Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2345/2024 01.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: əvəzsiz istifadə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 (min iki yüz) manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (VÖEN **********) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İstifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD-S 054/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhvil-təslim” AKT-ı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir.
3. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən avabdeh Cavabdeh iddiaya etiraz edərək iddianın rədd olunmasını xahiş etdi.
5. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
II. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 732-ci maddəsinə əsasən Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. - 736.1-ci maddəsinə əsasən Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur.
IV. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia rədd edilməlidir.
11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD-S 054/2020 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 Əlavə imzalanmışdır.
12. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən istifadəyəverən satışını təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş soyuducuları istifadəçiyə əvəzsiz istifadəyə verməyi, istifadəçi isə istifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə geri qaytarmağı öhdəsinə götürür.
13. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən soyuducunu istifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada istifadəçiyə Əlavə 01-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir.
14. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində istifadəyəverənə cərimə ödəməlidir.
15. Müqavilə və müqaviləyə əlavə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
16. Məhkəmə iclaslarında iştirak edən cavabdeh məhkəməyə izahlarında iddianı qəbul etmədiyini, Neftçilər metrostansiyası yaxınlığında yerləşən mağazanı təhvil verəndə mağazada olan təxmini 17-18 ədəd soyuducunun hər birinin ayrı-ayrı şirkətlərə geri qaytardığını, hal-hazırda Mərdəkanda mağaza işlətdiyini, soyuducular təhvil verilərkən aktın tərtib olunduğunu, lakin həmin aktı 1 il saxladığını, artıq 3 ilə yaxındır ki, soyuducunu iddiaçıya təhvil verdiyini, iddiaçının 3 il ərzində ona heç bir müraciət etmədiyini, eyni zamanda, məhsulların daşınması və yerləşdirilməsinin iddiaçı şirkət tərəfindən həyata keçirildiyini qeyd edərək iddianın rədd olunmasını xahiş etmişdir.
17. Bundan başqa cavabdeh tərəf qeyd etmişdir ki, iddiaçı şirkət pivə məhsulları ilə mağazanı təmin edirdi və qeyd edilən şirkət əməkdaşları hər həftə gələrək satılmış olan malların əvəzində, soyuducunu yeni mallarla doldururdular.
18. Məhkəmə cavabdehin etirazının dəlillərini əsaslı və inandırıcı hesab edir.
19. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçı şirkət özü, vermiş olduğu soyuducunu yeni mallarla doldurduğundan, cavabdehin artıq qeyd edilmiş Neftçilər metrostansiyası yaxınlığında yerləşən mağazada fəaliyyət göstərmədiyindən dərhal xəbərdar olmuşdur və vermiş olduğu soyuducunun təxmini həmin ərəfələrdə, yəni 3 il bundan qabaq tələb edərdi.
20. Ancaq iddiaçı tərəf qeyd edilən zaman soyuducunu tələb etməmiş və 3 il keçdikdən sonra Məhkəməyə müraciət etmişdir, cavabdeh tərəf də, soyuducunu iddiaçının öz əməkdaşlarının apardığını qeyd etmişdir.
21. Bu xüsusda Məhkəmə qeyd edir ki, mülki dövriyyədə heç bir şəxsin üzərinə hər hansı bir əşyanın qaytarılması ilə bağlı təhvil aktını 3 il və yaxud daha artıq saxlanması öhdəliyi qoyulması məntiqsizdir. Belə ki, bu hal, sui-istifadə hallarına gətirməkdə yanaşı, mülki dövriyyənin sabitliyini də, pozmuş olacaqdır.
22. Ona görə də, Məhkəmə üçün inandırıcıdır ki, soyuducu iddiaçıya təhvil verilmişdir, əks halda 3 il keçmədən cavabdehdən soyuducunu tələb etmiş olardı.
23. Həmçinin də, qeyd edilməlidir ki, cavabdeh tərəf hər bir Məhkəmə iclasına gəlmiş və israrlı olaraq soyuducunu qaytardığını bildirsə də, iddiaçı tərəf heç bir iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və sadəcə olaraq işin onların iştirakı olmadan keçirilməsi barədə ərizə göndərməklə kifayətlənmişdir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
25. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
V. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov