür.
45. Hazırkı iş üzrə "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müştəri müqaviləsinə əsasən müqaviləyə hər hansı tərəfin 3 ay əvvəlcədən yazılı xəbərdarlığı ilə xitam verilə bilməsi razılaşdırılmışdır ki, bu razılaşma Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğundur.
46. "xxxx" Sığorta Şirkəti ASC-nin ləğvetmə komissiyasının sədri tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı xəbərdarlıq edildiyini, müqavilənin ləğvinin sənədlərin məhv edilməsi və ya saxlanılması ilə bağlı Milli arxiv fondunun müvafiq razılığından asılı olduğunu, Milli arxiv fondunun müvafiq hərəkətlərinin gedişatı barədə cavabdehin məlumatlandırıldığını, müqavilədə nəzərdə tutulmuş 3 aylıq müddətin xəbərdarlıq edilməsinin minimum müddəti kimi nəzərdə tutulduğunu və müqaviləyə xx.xx.2022-ci il tarixdən xitam verilmiş hesab olunması ilə bağlı LPO "xxxx" Sığorta Şirkəti ASC tərəfindən səlahiyyət verilmiş Fuad Musa tərəfindən cavabdehə elektron məktub göndərildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilə xx.xx.2022-ci il tarixdən ləğv edilmiş sayılır.
47. Cavabdeh etirazının əsası kimi Milli arxiv fondunun xx.xx.2021-ci il tarixli Aktının qeyri-müəyyən olduğunu, buna görə də həmin akt əsasında sənədlərin məhv edilməsinin həyata keçirilə bilmədiyini qeyd edir və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”a istinad edir. Məhkəmə etirazın bu dəlili ilə razılaşmır və əsassız hesab edir.
48. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, LPO "xxxx" Sığorta Şirkəti ASC-nin səlahiyyətli nümayəndəsi olmuşdur. "xxxx" Sığorta Şirkəti ASC ləğv prosesində olan zaman cavabdeh ilə razılaşmışlar ki, sənədləri 5 il müddətində saxlasınlar, sonra məhv etsinlər. Milli arxiv fondu ilə danışıqlara başlamış, onlar isə bildirmişlər ki, qalan sənədləri 5 il saxlamağa ehtiyac yoxdur. O, bu barədə cavabdehə məlumat vermiş, Milli Arxiv İdarəsinin işçiləri cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirmiş, nömrələmiş, sənədləri seçmişlər. Bu zaman sənədlərin hamısına baxış keçirilməmişdir. Belə ki, cavabdehə saxlanmağa verilmiş sənədlərin siyahısı Milli Arxiv İdarəsinin işçilərinə təqdim olunmuş, onlar qaydalara uyğun olaraq təsadüfi seçmə üsulu ilə qutuları seçmiş, sənədlərin siyahıya uyğunluğu yoxlamış, ona uyğun da rəy vermişlər ki, 148 iş Milli Arxiv İdarəsinə verilməlidir, qalan sənədlər isə məhv oluna bilər. Aprel ayında bütün sənədlər tamamlanmış, komissiya rəy vermişdir. Buna uyğun olaraq 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına aktla təhvil verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialı tərəfindən akt tərtib edilmiş, məhv olunacaq sənədlərin təsdiq olunmuş siyahısı xx.xx.2022-ci il tarixdə ona təqdim edilmiş, o isə həmin siyahını cavabdehin anbardakı əməkdaşlarına təqdim etmiş və cavabdehin direktoru Ağateyyub Cəfərova məktub ünvanlamışdır ki, qalan sənədlər məhv olunmalıdır. 20 apreldən sonra yenidən məktub yazmışdır ki, sənədləri məhv edib aktı ona təqdim etsinlər. Aprel ayının 21-də cavab göndərildi ki, sorğunuzu hüquq departamentinə ünvanlayacaqlar, daha sonra cavab verilmədi. Bundan sonra da dəfələrlə məktub yazsa da, ona cavab verilməmiş, sentyabr ayında cavab vermişlər ki, sənədləri məhv edə bilməzlər. Halbuki, onlar sifarişçidir, cavabdeh isə icraçıdır, sənədlərin məsuliyyətini sifarişçi daşıyır.
49. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının Ekspert-Yoxlama Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Saxlanılmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə” xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, ləğv edilmiş "xxxx" Sığorta Şirkəti ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2865 işin məhv edilə bilər.
50. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ləğv edildiyi üçün 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir.
51. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan X6 ilə cavabdehin direktoru X1, eləcə də Xəyal Məmmədov arasında elektron poçt (“mail”) vasitəsi ilə aparılan yazışmalardan aydın olur ki, Fuad Musa xx.xx.2022-ci il tarixdə müraciət edərək həmin tarixdən müqaviləyə xitam olunmuş sayılmasını, anbarda qalan sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsini qeyd etmişdir. Bundan sonra da müxtəlif vaxtlarda sənədlərin məhv edilməsi və bu barədə onlara akt verilməsi tələb olunmuşdur.
52. Məhkəmə müəyyən edir ki, "xxxx" Sığorta Şirkəti ASC-nin saxlanma müddətləri başa çatmış, elmi-tarixi dəyəri olmayan və əməli əhəmiyyətini itirmiş 2865 işin məhv edilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialı tərəfindən rəy verilmiş, 148 iş Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialına təhvil verilmişdir.
53. Məhkəmə iclasında dindirilmiş şahid X6 qeyd olunan rəyin cavabdehin anbarında saxlanılan "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus sənədlərə təqdim olunmuş siyahıya uyğunluq yoxlanılmaqla seçmə üsulu ilə baxış keçirildikdən sonra verildiyini ifadəsində bildirmiş, cavabdeh tərəf bu ifadəni mübahisələndirməmiş, cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildiyini təsdiqləmişdir.
54. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 32 nömrəli Qərarı təsdiq edilmiş “Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydalar”ının 8-ci bəndinə əsasən dövlət arxiv xidməti təşkilatlarının razılığı olmadan qeyri-dövlət idarə, təşkilat və müəssisələrinin mülkiyyətçiləri tərəfindən həmin sənədlər məhv edilə bilməz.
55. Göründüyü kimi, Nazirlər Kabinetinin Qərarında qoyulan tələbə əməl olunaraq Azərbaycan Respublikası Dövlət Arxivi Bakı filialının əməkdaşları tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus cavabdehin anbarında saxlanılan sənədlərə baxış keçirildikdən sonra sənədlərin məhvi ilə bağlı müvafiq rəy verilmiş, beləliklə, dövlət arxiv xidməti təşkilatlarının razılığı alınmışdır. Belə olan halda, cavabdeh sənədlərin məhv edilməsi ilə bağlı müqavilənin şərtlərini yerinə yetirməli idi. Eyni zamanda məhkəmə bildirir ki, məhv olunmalı sənədlər "xxxx" Sığorta Şirkəti ASC-yə məxsus olmuş, qeyd olunan Qərarda istinad olunan məsuliyyəti də sənədlərin məxsus olduğu hüquqi şəxs daşımışdır. Aktın 11 və 12-ci bəndlərinin qeyd hissəsində olan “sənədli təftişin tam başa çatması şərti ilə. Mübahisələr, fikir ayrılıqları, istintaq və məhkəmə işləri olduqda son qərar çıxarılanadək saxlanılır” və ya “ehtiyac bitib” qeydlərlə bağlı məhkəmə qeyd edir ki, həmin ifadələr aktın ümumi kontekstindən ayrı qiymətləndirilməməlidir. Belə ki, aktın qeyd hissəsindən aydın olur ki, həmin qeydlər məhv edilməsi üçün rəy verilmiş işlərin təyinatına uyğun olaraq saxlanılmasına dair ümumi tələbi ifadə etmiş, yekunda isə məhv edilməsi ilə bağlı rəy verilmişdir.
56. Məhkəmə qeyd edir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 9.4 və 9.5-ci bəndlərindən aydın olur ki, müqaviləyə xitam verilən zaman icraçının (cavabdeh) xatırlatmasına baxmayaraq müştəri ("xxxx" Sığorta Şirkəti ASC) uçotları və ya məlumat daşıyıcılarını toplamaq və onları məhv etmək öhdəliyini icra etmirsə, icraçının uçotları və ya məlumat daşıyıcılarını məhv etmək hüququnun olması barədə tərəflər razılaşmışlar. Uçotlar və ya məlumat daşıyıcılarının məhvi ilə bağlı icraçıya belə bir hüquq verildiyi halda, müştərinin dəfələrlə tələb etməsinə baxmayaraq, icraçının sənədlərin məhv edilməsi ilə bağlı öhdəliyini icra etməməsi əsassızdır.
57. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
58. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
59. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
60. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
61. xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqaviləyə Əlavə A-ya əsasən xidmətlər xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2025-ci il tarixləri olmaqla 2 dövrü əhatə edəcək (1), 1-ci mərhələ üzrə açılış, paketləməyə dəstək, plomblama, saxlama, 2ci mərhələ üzrə plomblama, saxlama və məhvetmə xidmətləri göstəriləcək (2), müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsi geri qaytarılmalıdır (8) (açılış haqqı, plomblama və paketləməyə dəstək xidmətləri istisna olmaqla).
62. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, LDT-CT1014 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdə xitam verildiyini, buna görə də aprel ayına saxlama tam nəzərə alınmaqla ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılmasını xahiş edir.
63. Göründüyü kimi, iddiaçının tələbi xx.xx.2022-ci il tarixdən sonrakı dövrə aid olub müqaviləyə Əlavə A-ya əsasən xx.xx.2021-xx.xx.2025-ci il tarixləri arasında göstəriləcək xidmətlərə görə razılaşdırılmış məbləğin xitam tarixinə qaytarılmalı olan hissəsinə aiddir. Həmin dövrə aid xidmətlər plomblama, saxlama və məhvetmə xidmətləri olmuş, plomblama xidməti isə müqaviləyə vaxtından əvvəl xitam verildikdə, xitam gününə ödənilmiş xidmətin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsinin geri qaytarılmalı xidmətlərinə aid edilməmişdir. Belə olan halda, iddiaçının xx.xx.2021xx.xx.2025-ci il tarixləri arasında göstəriləcək məhz saxlama və məhvetmə xidmətlərinə görə ödədiyi məbləğin müqavilənin xitam tarixinə qurtarmamış müddətə mütənasib hissəsini geri qaytarılması hüququ yaranmışdır.
64. xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqaviləyə Əlavə A-nın 3-cü bəndinin İİ hissəsinə əsasən xx.xx.2021-xx.xx.2025-ci il tarixləri arasında saxlama və məhvetmə xidmətlərinə görə haqq 22750 manatdır. Əlavə A-nın 4-cü bəndinə əsasən qiymətlərə ƏDV daxil deyil. Razılaşdırılmış xidmət haqqının (ƏDV daxil) ödənildiyi işin mübahisəsiz halıdır.
65. xx.xx.2020-ci il tarixli, LDT-CT1014 nömrəli müqavilənin xx.xx.2022-ci il tarixdən ləğv edilmiş sayıldığını, iddiaçının tələb etdiyi məbləği 01 may 2022-ci il tarixdən hesabladığını, xx.xx.2021-xx.xx.2025-ci il tarixləri arasında saxlama və məhvetmə xidmətlərinə görə ödənilmiş haqqın ƏDV daxil 26845 manat (22750 +((22750x18)/100) olduğu nəzərə alındıqda müəyyən olunur ki, 01 may 2022-ci il tarixdən hesablanmaqla qaytarılmalı olan məbləğ 19686,34 manat ((26845 manat / 60 ay) x 44 ay) təşkil edir.
66. İddiaçı müqavilədən əlavə cavabdehin 3073,79 manat dəyərində xidmətlər göstərdiyini qeyd edir və həmin məbləğ çıxıldıqdan sonra qalan 16612,55 manat pulu tələb edir. Cavabdeh əlavə xidmətlərin dəyərini mübahisələndirməmişdir.
67. Xidmət müqaviləsi üzrə cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etmədiyini, 01 may 2022-ci il tarixdən hesablanmaqla ödənilməli olan borc məbləğinin 19686,34 manat olduğunu, iddiaçının 16612,55 manat pulun tutulmasını tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xidmət müqaviləsi üzrə 16612,55 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehndən 16 612 (on altı min altı yüz on iki) manat 55 (əlli beş) qəpik məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova