Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2301/2023 07.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, Çalbay Ayhanın Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nizamnamə, hüquqi şəxslərin dövlət reyestri, sənədlərin təqdim edilməsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, Çalbay Ayhanın Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçılar İddiaçı1, Çalbay Ayhan (bundan sonra – iddiaçılar) Cavabdeh MTK-ya (bundan sonra – cavabdeh) qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın inşa etdiyi və tikintisi başa çatmış ünvan 1 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binası və ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının təsdiq olunmuş tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlər və təsisçilərlə hesablaşmaya dair sənədlərin iddiaçılara təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər (iddia ərizəsi dəqiqləşdirilmişdir).
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli çıxarışına (**********242400) əsasən 08 noyabr 2012-ci il tarixində yaradılmış, 14 noyabr 2012-ci il tarixində ********** nömrə dövlət qeydiyyatına alınmış Cavabdeh Mənzil Tikinti Kooperativinin (MTK) qanuni təmsilçisi X3r və MTK-nın aşağıdakı mütləq payda üzvləri vardır: 1. X4 – 19.8 %, 2. X8 – 4.95 %, 3. X12 – 1 %, 4. X16 – 24.752 %, 5. Əli-X19 – 24.75 %, 6. İddiaçı1 – 4.95%, 7. Çalbay AYHAN – 19.8%. Yuxarıda qeyd edilən məlumatlar xx.xx.2022-ci il tarixli, 35 nömrəli vəkil sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında əldə edilmişdir. Bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 01 fevral 2013-cü il tarixli 029 №-li Cavabdeh MTKya yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ünvan 3 ünvanında 1.25 ha torpaq sahəsinin 0.8265 ha hissəsi MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə MTK tərəfindən 19 mərtəbəli və 20 (+zirzəmi) mərtəbəli yaşayış binaları tikilmişdir və başa çatmışdır. Tikintilərin Dövlət reyestrindən əldə edilən çıxarışa əsasən; 1) ünvan 4 ünvanında 1 girişli 19 mərtəbəli“B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2017-ci il tarixində 00800003-1-1101-001233/1217 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 889.9 m2, Binanın ümumi sahəsi – 12558.2 m2 Binanın həcmi – 55727.6 m3 Girişlərin sayı – 1, Mənzillər (otaqlar üzrə): 1 otaqlı – 36, 2 otaqlı –30, 3 otaqlı –54. 2) ünvan 1 ünvanında20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə icazə verilmişdir. Tikinti obyektinə xx.xx.2019cu il tarixində 00800003-1-1101-002011/0719 kod verilmişdir. Tikinti obyektinin əsas texniki göstəriciləri Tikinti ərazisi – 0.8265 ha, Tikinti sahəsi – 833.7 m2, Binanın ümumi sahəsi – 17124.9 m2 Binanın həcmi – 57253.2 m3 Mənzillərin yaşayış sahəsi – 10553 m2. MTK-da mütləq pay haqqı və hüququ olan üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-nın sədri Etiram Məmmədova "xxxx" ərizə ilə müraciət edərək, MTK-nın dövlət qeydiyyatına alındığı tarixdən hazırki tarixədək apardığı hündürmərtəbəli bina tikinti işləri və tikinti işlərinə cəlb edilmiş vəsaitlər, xərclər, MTK-nın üzvlərinin ümumi yığıncaqları və gündəliyə çıxarılan məsələlər və ödənilməli olan dividendlər barədə məlumatın verilməsini və bununla bağlı sənədlərin təqdim edilməsini xahiş etmişlər. MTK-nın sədri Etiram Məmmədov müraciətə xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubu ilə cavab olaraq bildirmişdir ki, Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 Ümumi Yığıncağın xx.xx.2017-ci il tarixli 12 saylı Protokolu ilə Kooperativin üzvlüyündən çıxarılmışlar. MTK-nın sədri Etiram Məmmədovun xx.xx.2022-ci il tarixli, 33 nömrəli məktubu heç bir həqiqəti əks etdirmir. Belə ki, Ayhan Çalbay və İddiaçı1 MTK-nın təsisçiləridir, mütləq pay hüquqları saxlanılır və bu fakt İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********440300 nömrəli məktubu və məktuba əlavə edilən sənədlər əsasında sübut olunur. Bununla belə, Kooperativ üzvləriAyhan Çalbay və İddiaçı1 xx.xx.2022-ci il tarixində MTK-nın sədri Etiram Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4 və 111.8-ci maddələrinə əsaslanaraq, Cavabdeh MTK-nın üzvlərinin növbədənkənar ümumi yığıncağının çağırılması haqqında müraciət ünvanlamışlar. Müraciətdə ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin daxil edilməsi xahiş olunmuşdur: - ünvan 5 ərazisində Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının tikintisinə cəlb olunan vəsaitvə binanın tikintisinə sərf olunan xərclər haqqında, - ünvan 5 ərazisində Cavabdeh MTK tərəfindən tikintinin aparılması ilə bağlı mal-materialın alınması üçün bağlanmış müqavilələr, binanın qeyri yaşayış sahələrinin və mənzillərinin satış müqavilələri haqqında, - Kooperativinmənfəətivə onun bölüşdürülməsi haqqında. MTK-nın sədri X7 üzvlərinin ümumi yığncağının çağırılması əvəzinə Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 ünvanladığı xx.xx.2022-ci il tarixli 43 nömrəli məktubunda əvvəlki xx.xx.2022-ci il tarixli 33 nömrəli məktubuna istinad etməklə məlumatların, sənədlərin verilməsindən və ümumi yığıncağın çağırılmasından imtina etmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 MTK-nın qanuni təmsilçisi X5 bununla bağlı mübahisəyə mediasiyada baxılması üçün X1 Barədə Təklif irəli sürülmüş, lakin Təklifə heç bir münasibət bildirilməmişdir. Kooperativ üzvləri Ayhan Çalbay və İddiaçı1 mübahisəyə baxılması üçün Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. X1 Barədə Təklif-də MTK-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məlumatların və sənədlərin verilməsi, gəlir-xərc barədə sənədlərin təqdim edilməsi, xalis gəlirin bölüşdürülməsi barədə ümumiyığıncağın çağırılması və Kooperativin cari fəaliyyəti ilə bağlı digər məsələlərə dair mübahisəyə baxılmasını təklif edilmişdir. Mübahisəyə baxılması ilə əlaqədar Bakı 5 saylı Mediasiya Təşkilatında 25 avqust 2022-ci il tarixində X10 keçirilmiş və sessiyada MTK-nın nümayəndəsi iştirak etməmiş və eyni tarixdə X2 X11 MŞB/2-02784 nömrəliarayış verilmişdir. Bununla yanaşı Kooperativ üzvləriAyhan Çalbay və İddiaçı1 MTK-nın sədri X5 xx.xx.2022- ci il tarixində Pretenziya göndərilmiş və Pretenziyada həmçinin 10 gün müddətində ünvan 5 ünvanında tikilmiş hündürmərtəbəli binalarda mənzillər və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş Kooperativin mənfəəti barədə rəsmi məlumat və sənədlərin verilməsi xahiş olunsa da, məlumat və sənədlər verilməmişdir. İddia ərizəsində qeyd edilən dəlillərimizdən göründüyü kimi, MTK-nın təsisçiləri və mütləq pay haqqı olan üzvləri Ayhan Çalbay və İddiaçı1 mülki qanunvericiliklə qorunan hüquqları pozulmuş və MTK-dan məlumatlar və sənədlərin alınması üçün məhkəmədənkənar qaydada bütün vasitələrdən istifadə etsələr də mümkün olmamışdır.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim olunması” tələbinə dair iddiası əsassızdır. Belə ki, iddiaçılar Cavabdeh MTK-nin kooperativ üzvü kimi heç vaxt kooperativ fəaliyyətində, nə də kooperativdə yaranmış xərclərin ödənilməsində iştirak etməmiş və beləliklə üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Bu səbəbdən Cavabdeh MTK-nin əsas təsisçisi X16 və digər təsisçilərin təşəbbüsü ilə ümumi yığıncaq çağırılmış və 7 saylı may 2016-cı il tarixli protokoluna əsasən kooperativin üzvləri İddiaçı2 və İddiaçı1 kooparativin üzvlüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilslməsi qərara alınmışdır. Həmçinin Cavabdeh MTK-nin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli prootkolundan görünür ki, kooperativin üzvləri İddiaçı2 və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqlarının bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır. Lakin iddiaçılar kooperativin ümumi yığıncağına gəlməkdən boyun qaçırmışlar, beləliklə Cavabdeh MTKnin üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağın 12 nömrəli protokoluna əsasən kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə İddiaçı2 və X13 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır. Həmçinin Cavabdeh MTK-nin mütləq pay hüququ olan üzvü X6 xx.xx.2018-ci il tarixə vəfat etmiş və bu səbəbdən Cavabdeh MTK iddiaçılar Ayhan Çalbay və İddiaçı1 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövltə qeydiyyatı idarəsində Cavabdeh MTK-nin üzvləri siyahısından qeydiyyatdan çıxarılması mümkün olmamışdır. Beləliklə, iddiaçılar Ayhan Çalbay və İddiaçı1 Cavabdeh MTK-nin üzvlüyündən çıxarılmaları onların kooperativ ilə bağlı kommersiya sirri olan sənədlərin tələb edilməsi üçün hər hansı bir hüquqlarının olmadığını göstərir. Bu səbəbdən iddiaçılar tərəfindən tələb edilən sənədlərin kommersiya sirri olduğundan və iddiaçıların kooperativ üzvləri olmadığından həmin sənədlər onlara təqdim edilməmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sənədlərin təqdim edilməsi tələbi ilə iddiaçılar cavabdehə müraciət etdikdə, onların bu tələbi təmin edilməmiş, onlara yazılı ərizə ilə Kooperativ üzvlüyündən çıxarılmaları səbəbindən həmin sənədlərin onlara təqdim edilməyəcəyi bildirilmişdir. Halbuki, həmin ümumi yığıncaqların keçirilməsindən iddiaçıların ümumiyyətlə məlumatları və xəbərləri olmamış, bundan əlavə, həmin protokolun ümumiyyyətlə kim(lər) tərəfindən imzalanması da onlarda şübhə doğurur. Bu səbəbdən tərəflərindən Dövlət Vergi Xidmətinə müvafiq sorğu verilmiş, sorğuya cavab olaraq iddiaçıların hələ də Kooperativ üzvü olması öz təsdiqini tapmışdır.
6. Əvvəlki məhkəmə iclasında cavadbehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar Cavabdeh MTK-nin kooperativ üzvlüyündən çıxarılmış, lakin cavabdeh səhlənkarlıq edərək bu barədə vaxtında hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik etdirməmişdir. Hazırda isə iki təsisçi vəfat etmiş, bu səbəbdən hazırda onların vərəsələrinin dairəsi müəyyən edilənədək bu prosedurun həyata keçirilməsi mümkün deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir.
7. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə sonuncu məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
8. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********242400 nömrəli çıxarışdan görünür ki, Cavabdeh MTK xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalında mayaların miqdarı: X4 – 19,8 %, X8 – 4,95 %, X9 – 1 %, X16 – 24,75 %, Əli-X19 – 24,75 %, İddiaçı1 – 4,95 %, Çalbay Ayhan (Türkiyə Respublikası) 19,8 %. Qanuni təmsilçisi X3r.
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış Cavabdeh MTK-nin Nizamnaməsindən görünür ki, MTK-nın üzvləri F.Əliyev, N.Quliyev, F.Əlizadə və iddiaçılardır.
12. Nizamnamənin 1.2-ci bəndinə əsasən cavabdeh istehlak kooperatividir.
13. Nizamnamənin 4.4-cü bəndinə əsasən Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 106, 27/1 ünvanında qeydiyyatda olan Cavabdeh MTK-nin iştirakçılarının pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları aşağıdakı kimi müəyyən edilmişdir. X16 -5 AZN, 25%, 5 pay şəklində. Əli-X19 – 5 AZN, 25 %, 5 pay pul şəklində. X14 – 5 AZN, 25% 5 pay şəklində. Çalbay Ayhan – 4 AZN, 20 %, 4 pay pul şəklində. İddiaçı1 – 1 AZN, 5 % 1 pay pul şəklində.
14. Nizamnamənin 5.3-cü bəndinə əsasən Kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək, habelə Kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativ üzvlərinin hüquqlarıdır.
15. Cavabdeh MTK-nın üzvlərinin may 2016-cı il tarixli ümumi yığıncağının 7 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 kooperativin üzvüyündə qalıb qalmayacaqlarını 15 gün ərzində yazılı surətdə bildirmələri haqqında xəbərdarlıq edilməsi qərara alınmışdır.
16. Cavabdeh MTK-nın üzvlərinin noyabr 2016-cı il tarixli ümumi yığıncağının 10 nömrəli protokolundan görünür ki, kooperativin üzvləri Çalbay Ayhan və İddiaçı1 yığıncağa təkrarən gəlmədikləri, habelə Kooperativdə qalıb qalmayacaqlarını bildirmədikləri üçün axırıncı dəfə xəbərdarlıq edilməsi qərara alınmışdır.
17. Cavabdeh MTK-nın üzvlərinin 13 may 2017-ci il tarixli ümumi yığıncağının 12 nömrəli protokolundan görünür ki, kooperativin nizamnaməsinə uyğun vəzifə borclarını layiqincə yerinə yetirmədiklərinə görə Çalbay Ayhan və İddiaçı1 Cavabdeh MTK-nın üzvlüyündən çıxarılması qərara alınmışdır.
18. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2018-ci ildə ölmüşdür.
19. Tikintilərin dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının tikintisinə xx.xx.2017-ci il tarixdə cavabdehə icazə verilmişdir.
20. Tikintilərin dövlət reyestrindən elektron çıxarışa əsasən ünvan 2 ünvanında 20 mərtəbəli “A” bloklu yaşayış binasının tikintisinə xx.xx.2019-cu il tarixdə cavabdehə icazə verilmişdir.
21. İddiaçılar tərəfindən Cavabdeh MTK-nın sədri Etiram Məmmədova göndərilmiş pretenziya məktubu ilə Mülki Məcəllənin 49.6-cı maddəsinə əsasən sənədlərin 5 iş günü ərzində təqdim edilməsi tələb edilmişdir.
22. Cavabdeh MTK tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçılar kooperativin fəaliyyətində iştirak etməmiş, dəfələrlə çağırılmış Ümumi yığıncağın iclaslarında iştirak etməmiş, kooperativin fəaliyyəti üçün qanunvericiliklə zəruri olan mütləq və əlavə pay haqlarını ödəməmişlər. Odur ki, onların ümumi yığıncağın xx.xx.2017-ci il tarixli 12 saylı protokolu ilə kooperativ üzvlüyündən çıxarılmalarının nəzərə alınması xahiş olunmuşdur.
23. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 109.1-ci maddəsinə əsasən Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109.5-ci maddəsinə əsasən mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ verən əmlak payıdır. 109.10-cu maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. 109-2.1-ci maddəsinə əsasən kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 109-4.1.3-cü maddəsinə əsasən kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kooperativin üzvlərinin hüquqlarıdır. 109.4.1.8-ci maddəsinə əsasən bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək kooperativin üzvlərinin hüquqlarıdır.
25. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir. 111.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin nizamnaməsində kooperativin adı, onun olduğu yer, fəaliyyət predmeti və məqsədləri haqqında, kooperativə üzv olmaq qaydası, kooperativdən çıxmaq və pay haqqının, digər haqların qaytarılması qaydası haqqında, daxilolma və pay haqlarının miqdarı, onların tərkibi və ödənilməsi qaydası haqqında, pay haqlarının ödənilməsi üzrə öhdəliklərin pozulmasına görə məsuliyyət haqqında, kooperativin idarəetmə orqanları və onların səlahiyyətləri, qərar qəbul etməsi, o cümlədən barəsində qərarların sadə və ya üçdə iki səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında, kooperativin yenidən təşkili və ləğv edilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmış, kommersiya qurumlarının dövlət reyestrindən çıxarışa əsasən iddiaçılar hazırda həmin kooperativin üzvləridir. Belə ki, iddiaçılar kooperativə aid olan sənədlərlə tanış olmaları üçün cavabdehə müraciət etmiş, lakin onları bu tələblərinin təmin edilməsindən imtina edilmişdir.
27. Belə ki, iddiaçılar hazırda kooperativ üzvləri kimi həmin sənədlərin onlara təqdim edilməli olduqlarını iddia edirlər.
28. Cavabdeh iddiaya etiraz edərək 2017-ci ildə Ümumi Yığıncağın qərarı ilə iddiaçıların kooperativ üzvlüyündən çıxarılmaları səbəbindən onların kooperativ ilə bağlı kommersiya sirri olan sənədlərin tələb edilməsi üçün hər hansı bir hüquqlarının olmadığını, bu səbəbdən həmin sənədlərin onlara təqdim edilməməli olduğunu bildirir.
29. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq, bununla bağlı gəldiyi qənaətini aşağıdakılarla əsaslandırır.
30. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının: 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.3-cü maddəsinə əsasən bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4-cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.
31. Göründüyü kimi, iddiaçıların kooperativ üzvlüyündən çıxarılmaları ilə bağlı hüquqi şəxslərin dövlət reyestrində hər hansı bir dəyişiklik aparılmadığından, kommersiya qurumlarının dövlət reyestrindən sonuncu çıxarışa əsasən iddiaçılar hazırda da kooperativ üzvləri olduğundan onların Mülki Məcəllənin 109-4.1.3-cü maddəsində, habelə həmin Kooperativin Nizamnaməsinin 5.3-cü bəndində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər.
32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
33. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MTK tərəfindən Cavabdeh MTK-nın inşa etdiyi və tikintisi başa çatmış ünvan 1 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binası və ünvan 2 ünvanında 1 girişli 19 mərtəbəli “B” bloklu yaşayış binasının təsdiq olunmuş tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlər və təsisçilərlə hesablaşmaya dair sənədlər iddiaçılara təqdim edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
V. Nəticə:
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MTK tərəfindən Cavabdeh MTK-nın inşa etdiyi və tikintisi başa çatmış ünvan 1 ünvanında 20 mərtəbəli (+zirzəmi) “A” bloklu yaşayış binası və ünvan 2 ünvanında 1 girişli, 19 mərtəbəli “B” bloklu yaşayış binasının təsdiq olunmuş tikinti layihələri, tikintiyə cəlb edilmiş vəsaitlər, çəkilmiş xərclər, yaşayış və qeyri-yaşayış sahələrinin satışından daxil olmuş vəsaitlər, təsisçilərlə hesablaşmaya dair sənədlər iddiaçılar İddiaçı1 və Çalbay Ayhana təqdim edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçılar İddiaçı1 və Çalbay Ayhana ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova