Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2392/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2, üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdehnə qarşı (ləğv prosesində olan X1 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satılması tələbinə dair ilkin, Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (ləğv prosesində olan X1 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) sonrakı ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan "xxxx" ASC-nin 19.03.2019-cu il tarixli, KBY19-1868 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 530 000 manat faiz borcu olmaqla, ümumilikdə 10530000 manat, 05.04.2019-cu il tarixli, KBY19-1877 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 185500 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat olmaqla, cəmi 14215500 manat kredit borcunun ödənilməsi üçün tutmanın Cavabdeh MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 9094 kv.m. ümumi sahədən ibarət 5 mərtəbəli yaşayış binasına yönəldilməsinə, ipoteka predmetlərinin ilkin satış qiyməti (likvid qiymət) göstərilməklə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitləri hesabına "xxxx" ASC-nin qeyd olunan kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə "xxxx" ASC arasında 19.03.2019-cu il tarixli, KBY19-1868 nömrəli və 05.04.2019-cu il tarixli, KBY19-1877 nömrəli kredit müqavilələri bağlanmışdır. Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə hər iki kredit müqaviləsi üzrə 360 gün müddətinə, illik 9% ödəməklə ayrıayrılıqda 10000000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrində kredit üzrə əsas borcun müvafiq olaraq 13.03.2020-ci il və 30.03.2020-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan kredit müqavilələrinin təminatı kimi Cavabdeh MMC-yə mülkiyyət hüququ ilə məxsus ünvan 1 ünvanında yerləşən 9094 m2 ümumi sahədən ibarət 5 mərtəbəli yaşayış binası barəsində 04.04.2019-cu il tarixli, İBY19-1868/1 nömrəli və 10.04.2019-cu il tarixli, İBY19-1877/1 nömrəli ipoteka müqavilələri bağlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30.04.2020-ci il tarixli, 2-3(103)-129/2020 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Hazırda bank barəsində iflas prosedurunun həyata keçirilməsi davam etdirilir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri Bankın ləğvedicisinə 15.05.2020-ci il tarixli, 25-00226- 2020 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. "Atabank” ASC-nin hazırkı günə Mərkəzi Bank qarşısında kredit müqavilələri üzrə borcu 19.03.2019-cu il tarixli, KBY19-1868 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 530000 manat faiz borcu olmaqla, ümumilikdə 10530000 manat, 05.04.2019-cu il tarixli, KBY19-1877 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 185500 manat faiz borcu olmaqla, ümumilikdə ******* manat təşkil edir. Göstərilən kredit müqavilələri üzrə faiz borcları "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 30.04.2020-ci il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Mərkəzi Bank ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyan "SM” MMC-yə 03.06.2020-ci il tarixli, 25-00258-2020 nömrəli məktubla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər "İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10.06.2020-ci il tarixli məktubu ilə bildiriş qeydə alınmışdır. "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, 04.04.2019-cu il tarixli İBY19-1868/1 nömrəli sonrakı ipoteka müqaviləsi və 10.04.2019-cu il tarixli İBY19-1877/1 nömrəli sonrakı ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin ediləsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbinin məzmunundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankınin ləğv prosesində olan "xxxx" ASC-yə qarşı borcun ödənilməsi barədə tələbi, mülki icraat (iddia icraatı) qaydasında deyil, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ləğvetmə prosesi çərçivəsində irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikasl Qanununun 77.3-cü maddəsinə əsasən tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır: - 81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir; - 81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir. - 81.1-1. Bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir. Qeyd olunan normaların məzmunundan görünür ki, qanunvericilik ləğvetmə prosesində olan banka qarşı tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı da xüsusi prosedur müəyyən etmişdir ki, bu da tələbə mülki icraat qaydasında baxılmasını istisna edir. Bundan başqa, məhkəmə hesab edir ki, borcun tutulması barədə tələbə ləğvetmə prosesi çərçivəsində, həmin borcun təminatı olan əmlaka tutmanın yönəldilməsu barədə tələbə isə ləğvetmə prosesi çərçivəsində xüsusi qayda müəyyən olunduğu halda iddia icraatı qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Buna görə də hesab edirəm ki, işə məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankının Cavabdehnə qarşı (ləğv prosesində olan X1 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satılması tələbinə dair ilkin iddia ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2392/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2392/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver