Məhkəmə qərarları › İş №e-2-2(113)-2311/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2311/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2311/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “MGM Group İnşaat X1 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “MGM Group İnşaat X1 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə fəaliyyət üçün sonuncuya təhvil verilmiş 170000 min manat (100000 ABŞ dolları) əsas vəsaitin, 35040 manat (20612 ABŞ dolları) təmiz qazancın, habelə iddiaçının hüququ pozulmasaydı, təmsil etdiyi filialın 170000 min manat (100000 ABŞ dolları) əsas vəsaitin 2022 və 2023-cü illər üçün adi mülki dövriyyəsi şəraitində gətirəcəyi 8500+8500=17000 manat məbləğində gəlir (əldən çıxmış fayda) olmaqla, ümumilikdə 222040 (iki yüz qırx iki min qırx) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MGM İnşaat və X1 Ticaret LTD Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə Cavabdeh MMC arasında ortaq iş görməyə dair bağlanmış xx.xx.2021-ci il tarixli sözləşməyə (müqaviləyə) əsasən Respublikasından Azərbaycan Respublikasına idxal ediləcək xammalın alınması və sonrakı istehsal prosesini tənzimləmək üçün mənafelərini təmsil etdiyi filial tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Cavabdeh MMC-nin təsisçisi Sagha Farzinə (Atilla Alptürkə) 100000 (bir yüz min) ABŞ dolları pul vəsaiti ödənilmiş, lakin bu ödənişdən uzun müddət keçməsinə baxmayaraq, bu günə kimi nə həmin pul vəsaiti qaytarılmış, nə də müqavilədə nəzərədə tutulan mal “MGM Group İnşaat və X1Ticaret LTD Şirkəti”in Azərbaycan Respublikasındakı filialına təhvil verilməmişdir. Bundan başqa, qarşılıqlı söhbətlər zamanı cavabdehdən öhdəliklərinə əməl etməməsinin səbəbini soruşduqda həmişə bildirmişdir ki, müvafiq xammal onun tərəfindən Respublikasından Azərbaycan Respublikasının ərazisinə gətirilmiş, lakin anbardarı tərəfindən ondan xəbərsiz həmin mal başqa şəxslərə satıldığından öhdəliyinin yerinə yetirilməsi mümkün olmamışdır. Lakin iddiaçı tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə bağlandıqdan və pul vəsaiti ona ödənildikdən sonra xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək olan dövrdə müxtəlif çəkilərdə Azərbaycan Respublikasının ərazisinə xarici ölkədən müqavilədə göstərilən 10 (on) TİR malın gətirilərək satılmasına və nəticədə onun tərəfindən 41224 ABŞ dolları (41224x1.70=70080 manat) təmiz qazanc əldə edilməsinə baxmayaraq, hüquqlarını müdafiə etdiyi şirkətin filialına qazancın 50%-i həcmində (müqavilə şərtlərinə uyğun olaraq 35040 manat) ödəmə həyata keçirilməmişdir. Qeyd olunan müqavilə öhdəliklərinə əməl olunması ilə bağlı dəfələrlə iddiaçı tərəfindən şifahi, habelə digər mümkün formalarda, o cümlədən də bilavasitə görüşlərdə cavabdehə bildirilməsinə baxmayaraq, istinad olunan müqavilə öhdəlikləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh MMC-yə öhdəliklərinin yerinə yetirilməsi və ya ödənilən pul vəsaitinin geri qaytarılması barədə pretenziya göndərilmiş, lakin qarşı tərəf yenə də nə ödənilən pul vəsaitini qaytarmış, nə də müqavilə öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə müvafiq qanunvericiliklə müəyyən edilmiş formada və qaydada mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, lakin qarşı tərəf yenə də təklifə reaksiya verməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün ərizə ilə 4 saylı mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya sessiyasının keçirilməsinin yeri və vaxtı barədə Cavabdeh MMC-yə rəsmi şəkildə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı səbəb göstərmədən sessiyada iştirak etməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində Cavabdeh MMC ilə alıcı qismində “MGM Group İnşaat X1 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2021-ci il tarixli, 061021 nömrəli (ortaq iş görmə sözleşmesi) müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı satacaq olduğu, alıcı alacaq olduğu metal məhsulları bundan sonra mal (Plastik xam maddə) olaraq adlanacaq. Adı, miqdarı ve qiyməti bu sözleşmeye əlavə olunan spesifikasiyalarda müəyyən edilir ve müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. - Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 nömrəli Əlavə bağlanmışdır. Əlavədə qeyd edilmişdir ki, Cavabdeh MMC və MGM Group Şirkətinin Azərbaycanda olan filialı arasında olan müqaviləyə əsasən Respublikasından Azərbaycan Respublikasına idxal olunan Plastik xam maddənin idxalı üçün tərəflərin 50000 ABŞ Dolları, digər tərəf eyni məbləğdə yəni 50000 ABŞ Dolları kassaya mədaxil edilərək, toplam 100000 ABŞ Dolları Cavabdeh MMC-nin direktoru, Atilla Abtürkə təhvil verilmişdir. İdxal olunacaq Plastik xam maddənin hər bir tır üçün olan (Polietilenin Azərbaycana idxalı hesabatı) ətraflı bir formada açıqlaması bu müqaviləyə əlavə olunur. Ortaqlar arasında qəbul olunur ki, bütün hesablamalar polietilenin Azərbaycana idxalı hesabatı üzərindən aparılacaqdır. Mal idxal olunandan sonra təkrar hər bir tır üçün hesablama işləri məhz bu hesabat üzərindən aparılacaqdır. - İddiaçı tərəfindən iş materiallarına geri dönüşüm granolun ticarətinin hesabatı adlı sənədlər və cədvəl əlavə edilmişdir. Həmin sənədlərdə Cavabdeh MMC ilə şərikliklə gətirilən malların adı, çəkisi, gətirilmə tarixi, maşınların sayı, maya dəyəri, satış qiyməti, əldə olunan qazancla bağlı məlumatlar qeyd olunur. - “MGM Group İnşaat X1 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 04 pretenziya məktubundan görünür ki, borc məbləğinin qısa zaman ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, tədqiq olunan sübutlar əsasında müəyyən edildi ki, Cavabdeh MMC ilə “MGM Group İnşaat X1 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2021-ci il tarixli, 061021 nömrəli (ortaq iş görmə sözleşme) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMC-dən 170000 min (yüz yetmiş min) manat əsas borc, 35040 (otuz beş min qırx) manat qazanc, 17000 (on yeddi min) manat əldən çıxmış fayda (gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizlə 2 il üzrə hesablanıb) iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı ödənilmiş mediasiya xərcinin və dövlət rüsumun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 512 (beş yüz on iki) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 170000 min (yüz yetmiş min) manat əsas borc, 35040 (otuz beş min qırx) manat qazanc, 17000 (on yeddi min) manat əldən çıxmış fayda, ödənilmiş dövlət rüsumu və mediasiya xərcinə görə 512 (beş yüz on iki) manat olmaqla, cəmi 222552 (iki yüz iyirmi iki min beş yüz əlli iki) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “MGM Group İnşaat X1 Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar