Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2431/2023 22.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “borcun silinməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abunə müqaviləsi, borcun silinməsi, icra qeydinin ləğvi, iddia müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “icra qeydinin ləğvi, borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X11” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış abunə müqaviləsi üzrə əsassız hesablanmış 3616,97 manat, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış abunə müqaviləsi üzrə əsassız hesablanmış 1095,06 manat məbləğində borcun silinməsi, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 8İ-1459 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydinin ləğv edilməsi, ödənilmiş 68 manat məbləğində mediasiya xərci və dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Cavabdeh1 MMC tərəfindən İddiaçınə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli pretenziya məktubları təqdim edilmişdir. Məlum olmuşdur ki, X10 ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə abunə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən 3616,97 manat məbləğində ödənilməmiş borc yaranmışdır. Belə ki, bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə görə, Cavabdeh1 MMC mobil telefon şəbəkəsinə qoşulan nömrələri və telekommunikasiya xidmətlərini təmin edir, abunəçi isə müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və müvafiq ödənişləri həyata keçirir. Araşdırma zamanı həmin müqavilənin mövcudluğu və müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsi müəyyən olunmamış, müqavilənin də əvvəlki rəhbər tərəfindən imza olunduğu müəyyən edilmişdir. Bununla bağlı, Cavabdeh1 MMC-yə dəfələrlə məktub göndərilərək həmin borc məbləğinin hansı tarixdə, hansı əməliyyat və ya müqavilə əsasında yaranması barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin Cavabdeh1 MMC tərəfindən iddiaçı X8 bu barədə heç bir məlumat təqdim edilməmişdir. 2.2. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 3641,97 manat məbləğində pul vəsaitinin iddiaçı X2 tutulması barədə icra qeydi aparılmış və icra olunması üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya göndərilərək xx.xx.2014-cü il tarixli abunə müqaviləsinin ləğv edilməsini və əsassız olaraq hesablanan 3 616,97 manat məbləğində borc məbləğinin silinməsi tələb olunmuşdur. 2.3. Bundan əlavə, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli pretenziya məktubundan məlum olmuşdur ki, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə abunə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən 1095,06 manat məbləğində ödənilməmiş borc yaranmışdır. “Professor Ə.Qarayev adına 2 saylı X1” X5 tabeliyinə verilmişdir. Ona görə də iddiaçı X10 tərəfindən Cavabdeh1 MMC-yə dəfələrlə məktub göndərilərək həmin borc məbləğinin hansı tarixdə, hansı əməliyyat və ya müqavilə əsasında yaranması barədə məlumat verilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, X8 bu barədə heç bir məlumat təqdim edilməmişdir. Araşdırma zamanı həmin müqavilənin mövcudluğu və müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsi müəyyən olunmamışdır. Ona görə də xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə pretenziya göndərilərək xx.xx.2014-cü il tarixli abunə müqaviləsinin ləğv edilməsi və əsassız olaraq hesablanan 1095,06 manat məbləğində borc məbləğinin silinməsi tələb edilmişdir. 2.4. Cavabdeh1 MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli abunə müqavilələri barədə iddiaçı X6 heç bir məlumat olmamış, həmin müqavilələr üzrə cavabdeh tərəfindən hesab-fakturalar təqdim olunmamışdır. Həmin müqavilələrin 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, abunəçiyə tarif planına uyğun istifadəsində olan xidmətlərə görə hesab-faktura təqdim olunur. Bundan əlavə, həmin müqavilələrin 7.1-ci bəndində göstərilmişdir ki, hazırkı müqavilədən irəli gələn və tərəflər arasında müzakirə yolu ilə həll oluna bilməyən mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanları tərəfindən həll olunur. Lakin müqavilə şərtlərinə zidd olaraq, Cavabdeh1 MMC tərəfindən borcun tutulması barədə məhkəmə qaydasında deyil, notariusa müraciət edərək icra qeydin aparılması ilə mübahisəni həll etmək qərarına gəlinmişdir. İddiaçı X5 icra olunmayan öhdəliklərini, mövcud olduğu halda, Cavabdeh1 MMC-nin 3 il müddət ərzində tələb etmək hüququ vardır. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən həmin borcun yaranmasına əsas olan sənədləri tələb etmədən, bununla da müvafiq müddətin keçməsini müəyyən etmədən, əsassız olaraq icra qeydi aparmışdır. 2.5. Abunə müqavilələri ilə bağlı yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi məqsədilə iddiaçı tərəfindən Cavabdeh1 MMC-yə təklif göndərilmiş, daha sonra 11 saylı mediasiya təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə iclas təyin edilmişdir. Lakin Cavabdeh1 MMC-yə iclas barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməkdən imtina etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra “Notariat haqqında” Qanun) 76-cı maddəsi göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddianın məzmununa uyğun izahat vermiş və məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, borcun hansı əsasla yarandığını bilmədikləri üçün silinməsini tələb edirlər. Müqavilələr əvvəlki rəhbərliyin dövründə bağlanmışdır, hazırkı rəhbərliyin müqavilədən xəbəri olmamışdır.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək təmin olunmamasını xahiş etdi. Həmçinin bildirdi ki, borc məbləğləri abunə müqavilələri əsasında yaranmışdır. Billinq sistemindən çıxarışlarla da qeyd olunan borc məbləğləri təsdiq olunur. Borc ödənilmədiyi üçün xidmətlər 2023-cü ilin fevral və aprel aylarında dayandırılmış, nömrələr deaktiv edilmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, borcların dəqiq yaranma tarixini göstərə bilməsə də, maliyyə arayışları billinq sistemindən çıxarış əsasında verilir və həmin sistemdən çıxarışla borcun mövcud olduğu təsdiq olunur. Hesab-fakturaların isə göndərilibgöndərilmədiyi barədə dəqiq məlumata malik deyil. İddiaçının göndərdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunu alsalar da, həmin məktubu icra qeydi ilə bağlı notariusa müraciət edərkən təqdim etməmişlər.
6. Cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmənin sonuncu iclasında iddiaçı və Cavabdeh1 MMC-nin nümayəndələri iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
9. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, İddiaçı (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli, “Professor Ə.Qarayev adına 2 saylı X1” (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixli abunə müqavilələri bağlanmış, Cavabdeh1 MMC nömrələri və telekommunikasiya xidmətlərini abunəçiyə təmin etməyi, abunəçi isə xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 xx.xx.2021-ci il tarixli qərarı ilə “X11” X12 yenidən təşkil olunmuş və “Professor Ə.Qarayev adına 2 saylı X1” İddiaçı strukturuna daxil edilmişdir. Eyni zamanda Cavabdeh1 MMC-nin ərizəsi əsasında İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə Cavabdeh1 MMC-nin xeyrinə borclu İddiaçındən 3616,97 manat əsas borc və 25 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023cü il tarixli 8İ-1459 nömrəli icra qeydi aparılmışdır.
10. İddiaçı bildirir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 3616,97 manat, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 1095,06 manat məbləğində borc əsassız olaraq hesablanmışdır. Belə ki, müqavilə əvvəlki rəhbərliyin dövründə bağlanmış, hazırkı rəhbərliyin müqavilədən xəbəri olmamış, müqavilənin mövcudluğu və Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsi müəyyən olunmamışdır. Həmçinin iddiaçı “X9”in icra olunmayan öhdəliklərini mövcud olduğu halda Cavabdeh1 MMC-nin 3 il müddət ərzində tələb etmək hüququ vardır. Ona görə də həmin borcun silinməsini xahiş edir. Həmçinin bildirir ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 borcun yaranmasına əsas olan sənədləri tələb etmədən, bununla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətlərinin keçdiyini müəyyən etmədən, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinin tələblərini pozaraq əsassız olaraq icra qeydi aparmışdır. Buna görə də xx.xx.2023-cü il tarixli 8İ-1459 nömrəli icra qeydinin ləğv edilməsini xahiş edir.
11. Cavabdeh iddiaya etiraz edərək təmin olunmamasını xahiş edir və bildirir ki, tərəflər arasında bağlanmış abunə müqavilələrinə əsasən cavabdeh xidmətlər göstərmiş, borclar hesablanmış, dəyəri ödənilmədiyi üçün xidmətin göstərilməsi hazırda dayandırılmışdır. Billinq sistemindən çıxarışla da borclar təsdiq olunur.
a) İcra qeydinin ləğvi tələbi ilə bağlı
12. İddiaçı Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 8İ-1459 reyestr nömrəsi ilə qeydə alınmış icra qeydinin ləğv edilməsini xahiş edir.
13. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 ilə mediasiya prosesindən keçdiyini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə bildirir ki, mediasiya institutu tərəflərinin mübahisəni məhkəmə müstəvisinə çıxarmamışdan əvvəl mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllini nəzərdə tutan prosesdir. Bu prosesin əsas məqsədi mübahisənin məhkəmə vasitəsi ilə deyil, məhz tərəflərin iradə seçimi əsasında həll edilməsidir. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, icra qeydini vermiş notariusun belə qeydi ləğv etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Tərəflərin mübahisəni mediasiya prosesində həll etməsi mümkün olmadığı hazırkı halda tələbin qeyd olunan hissəsi ilə bağlı iddiaçının xüsusi notarius ilə mediasiya prosesindən keçməsi tələbini irəli sürmək ağlabatan olmayan, lüzumsuz bir hüquqi tələb olar. Qeyd olunanlara əsasən məhkəmə icra qeydinin ləğvi ilə bağlı tələbə baxıb mübahisəni həmin hissədə həll edir.
14. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir...Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
15. Qanunun tələbindən görünür ki, notarius tərəfindən icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçmədiyi halda aparıla bilər. Həmçinin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
16. Məhkəmə qeyd edir ki, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib edilmiş bildirişin göndərilməsi, borclunun cavab məktubunun icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunması tələbinin irəli sürülməsində məqsəd borcun mübahisəsiz olduğunun notarius tərəfindən müəyyən edilə bilməsidir.
17. Borcluya göndərilməli olan qeyd olunan bildirişin forması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasında əks olunmuşdur. Bildiriş formasından görünür ki, bildirişdə borcun yaranma əsası və borc barədə dəqiq məlumatlar göstərilməli və borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı qeyd olunmalıdır.
18. Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təqdim olunan icra qeydi ilə bağlı iş materiallarında tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə borcluya göndərilən bildiriş olmamış, icra qeydinin aparılacağı barədə borcluya göndərilən bildirişin məhkəməyə təqdim olunması barədə məhkəmənin təklifi əsasında Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli bildiriş məhkəməyə təqdim olunmuşdur.
19. Həmin bildirişdən görünür ki, borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat qeyd olunmamış, ümumi qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir.
20. Bundan başqa, iddia ərizəsinə əlavə olunan iddiaçı tərəfindən Cavabdeh1 MMCyə göndərilən xx.xx.2022-ci il tarixli cavab məktubundan (səhifə 43) görünür ki, iddiaçı barəsində icra qeydi verilən borc məbləğinin hansı tarixdə, hansı əməliyyat və ya müqavilə əsasında yaranmasının naməlum olduğunu bildirmiş, məsələnin araşdırılıb onlara məlum verilməsini xahiş etmişdir. Göründüyü kimi, barəsində icra qeydi verilən borc məbləği borclu (iddiaçı) tərəfindən mübahisələndirilmişdir. Məhkəmənin sualına cavab olaraq Cavabdeh1 MMC-nin nümayəndəsi/vəkili iddiaçının qeyd olunan cavab məktubunun icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmadığını təsdiq etmişdir.
21. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdeh1 MMC tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə borcluya göndərilən bildirişin forması ilə bağlı tələbə əməl etməyərək borc barəsində icra qeydi aparılacağı barədə iddiaçıya məlumat verməmiş, iddiaçı qeyd olunan borc məbləğini xx.xx.2022-ci il tarixli cavab məktubu ilə mübahisələndirdiyi halda Cavabdeh1 MMC həmin cavab məktubunu icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə etmədən xx.xx.2023-cü il tarixdə notariusa müraciət etmişdir. Beləliklə, notarius tərəfindən yalnız borcun mübahisəsiz olduğu halda icra qeydinin aparılmasının mümkünlüyü barədə qanunvericiliyin tələbləri pozulmuşdur.
22. Bundan başqa, təqdim olunan müqavilələrdən və billinq sistemindən çıxarışa əsaslanan məlumatlardan borcun dəqiq yaranma tarixi və öhdəliyin icra tarixi dəqiq müəyyən olmadığı halda notarius tərəfindən icra qeydi aparılmaqla icra qeydinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılmalı olması ilə bağlı da qanunvericiliyin tələbləri pozulmuşdur.
23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələbləri pozulmaqla aparılmışdır, ona görə də tələbkar Cavabdeh1 xeyrinə borclu İddiaçındən 3616,97 manat əsas borc və 25 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 apardığı xx.xx.2023-cü il tarixli 8İ-1459 nömrəli icra qeydi ləğv edilməlidir.
b) Borcun silinməsi tələbi ilə bağlı
24. İddiaçı İddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış abunə müqaviləsi üzrə əsassız hesablanmış 3616,97 manat, “Professor Ə.Qarayev adına 2 saylı X1” ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanılmış abunə müqaviləsi üzrə əsassız hesablanmış 1095,06 manat məbləğində borcun silinməsi tələbini irəli sürür və tələbinin əsası kimi borcun əsassız hesablandığını, müqavilənin əvvəlki rəhbərliyin dövründə bağlandığını, hazırkı rəhbərliyin müqavilədən xəbəri olmadığını, müqavilənin mövcudluğu və müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən hesab-fakturaların təqdim edilməsinin müəyyən olunmadığını, iddiaçının icra olunmayan öhdəliklərinin mövcud olduğu halda Cavabdeh1 MMC tərəfindən 3 il keçənədək müddət ərzində tələb etmək hüququ olduğunu qeyd edir.
25. İddia ərizəsinə əlavə olunan müqavilələr əsasında müəyyən olunur ki, İddiaçı (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə, “Professor Ə.Qarayev adına 2 saylı X1” (abunəçi) ilə Cavabdeh1 MMC arasında xx.xx.2014-cü il tarixdə abunə müqavilələri bağlanmış və müqavilənin hər iki tərəflə imzalandığı tarixdən etibarən qüvvəyə minməsi və müqavilə ilə nəzərdə tutulmuş qaydada xitam verilənədək etibarlı hesab olunması razılaşdırılmışdır (9.1-ci bənd).
26. İddia ərizəsinə əlavə olunan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı qeyd olunan müqavilələrin ləğvi ilə bağlı iradə ifadəsini irəli sürmüşdür. Cavabdeh qeyd olunan müqavilənin birtərəfli qaydada ləğvini mübahisələndirməmiş, əksinə billinq sistemindən çıxarışdan görünür ki, xidmətlərin göstərilməsini dayandırmışdır. Beləliklə, müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə müraciət olunanadək abunə müqavilələri qüvvədə olmuşdur.
27. Cavabdehin təqdim etdiyi billinq sistemindən çıxarışın əks olunduğu maliyyə arayışlarından görünür ki, ayrı-ayrı nömrələr üzrə xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 3615,97, xx.xx.2014-cü il tarixli abunə müqaviləsi üzrə 1095,06 manat borcun olduğu təsdiqlənir.
28. Məhkəmə ilk növbədə qeyd edir ki, müqavilələr müvafiq müəssisələrin adından bağlanmış və möhürləri ilə təsdiq olunmuşdur. “X11”nin əsasında publik hüquqi şəxs yaradılmış və “Professor Ə.Qarayev adına 2 saylı X1” da həmin X12n strukturuna daxil edilmişdir. Hüquq varisliyi qaydasında qeyd olunan müəssisələrin öhdəliklərinə görə cavabdehlik daşıyan iddiaçının müəssisənin rəhbərinin dəyişməsi əsası ilə iddiasını əsaslandırmağa çalışması qəbul edilən deyildir.
29. Bundan başqa, iddiaçı ərizəsində iddiasının faktiki əsası kimi müqavilələrin mövcudluğunun və hesab-fakturaların təqdim edilməsinin müəyyən olunmadığı qeyd edir. Lakin iddiaçının özü iddia ərizəsinə həmin müqavilələri əlavə etmişdir. Hesab-fakturaların təqdim edilməməsinin borcun əsassız hesab olunması tələbinin əsası kimi çıxış etməsi ilə bağlı məhkəmə qeyd edir ki, müqaviləyə əsasən "xxxx" MMC-nin hesab-faktura təqdim etmək öhdəliyi nəzərdə tutulsa da, abunə müqavilələrin 4.3-cü bəndinə əsasən müntəzəm olaraq balansı yoxlamaq və müsbət olmasını təmin etmək (4.3.1), vaxtlıvaxtında xidmətlərdən istifadəyə görə və Cavabdeh1 tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək (4.3.2), müqavilədə nəzərdə tutulmuş xidmətlərdən imtina edərsə, bu haqda "xxxx"a əvvəlcədən rəsmi yazılı qaydada müraciət etmək (4.3.12) abunəçinin öhdəliklərinə aid edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur və billinq sistemindən çıxarış məlumatları ilə hər iki müqavilə üzrə borcların olması təsdiq olunur. Həmçinin nəzərə alınmalıdır ki, hesab-fakturanın təqdim olunması ödəniş qaydasını müəyyən edən sənəd qismində çıxış edir. Belə olan halda, hesab-fakturanın təqdim olunmaması borcun mövcud olduğunu inkar edən fakt qismində çıxış edə bilməz.
30. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin hüquqi əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin hüquqi əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin hüquqi əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin hüquqi əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi qiymətləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
31. İddiaçı tələbinin hüquqi əsası kimi cavabdehin 3 il müddət ərzində tələb etmək hüququ olduğunu qeyd edir və bunu icra qeydinin aparılması ilə bağlı “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulmuş – “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır” normasının fonunda qeyd edir.
32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddətləridir və mülki qanunvericilikdə əks olunan iddia müddətləri institutu kreditor (iddiaçı) tərəfindən müvafiq tələb irəli sürüldüyü halda borclunun (cavabdehin) ərizəsi əsasında tətbiq olunan və bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olan müddətdir. Hazırkı halda iddiaçının iddia müddətinə istinad etməklə borcun silinməsini tələb etməsi əsassızdır.
33. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin hüquqi əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Məhkəmə tərəfindən borcun silinməsi tələbinin başqa hüquqi əsası isə müəyyən olunmur.
34. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi borcun silinməsi hissəsində əsassızdır və təmin olunmamlıdır.
c) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı həmçinin 65 manat mediasiya xərcinin, 03 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. Həmin Məcəllənin 112.1 və 112.1.7-cı maddəsinə əsasən iddianın qiyməti ödəmə ya xitam verilməsi haqqındakı iddialarda – qalan ödəmə və ya vermənin məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir.
38. Hazırkı iş üzrə 4712,03 manat borcun silinməsi tələbi qiymətləndirilən iddia olmaqla ödənilməli dövlət rüsumunun məbləği 68 manat təşkil edir. İddiaçı həmin məbləğin əvəzinin tutulmasını xahiş edir.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə borcun silinməsi tələbinin təmin olunmadığını nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş 65 manat və ödənilmiş 3 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Tələbkar Cavabdeh1 xeyrinə borclu İddiaçındən 3616,97 manat əsas borc və 25 manat dövlət rüsumunun tutulması barədə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 xx.xx.2023-cü il tarixli 8İ-1459 nömrəli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Nərmin Əhmədova