Məhkəmə qərarları › İş №e-2-2(113)-2398/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2398/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2398/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə yaranmış 590,30 manat məbləğində borc, cərimə üzrə hesablanmış 2006,63 manat, dövlət rüsumu olaraq 60 manat, cəmi 2656,93 manat məbləğin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, İ01531 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin tərəfləri Cavabdeh MMC müqavilə üzrə “Partnyor” (VÖEN: **********), İddiaçı MMC “Operator” olaraq müəyyən olunmuşdur. Müqavilənin predmetinə əsasən, “Partnyor” Proqrama Hesablayan/Hesablayan və İstifadə edən Partnyor qismində qoşulmuşdur. Sözügedən müqavilənin 3.1-ci bəndində qeyd edildiyi kimi, «Umico» istehlakçı loyallığı əməkdaşlıq proqramın müştərisi (bundan sonra «Müştəri» adlandırılacaq) tərəfindən Partnyorun ticarət məntəqəsində əməliyyatlar həyata keçirildikdə X2 manatlarının hesablanmasının maliyyələşdirməyi, Operator isə Bonus manatlarının Müştərinin hesabına hesablamağı, öz hesablaşma hesabına bonus manatlarının ekvivalentini qəbul etməyi, bonus manatlarının ucotunu təmin etməyi, eləcə də, Müştərinin gələcəkdə daxil ola bilən bonus manatlarının istifadəsi üzrə göstərişi yerinə yetirməti öhdəsinə götürür. Müqavilənin qeyd olunmuş bəndinə əsasən, X1 13-cü bölməsində göstərilən hesablaşma hesabına Bonus manatlarının Ekvivalentini köçürməyi öhdəsinə götürür. Cavabdeh MMC-nin 590,30 manat məbləğində borc qalığının ödənilməsinə dair dəfələrlə müraciət olunmasına baxmayaraq, müqavilə üzrə öhdəliklər icra edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. - 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. - 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. - 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.

IV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

6. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, İ01531 saylı xidmət müqaviləsi və 01 saylı əlavə imzalanmışdır.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən partnyor proqram çərçivəsində müştəri tərəfindən hipermarket şəbəkələrindən hesablayan partnyorun mallarının alış qiymətindən müqavilə ilə müəyyən olunan həcmdə müştərilərə bonus manatlarının maliyyələşdirilməsini, eyni zamanda ayda bir dəfədən az olmamaqla, operatora müqavilənin 4-cü maddəsinə əsasən komissiya haqlarının ödənilməsini öz üzərinə götürür, operator isə partnyora sonuncunun biznesinin inkişafı üçün proqram çərçivəsində, müştərilərin cəlb edilməsi istiqamətində xidmət göstərməyi öz üzərinə götürür.

9. Müqavilənin 4.1.2-ci bəndinə əsasən operatora ediləcək ödənişlərin məbləği müvafiq hesabat əsasında operator tərəfindən hazırlanan invoysda göstərilir.

10. Müqavilənin 4.3-cü bəndinə əsasən partnyor tərəfindən haqqın ödənilməsi invoysa müvafiq olaraq, müqavilənin 13-cü bölməsində göstərilən rekvizitlər üzrə hesabatın təsdiq edildiyi tarixdən etibarən 5 iş günü ərzində həyata keçirilir.

11. Müqavilə və 01 saylı əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir.

13. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBU seriyalı, 755899 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 120,34 manat, EBBW seriyalı, 562695 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,69 manat, EBBT seriyalı, 448252 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 130,12 manat, EBBW seriyalı, 562961 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 44,69 manat, EBBT seriyalı, 447305 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 130,12 manat, EBBU seriyalı, 758338 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 120,34 manat olan elektron qaimələr göndərilmişdir.

14. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdəki məbləğlərin cəmi 590,28 manat təşkil edir.

15. Hazırda iddiaçı tərəf 590,30 manat məbləğində pulun tutulmasını xahiş edir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

17. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaya münasibət (etiraz) bildirməmiş, xidmətlərin dəyərinin ödənildiyini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

18. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, 590,28 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Məhkəmə 2.006,63 manat cərimə borcunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

20. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 7.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, müqavilədə nəzərdə tutulan maliyyə öhdəliklərinin icrası müddətinin pozulmasına görə zərərçəkın Tərəf digər Tərəfdən gecikdirilmiş hər bir gün üçün ödənilməmiş məbləğin 0.5 faizi məbləğində cərimə (peniya) ödənilməsini tələb etmək hüququna malikdir.

21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

22. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə iddiaçı tərəfindən tələb edilən cərimənin məbləğinin 30 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.

23. Məhkəmə hesab edir ki, 60 manat dövlət rüsumunun tələb edilməsi hissəsində ərizə təmin edilə bilməz.

24. İddiaçı iddia ərizəsində dövlət rüsumu xərci olaraq 60 manat məbləğində pulu tələb etsə də, tərəfindən dövlət rüsumunun ödənilməsinə dair hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir.

25. Lakin, məhkəmə qeyd edir ki, dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənməlidir.

26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. VI. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, İ01531 saylı xidmət müqaviləsinə əsasən əsas borc üzrə 590 (beş yüz doxsan) manat, 28 (iyirmi səkkiz) qəpik, cərimə borcu üzrə 30 (otuz) manat olmaqla, cəmi 620 (altı yüz iyirmi) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh MMCdən tutularaq dövlət büdcəsinə ödənsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar