Məhkəmə qərarları › İş №e-2-2(113)-2433/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2433/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2433/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: əvəzsiz istifsdə müqaviləsi, dəbbə pulu tələbi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (istifadəyə verən) ilə Cavabdeh (istifadəçi) arasında xx.xx.2022-cu il tarixdə “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” KOD-S136\2022 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən istifadəyə verən satışımı təşkil etdiyi spirtli və spirtsiz içkilərin istifadəçi tərəfindən üçüncü şəxslərə sərinləşdirilmiş şəkildə satılmasını, satışının həcminin artırılmasını və reklamını təşkil etmək üçün bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş (istifadəyəverənin mülkiyyətində olan) soyuducuları istifadəçiyə əvəzsiz istifadəyə verməyi, İstifadəçi isə İstifadəyəverənin tələbi ilə bu müqavilənin 2.1.1-ci bəndində göstərilmiş avadanlıqları işlək vəziyyətdə (normal köhnəlmə nəzərə alınmaqla) geri qaytarmağı öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə əsasən mülkiyyətində olan (ümumi dəyəri 600 manat olan 1 ədəd İce Stream "Smart Cool-350P" markalı) soyuducunu İstifadəçiyə əvəzsiz istifadəyə verir. İstifadəyə verilmiş soyuducu üçün heç bir formada istifadə haqqı tələb etmir. 2.1.2-ci bəndinə əsasən soyuducunu İstifadəçinin istifadə üçün yararlı vəziyyətdə, əmtəə görkəmli və heç bir xəsarəti olmayan formada İstifadəçiyə Əlavə №1-də göstərilən təhvil-təslim aktı vasitəsi ilə təhvil verir. 2.7-ci bəndinə əsasən müqaviləyə istənilən səbəbdən xitam verildikdə, istifadəçi soyuducunu qəbul etdiyi vəziyyətdə onun normal köhnəlməsini nəzərə alaraq, 5 gün ərzində geri qaytarılmasını təmin edir. İstifadəçi soyuducunun göstərilən müddət ərzində təhvilini təmin etmədikdə, soyuducunun dəyərinin 2 misli həcmində “istifadəyəverən”ə cərimə ödəməlidir. 2.9-cu bəndinə əsasən İstifadəyəverən istifadəyə verilən soyuducunun istənilən vaxt geri qaytarılmasını tələb edə bilər. Belə tələb irəli sürüldükdən sonra 5(beş) gün ərzində İstifadəçi tərəfindən soyuducu geri qaytarılmadıqda və ya bu Müqavilənin 2.1.2-ci maddənin tələblərinə uyğun olmayan vəziyyətdə geri qaytardıqda İstifadəyəverənin soyuducunun dəyərinin 2 misli həcmində cərimə tələb etmək hüququ yaranır. 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun İstifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin bu Müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda İstifadəçi əmlakın ümumi dəyərinin 2 mislini İstifadəyəverənə ödəyir. 4.2-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və İstifadəyəverən tərəfindən soyuducunun geri verilməsi haqqında tələb irəli sürülənədək qüvvədədir. Müddət bitdikdə tərəflər etiraz etməzsə müqavilə eyni müddətə yenidən bağlanmış sayılır. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” xx.xx.2022-cu il tarixli KOD- S136\2022 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən ümumi dəyəri 600 manat olan 1 ədəd İce Stream "Smart Cool-350P" markalı soyuducu Cavabdeh tərəfindən imzalanmaqla təhvil alınmışdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, ümumi dəyəri 600 manat olan 1 ədəd İce Stream "Smart Cool-350P" markalı soyuducunun qaytarılmadığı halda soyuducunun dəyərinin 2 misli həcmində yəni 1200 manatın, əlavə olaraq məhkəmə xərclərinin, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 faiz tələb olunacağı bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh (VÖEN: **********) “X1 Cool-350P” soyuducusunun əvəzi olaraq 1200 manatın və 32 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, istifadəyəverən İddiaçı MMC ilə istifadəçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixli KOD-S 136/2022 saylı “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə, həmin müqaviləyə 01 saylı əlavə olan “Təhviltəslim” AKT-ı imzalanmış və sonuncuya dəyəri 600 (altı yüz) manat olan “X1 Cool-350P” soyuducusu verilmişdir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən istifadəyə verilən soyuducunun istifadəçi tərəfindən normal fiziki aşınma halı istisna olmaqla, normalara uyğun olmayan şəraitdə istismar edilməsi, hər hansı formada üçüncü şəxsə verilməsi, itirilməsi, istifadəyə yararsız hala düşməsi aşkar edildikdə, həmçinin müqavilənin 2.1.2-ci bəndinin tələbləri pozulduqda istifadəçi əmlakın ümumi dəyərinin 2 mislini istifadəyəverənə ödəyir. İstifadəçiyə soyuducunun qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə pretenziya məktubu göndərilmiş, lakin soyuducu qaytarılmamışdır.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

7. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tərəfindən 1 ədəd soyuducu verilib, onu da təhvil vermişdir. Hər il soyuducunu özlərinə qaytarırdı, sonra işlər başlayanda yenidən alırdı. Həmin soyuducunu gətirənlərin kim olduğunu bilmir, ona görə də onlarla əlaqə saxlaya bilmir. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, noyabrın 1-də soyuducunu iddiaçıya qaytarmışdır. Soyuducunu maşınla götürməyə gəliblər, o da təhvil vermişdir. Soyuducunu aparmaq barədə yazılı sənəd verilməyib.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

13. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 733.1-ci maddəsinə görə əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. - 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

14. AR MPM-in:

-14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

15. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-cu il tarixli “Soyuducuların əvəzsiz istifadəyə verilməsi haqqında” KOD- S136\2022 saylı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, 1 ədəd soyuducunu cavabdehin əvəzsiz istifadəsinə vermişdir.

17. Hazırda iddiaçı tərəflər arasında bağlanmış əvəzsiz istifadə müqaviləsi üzrə əvəzsiz istifadəyə verilmiş soyuducunun cavabdeh tərəfindən itirildiyini və bununla da cavabdehin müqavilə öhdəliklərini pozduğunu iddia edərək, cavabdehdən ümumi dəyəri 600 manat olan soyuducunun dəyərinin 2 misli - 1200 manat məbləğində cərimənin tutularaq İddiaçı MMC-yə ödənilməsini tələb edir. Cavabdeh isə iddiaya etiraz olaraq öz növbəsində sözügedən soyuducunun hazırda onun istifadəsində olmadığını, soyuducunu 2023-cü ilin noyabrında iddiaçının nümayndələrinə qaytardığını bildirir.

18. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi əvəzsiz istifadə müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə soyuducu təqdim edilməsi işin mübahisəsiz halıdır.

19. İşin mübahisəli halı isə müqavilənin predmeti olan soyuducunun iddiaçıya qaytarılıb-qaytarılmaması ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh müqavilənin predmeti olan soyuducunu iddiaçının nümayəndələrinə təqdim etdiyini iddia etsə də, göstərilən halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Belə olan halda məhkəmə əvəzsiz istifadəyə verilmiş soyuducunun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasının iş materiallarını öz təsdiqini tapmadığını, eləcə də cavabdehin həmin soyuducunun hazırda onun sahibliyində və istifadəsində olmamasını təsdiq etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı əvəzsiz istifadə müqaviləsinə əsasən istifadəsinə verilmiş soyuducunu itirməklə müqavilə öhdəliklərini pozmuşdur. Odur ki, iddiaçı soyuducunun itirilməsinə görə müqavilənin 2.10-cu bəndində nəzərdə tutulmuş cərimənin cavabdehdən tutulmasını tələb etmək hüququna malikdir. 21.Cərimənin məbləğinə gəldikdə məhkəmə tələb olunan cərimənin itirilmiş soyuducunun dəyərinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən azaldılaraq cavabdehdən tutulacaq cərimə 650 məbləğində müəyyən edilməlidir.

22. Odur ki, iddia qismən təmin edilməli, Cavabdehdan 650 manat məbləğində cərimə tutularaq İddiaçı MMC ödənilməlidir.

23. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 32 manat təşkil edir.

25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 650 manat məbləğində cərimə və dövlət rüsumunun əvəzi olaraq 17 məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar