Məhkəmə qərarları › İş №e-2-2(113)-2447/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2447/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2447/2025 06.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, öhdəliyin icrası, illik 5%, əldən çıxmış fayda) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, iddiaçı “X4” MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı “X4” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RAM/RF-03/06 saylı xidmət müqaviləsi üzrə əsas borc 5000 manat, 900 manat ƏDV olmaqla, cəmi 5900 manat olmaqla qalıq borcunun, yekun borc məbləğinin indiyədək gecikdirilməsinə görə illik 5 % üzrə 123 manat faiz məbləğinin, bank uçot fazi dərəcəsinə uyğun 178,20 manat zərər məbləğinin, 150 manat Vəkil xidmət haqqının və 83,52 manat əsas iddia üzrə, 10 manat MTT ərizəsi üzrə ödənilmiş dövlət rüsumlarının, ümumilikdə 6444,72 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024cü il tarixli, RAM/RF-03/06 saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi "xxxx" MMC-yə texnikalar ilə müqavilə üzrə razılaşdırılmış xidmətləri göstərmişdir. Ərizəçi – İcraçı “X4” MMC borcluya "xxxx" MMC-ə indiyədək özünə məxsus texnikalarla ümumi dəyəri ƏDV daxil 7670 manat dəyərində xidmətlər həyata keçirtmişdir. Borclu (cavabdeh) "xxxx" MMC göstərilmiş xidmətlər qarşılığında indiyədək ərizəçiyə bu xidmətlər qarşılığında xx.xx.2024-cu il tarixdə 1500 manat əsas, 270 manat ƏDV olmaqla cəmi 1770 manat ödəniş etmişdir. Lakin borclu-cavabdehin ərizəçi-iddiaçıya göstərilmiş xidmətlərə görə xx.xx.2024-cü tarixli, MT2410 seriyalı, 10574282 №-li e-qaimə əsasında 5000 manat əsas, 900 manat ƏDV olmaqla, cəmi 5900 manat olmaqla borcu qalmaqda davam edir. Baxmayaraq ki, vurulmuş sözügedən e-qaimə elektron vergi sistemi tərəfindən təsdiq edilmişdir, bu vaxta qədər həmin qaiməyə etiraz və ya düzəliş borclu tərəfindən geri dönüş edilməmişdir. Bu da onun göstəricisidir ki, borc inkar edilmiş və mübahisə edilməyən öhdəliyə əsaslanır. Borcluya göstərilən xidmətlər və bunlara dair vurulmuş e-qaimə üzrə formalaşmış borca dair Tərəflər arasında borcu yaradan qaimənin vurulduğu tarixdə, yəni xx.xx.2024-cü il tarixdə 2 №-li X5 tərtib edilmiş, yekun ödəniləcək 5900 manat məbləğ hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiqlənmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 4.1-ci maddəsinə əsasən “Bu Müqavilənin icrası ilə əlaqədar yaranmış fikir yrılığı və mübahisələr ilk оlаrаq Tərəflər arasında danışıqlar yolu ilə həll ediləcək .....” kimi müddəa razılaşdırılmışdır. Bunu rəhbər tutaraq ərizəçi və iddiaçı borcunu ödəməsi barədə borluya (cavabdehə) elektron vergi kabineti vasitəsi ilə 27.01.25-ci il tarixdə pretenziya məktubu göndərilmiş, ona borcunu ödəməsi üçün 5 iş günü möhlət verilmişdir. Lakin pretenziyada göstərilən müddətdə borclu heç bir reaksiya verməmiş, borcun nə vaxt və hansı qaydada ödəniləcəyinə dair məlumat verməmiş, bununla da məsələnin məhkəmədən kənar sülh yolu ilə həllində dolayısı ilə maraqlı olmadığını nümayiş etdirmişdir. Tərəflər arasında imzalanmış sözügedən müqavilənin 2.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə göstərilən xidmətlərə görə xidmət haqqı hər təqvim ayı üzrə "Sifarişçi" tərəfindən verilmiş sifarişlər əsasında müvafiq Əlavədə razılaşdırılmış qiymətlərə müvafiq olaraq hesablanaraq müəyyən olunacaq. Həmin maddənin davamı olaraq 2.2-ci maddə isə müəyyən edir ki, müqavilənin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunan xidmət haqqı İcraçı tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaima-faktura va təhvil-təslim aktı asasında bu sənədlərin təqdim еdilməsiпdэп sопrа 15 (on bеş) -30 (otuz) təqvim günü ərzində bank köçürməsi yolu ilə Аzərbаусап manatında ödəniləcək. Cavabdeh tərəfindən bu şərt indiyədək kobud şəkildə pozulmuş və təqdim edilmiş qaimə və akta əsasən ödəniş öhdəliyindən əsassız olaraq yayınmış və bu barədə iddiaçıya üzürlü sayılacaq heç bir məlumat verməmişdir. Sonuncu elektron qaimə “08”.10.2024-cü il tarixdə cavabdehə göndərilsə də cavabdeh müqavilənin bu şərtinə və üzərinə götürdüyü öhdəliyinə zidd davranış nümayiş etdirmiş və indiyədək də etdirməkdə davam edir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü tarixli, MT2410 seriyalı, 10574282 №-li eqaimə əsasında yaranmış 5000 manat əsas, 900 manat ƏDV olmaqla, cəmi 5900 manat borcun gecikdirilmə vaxtı artıq 08 Oktyabr 2024-cü il tarixdən 15 təqvim günü ilə hesablasaq 24 Oktyabr tarixindən 2024-cü il üzrə 24 Noyabr, 24 Dekabr, 2025-ci il üzrə 25 Yanvar, məhkəmədə işin olacağı təxminin dövrlər olaraq 25 Fevral və 25 Mart tarixlərini də üzərinə gəlsək, o zaman 5 ay üzrə 5900 manat üçün illik 5% məbləği 5900 : 5 = 295 , 295:12= 24.60 bir ay üçün o zaman 5 ay üçün 5 x 24.60 = 123 manat təşkil edəcəkdir. Beləliklə ümumi gecikdirilmiş məbləğ üzrə ödəniləcək illik 5 % üzrə məbləğ 123 manat təşkil edir. Mərkəzi Bankdan sorğuya cavabda göstərilmiş məlumata əsasən xx.xx.2024-cü il tarixdən indiyədək olan infilyasiya uçot dərəcəsinin 7.25 olduğuna istinad edərək xx.xx.2024-cü il tarixli aktı üzrə hesablanmış 5900 manat borca 15 təqvim günü ödəniş üçün gözləməklə xx.xx.2024-cü il tarixdən etibarən 2024-cü il üzrə 24 Noyabr, 24 Dekabr, 2025-ci il üzrə 25 Yanvar, məhkəmədə işin olacağı təxminin dövrlər olaraq 25 Fevral və 25 Mart tarixlərini də üzərinə gəlsək, o zaman 5 ay üzrə 5900 manat üçün uçot faiz dərəcəsini minimum 7,25% ilə götürsək illik zərər 427,75 manat, aylıq isə 35,64 manat təşkil edəcəkdir. Gecikmə aylarının sayına müvafiq olaraq (5 ay x 35,64 aylıq zərər məbləği) sözügedən akt üzrə zərər məbləği 178,20 manat təşkil edəcəkdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 442, 443.1, 445.7, 449, 449.1, 449.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edib, suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında əvvəllər işgüzar münasibətlər olmamış, ilk işgüzar münasibətləri bu olmuş, əlavə müqavilə münasibətləri olmamışdır. Sonda isə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etdiklərini, hüquqi cəhətdən hazırda şirkətin borcu olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “İcraçı” İddiaçı MMC ilə “Sifarişçi” "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № RAM/RF-03/06 Xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən "İcraçı" "Sifarişçi"nin sifarişi əsasında Müqavilənin Əlavələrində razılaşdırılmış xidmətləri göstərməyi, "Sifarişçi" isə razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, "İcraçı" razılaşır ki, Əlavələrdə razılaşdırılmış müvafiq avadanlıqlar, nəqliyyat vasitələri və ya texnika üzrə qiymət cədvəlinə müvafiq olaraq "Sifarişçi" tərəfindən vaxtaşırı verilən sifarişlərə uyğun olaraq müvafiq avadanlıqları, nəqliyyat vasitələrini və ya texnikanı "Sifarişçi"nin təyin etdiyi yerdə bu Müqavilədə, həmçinin müvafiq sifarişdə göstərilmiş digər şərtlər əsasında "Sifarişçi"nin xeyrinə və onun göstərişlərinə müvafiq olaraq istismara verəcəkdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Müqavilənin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən olunan xidmət haqqı icraçı tərəfindən hər təqvim ayı üzrə təqdim olunacaq hesab-faktura, elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında bu sənədlərin təqdim edilməsindən sonra 15 (on beş) - 30 (otuz) təqvim günü ərzində bank köçürməsi yolu ilə Azərbaycan manatında ödəniləcəkdir. Müqavilənin 3.2.1-ci bəndinə əsasən, “Sifarişçi” Xidmətlərə görə ödənişi müqavilədə göstərilən vaxtda yerinə yetirməlidir. Müqavilənin 9.1-ci bəndinə əsasən, Müqavilə 03 iyun 2024-cü il tarixindən qüvvəyə minir və 03 iyun 2025-ci il tarixinə qədər qüvvədədir. Tərəflərdən heç biri bu müddət ərzində və ya bu müddətin sonunda müqaviləni ləğv etmək istəməsə, Müqavilənin qüvvədə olması müddəti hər növbəti il üzrə uzadılır. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, № RAM/RF-03/06 Xidmət müqaviləsinə 1 saylı Əlavəyə əsasən, tərəflər Müqavilənin 1.2-ci maddəsinin tələblərindən irəli gələrək avadanlıqların, nəqliyyat vasitələrinin və texnikanın siyahısını, növünü və müvafiq istismar qiymətlərini, “Səbət Z 45” avadanlığını 10 gün müddətinə (günlük qiyməti 150 manat) cəmi 1500 manat olmaqla təsdiq edirlər. Qiymətlər ƏDV xaric göstərilmişdir. Bu Əlavədə tənzimlənməyən məsələlərə Müqavilənin qayda və şərtləri tətbiq olunur. Bu Əlavədə istifadə olunan anlayışlar onlara Müqavilədə təyin olunmuş mənaları ifadə edir. Bu Əlavə 2 səhifədə Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik 2 (iki) nüsxədə Sifarişçi və icraçı tərəfindən qarşılıqlı təsdiqlənir və hər bir tərəfdə bir orijinal nüsxə saxlanılır. Texnikaların icarəsi iş saatı 09:00-18:00 olaraq hesablanır. Əlavə saat üçün olan qiymət: 1 saat = 30 AZN müəyyən olunur. Yemək və yanacaq İcraçı tərəfindən qarşılanır. xx.xx.2024-cü il tarixli, İşi tamamlama 002 nömrəli Aktdan müəyyən olunur ki, “icarəyə verən” adlanacaq İddiaçı MMC tərəfindən “İcarəçi” adlanacaq "xxxx" MMC-yə 2 ay ərzində (Dövr 01.07.24 - 31.08.24) “Geni Z45” qaldırıcı qurğusu icarəyə verilmişdir. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən arayışın tərtib olunduğu cari tarixə olan maliyyə məlumatları və qarşılıqlı imzalanmış Aktlara əsasən "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılmış “03” iyun 2024-cü il tarixli, RAM/RF- 03/06 nömrəli xidmət Müqaviləsi üzrə təqdim olunmuş qaimələr əsasında xx.xx.2024-cü il tarixli MT2410 seriyalı 10574282 №-li Cavabdeh MMC -nin 5000 manat əsas, 900 ƏDV olmaqla, cəmi 5900 manat borcu yaranmışdır. MT2410 seriyalı, 10574282 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 5900 manat məbləğində xidmət göstərilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MMC "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubuna əsasən, xx.xx.2024-cü il tarixli MT**********82 saylı qaiməyə əsasən ƏDV daxil 5900 manat məbləğində borcun 5 (beş) iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə yaranan mübahisənin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli, **********19 nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 83,52 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn icarə münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin adı xidmət müqaviləsi olmasına baxmayaraq tərəflər arasında faktiki olaraq icarə münasibətləri olmuşdur. İddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə əsasən ona məxsus texnikanı, “Geni Z45” qaldırıcı qurğusunu 2 ay ərzində (01.07.24 - 31.08.24) icarəyə vermiş, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (e-qaimə, X5) öz təsdiqini tapır, cavabdeh iddiaya heç bir etiraz etməmiş, borcu olduğunu qəbul etmişdir. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1-ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır və onun tələbi haqlıdır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, yəni 5900 manat icarə haqqını ödəmədiyini, belə olan halda isə iddiaçının icarə haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edirəm ki, iddia tələbi həmin hissədə əsaslıdır, buna görə də 5000 manat əsas borc, 900 manat ƏDV borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 123 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 5 aydan artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini (5900x5%=295/12ay≈24,59x5ay≈123) tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa iddiaçı cavabdehdən bank uçot faiz dərəcəsinə uyğun 178,2 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 83,52 manat dövlət rüsumunun 80,23 manatının və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 150 manat xidmət haqqının hazırkı işin hallarına uyğun olaraq ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 150 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RAM/RF-03/06 saylı xidmət müqaviləsi üzrə 5000 manat əsas borc, 900 manat ƏDV olmaqla, cəmi 5900 (beş min doqquz yüz) manat məbləğində borc, illik 5 % ilə hesablanmış 123 (yüz iyirmi üç) manat pul vəsaiti, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 150 (yüz əlli) manatın və ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat 23 (iyirmi üç) qəpiyin əvəzi tutularaq iddiaçı “X4” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar