Məhkəmə qərarları › İş №e-2-2(113)-2243/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2243/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2243/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixə istifadə olunmuş təbii qaza görə Birliyə yaranmış 9864 manat məbləğində əsas borcun və ilkin mediasiya sessiyası üçün ödənilmiş 105 manat, ümumilikdə 9864 manat məbləğində rüsumunun Cavabdeh MMC-dən tutularaq “Azəriqaz“ İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC (istixana) arasında bağlanmış “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Cavabdeh MMC-yə (istixana) məxsus kommersiya obyekti İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində xx.xx.2023-cü il tarixə Birliyə 9864 manat borc yaranmışdır. (abunə kodu: **********00015) Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3 maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə xx.xx.2022 ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Yaranmış borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 442 və 443.1-ci maddələri göstərilmişdir.

İİ. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İşdə olan İddiaçı İB ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AMX-3953/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsinə əsasən:

10. 1. Müqavilənin predmeti

11. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğu olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

12. 2. Tərəflərin vəzifələri və hüquqları

13. 2.1.Paylayıcının vəzifələri

14. Həmin Müqavilənin 2.1.1-ci bəndinə əsasən istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək;

15. Həmin Müqavilənin 2.1.2-ci bəndinə əsasən istehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu Müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz edir;

16. Həmin Müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək;

17. Həmin Müqavilənin 2.1.9-cu bəndinə əsasən istehlakçının tələbi ona istifadə edilmiş qazın həcmi və dəyəri barədə yazılı məlumat vermək;

18. 3. Qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri

19. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir.

20. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan isehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın paylayıcı tərəfindən təqdim edilməsi tələb olunmur.

21. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bi ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

22. İddiaçı İB tərəfindən 26/40651 saylı, xx.xx.2021-ci il tarixli sərfiyyat aktına əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 524848 saylı EBBP seriyalı elektron qaiməyə əsasən Cavabdeh MMC-yə 1349,7 manat məbləğində, 24/40651 saylı, xx.xx.2022-ci il tarixli sərfiyyat aktı əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 240050 saylı EBBR seriyalı elektron qaiməyə əsasən 3799.84 manat məbləğində və 26/40651 saylı xx.xx.2022-ci il tarixli sərfiyyat aktına əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 880329 saylı EBBS seriyalı elektron qaiməyə əsasən 2918,52 manat məbləğində qaz sərfiyyatı borcu hesablanmışdır.

23. xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən Xaçmaz RQİİ Şabran Xidmət sahəsi ilə istehlakçı Cavabdeh MMC arasında qazın alqısatqısı üzrə yaranmış debitor borcunun məbləği və aparılmış ödənişlərin xx.xx.2022-ci il tarixə qarşılıqlı üzləşdirilməsi aparılmış və qeyd olunan tarixə qalıq məbləğ 10815,92 olmas müəyyən edilmiş və aktı hər iki tərəf təsdiq edilmişdir.

24. İşdə olan qeyri-əhali istehlakçılarının təbii qaz verilişinin dayandırılması barədə xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh MMC-yə qaz verilişinin dayndırılması səbəbi kimi 10014,76 manat məbləğində debitor borcunun olması qeyd olunmuşdur.

25. İş materiallarında olan Cavabdeh MMC-nin abonent saldosuna əsasən yekun borc 9964,76 manat müəyyən edilmişdir.

26. İddiaçı İB-nin Xaçmaz Regional qaz istismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 01AA/05-HŞ-1063/83 saylı prentenziya məktubunda istehlak edilmiş qaza görə ödəniş edilmədiyindən müqavilə üzrə müəyyən olunan öhdəliyin pozulduğu qeyd olunmuşdur. Müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edidikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə hesab ödənilməli olduğu vurğulanmışdır. Lakin, istehlak olunmuş qazın dəyəri tam ödənilmədiyindən obyektin xx.xx.2022-ci il tarixə birliyə 10015 manat debitor borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunan “Qazdan istifadə qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə qaz təchizatı paylayıcı tərəfindən dayandırıla bilər. Buna görə də Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 10015 manat borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.

27. İddiaçı İB-nin Xaçmaz Regional qaz istismar İdarəsinin prentenziya məktubunda istehlak edilmiş qaza görə ödəniş edilmədiyindən müqavilə üzrə müəyyən olunan öhdəliyin pozulduğu qeyd olunmuşdur. Müqavilənin 3.4-cü bəndinə əsasən, qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edidikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə hesab ödənilməli olduğu vurğulanmışdır. Lakin, istehlak olunmuş qazın dəyəri tam ödənilmədiyindən MMCnin xx.xx.2023-cü il tarixə birliyə 9964 manat debitor borcu yaranmışdır. “Qaz təchizatı haqqında” Qanunun 13.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq olunan “Qazdan istifadə qaydaları”nın 6.1.4cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə qaz təchizatı paylayıcı tərəfindən dayandırıla bilər. Buna görə də Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış borcun 10 gün müddətində ödənilməsi tələb olunmuşdur.

28. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

29. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

32. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 9864 manat borcu yaranmışdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Məhkəmə xərclərinə gəldikdə isə iş materiallarından görünür ki, hazırkı iş üzrə 105 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

35. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

36. Digər tərəfdən MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

37. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

38. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 105 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı İB-yə ödənilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixə təbii qazdan istifadyə görə yaranmış 9864 (doqquz min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaiti və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 105 (yüz beş) manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar