Məhkəmə qərarları › İş №e-2-2(113)-2458/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2458/2021

08.05.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2458/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, “İddiaçı Company Ltd” şirkətinin ləğv prosesində olan "xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı ləğvetmə komissiyasının məktubunun etibarsız hesab edilməsi və tələbin qəbul edilməsi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “İddiaçı Company Ltd” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx” Sığorta Şirkəti ASC-nin ləğvetmə komissiyasının 169 nömrəli, 13 aprel 2021-ci il tarixli məktubunu etibarsız hesab edən və tələbin qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə "xxxx” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır və 17 avqust 2020-ci il tarixli qərara əsasən, sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir. Həmin məlumat “Azərbaycan” qəzetinin 17 sentyabr 2020-ci il tarixli nəşrində rəsmi dərc edilmişdir və həmin tarixdən şirkətin kreditorları 60 gün ərzində öz tələblərini irəli sürməli idi. “İddiaçı Company Ltd” şirkəti təkrarsığortaçı kimi şirkətin sığortaladığı riskləri şirkət ilə 19 iyun 2015-ci il tarixli çərçivə təkrarsığorta müqaviləsi əsasında təkrarsığortalamışdır. Şirkətin müflis elan edilməsi tarixinə belə təkrarsığortaolunmalara görə şirkətin “İddiaçı Company Ltd” qarşısında 1157665,06 manat məbləğində borc yığılmışdır. “İddiaçı Company Ltd” şirkəti kreditor qismində həmin məbləğdəki tələbini müvafiq qaydada şirkətin ləğvetmə komissiyasına 16 noyabr 2020-ci il tarixində təqdim etmişdir. 14 aprel 2021-ci il tarixində Şirkətin ləğvetmə komissiyasından alınmış (169 nömrəli, 13 aprel 2021-ci il tarixli) məktubda bildirilmişdir ki, “İddiaçı Company Ltd” şirkətinin tələbi, müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğvetmə komissiyası tərəfindən qəbul edilməmişdir. 13 iyun 1997-ci il tarixli, 326-İQ nömrəli “Müflisləşmə və iflas haqqında” qanunun 45.2 maddəsinə əsasən əmlak inzibatçısı (Şirkətə əmlak inzibatçısı kimi ləğvetmə komissiyası təyin edilib) tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı səbəblərin yazılı izahını hazırlayıb dərhal poçtla kreditora göndərməlidir. Lakin, sözügedən halda, şirkətin ləğvetmə komissiyası beş aydan sonra heç bir əsaslandırmanı gətirmədən tələbi rədd etmişdir. Habuki, tələbin rədd edilməsi üçün əsas yox idi və bütün şərt və müddətlərə riayət olunmuşdur. Tələb “Müflisləşmə və iflas haqqında” qanunun 43.2 maddəsinin tələblərinə uyğun olaraq verilmişdir (əks halda, ləğvetmə komissiyası həmin maddədə qeyd edilən şərtlərin pozulmasını qeyd edə bilərdi, lakin uyğunsuluğun olmadığından suni şəkildə tələbi rədd etdi). Belə olan halda, əsası gətirilmədən edilən və əsassız olaraq gecikdirilən rəddetmə qəbulolunmazdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə 3 halda işin icraatına xitam verilə bilər: 1) İş məhkəməyə aid olsa da, mülki məhkəmə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xəta) baxılmalı olduqda; 2) İş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; 3) İş ümumiyyətlə şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 45.2 və 45.3-cü maddəsinə əsasən əmlak inzibatçısı tələbi tamamilə və ya qismən rədd etdikdə bunun üçün əsaslandığı səbəblərin yazılı izahını hazırlayıb dərhal poçtla kreditora göndərməlidir. Kreditor öz tələbi barəsində əmlak inzibatçısının qərarı ilə razı olmadıqda həmin qərarın ləğvi və ya dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilər. Bu barədə ərizə maddənin 2-ci bəndinə müvafiq surətdə göndərilmiş izahın alındığı gündən 21 gün müddətində təqdim edilməlidir. Qeyd olunan normanın məzmunundan da görünür ki, qanunvericilikdə məhkəməyə iddia icraatı qaydasında müraciət olunması deyil, qərarın ləğvi və ya dəyişdirilməsi barədə ərizə ilə müraciət olunması nəzərdə tutulmuşdur. Ləğv prosesində olan "xxxx” Sığorta Şirkəti ASC-nin “İddiaçı Company Ltd” şirkətinə ünvanladığı 13 aprel 2021-ci il tarixli məktubda da kreditor tələbinin qəbul edilməməsindən narazı qalındığı təqdirdə ləğvetməyə nəzarəti həyata keçirən Bakı Kommersiya Məhkəməsinə (hakim – Leyla Əliyeva) müraciət edilməsi izah olunmuşdur. Buna görə də hesab edirəm ki, “İddiaçı Company Ltd” şirkətinin ləğv prosesində olan "xxxx” Sığorta Şirkəti ASC-yə qarşı ləğvetmə komissiyasının məktubunun etibarsız hesab edilməsi və tələbin qəbul edilməsi barədə tələbə iddia icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “İddiaçı Company Ltd” şirkətinin ləğv prosesində olan "xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı ləğvetmə komissiyasının məktubunun etibarsız hesab edilməsi və tələbin qəbul edilməsi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “İddiaçı Company Ltd” şirkətinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar