Məhkəmə qərarları › İş №e-2-2(113)-2374/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2374/2023

13.04.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2374/2023 13.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakim Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı cavabdeh GRANUM GROUP LLC şirkətinə qarşı 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8000 və 4200 ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş 860,096.50 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, 400 manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1,521.93 manat dövlət rüsumunun, 300 manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1,000.0 manat xərcin cavabdehdən tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8000 və 4200 ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş 860,096.50 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, 400 manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1,521.93 manat dövlət rüsumunun, 300 manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1,000.0 manat xərcin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; 443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, cavabdeh, hüquqi ünvanı 570 Lexington Avenue 15th X1. NY, 10022 (USA) olan GRANUM GROUP LLC şirkəti olmaqla xarici şəxsdir və onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində Azərbaycan Respublikasının məhkəmələrinin xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlı olduğu işlərin siyahısı nəzərdə tutulmuşdur ki, hazırki iş tərkibinə görə həmin siyahıda nəzərdə tutulmamışdır. Bundan əlavə, iş materiallarında olan İddiaçı ilə GRANUM GROUP LLC şirkəti arasında bağlanmış 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələrinə əsasən tərəflər arasında yaranmış mübahisələrin həlli ilə bağlı GAFTA-ya müraciət edilməsi nəzərdə tutulmuşdur. Yəni tərəflər arasında bağlanmış müqavilədə də Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gəlməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh GRANUM GROUP LLC şirkətinə qarşı 05 mart 2021-ci il tarixli GR-34-SUM nömrəli və 20 aprel 2021-ci il tarixli GR-35-SUM nömrəli müqavilələr əsasında 8000 və 4200 ton Rusiya mənşəli ərzaq buğdasının alınması məqsədilə iddiaçı tərəfindən qabaqcadan (avans) olaraq cavabdehə köçürülmüş 860,096.50 ABŞ dolları məbləğinin cavabdeh tərəfindən geri qaytarılması, 400 manat ilkin mediasiya xərcinin, məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 1,521.93 manat dövlət rüsumunun, 300 manat poçt xərcinin və hüquqi yardım müqaviləsinə görə köçürülmüş 1,000.0 manat xərcin cavabdehdən tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar