Məhkəmə qərarları › İş №e-2-2(113)-2312/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2312/2025

10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2312/2025 10.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin cavabdeh “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi cavabdeh “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 3 508 000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, məhkəmə qaydasında hüquqi şəxslər dövlət qeydiyyatına alındığı andan ləğv edilməsi anına qədər, fiziki şəxslər isə doğulduqları andan ölümə qədər mülki prosessual hüquq qabiliyyətinə malik olurlar. Bu mənada yalnız mülki prosessual hüquq qabiliyyətinə malik şəxslər tərəf və ya iddiaçı və cavabdeh qismində çıxış edə bilər. Digər tərəfdən, mülki prosessual qanunvericilikdə dövlət orqanları və başqa orqanların mülki prosesdə iddiaçı və cavabdeh olması da istisna edilməmişdir. “Dövlət qulluğu haqqında” Azəraycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən, dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. Həmin Qanunun 8.1.3 – 8.1.6-cı maddələrinə əsasən, dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi (2-ci kateqoriya dövlət orqanları); əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və X2, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları), əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları); əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Məhkəmə qeyd edir ki, dövlət qulluğu haqqında qanunvericilikdə mərkəzi icra hakimiyyətləri 2-ci kateqoriya dövlət orqanları, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri 3-cü kateqoriya dövlət orqanı, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri 4-cü kateqoriya dövlət orqanı kimi təsbit edilmişdir. Hazırkı halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin dövlət orqanı hesab edilməsi üçün kifayət qədər əsas mövcud deyildir. Belə ki, qurumun xx.xx.2009-cu il tarixdə təsdiq edilmiş Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsi Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər dənizi hövzəsində, adalarında və quruda yerləşən müqavilə əsasında yanğından mühafizəyə götürülmüş müəssisə və obyektlərində baş vermiş yanğınların söndürülməsini, bununla bağlı təxirəsalınmaz xilasetmə işlərini (insanların, əmlakın və s.), habelə yanğına qarşı profilaktika işini həyata keçirən qurumdur. Həmin Əsasnamədən iddiaçının dövlət orqanı olması öz təsdiqini tapmır. Digər tərəfdən, Əsasnamədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin məhkəmədə müstəqil olaraq iddiaçı və cavabdeh qismində çıxış etməsi imkanı da göstərilməmişdir. Belə olan halda isə iddiaçının dövlət orqanı və ya başqa orqan statusu təsdiq edilmədiyindən sonuncu mülki prosessaul hüquq qabiliyyətinə də malik deyildir. Odur ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrində göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı tələbə məhkəmə qaydasında baxılmalı deyil, bu səbəbdən onun qəbulundan imtina edilməlidir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia ərizəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yuxarı orqanı – dövlət orqanı çıxış edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 48, 50, 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin cavabdeh “X3 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar