Məhkəmə qərarları › İş №e-2-2(113)-237/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-237/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-237/2023 24.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5600 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə bağlanılan təmizlik xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn şərtlərə əsasən, "xxxx" MMC-yə məxsus avtobuslara təmizlik xidmətinin təşkili təmin edilməli idi. Görüləcək işlərin icrası məqsədi ilə Cavabdeh 5600 manat məbləğində avans şəklində ödənilmişdir. Lakin indiyədək müqavilə üzrə Cavabdeh tərəfindən görüləsi işləri lazımı qaydada icra olunaraq təhvil verilməmişdir. Məlumat üçün bildiririk ki, həmin müqavilənin 2-ci, 3-cü bəndindəki öhdəlikləri lazımınca icra edilməyib. İcra olunmalı işlər aktla sifarişçiyə təhvil verilməyib. Müqavilə bağlanan tarixdən xx.xx.2021 ci il tarifindən bu günə kimi heç bir avtobus təmizlənib “Azlənd Plaza MMC-yə təhvil verilməyib. Lakin həmin təmizişləri üçün pulun alınmasına dair imza edərək əvvəlcədən bizdən xx.xx.2021ci ildə 1500 manat, xx.xx.2021ci ildə 1000, xx.xx.2021ci ildə 2500 pul alıb, sonrada Suraxanı rayonunda əlavə 650 manat alınıb. Cavabdehin səmimiliyinə inanaraq əlavə 650 manat pul verilmişdir. Cavabdeh almış olduğu əvvəlcədən 5000 manat sonradan da, 650 manat pulun müqabilində uzun müddət keçməsinə baxmayaraq öz öhdəsinə götürdüyü işi başa çatdırmayıb. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh işi lazımi qaydada, həcmdə və keyfiyyətdə görmədiyini, həmçinin gördüyü işi təhvil-təslim aktla təhvil vermədiyinə görə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, şirkətin ofisində işləyir, avtobuslar isə digər bir ünvanda qarajda yerləşir, cavabdehə ilk öncə kimyəvi təmizlik ləvazimatların alınması məqsədilə sonuncunun istəyi ilə xx.xx.2021-ci il tarixdə 2500 manat məbləğində avans ödəniş edilmiş və xx.xx.2021-ci il tarixdə tərəflərin arasında müqavilə bağlanmış, daha sonra cavabdeh təmizlik işlərinə başlamış və görülmüş işlərin müqabilində xx.xx.2021-ci il tarixdə sonuncuya 1500 manat, xx.xx.2021-ci il tarixdə isə 1000 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, cavabdehin gördüyü işin keyfiyyəti yoxlanılmamış, sadəcə olaraq qarajdan sonuncu tərəfindən təmizlik işlərin aparılması ilə bağlı məlumata əsasən ödəniş aparılmış, lakin sonradan müəyyən edilmişdir ki, cavabdeh tərəfindən görülən işlər tam və lazımı keyfiyyətdə yerinə yetirilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış təmizlik xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MMC avtobuslarda təmizlik xidmətlərinin göstərilməsini sifariş verib Cavabdeh razılaşdırılmış xidmət haqqı ödəməyi, Cavabdeh isə İddiaçı MMC-nin müəyyən etdiyi qaydada avtobuslarda təmizlik xidmətləri göstərməyi öhdəsinə götürür. İddiaçının məhkəməyə təqdim etdiyi qeyd vərəqinin sürətindən görünür ki, “Həsənağa” sözlərindən sonra 21 iyun 2021-ci il tarixli 1500 AZN, 30 iyun 2021-ci il tarixli 1000 AZN və 27 may 2021-ci il tarixli 2500 AZN və hər bir rəqəmdən sonra imza vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı cavabdehdən 5600 manat məbləğində vəsait tələb etsə də, məhkəməyə kifayət qədər sübutlar təqdim etməmişdir. Eyni zamanda məhkəmə iddia ilə bağlı qeyd edir ki, iddiaçı ərizəsində cavabdehə 5600 manat məbləğində vəsaitin öncədən ödənildiyini və heç bir işin görülmədiyini qeyd etsə də, məhkəmə baxışında pulların məhz görülən işlərin müqabilində ödənildiyi müəyyən edilmişdir (şahidin ifadəsi), belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi qeyd vərəqində olan yazılarda ödənişlərin bir gündə deyil, xx.xx.2021-ci, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə aparıldığı qeyd edilmiş, bu isə onu göstərir ki, pullar hissə-hissə görülən təmizlik işlərin müqabilində ödənilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı təmizlik işlərin görülməsini əks etdirən təhvil-təslim aktın (müqavilənin 2.4-cu bəndi) olmaması əsası ilə ödənilmiş pulu geri tələb etsə də, məhkəmə hesab edir ki, tələb təmin edilə bilməz, belə ki, müqavilənin şərtlərinə görə ( 3.1.2 və 3.1.3-cü bəndlər) öncədən təmizlik işləri görülür, daha sonra görülən işlər təhvil alınır və görülmüş xidmətinin dəyəri ödənilir, bu isə o deməkdir ki, iddiaçı görülmüş işlərə görə ödəniş etməklə, görülmüş təmizlik işləri təhvil-təslim aktına əsasən deyil, faktiki qəbul etmiş, işlərin keyfiyyətsiz, natamam və tam həcmdə görülməməsi ilə bağlı sübut təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 5600 manat məbləğində pulun alınıb xeyrinə ödənilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı 5600 manat məbləğində pulun alınıb xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar