Məhkəmə qərarları › İş №e-2-2(113)-227/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-227/2025

24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-227/2025 24.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “xxx“ Mənzil-Tikinti Korporativinə qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin və gedişgəliş yolunun boşaldılaraq qaytarılması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti işə cəlb olunmaqla) qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Mənzil-Tikinti Korporativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəmcamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsinin Cavabdeh MTK tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq İddiaçı qaytarılması barədə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən əhaliyə texniki və məişət xidməti emalatxanasının tikintisinə icazə verilmişdir. Həmin sərəncam əsasında inşa edilmiş tikili, “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi üzrə Qəbul Komissiyası”nın aktına əsasən istismara qəbul edilmişdir. Qeyd olunan obyektin qonşuluğunda yerləşən ərazidə tikinti işləri aparan Cavabdeh MTK tərəfindən İddiaçı məxsus yuxarıda göstərilən obyektin ərazisi zəbt olunaraq həmin ərazidə olan ağaclar kəsilmiş, mövcud olan yol bağlanmışdır. İddiaçı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə xx.xx.2024-ci ildə iddia sənədlərinin hazırlanması üçün vəkil sorğusu göndərilərək, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən İddiaçı Yeni Günəşli “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən inşa edilmiş tikilinin qonşu ərazisində tikinti işlərinin aparılması üçün Cavabdeh MTK-ya torpaq sahəsinin ayrılmasına dair sərəncamın, tikinti layihə sənədlərinin, situasiya planının, sxem və çertyojların surətinin təsdiq olunmuş surətinin göndərilməsi xahiş edilmişdir. Lakin vəkil sorğusuna xx.xx.2024-cü il tarixli, 3-35- 2/2-489/2024 saylı məktub ilə “tövsiyə xarakterıi izahlar” verilərək, qeyd olunan sənədlərin verilməsindən imtina edilmişdir. Təkrarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə xx.xx.2024-cü il tarixli, 3-35-489/2024 saylı vəkil sorğu göndərilmişdir . Vəkil sorğusuna xx.xx.2024-cü il tarixli, 3-35-2/2-684/2024 №-li məktubla cavab verilərək bildirilmişdir ki, “Qeyd olunan məsələ ilə əlaqədar məhkəmələrdən müraciət daxil olduqdan sonra qaldırılan məsələyə baxıla bilər”. Cavabdeh MTK-nın məsul işçiləri ilə aparılmış söhbətlər zamanı həmin şəxslər zəbt olunmuş ərazini boşaldaraq yolun tezliklə açılmasını vəd etsələr də, vədlərinə əməl etməmiş, yolun açılmasını təmin etməmiş, bununla da iddiaçının mülkiyyətində olan daşınmaz əmlaka dair mülkiyyət və istifadə hüquqlarını kobud şəkildə pozmaqda davam edirlər. Cavabdehin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində ağır xəstə olan İddiaçı səhhəti daha da ağırlaşmış, ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, İddiaçı mülkiyyətində olan, sözügedən daşınmaz əmlakı təmənnasız olaraq azyaşlı psixoloji xəstələrlə məşğul olan X1 istifadəsinə vermişdir. Cavabdehin məsul işçilərinə edilmiş xəbərdarlıqların heç bir müsbət nəticəsi olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 172.1, 172.2, 172.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq qeyd etdi ki, çıxış üçün digər yol olsa da, lakin həmin qapı əlverişli deyil və iddiada qeyd olunan tərəf iddiaçı üçün daha əlverişlidir.

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, iddia tələbini əsassız olduğundan qəbul etmir, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, iddiaçının qeyd etdiyi yola hər hansı zərurətin olduğu məlum deyil, alternativ yol var və ondan istifadə olunur. Tələbin əsasını situasiya planı təşkil edir. Orada qeyd olunur ki, iddia olunan yol situasiya planında yoxdur, iddiaçının başqa yola çıxışı var, hazırkı yola iddiaçının hüququ yoxdur.

7. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli, “Qeyri-yaşayış sahələrinin tikintisinə və sənədləşdirilməsinə icazə verilməsi barədə” Sərəncamından çıxarışın məzmunundan müəyyən olunur ki, icra başçısı tərəfindən vətəndaş Əli Abduləli oölu X2, “AB” massivi, 37 nömrəli Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən əhaliyə texniki və məişət xidməti emalatxanasının tikintisinə icazə verilmiş, tikinti işlərinə başlamazdan əvvəl obyektin yerləşəcəyi torpaq sahəsinə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007ci il tarixli, 18/03-8/4688 saylı məktubuna əsasən Qaraçuxur Bələdiyyəsi ilə icarə müqaviləsinin bağlanılması vətəndaş İddiaçı həvalə edilmişdir.

8. Bakı şəhəri, Qaraçuxur Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri, Qaraçuxur Bələdiyyəsinin 10 fevral 2010-cu il tarixli iclasının qərarı ilə təsdiq edilmiş, xx.xx.2010-cu il tarixli, 28/10 nömrəli müqavilənin məzmunundan müəyyən olunur ki, icarəyəverən Bakı şəhəri Qaraçuxur Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli iclasının qərarına əsasən “AB” massivi, 37№-li Notariat Kontorunun yanında tikilmiş obyektin arxa hissəsində yerləşən, ümumi sahəsi 450 m2 təşkil edən qeyri-yaşayış sahəsi mövcud vəziyyətdə olduğu kimi abadlıq məqsədilə icarəçiyə verilmişdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən icarə haqqı icarəyə verilən qeyri-yaşayış sahəsi üzrə illik 216 manat məbləğində müəyyən edilmişdir. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.

9. İddiaçı tərəfindən iş materiallarına Yeni Günəşli, “AB” massivi, 37 saylı Dövlət Notariat Kontorunun sol tərəfindəki ərazidə təklif olunan sahənin situasiya planı əlavə edilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı Çıxarışın məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 11E ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüusi mülkiyyət hüququ əsasında Cavabdeh MTK-ya məxsusdur. Əmlakın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci ildir.

11. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən 14/46 nömrəli istifadəyə verilən torpaq sahəsinin ayrıc aktının məzmunundan müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 683 saylı sərəncamı ilə Suraxanı rayonu, İlqar Müsayev küçəsi, 110 saylı binanın Şimal hissəsində cizgidə göstərilən sərhədlər daxilində 0,4033 hektar torpaq sahəsi idman sağlamlıq-istirahət mərkəzinin tikilməsi üçün Cavabdeh MMC-yə verilmişdir.

12. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Tİ-91/22 nömrəli obyektin tikintisinə icazə verilməsi barədə Əlavənin məzmunundan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, 117E ünvanında yerləşən torpaq sahəsində yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparılması üçün Cavabdeh Mənzil-Tikinti Korporativinə icazə verilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/7236 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh MTK tərəfindən zəbt olunması iddia olunan sahə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontprunun sol tərəfində, yəni situasiya planında ayrılmış sahənin hüdudları daxilində yerləşmir. İddiaçının gediş-gəliş yolu kimi qeyd etdiyi və Cavabdeh MTK tərəfindən zəbt olunmasını iddia etdiyi sahənin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və digər sənədlər əsasında Cavabdeh MTK-ya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən əmlakın hüdudları daxilində yerləşmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 308 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən Yeni Günəşli “AB” massivi 37№-li Dövlət Notariat kontorunun sol tərəfində, yəni situasiya planında göstərilən təklif olunan torpaq sahəsinin iddia olunan hissədən deyil, şərq istiqamətdən Mərkəzi yola çıxışı nəzərdə tutulmuşdur. Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında İddiaçı tərəfindən iddia olunan sahənin yol olmaqla Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında situasiya planında “təklif olunan sahə” kimi qeyd edilmiş ərazinin cənubunda “Magistral yol” yazılmışdır, faktiki yerində yol görünür. Mübahisələndirilən yol isə situasiya planında öz əksini tapmamışdır. Ekspert rəyində faktiki vəziyyətdə yol kimi iddia olunan sahədə tikinti işi və digər işlər aparıldığından yol kimi iddia olunan sahədən yolun təmin edilməsinin texniki cəhətdən mümkün olmadığı qeyd edilmişdir. Tətbiq edilən hüquq 14 Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (1). Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (3). 111.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (1).

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi

19. İddia tələbi Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2007ci il tarixli, 308 nömrəli sərəmcamına əsasən İddiaçı Yeni Günəşli, “AB” massivi, 37 №-li Dövlət Notariat kontorunun sol tərəfində situasiya planında göstərilmiş sahədə ayrılmış torpaq sahəsinin Cavabdeh MTK tərəfindən zəbt olunmuş hissəsinin və gediş-gəliş yolunun boşaldılaraq İddiaçı qaytarılmasından ibarətdir.

20. İşin faktiki hallarından göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli, 683 saylı sərəncamı ilə Suraxanı rayonu, İlqar Müsayev küçəsi, 110 saylı binanın Şimal hissəsində cizgidə göstərilən sərhədlər daxilində 0,4033 hektar torpaq sahəsi idman sağlamlıq-istirahət mərkəzinin tikilməsi üçün Cavabdeh MMC-yə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* saylı Çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 11E ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh MTK-ya məxsusdur.

21. İşin mübahisəli hallarının müəyyənləşdirilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi qərara alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/7236 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən zəbt olunması iddia olunan sahə Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyətinin başçısının xx.xx.2007ci il tarixli, 308 nömrəli sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə əsasən Yeni Günəşli “AB” massivi 37 №-li Dövlət Notariat kontprunun sol tərəfində, yəni situasiya planında ayrılmış sahənin hüdudları daxilində yerləşmir. Eyni zamanda iddiaçının gediş-gəliş yolu kimi qeyd etdiyi və Cavabdeh MTK tərəfindən zəbt olunmasını iddia etdiyi sahə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və digər sənədlər əsasında Cavabdeh MTK-ya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində yerləşən əmlakın hüdudları daxilində yerləşmir, Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında İddiaçı tərəfindən iddia olunan sahənin yol olmaqla dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir.

22. Beləliklə, iddia olunan torpaq sahəsinə iddiaçının hüquqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, yəni iddiaçı subyektiv hüquqa malik deyildir. Eyni zamanda Daşınmaz Əmlakın kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48118/2024 saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarında situasiya planında “təklif olunan sahə” kimi qeyd edilmiş ərazinin cənubunda magistral yol yazılmışdır, faktiki yerində yol görünür. Mübahisələndirilən yol isə situasiya planında öz əksini tapmamışdır.

23. Eyni zamanda iddiaçı tələb edilən yolun daha əlverişli olduğunu qeyd etmiş, cavabdeh isə alternativ yolun olduğunu, həmin yoldan istifadə edildiyini, tələb edilən yola iddiaçının hüququnun olmadığını qeyd etmişdir. Ekspert rəyində faktiki vəziyyətdə yol kimi iddia olunan sahədə tikinti işi və digər işlər aparıldığından yol kimi iddia olunan sahədən yolun təmin edilməsinin texniki cəhətdən mümkün olmadığı da qeyd edilmişdir.

24. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

25. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar