Məhkəmə qərarları › İş №e-2-2(113)-2233/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2233/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2233/2024 11.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə azadlığı, qarışıq müqavilə, xidmət müqaviləsi, əvəzsiz istifadə, sübutetmə, sahibkarlıq fəaliyyəti subyektləri arasındakı münasibətlərin rəsmiləşdirilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi üzrə cavabdehə verilmiş 9 ədəd akvariumun geri qaytarılması, 45600 manat xidmət haqqının və ödənilmiş 226,8 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 9 ədəd akvariumun hazırlanması, cavabdehin göstərdiyi yerə çatdırılması və quraşdırılması, cavabdehin istifadəsinə verilməsi, akvariumun fəaliyyəti üçün zəruri avadanlıqların ilkin təminatını icra etmiş və 7 ay ərzində xidmət göstərmişdir. Cavabdeh müqavilənin 6.1-ci bəndinə əsasən hər ay iddiaçıya 1200 manat məbləğində xidmət haqqı ödəməli idi. Lakin cavabdeh 7 ayın xidmət haqqını ödəməmiş və akvariumları da geri qaytarmamışdır. Müqavilənin 7.2-ci bəndinə əsasən onun müddəti 4 ildir. Ona vaxtından əvvəl xitam verildikdə belə qalan ayların xidmət haqqı iddiaçıya ödənilməlidir. Bununla belə, iddiaçı akvariumların geri qaytarılması ilə yanaşı, yalnız iddianın verilməsinədək (38 ay üzrə) hesablanmış xidmət haqqının, yəni 45600 manatın (həmçinin əldən çıxmış fayda qismində) ödənilməsini tələb edir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi hər hansı hüquq normasına istinad edilməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçının qanuni təmsilçisi ilə cavabdeh arasında qarşılıqlı etimad münasibəti olmuş, bu səbəbdən 06 sentyabr 2020-ci il tarixli xidmət müqaviləsi üzrə akvariumların təhvil verilməsi, xidmətin göstərilməsinin təsdiq edilməsi ilə bağlı hər hansı sənəd tərtib edilməmişdir. Cavabdehə verilən akvariumlar iddiaçının mülkiyyətindədir. Həmin akvariumlara 7 ay xidmət göstərilmişdir. Lakin müqaviləyə xitam verilmədiyindən müqavilə müddəti üçün də xidmət haqqı tələb edilir.

6. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə, telefonoqramlar ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilənin 1-ci və 2-ci hissələrindən görünür ki, “Sifarişçi” müqavilənin şərtlərində qeyd olunan xidmətlərin “İcraçı” tərəfindən göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür (1.1). “İcraçı” tərəfindən “Sifarişçi”nin sifarişinə uyğun şəkildə 9 ədəd akvariumun hazırlanması, “Sifarişçi”nin göstərdiyi yerə çatdırılması və quraşdırılması, “Sifarişçi”nin istifadəsinə verilməsi, akvariumun fəaliyyəti üçün zəruri avadanlıqların ilkin təmin olunması (2.1). “İcraçı” tərəfindən “Sifarişçi”nin seçdiyi paketə uyğun, faunanın ilkin olaraq akvariumda yerləşdirilməsi (2.2). Ayda iki dəfə olmaqla, əvvəlcədən tərəflər arasında razılaşdırılmış qrafikə uyğun “İcraçı” tərəfindən akvariumun zəruri servis (qulluq) xidmətinin göstərilməsi (2.3). Akvariumun, akvariumda quraşdırılmış avadanlıqların zəruri texniki şərtlərə uyğun olmadan istismarı, kənar müdaxilə və s. səbəblər nəticəsində xarab olması, sınması, sıradan çıxması, akvariumda yerləşdirilmiş faunanın göstərilən akvarium servis xidmətləri aralığında normal həyat şəraitinin təmin edilməməsi nəticəsində məhv olmasına görə “İcraçı” məsuliyyət daşımır (2.4). Müqavilənin 2.4-cü bəndində göstərilən hallar baş verdiyi təqdirdə nəticələrinin aradan qaldırılması “Sifarişçi”nin hesabına həyata keçirilir (2.5). Razılaşdırılmış qrafikdən kənar “İcraçı” tərəfindən servis xidmətinin göstərilməsi bu müqavilə ilə müəyyənləşdirilmir (2.6). Quraşdırılmış akvarium və zəruri avadanlıq üzərində mülkiyyət hüququ “İcraçı”ya məxsusdur. Göstərilən mülkiyyətə yetirilmiş zərərə görə məsuliyyət “Sifarişçi”nin üzərində müəyyənləşdirilir, dəymiş zərər mövcud qanunvericiliyə uyğun tələb oluna bilər (2.7). Müqavilənin qüvvədə olma müddətində “İcraçı”nın “Sifarişçi”nin istifadəsinə verdiyi mülkiyyəti üzərində sərəncam hüququ məhdudlaşır (2.8).

11. Həmin müqavilənin 3-cü, 5-ci və 7-ci hissəsinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (3.1). “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır (3.2). Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan ödəniş qəbzi və ya elektron qaimədə qeyd edilir (5.1). Hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir (5.2). Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq (5.3). Xidmət haqqı hər ayın sonuncu servis günündə ödəniləcək (5.4). Müqavilə üzrə xidmət haqqı hər aya 1200 manat dəyərində razılaşdırılır (6.1). Bu müqavilədə nəzərdə tutulan xidmətin müddəti ən az 4 il müddətinə müəyyənləşdirilir, müqaviləyə “Sifarişçi” tərəfindən göstərilən müddətdən tez xitam verildikdə qalan ayların xidmət haqları “İcraçı”ya ödənilir (7.2).

12. Məhkəmə iclasında şahid qismində dindirilən X4 məhkəməyə izahat verərək göstərdi ki, iddiaçının qanuni təmsilçisi X2 ilə dostdur, ona kömək göstərmək üçün Cavabdeh obyektinə gedib akvariumlara xidmət göstərmiş, akvariumları təmizləmiş, daşınmasında iştirak etmiş, Cavabdeh obyektinə 7 ədəd akvariumu Nərimanov rayonundan aparmış, 30 metrlik akvariumu isə quraşdırmışdır. Akvariumlara ayda 2 dəfə xidmət göstərilirdi. Cavabdeh tərəfindən ara-sıra 300-500 manat pul ödənmişdir. Həmin pulu isə X4 iddiaçının qanuni təmsilçisinə vermişdir. Təxminən 7 ay xidmət göstərilmişdir, ödənişlər isə ayda bir dəfə olmuşdur. Daha sonra iddiaçının qanuni təmsilçisi pul ödənilmədiyini bildirmiş, xidmətin göstərilməsi dayandırılmışdır.

13. Məhkəmə iclasında şahid qismində dindirilən X3 məhkəməyə izahat verərək göstərdi ki, iddiaçının qanuni təmsilçisi X2 ilə sinif yoldaşı olmuş, hazırda sonuncunun dostudur. Təxminən 2020-2021-ci il pandemiya dövründən Cavabdeh tanıyır və onun Keşlə qəsəbəsində olan obyektinə akvariumların daşınmasında iştirak etmişdir. Təxminən 5-6 ay akvariumlara xidmət göstərilməsinə də kömək etmişdir. Xidmət göstərilən akvariumların dəqiq sayını xatırlamır. Həmçinin Cavabdeh tərəfindən edilən ödənişlərdən məlumatı yoxdur.

14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış, cavabdeh müqavilənin şərtlərində qeyd olunan xidmətlərin iddiaçı tərəfindən göstərilməsini sifariş verib sonuncuya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür.

15. İddiaçı xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqaviləsi üzrə 9 ədəd akvariumun geri qaytarılmasını, 38 ay üçün 45600 manat məbləğində pulun tutulmasını tələb edir.

16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

21. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə xidmət və əvəzsiz istifadə elementlərini özündə birləşdirən müqavilədir. Belə ki, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

22. Mülki Məcəllənin 732-ci maddəsinə əsasən, əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.

23. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

24. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

25. Hazırkı iş üzrə müqavilədə tərəflər xidmət münasibətləri ilə bağlı hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

26. Məhkəmə göstərir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

27. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.

28. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

30. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).

31. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatından, xidmət müqaviləsindən və şahid ifadələrindən ibarətdir.

32. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

33. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

34. xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilədə öhdəliklərin icrasının rəsmiləşdirilməsi qaydası əks olunmuş, həmin müqavilədə iddiaçının yerinə yetirdiyi işlərin, işlərin icra olunma aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınması, ayda iki dəfə olmaqla, əvvəlcədən tərəflər arasında razılaşdırılmış qrafikə uyğun iddiaçı tərəfindən akvariumun zəruri servis (qulluq) xidmətinin göstərilməsi nəzərdə tutulmuş, xidmətlərin göstərilməsinə dair xidmət haqqının müqavilənin tərkib hissəsi olan ödəniş qəbzi və ya elektron qaimədə qeyd edilməsi şərtləşdirilmişdir.

35. Lakin iddiaçı tərəfindən akvariumların verilməsini təsdiq edən akt, xidmət müqaviləsində razılaşdırıldığı kimi xidmətlərin göstərilməsi aktı, elektron qaimə, xidmət qrafiki məhkəməyə təqdim edilməmişdir.

36. Digər tərəfdən, məhkəmə iclasında şahid kimi dindirilən X4 və X3 iddiaçının işçiləri və ya xidmətlərindən istifadə etdiyi şəxslər deyil, iddiaçının qanuni təmsilçisi X1 dostları olmuş, məhkəməyə ifadələrində Cavabdeh obyektlərində akvariumlara xidmət göstərilməsini bildirsələr də, həmin akvariumların məhz xx.xx.2020-ci il tarixli 6 nömrəli xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə verilən akvariumlar olduğu, ümumiyyətlə, qeyd edilən müqavilə üzrə kimə, hansı sayda akvariumun təhvil verildiyi, xidmətlərin göstərilməsinin dövrü və s. barədə mötəbər məlumatlar verməmişdirlər. Əksinə, şahidlərdən X4 iddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatın əksinə ifadə verərək, hər ay üçün 300-500 manat ödənişlərin edildiyini göstərmişdir.

37. İşdə iştirak edən şəxslər nəzərə almalıdır ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).

38. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, ödənişlərin qeyri-rəsmi edilməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.

39. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin iddiaçı kreditor kimi öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

40. Məhkəmə həmçinin vurğulayır ki, iş üzrə iddianın təmin olunması üçün sübutların kifayətliliyi və mümkünlüyü də nəzərə alınmalıdır. Bu mənada müqavilə tərəflərinin hər ikisi kommersiya subyektidir və hər iki şəxs mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, əşyanın verilməsi, xidmətlərin göstərilməsi və ödənişlərin edilməsinin qeyrirəsmi, sənədləşmə olmadan aparılması da ağlabatan deyildir.

41. Həmçinin iddiaçı bir tərəfdən qarşılıqlı etimad münasibətinə istinad etmiş, digər tərəfdən isə xidmət müqaviləsi üzrə heç bir ödəniş edilmədiyini bildirmişdir. Belə olan halda, sahibkarlıq fəaliyyəti subyektləri arasında öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmələrindən doğan qarşılıqlı etimadın hazırkı halda formalaşmasına istinad da əsassız olmuşdur.

42. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən qeyd olunan məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə əmlakın qaytarılması və pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar