Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-231/2024 08.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi üzrə pul tələbi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən 9153,84 manat əsas borcu, 817,30 manat vergi borcu, 600 manat geri qaytarılma borcu, 10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat və ümumilikdə cəmi 12156 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı cavabdehdən 9153,84 manat əsas borcu, 817,30 manat vergi borcu, 600 manat geri qaytarılma borcu, 10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat və ümumilikdə cəmi 12156 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 noyabr 2022-ci il tarixdə Tikinti Texnikasının 016 nömrəli Xidmət Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti, bu müqaviləyə görə “İcraçı” müəssisəyə məxsus olan Liugong CLG 418 İİİ Avtoqreyderi Sifarişçi üçün xidmətə verir, “Sifarişçi” isə xidmət müqaviləsində razılaşdırılan dəyəri “İcraçı”ya ödəyir. Həmin Müqavilənin məbləği və ödəmə şərtləri belədir ki, bu müqavilənin 1.1-ci bəndində göstərilən Texnikanın aylıq Xidmət haqqı 8500 manat təşkil edir. Sifarişçi həmin məbləği cari ayın sonunadək nəğd və ya köçürmə yolu ilə İcraçının hesabına köçürməlidir. İddiaçı ilə cavabdeh arasında 08 noyabr 2022-ci il tarixdə Tikinti Texnikasının 016 nömrəli Xidmət Müqaviləsində göstərilən öhdəliklər cavabdeh tərəfindən kobud şəkildə pozularaq iddiaçı ziyana uğramışdır. Belə ki, Xidməti Müqaviləsində də göstərildiyi kimi Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər qüvvədədir. Lakin Sifarişçi ilk başdan yəni müqavilə bağlandığı andan öhdəliklərini pozmuşdur. Sifarişçinin İcraçıya 9153,84 manat əsas borcu, 817,30 manat vergi borcu, 600 manat texnikanın geri qaytarılma borcu, 10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat və ümumilikdə cəmi 12156 manat məbləğində borcu yaranmışdır. X2 bağlandığı andan İcraçıya yalnız 1 ayın ödənişini etmişdir. Halbuki Sifarişçi İcraçıya ödəniş etməsə də, İcraçıya məxsus texnikadan istifadə etmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciət etmədən əvvəl Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət edərək, öhdəliklərdən irəli gələn mübahisələr üzrə 12000 manat pulu cavabdehdən tələb etmişdir. Mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf cavabdeh İMS-nin vaxtı və yeri barədə tam məlumatı olsa da, müxtəlif bəhanələr ilə İMS-a gəlməkdən və onda iştirak etməkdən imtina etmişdir. Nəticə etibarı ilə o, mübahisənin məhkəmə qaydasında həllinə tərəfdar olmuşdur. Bütün bu qeyd olunanlara əsasən Mediasiya prosesinə xitam verilməsi haqqında Protokol və X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Belə olan halda pozulmuş hüquqlarımın bərpası ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
II. Tərəflərin mövqeləri:
3. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktor) X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
9. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
10. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
11. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 08 noyabr 2022-ci il tarixli 016 nömrəli Tikinti Texnikasının Xidmət Müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı, müəssisəyə məxsus olan Liugong CLG 418 İİİ Avtoqreyderi cavabdeh üçün xidmətə verməyi, cavabdeh isə xidmət müqaviləsində razılaşdırılan dəyəri iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin 1.1-ci bəndində göstərilən Texnikanın aylıq Xidmət haqqı 8500 manat təşkil edir.
12. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
13. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
14. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xidmətlərin təhvil-təslim aktlarından müəyyən edildi ki, həqiqətən də, iddiaçı tərəfindən Liugong CLG 418 markalı 01AB111 dövlət qeydiyyat nişanlı avtoqreyder texnikası ilə xx.xx.2022-ci il ytarixindən xx.xx.2023-cü il tarixədək 28 iş günü cavabdehə xidmət göstərilmişdir (aktlar cavabdeh tərəfindən möhür ilə təsdiq edilmişdir), həmçinin də, iddiaçı tərəfindən cavabdehə dəyəri 9153,20 manat olan xidmətin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli EBDA seriyalı 928121 saylı elektron qaimə təqdim edilmişdir.
16. Göstərilənlərdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə dəyəri 9153,20 manat olan xidmət göstərilməsi iş materiallarında olan sənədlərlə təsdiq olunur.
17. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimə, xidmətlərin təhvil-təslim aktlarının mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
18. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı göstrərilən xidmətə görə 9153,84 manat tələb etsə də, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə ilə göstərilmiş xidmətin dəyəri 9153,20 manat göstərilmişdir ki, bu halda məhkəmə hesab edir ki, iddia göstərilən hissədə qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 9153,20 manat tutulmalıdır.
19. Məhkəmə iddia tələbinin dəbbə pulunun (10570 manat pulun 0.1% (5 ayın) 1585,5 manat) tutulması hissəsinə münasibətdə qeyd edir ki, əsas öhdəlik haqqında bağlanmış müqavilənin formasından asılı olmayaraq onun icrasının təmin edilməsi üsuli kimi dəbbə pulu haqqında razılaşma yazılı formada tərtib olunmalıdır. Dəbbə pulu haqqında razılaşma əsas öhdəlik haqqında müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutula bilər. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etsə də, dəbbə pulu haqqında razılaşma nə tərəflər arasında bağlanmış 08 noyabr 2022-ci il tarixli 016 nömrəli müqavilənin bir hissəsi kimi onun tərkibində nəzərdə tutulmuş, nə də ayrıca yazılı formada tərtib olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
20. İddia tələbinin 600 manat texnikanın geri qaytarılması ilə bağlı borc hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən məbləğin hansı əsasla tələb edilməsi iddia ərizəsində əsaslandırılmamış, eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə bu xüsusat nəzərdə tutulmamış, habelə bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə də təmin oluna bilməz.
21. Bundan başqa, iddiaçı tələbində 817,30 manat vergi borcunun ödənilməsini tələb etsə də, bu vergi borcunun hansı vergi borcu olması iddia ərizəsində göstərilməməklə, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdeh təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDA seriyalı 928121 saylı elektron qaimədə də göstərilmiş xidmətlərə görə ödənilməli vergi məbləği göstərilməmişdir. Eyni zamanda vergi borcunun kimin tərəfindən nəyə görə ödənilməsi qanunvericilikdə aydın şəkildə göstərilmişdir. Odur ki, iddia göstərilən hissədə əsaslı olmadığından təmin oluna bilməz.
22. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 9153,2 manat əsas borc tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 9153,2 manat əsas borc tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev