Məhkəmə qərarları › İş №e-2-2(113)-2460/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2460/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2460/2024 04.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri, borclunun icranı gecikdirməsi, qanuni faiz, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 fevral 2023-cü il tarixli xidmət müqaviləsi üzrə 18597 manat əsas borc, 3347,46 manat ƏDV borcu, 12 ay üçün 1860 manat vurulmuş zərərin əvəzi və 200 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı və cavabdeh arasında bağlanılmış 15 fevral 2023-cü il tarixli 01- 230215 nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən, iddiaçı cavabdehə hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələr ilə nəzərdə tutulan xidmətləri göstərməyi, cavabdeh isə müqavilənin ödəniş şərtləri əsasında malları qəbul edib onların razılaşdırılmış dəyərini iddiaçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Həmin müqaviləyə əsasən, xidmətlər cavabdehə təhvil verildikdən sonra onların dəyəri tam olaraq iddiaçının hesabına köçürülməlidir. 2.2. Xidmətlər xx.xx.2023-cü il tarixində cavabdehə təhvil verilmişdir. Beləliklə, müqavilənin qeyd olunan bəndləri üzrə cavabdeh ödənişlərini tam olaraq bu günə qədər ödəməyərək iddiaçı qarşısında 18597 manat əsas borc, 3347,46 manat ƏDV daxil olmaqla cəmi 21944,46 manat məbləğində borcu yaranmışdır. İddiaçı müqavilə üzrə öhdəlikləri tam olaraq icra etsə də, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq xx.xx.2023-cü il tarixindən başlayaraq artıq 12 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır. 2.3. 2023-cü ilin 21 fevral tarixinə Mərkəzi Bankın uçot faiz dərəcəsi 8,5% olmuşdur. Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 439 və 449-cu maddələrinin tələbləri nəzərə alınmaqla əsas borc məbləğindən əlavə 1860 manat məbləğində vurulmuş zərərin əvəzi də iddiaçıya ödənilməlidir (uçot faiz dərəcəsi 8,5 %; 21944,46 * 8,5% = 1865 AZN; 1865 AZN : 12 = 155 AZN (bir ay üçün vurulmuş ziyana görə pul məbləği); 155 AZN * 12 ay = 1860 AZN (on iki ay üçün vurulmuş ziyana görə pul məbləği).

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 449-cu və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndə və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 15 fevral 2023-cü il tarixli 01- 230215 nömrəli xidmət müqaviləsi üzrə 5 ədəd Forma-2 aktı və 5 ədəd işin icra aktı imza edilərək tərəflər arasında təsdiqlənmişdir. Lakin müqavilə üzrə heç bir ödəniş edilməmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, tərtib edilən aktların bəzilərinin əslləri onlarda qalmamışdır. Belə ki, işlər Qarabağ iqtisadi zonasında aparılmışdır. İşlərin təhvilinin rəsmiləşdirilməsi isə Bakı şəhərində olmuşdur.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vəsatət ünvanlayaraq, sənədlərə ilkin baxış zamanı borc məbləğinin şişirdildiyini düşündüyünü, işlə ətraflı tanış olmaq və hüquqi yardım almaq üçün hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh tərəf sonrakı məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01-230215 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, “Sifarişçi” lazımi xidmətlərin göstərilməsi (işlərin icrası) ilə bağlı sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı dəyərini ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada həmin xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi (işləri icra etməyi) öhdəsinə götürür (1.1). Müqavilə üzrə göstəriləcək xidmətlər müqaviləyə əlavə tərtib olunmuş X2 əsasında tənzimlənir (1.2). Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən aktlar ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir (1.3). Xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.1-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir (1.4). Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir (2.1). “İcraçı” “Sifarişçi”nin sifarişlərini həyata keçirir (işi icra edir) (2.2). “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (2.3). “İcraçı”nın yerinə yetirdiyi işlər İşlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır (2.4). Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir (4.1). Sifarişçi göstərilmiş xidmətin dəyərini İcraçıya hissəli qaydada ödəyəcəkdir (4.2). Hazırkı Müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir (4.3). Sifarişçi müqavilənin yerinə yetirilməsi üçün İcraçıya avans ödəyə bilər. İcraçı avans ödənişindən yalnız bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə etməlidir (4.4). Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq (4.5).

12. Həmin müqaviləyə əlavə olan 15 fevral 2023-cü il tarixli 1 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, torpağın qazıntısı işləri və daşınması növündə xidmətin dəyəri 1 m3 üçün 4,07 manat razılaşdırılmışdır.

13. Həmin müqaviləyə əlavə olan 15 fevral 2023-cü il tarixli 2 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, bünövrə çalasının torpaq qatının ballast ilə kipləşdirilməsi işləri, texnika və mal-material daxil olmaqla növündə xidmətin dəyəri 1 m3 üçün 9,6 manat razılaşdırılmışdır.

14. Həmin müqaviləyə əlavə olan 15 fevral 2023-cü il tarixli 3 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, Zəngilan rayonu ərazisində tırtıllı ekskavator, buldozer və vərdənə texnikalarının daşınması növündə xidmətin dəyəri reys üçün 400 manat razılaşdırılmışdır.

15. Həmin müqaviləyə əlavə olan 15 fevral 2023-cü il tarixli 4 nömrəli qiymət razılaşdırma protokolundan görünür ki, tikinti tullantılarının maşına yüklənməsi və ərazidən daşınması növündə xidmətin dəyəri reys üçün 70 manat, bünövrəyə çınqıl qatının verilməsi və kipləşdirilməsi işləri, texnika və mal material daxil olmaqla növündə xidmətin dəyəri 1 m3 üçün 18,3 manat razılaşdırılmışdır.

16. Məhkəməyə təqdim edilən 21 fevral 2023-cü il tarixli işin icra aktlarından görünür ki, ƏDV daxil olmaqla 1416 manat, 3020,8 manat, 3375,74 manat, 6289,4 manat və 7842,52 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 21944,46 manat dəyərində işlər cavabdeh hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

17. İş materiallarına əlavə edilən elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDD 348748 seriya və nömrəli elektron qaimə 7842,52 manat, EBDD 349666 seriya və nömrəli elektron qaimə 1416 manat, EBDD 339941 seriya və nömrəli elektron qaimə 3375,74 manat, EBDD 348242 seriya və nömrəli elektron qaimə 6289,4 manat və xx.xx.2023-cü il tarixli EBDD 338306 seriya və nömrəli elektron qaimə 3020,8 manat olmaqla ümumilikdə ƏDV daxil olmaqla 21944,46 manat dəyərində işin görülməsi üçün tərtib edilmiş, həmin qaimə-fakturalar sistem tərəfindən təsdiq edilmişdir.

18. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 01-230215 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh lazımi xidmətlərin göstərilməsi (işlərin icrası) ilə bağlı sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı dəyərini ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada həmin xidmətləri göstərməyi (işləri icra etməyi) öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə 21 fevral 2023-cü il tarixli işin icra aktları və xx.xx.2023-cü il tarixli EBDD 348748, EBDD 349666, EBDD 339941, EBDD 348242 və xx.xx.2023-cü il tarixli EBDD 338306 seriya və nömrəli elektron qaimələr üzrə ümumilikdə 21944,46 manat dəyərində iş görülmüşdür.

19. İddiaçı göstərilən xidmətin dəyəri olan ƏDV daxil olmaqla 21944,46 manat məbləğində pulun tutulmasını tələb edir.

20. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi məhkəməyə vəsatət ünvanlayaraq, borc məbləğinin şişirdildiyini bildirir, lakin mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə iddiaçı tərəfindən təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, iddia tələbinə etiraz təqdim etmir, məhkəmə iclaslarında iştirak etmir, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeni ifadə etmir.

21. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

22. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01- 230215 nömrəli xidmət müqaviləsi mahiyyəti etibarilə işlərin təhvil verilməsi nəzərdə tutulan, hüquqi məqsədi konkret işin görülməsi təşkil edən podrat müqaviləsidir. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

26. Həmin Məcəllənin 753.1-ci maddəsində əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

27. Hazırkı halda isə iddiaçı Mülki Məcəllənin 753.1-ci maddəsində nəzərdə tutulmuş muzdun ödənilməsi hüququnu realizə edir.

28. Cavabdeh isə xx.xx.2023-cü il tarixli 01-230215 nömrəli xidmət müqaviləsi üzrə hər hansı ödənişin edilməsi barədə sübut təqdim etmişdir.

29. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

30. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

31. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

34. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

35. Beləliklə, məhkəmə cavabdeh xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi xx.xx.2023-cü il tarixli 01-230215 nömrəli xidmət müqaviləsi üzrə borcun tutulması hissəsində əsaslıdır.

36. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 01- 230215 nömrəli xidmət müqaviləsi üzrə ƏDV daxil olmaqla 21944,46 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı

37. İddiaçı iddia ərizəsində Mərkəzi Bankın bank uçot dərəcəsinə uyğun olaraq 1860 məbləğində pulun da tutulmasını tələb edir.

38. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün bank uçot dərəcəsinə əsasən faiz hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

39. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.

40. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində (tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiyası) təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

42. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə faiz məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır.

43. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.

44. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.

45. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.

46. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.

47. Lakin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01-230215 nömrəli xidmət müqaviləsində işlərin dəyərinin ödənilməsi üçün dəqiq təqvim tarixi şərtləşdirilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.

48. İddiaçının xx.xx.2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi və iddiaçı tərəfindən hesablamanın aparıldığı müddətin sonu olan xx.xx.2024-cü il tarixə qədər 94 gün üçün həyata keçirilməlidir.

49. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 282,57 manat (21944,46 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 94 gün (gecikdirilən gün sayı)) təşkil edir.

50. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 282,57 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

51. İddiaçı mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

52. İddia ərizəsinə əlavə edilmiş 19 yanvar 2024-cü il tarixli MŞB\9\2024-00020 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçının nümayəndəsi sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.

53. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).

54. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

55. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin yanvar ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

56. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul cavabdeh "xxxx" MMCdən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 fevral 2023-cü il tarixdə bağlanmış 01-230215 saylı xidmət müqaviləsi üzrə 3347 (üç min üç yüz qırx yeddi) manat 46 (qırx altı) qəpik ƏDV daxil olmaqla 21944 (iyirmi bir min doqquz yüz qırx dörd) manat 46 (qırx altı) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 282 (iki yüz səksən iki) manat 57 (əlli yeddi) qəpik olmaqla ümumilikdə 22227 (iyirmi iki min iki yüz iyirmi yeddi) manat 03 (üç) qəpik məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar