Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2406/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 26 763,19 manat əsas borc, həmin borca hesablanmış 6046,80 manat dəbbə pulu və 188,43 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 32 998,42 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY), (“Əmlak sahibi”) adından xx.xx.2023-cü il tarixli 13-1/3- 30-587/2023 nömrəli etibarnamə əsasında hərəkət edən "xxxx" MMC ilə Cavabdeh (Reklamçı) arasında xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqavilə (bundan sonra - Müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə müvafiq olaraq Əmlak sahibi ona məxsus olan əmlaklarda reklam fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqlarını Reklamçıya verir, Reklamçı isə bunun müqabilində Əmlak sahibinə bu Müqavilə ilə müəyyən edilmiş qaydada haqq ödəyir. Müqavilənin 2.3-cü bəndinə əsasən Reklamçı Əmlak sahibinə ödəməli olduğu haqqı vaxtında ödəmədiyi təqdirdə, ödənilməyən haqqın (məbləğin) üzərinə Əmlakın sahibi tərəfindən hər ödənilməyən gün üçün 1 % (bir) faiz dəbbə pulu hesablanacaqdır. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən Yayım Haqqının ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Müqavilənin 6.2-ci bəndinə əsasən Reklamçı öz öhdəliklərini tam icra etməzsə (öhdəliklərini icra etməkdən yayınarsa, yəni Bu müqavilə ilə razılaşdırılmış yayım haqlarını vaxtlı vaxtında ödəməzsə və ya Bu müqavilə üzrə öhdəliklərində pozuntulara yol verərsə (üzərinə götürdüyü vəzifələri icra etməzsə)) Bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam veriləcəkdir və buna görə Reklamçıya onun tərəfindən Cəmiyyətə məxsus ərazilərdə reklam fəaliyyəti ilə bağlı çəkdiyi hər hansı xərc kompensasiya olunmayacaqdır. Reklamçı tərəflər arasında bağlanmış Müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməməsi səbəbindən ona bildiriş verilərək Müqavilənin 6.2ci bəndinə əsasən xx.xx.2023-cü il tarixdən həmin müqaviləyə xitam verilmişdir. Lakin həmin müqavilə üzrə yayımlanması davam edən reklam məhsullarının yayımı xx.xx.2023cü il tarixinədək davam etmişdir. Nəticədə xx.xx.2023-cü il tarixə Müqavilə üzrə Reklamçının ADY-yə 26 763,19 (iyirmi altı min yeddi yüz altmış üç manat 19 qəpik) manat əsas borc və həmin borca hesablanmış 6046,80 (altı min qırx altı manat 80 qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 32 809,99 (otuz iki min səkkiz yüz doqquz manat 99 qəpik) manat borcu yaranmışdır. Bununla bağlı, Reklamçıya tərəfimizdən müvafiq olaraq xx.xx.2024-cü il tarixli 13-1-2/2-4/2024 nömrəli pretenziya məktubu göndərilməsinə baxmayaraq Reklamçı bugünə kimi müqavilə üzrə öhdəliklərini icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi O.Rəhimova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.
5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (istehsalçı) və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1- 2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqaviləyə əsasən əmlak sahibi ona məxsus olan əmlaklarda (bundan sonra “Sahə”) reklam fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqlarını (yəni reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusu) reklamçıya verir, reklamçı isə bunun müqabilində Əmlak sahibinə bu müqavilə ilə müəyyən edilmiş qaydada haqq ödəyir.
8. Müqavilənin 2.3-cü bəndinə əsasən Reklamçı Bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqqı Əmlakın sahibinə hər təqvim ayının sonunda təqdim olunmuş hesabata (Sahələrdə həyata keçirdiyi reklam fəaliyyəti barədə) əsasən növbəti ayın birinci həftəsinin son iş gününə qədər bu Müqavilədə qeyd olunan hesabına bank köçürmə yolu ilə həyata keçirir. Reklamçı Əmlak sahibinə ödəməli olduğu haqqı vaxtında ödəmədiyi təqdirdə, ödənilməyən haqqın (məbləğin) üzərinə Əmlakın sahibi tərəfindən hər ödənilməyən gün üçün 1% (bir) faiz dəbbə pulu hesablanacaq. Dəbbə pulunun ümumi məbləği ödənilməli olan, ancaq ödənilməyən Yayım Haqqının (və ya Yayım Haqqlarının) ümumi məbləğinin 25%-i miqdarından çox olmamaqla tətbiq oluna bilər. Əgər Reklamçının ödədiyi məbləğ Əmlakın sahibi qarşısında bütün borclarının bağlamasına kifayət etməzsə, o zaman ödənilən məbləğ ilkin olaraq dəbbə pulunun ödənilməsinə artıq qalan hissəsi isə (olduğu təqdirdə) Reklamçının Əmlakın sahibi qarşısında mövcud olan digər borclarına yönəldilir.
9. Müqavilənin 6.2-ci bəndinə əsasən Reklamçı öz öhdəliklərini tam icra etməzsə (öhdəliklərini icra etməkdən yayınarsa, yəni Bu müqavilə ilə razılaşdırılmış yayım haqlarını vaxtlı vaxtında ödəməzsə və ya Bu müqavilə üzrə öhdəliklərində pozuntulara yol verərsə (üzrərinə götürdüyü vəzifələri icra etməzsə) Bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam veriləcəkdir və buna görə Reklamçıya onun tərəfində Cəmiyyətə məxsus ərazilərdə Reklam fəaliyyəti ilə bağlı çəkdiyi hər hansı xərc kompensasiya olunmayacaq.
10. İddiaçı ilə cavabdeh arasında imzalanmış 1 saylı Əlavəyə əsasən, reklamçının xx.xx.2023-cü il tarixindən əmlak sahibinin əmlaklarında yerləşdirdiyi reklam məhsulları üçün əmlak sahibinə ödəməli olduğu haqq, hər reklam məhsulu üçün əmlak sahibi ilə əvvəlcədən razılaşdırılmış yayım məbləğinin 70%-i təşkil edir.
11. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış 07. xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli reklam müqaviləyə əsasən xx.xx.2023-cü il tarixinə hesablanmış əsas borcu 26763,19 manat, dəbbə pulu 6046,80 manat təşkil edir.
12. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, FC 09124 saylı cavab məktubunda cavabdeh iddiaçıya olan ümumilikdə 26857,37 manat məbləğində borcunu qəbul edərək 2024-cü ilin yanvar ayından oktyabr ayına qədər ödəməyi öhdəsinə götürmüşdür.
13. İddiaçı tərəfindən cavabdehə EBDO 034889 nömrəli xx.xx.2023-cü il tarixli 6829,82 manat, EBDQ 913239 nömrəli xx.xx.2023-cü il tarixli 12496,81 manat, EBDT 456516 nömrəli xx.xx.2023-cü il tarixli 11792,55 manat, EBDV 575081 nömrəli xx.xx.2023cü il tarixli 2576 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmada Bakı Dəmiryol vağzalının həyətində “ACC” məhsullarının reklamı üçün aylıq 1032.50 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
15. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmada Sumqayıt Dəmiryol vağzalında “Kapital Bank” məhsulunun reklamı üçün 826 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
16. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli razılaşmada Bakı-Sumqayıt qatarı daxilində yerləşən monitorda 01 ədəd “Focus Optika” məhsulunun reklamı üçün 1652 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhviltəslim aktı imzalanmışdır.
17. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmasında Sumqayıt Dəmiryol vağzalında “Referans” məhsulunun reklamı üçün 826 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
18. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli razılaşmada Bakı-Sumqayıt-Bakı sürət sərnişin qatarı daxilində 01 ədəd “ACC” məhsulunun reklamı üçün 3717 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhviltəslim aktı imzalanmışdır.
19. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmada Bakı-Sumqayıt, Bakı-Ağstafa, Bakı-Qəbələ qatarı daxilində yerləşən monitorlarda 01 ədəd "xxxx" ASC reklamı üçün aylıq 1652 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
20. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmada Sumqayıt Dəmiryol vağzalında 03 ədəd “Hünər Group” məhsulunun reklamı üçün 1750 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
21. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmada Bakı dəmiryol vağzalının inzibati binasının fasad hissəsində “Sunlab” məhsulunun reklamı üçün 743,40 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhviltəslim aktı imzalanmışdır.
22. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmada Bakı-Sumqayıt, Bakı-Ağstafa, Bakı-Qəbələ qatarı daxilində yerləşən monitorlarda 5000 ədəd “Bazarstore” məhsulunun reklamı üçün aylıq 350 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
23. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarıxli razılaşmasında Bakı dəmiryol vağzalının inzibati binasında mövcud olan eskalatorun üzərində “Sandoz” məhsulunun reklamı üçün 1239 manat haqq ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli həmin razılaşma üzrə xidmətlərin göstərilmiş olması barədə təhvil-təslim aktı imzalanmışdır.
24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçı tərəfindən görülmüş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli reklam fəaliyyətinin təşkili haqqında müqavilə və onun əlavələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
25. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
31. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
32. Beləliklə, Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2023-cü il tarixli 13-1-2/2-512/2023 nömrəli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 26763,19 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 26763,19 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 2.3cü bəndinə əsasən hesablanmış 6046,80 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1300 manat məbləğində müəyyən edilməlidir.
38. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 26763,19 manat məbləğində əsas borc, 1300 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 150 manat dövlət rüsumu cavabdehə, ödənilmiş qalan 39 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 26763,19 manat məbləğində əsas borc, 1300 manat dəbbə pulu, 150 manat dövlət rüsumu, ümumilikdə 28213,19 (iyirmi səkkiz min iki yüz on üç manat on doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova