Məhkəmə qərarları › İş №e-2-2(113)-2316/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2316/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2316/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı xx1nin cavabdeh Azərbaycan Respublikasının xxxxnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: rabitə xidməti üzrə müqavilə, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndələri X2 və X3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı xx1nin cavabdeh Azərbaycan Respublikasının xxxxnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı xx1 cavabdeh Azərbaycan Respublikasının xxxxnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli rabitə xidmətinə dair müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 783,52 manat məbləğində əsas borc və 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx1 ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxxxxx arasında **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli rabitə xidməti üzrə müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən icraçı (hazırkı iş üzrə iddiaçı) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxxxxxnin struktur bölmələrində rabitə xidmətlərinin göstərilməsini öhdəsinə götürür, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərinin müqavilənin şərtlərinə uyğun ödənilməsini təmin edir. Müqavilənin 5.3-cü bəndinə görə sifarişçi icraçının göstərdiyi xidmət işlərinə görə təqdim etdiyi hesab fakturaya əsasən icraçının hesabına müvafiq xidmət haqqını ödəyir. Müqavilənin 7.1-ci bəndinə görə müqavilənin icrası zamanı həm sifarişçi, həm də icraçı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklərə əməl edilməli və yaranan fikir ayrılıqları danışıqlar yolu ilə aradan qaldırılmalıdır. Razılıq əldə edilmədikdə mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcəkdir. İddiaçı xx1 tərəflər arasında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam və vaxtında yerinə yetirmişdir. Həmçinin aylar üzrə xidmət göstərildikcə hesab-fakturalar hər ayın sonunda 2nə (həmin dövrdə xxxnə) təqdim edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının xxxx müqavilənin şərtlərinə əməl etməmiş, öz üzərinə götürdüyü öhdəlikləri bu günədək yerinə yetirməmiş, göstərilmiş xidmətlər üzrə yaranmış 783,52 manat (yeddi yüz səksən üç manat, əlli iki qəpik) məbləğində borcu hal-hazıradək ödəməmiş və ödəməkdən boyun qaçırmışdır. Pretenziya məktubu ilə cavabdehə müraciət olunaraq, tərəflər arasında bağlanılmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən rabitə xidmətindən istifadəyə görə yaranmış 783,52 manat (yeddi yüz səksən üç manat, əlli iki qəpik) məbləğində borcun bağlanmış müqavilənin şərtlərinə uyğun 20 gün müddətində xx1nin hesabına köçürülməsi xahiş edilmiş, əks halda mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Bununla belə, cavabdehə müvafiq təsdiqedici sənədlər - müqavilə, hesab-fakturaları, qarşılıqlı borcların üzləşdirilməsi aktı, eləcə də borcun yaranma dövrünü əks etdirən açıqlama - elektron vergi hesab-fakturalarının siyahısı (EVHF-ləri İnternet Vergi İdarəsindən əldə etmək mümkündür, xidmətin göstərildiyi xx.xx.2014-xx.xx.2017-ci il dövründə elektron qaimə sistemi mövcud olmamışdır) təqdim edilmişdir. Azərbaycan Respublikasının xxxxnin 06 noyabr 2023-cü il tarixli, 3-14-20/2- 1698/2023 saylı pretenziyaya cavab məktubunda göstərilir ki, “Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli, 476 nömrəli və 27 mart 2020-ci il tarixli 975 nömrəli fərmanları ilə Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, xxxnin, X1 İnstitutunun, Metrologiya və Standartlaşma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəznin əsasında xxxx yaradılmışdır. xxxnin fəaliyyəti zamanı borc hesab olunan məbləğ kreditor borc kimi qeydə alınmamışdır. 2 büdcədən maliyyələşən təşkilatdır və borcların hüquqi əsasları olmadıqda ödənilməsi mümkün deyildir”. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında imzalanmış 10 yanvar 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, üzləşdirmə aparılan tarixə, xx.xx.2020-ci il tarixə qalıq borc - 783,52 manat (yeddi yüz səksən üç manat, əlli iki qəpik) təşkil edir. Sözügedən qarşılıqlı borcların üzləşdirilməsi aktı hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir. Bununla da, cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə yaranmış borcu etiraf etmişdir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 783,52 manat (yeddi yüz səksən üç manat, əlli iki qəpik) manat məbləğində pul tutulmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 404.1, 404.2, 442, 443.1, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx1 Azərbaycan Respublikası xxxxnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə xxx (bundan sonra - Xidmət) ilə ARDNŞ-nin arasında **-RX-***4 nömrəli, 07.01,2014-cü il tarixli rabitə xidməti üzrə müqavilə bağlanıldığı və xidmətlərinin göstərilməsinə görə 783,52 manat (yeddi yüz səksən üç manat, əlli iki qəpik) borcun yaranması bildirilmişdir. Tərəflər arasında bağlanılmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilənin 5.5-ci bəndinə əsasən göstərilmiş xidmətin dəyərinin aylar üzrə ödənilməsi tərtib olunmuş hesab faktura təqdim olunduğu gündən sonrakı 30 bank günü müddətində təmin edilir. Təqdim olunmuş hesab fakturaların müvafiq olaraq 2014-2017-ci illərə aid olduğunu nəzərə alaraq, xidmət göstərildiyi hər müqavilə ili və ödəniş tələbləri üzrə fərqli iddia müddətlərinin yarandığı aydın olur. Təqdim olunmuş materiallardan göründüyü kimi, qarşılıqlı borcların üzləşdirilmə aktı 10 yanvar 2020-ci ildə tərtib edilmişdir ki, bu da 2014-2017-ci illər daxilində yaranmış borcla əlaqələndirilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 10 yanvar 2020-ci ilədək 2014-2016-cı illər ərzində yaranmış borca dair iddia müddəti (3 il) ötürüldüyündən, Məcəllənin 375.2-ci maddəsinə uyğun olaraq həmin dövrdə yaranmış borca dair iddia müddətinin keçməsi əsas tutularaq, məhkəmə tərəfindən həmin hissədə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş edir. İddianın digər (2017-ci il üzrə göstərilən xidmətlər) hissəsinə münasibətdə müvafiq hesab faktura sənədləri təqdim edilsə də, müqavilə üzrə göstərilən xidmətlərin görüldüyünə dair təhvil-təslim aktı təqdim edilməmiş, xidmətlərin göstərilməsinə dair sübutlar tam təmin edilməmişdir. Xidmətlərin göstərildiyi iddia edilən dövrə diqqət edildiyində, həmin dövrün 2017-ci ilin mart ayında yekunlaşdığı aydın olur ki, bu da xx.xx.2017-ci il tarixdən etibarən qaimə-fakturaların elektron formada təqdim edilməsi tələbinin qanunla müəyyənləşdirildiyi dövrlə üst-üstə düşür ki, bu da əlavə suallara səbəb olur. İddia edilən borc məbləği xidmətin debitor-kreditor hesabında görünmədiyindən ödənilməsi mümkün olmamışdır. Eyni zamanda müqavilə üzrə görülmüş işlərin təhvil-təsliminə dair hər hansı təsdiqedici sənədlər də təqdim edilməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində cavabdehin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyini əsas gətirərək mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. "Mediasiya haqqında” Qanunun 25-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Göründüyü kimi, kommersiya mübahisələri üzrə mediasiya prosesinin tətbiqi Qanunun 4-cü maddəsinə uyğun olaraq könüllülük prinsipinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin səkkizinci hissəsinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir. Konstitusiyanın 149-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsində göstərilən mediasiya xərclərinin cavabdehin hesabına ödənilməsi tələbinə qarşı normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi qaydalarını tətbiq edərək iddianın həmin hissədə də təmin edilməməsini məqsədǝ müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir.

5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx1 Azərbaycan Respublikası xxxxnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə xxx (bundan sonra - Xidmət) ilə ARDNŞ-nin arasında **- RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli Rabitə xidməti üzrə müqavilə bağlanıldığı və xidmətlərinin göstərilməsinə görə 783,52 manat (yeddi yüz səksən üç manat, əlli iki qəpik) borcun yaranması bildirilmişdir. Tərəflər arasında bağlanılmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilənin 5.5-ci bəndinə əsasən göstərilmiş xidmətin dəyərinin aylar üzrə ödənilməsi tərtib olunmuş hesab faktura təqdim olunduğu gündən sonrakı 30 bank günü müddətində təmin edilir. Təqdim olunmuş hesab fakturaların müvafiq olaraq 2014-2017-ci illərə aid olduğunu nəzərə alaraq, xidmət göstərildiyi hər müqavilə ili və ödəniş tələbləri üzrə fərqli iddia müddətlərinin yarandığı aydın olur. Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Təqdim olunmuş materiallardan göründüyü kimi, qarşılıqlı borcların üzləşdirilmə aktı 10 yanvar 2020-ci ildə tərtib edilmişdir ki, bu da 2014-2017-ci illər daxilində yaranmış borcla əlaqələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 10 yanvar 2020-ci ilədək 2014-2016-cı illər ərzində yaranmış borca dair iddia müddəti (3 il) ötürüldüyündən, Məcəllənin 375.2-ci maddəsinə uyğun olaraq həmin dövrdə yaranmış borca dair iddia müddətinin keçməsi əsas tutularaq, məhkəmə tərəfindən həmin hissədə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş edir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

9. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. İş materiallarından görünür ki, icraçı qismində xx1 ilə sifarişçi qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxxxxx arasında xx.xx.2014-cü il tarixli, **-RX-***4 nömrəli rabitə xidməti üzrə müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı Azərbaycan Respublikası ETS Nazirliyinin xxxnin struktur bölmələrində rabitə xidmətlərinin göstərilməsini öhdəsinə götürür, sifarişçi isə göstərilmiş xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun ödənilməsini təmin edir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə öhdəliklərinin yerinə yetirilməsi zamanı tərəflər qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlara malikdirlər və həmin hüquqları sərbəst həyata keçirirlər. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı müqavilədə göstərilən müddətdə sifarişçidən aldığı sifarişin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi təqsiri üzündən radiostansiyalarda və telefon aparatlarında nasazlıqların yaranmasına görə məsuliyyət daşıyır. Müqavilənin 5.1-ci bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilən işlərin dəyəri ödənişli danışıqlar istisna olmaqla faktiki görülmüş işlərə görə tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş müqavilənin ayrılmaz hissəsi sayılan qiymət razılaşma protokoluna əsasən müəyyən edilir. Müqavilənin 5.5-ci bəndinə əsasən göstərilmiş xidmətlərin dəyərinin aylar üzrə ödənilməsi icraçı tərəfindən tərtib olunmuş hesab-faktura təqdim olunduğu gündən sonrakı 30 bank günü müddətində sifarişçi tərəfindən təmin edilir. Tərəflər arasında bağlanmış rabitə xidmətlərinin göstərilməsinə dair qiymət razılaşma protokollarına əsasən göstərilən xidmətlərin dəyəri tərəflər arasında müəyyənləşdirilmişdir.

11. İddiaçı tərəfindən məhkəməyə cavabdehə göndərilən hesab fakturalar təqdim edilmişdir.

12. xx1 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxxxxx arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Azərbaycan Respublikasının xxxxnin xx.xx.2020-ci il tarixə xx1nə 783,52 manat məbləğində borcunun olduğu müəyyənləşdirilmişdir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

13. xx1 tərəfindən Azərbaycan Respublikasının xxxxnə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 20 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı)

Məhkəmənin mövqeyi

17. Hazırkı mübahisə xx1 ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxxxxx arasında bağlanmış **-RX-***4 nömrəli, xx.xx.2014-cü il tarixli rabitə xidməti üzrə müqavilədən irəli gələn mübahisədir.

18. “Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli, 476 nömrəli və 27 mart 2020-ci il tarixli 975 nömrəli fərmanları ilə Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin, xxxnin, X1 İnstitutunun, Metrologiya və Standartlaşma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəznin əsasında xxxx yaradılmış, ona görə də iddiaçı iddianı hazırkı cavabdehə qarşı qaldırmışdır.

19. İddiaçı qeyd olunan müqavilə üzrə ödənilməmiş qalan 783,52 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin borcun mövcudluğu iddiaçı tərəfindən təqdim edilən sübutlarla öz təsdiqini tapır.

20. Eyni zamanda cavabdehin nümayəndəsi “AZEMİS” Elektron məhkəmə inormasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli, **-RX-***4 nömrəli rabitə xidməti üzrə müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

21. Tərəflər arasında xx.xx.2014-cü il tarixli, **-RX-***4 nömrəli rabitə xidməti üzrə müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2014-cü il tarixədək olmuşdur. Cavabdehin yerinə yetirilməmiş öhdəliyi 2014-1017-ci illəri əhatə edir. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə qarşılıqlı borcların üzləşdirilməsi aktı tərtib edilmiş, bununla da cavabdeh borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Məhkəməyə xx.xx.2024-cü ildə müraciət edilmişdir. Göründüyü kimi, 3 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddiaçı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür.

22. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi hazırkı iddianın rədd olunması barədə qətnamə çıxarılması üçün əsasdır.

23. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, iddia təmin olunmamalıdır.

24. İddiaçı həmçinin 50 manat məbləğində ödənilmiş mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından həmin xərc də cavabdehdən tutulmamalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar