Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2464/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilmiş 2360 manat əsas borcun, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,1%-i həcmində hesablanmış 590 manat dəbbə pulunun, 60 manat mediasiya xərci, ümumilikdə 3010 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilmiş 2360 manat əsas borcun, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,1%-i həcmində hesablanmış 590 manat dəbbə pulunun, 60 manat mediasiya xərci, ümumilikdə 3010 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 19 oktyabr 2022-ci il tarxində E-22- 10/19 saylı Xidmət Müqaviləsi imzalamışdır. Müqavilənin şərtlərinə əsasən İcraçı Azərbaycan Respublikasında, Sifarişçi üçün dəmir yolunun layihə-smeta sənədlərinin hazırlamasını, Sifarişçi isə həmin xidmətin haqqını ödəməyi öhdəsinə götürüb. Müqavilənin 1.2-ci bəndinə əsasən “İcraçı” xidmətləri tam şəkildə yerinə yetirərək müqavilənin imzalanmasından sonra 30 iş günü ərzində Sifarişçiyə təhvil verməyi öhdəsinə götürüb. Müqavilə imzalandıqdan sonra iddiaçı tərəfindən cavabdehə 2360 manat pul ödənilib. Məbləğin qalan hissəsi müqavilə üzrə öhdəlik tam icra olunduqdan sonra ödənilməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməkdən yayınır. Belə ki, cavabdeh dəmir yolunun layihə-smeta sənədlərini hazırlasa da, layihə sənədlərinin müvafiq dövlət texniki nəzarət orqanları ilə razılaşdırılması öhdəliyini icra etmir, etməmənin səbəbi kimi isə hazırlanmış layihə smeta sənədlərinə əsasən dəmir yolu xəttinin keçməli olduğu ərazinin iddiaçının mülkiyyətində və ya icarəsində olmadığını əsas gətirir. Cavabdeh tərəfindən təqdim edilmiş layihə-smeta sənədlərinə əsasən həmin ərazidə dəmir yolu xətti çəkmək mümkün deyil, çünki layihə yaşayış evlərinin ərazisindən keçir. Cavabdehin nümayəndəsi ilə birlikdə əraziyə baxış keçirilən zaman məlum oldu ki, həqiqətən də təqdim edilən layihə-smeta sənədlərinə uyğun iddiaçının sifariş etdiyi dəmir yolu xəttinin çəkilməsi mümkün deyil. Yəni, cavabdeh layihə-smeta sənədlərini hazırlamamışdan öncə dəmir yolu xəttinin keçəcəyi ərazinin ekspertizasını keçirməli, torpaq sahəsinə dair texniki şərti və s. sənədləri tələb edib araşdırmalı idi. Halbuki, cavabdeh layihə-smeta sənədlərini hazırlayan zaman müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri, həmin əraziyə dair tam məlumatları öyrənməli və sənədləri tələb etməli idi. Belə ki, Tərəflər arasında imzalanmış Müqaviənin 4.3-cü bəndinə əsasən İcraçı müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri və məlumatları öyrəndikdən sonra bu müqaviləni imzalayır. İcraçının bu şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. Müqavilənin mətnindən də aydın görünür ki, cavabdeh göstərilən xidmətlə bağlı bütün məlumatları öyrəndikdən sonra müqavilə imzalayır və bu məlumatları bilməməsi onu bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad etmir. Yəni, cavabdehin öhdəliyini icra etməməsi üçün heç bir obyektiv səbəb yoxdur. Bundan əlavə, Tərəflər arasında imzalanmış Müqavilənin 4.5-ci maddəsinə əsasən İcraçı qəbul edilmiş qaydalara əsasən layihə sənədlərinin müvafiq dövlət texniki nəzarət orqanları ilə razılaşdırılmasını yerinə yetirir və hazırlanmış işçi-layihəsini dövlət tikintiyə nəzarət ekspertizasında müdafiə edir, Sifarişçiyə təhvil verir. İcraçı Müqavilə üzrə üzərinə götürdüyü bu öhdəliyi də icra etməkdən imtina edir. Dəfələrlə müqavilə üzrə öhdəliyini icra etməsi tələb olunsa da, cavabdeh bu öhdəliyi müxtəlif bəhanələrlə icra etməkdən imtina edir. Tərəflər arasında imzalanmış 19 oktyabr 2022-ci il tarixli E-22-10/19 saylı Xidmət Müqaviləsinin 11.1-ci bəndinə əsasən, İcraçı Müqaviləni (və ya onun hər hansı hissəsini) bu müqavilədə müəyyən olunmuş müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), Sifarişçi digər hüquqlara ziyan vurmadan hər gecikdirilmiş günə görə Müqavilənin həcminin 0,1%-i məbləğində cərimə sanksiyaları tətbiq edir. Hesablanmış dəbbə pulu 808,30 manat təşkil edir. Tərəflər arasında imzalanmış müqavilənin 11.1-ci maddəsinə əsasən cərimə məbləğinin yuxarı həddi müqavilə qiymətinin 10%-dən artıq olmamalıdır. Müqavilənin qiyməti ƏDV daxil 5900 manat təşkil edir, o zaman hesablanmalı cərimə 590 manat təşkil edir.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli, E-22-10/19 saylı müqavilənin 1.1-ci bəndinə görə İcraçı Azərbaycan Respublikasında Sifarişçi üçün dəmir yolunun layihə-smeta sənədlərinin hazırlamasını (“Xidmətlər”) öz öhdəsinə götürür və Sifarişçi bu xidmət müqabilində İcraçıya xidmət haqqı ödəyir. İşin müəyyən olunan faktiki halları ondan ibarətdir ki, iddiaçı tərəfindən X5 QSC-yə iddiaçıya məxsus zavoda dəmir yolunun çəkilişi ilə bağlı texniki şərtin verilməsi xahişi ilə məkub ünvanlanmışdır. ADY QSC-nin rəhbərliyi dəmir yolunun çəkilişi ilə bağlı texniki şərt vermişdir. ADY QSC tərəfindən texniki şərt verildikdən sonra iddiaçı tərəfindən həmin texniki şərt zavod ərazisinin topoqrafiyası və mühəndislik-geoloji hesabatı ilə birlikdə cavabdehə təqdim edilmiş, bu sənədlər əsasında həmin əraziyə dəmir yolu xəttinin çəkilməsi ilə bağlı sifariş verdikdən sonra tərəflər arasında dəmir yolunun layihə-smeta sənədlərinin hazırlaması ilə bağlı müqavilə imzalanmışdır. İcraçı tərəf müqavilədə göstərilən vaxt ərzində Sifarişçinin sifarişini icra edərək layihə-smeta sənədlərini qəbul aktı və hesab faktura ilə birlikdə Sifarişçiyə təqdim etmiş, Sifarişçi tərəfindən lahiyə-smeta sənədləri qəbul olunduqdan sonra müqavilə üzrə razılaşdırılmış məbləğin 40%-i ödənilmişdir. Müqavilə üzrə razılaşdırılmış məbləğin digər hissəsinin ödənilməsi ilə bağlı söz verilsə də bu vəsait bu günə qədər ödənilməmişdir. Layihə-smeta sənədləri Sifarişçiyə təqdim olunmamışdan əvvəl ADY QSC-nin “İnfrastruktur departamenti”, “Yük daşıma departamenti” və “Hərəkətin təhlükəsizliyi İdarəsi” ilə razılaşdırılmış və təsdiq olunmuşdur. Göründüyü kimi layihə texniki cəhətdən ADY-nin mütəxəssisləri tərəfindən yoxlanılmış və təsdiq edilmişdir. Bundan sonra layihənin Fövqalada Hallar Nazirliyi tərəfindən təsdiq olunması üçün ilkin olaraq sənədlər Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmiş, həmin idarə tərəfindən iddiaçıya məxsus zavodun yerləşdiyi ərazinin 1/3 hissəsinin hər hansı bir hüquqmüəyyənedici sənədlərlə Sifarişçiyə məxsus olmadığı məlum olmuşdur. Buna görə də Sifarişçi sözügedən layihənin FHN tərəfindən təsdiq olunmasına nail ola bilməmişdir. Sifarişçi layihənin FHN tərəfindən təsdiq olunmamasını əsas gətirərək İcraçıya ödəməli olduğu vəsaiti ödəməkdən boyun qaçırdır. Bu azmış kimi hələ ödənilmiş vəsaiti geri tələb edir. Beləliklə, işin müəyyən olunmuş həqiqi halları ilə məlum olur ki, İcraçı olaraq iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməsinə baxmayaraq, Sifariçi cavabdeh öz öhdəliklərini icra etməmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
8. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında 19 oktyabr 2022-ci il tarixli, E-22-10/19 saylı Xidmət Müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh Azərbaycan Respublikasında iddiaçı üçün dəmir yolunun layihə-smeta sənədlərinin hazırlamasını (“Xidmətlər”) öz öhdəsinə götürür və iddiaçı bu xidmət müqabilində cavabdehə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 2000 manat əsas və 360 manat ƏDV olmaqla, 2360 manat ödəniş edilmişdir. Cavabdeh dəmir yolunun layihə-smeta sənədlərini hazırlamışdır.
11. Lakin cavabdeh layihə sənədlərinin müvafiq dövlət texniki nəzarət orqanları ilə razılaşdırılmasını icra edə bilməmiş, bunun səbəbi kimi isə hazırlanmış layihə smeta sənədlərinə əsasən dəmir yolu xəttinin keçməli olduğu ərazinin iddiaçının mülkiyyətində və ya icarəsində olmadığını əsas gətirir.
12. Hazırkı mübahisə tərəflər arasında bağlanmış xidmət müqaviləsindən irəli gəlmişdir. İddiaçı dəmir yolunun layihə-smeta sənədlərinin müvafiq dövlət texniki nəzarət orqanları ilə razılaşdırılmasını, yəni müqavilə öhdəliyini icra etmədiyini iddia edir, cavabdeh isə həmin öhdəliyin ondan asılı olmayan səbəbə görə icra edilmədiyini bildirir.
13. Cavabdeh xidmət müqaviləsinin göstərilən hissəsinin icra edilməməsi səbəbini dəmir yolu xəttinin keçməli olduğu ərazinin iddiaçının mülkiyyətində və ya icarəsində olmadığını göstərir.
14. Qeyd olunanlardan belə məlum olur ki, iddiaçı tərəfindən müvafiq sənədlər, həmçinin dəmir yolu xətinin keçəcəyi əraziyə dair sənədlər (plan, sxem və s.) təqdim edilməklə dəmir yolunun layihə-smeta sənədlərinin hazırlanması cavabdehə sifariş verilmiş, cavabdeh həmin sənədləri hazırlamış, lakin layihə-smeta sənədlərinin dəmir yolu xətinin keçəcəyi torpaq sahəsi iddiaçının mülkiyyətində və ya icarəsində olmadığına görə müvafiq dövlət texniki nəzarət orqanları ilə razılaşdırılması mümkün olmamışdır.
15. Göründüyü kimi, xidmət müqaviləsi üzrə yaranmış mübahisə məhz torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya icarəsində olmaması ilə əlaqədar yarandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından göstərilən halı sübut etmək yükü iddiaçının üzərinə düşür.
16. İddiaçı isə torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya icarəsində olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
17. Belə olan halda, tərəflər arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli, E-22- 10/19 saylı Xidmət Müqaviləsi üzrə öhdəliyin pozulmasına görə cavabdeh məsuliyyət daşıya bilməz. Çünki, işin halları ilə müqavilə üzrə öhdəliyin məhz torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya icarəsində olmaması səbəbindən pozulması təsdiq olunur ki, bu halda pozuntu cavabdehin cavabdeh olmadığı haldan irəli gəldiyindən iddia təmin oluna bilməz.
18. İddiaçı iddia ərizəsində iddianın əsası kimi Müqavilənin 4.3-cü bəndinə istinad etməklə göstərmişdir ki, cavabdeh layihə-smeta sənədlərini hazırlayan zaman müqavilənin icrası ilə bağlı olan bütün şərtləri, tələbləri, həmin əraziyə dair tam məlumatları öyrənməli və sənədləri tələb etməli idi.
19. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, iddiaçı dəmir yolu xəttinin keçəcəyi ərazinin onun mülkiyyətində və ya icarəsində olmadığını bildiyi halda, həmin dəmir yolunun layihə-smeta sənədlərinin hazırlanmasını sifariş verməklə və həmin sənədlərin müvafiq dövlət texniki nəzarət orqanları ilə razılaşdırılmasını tələb etməklə özü işgüzar adətlərə müvafiq surətdə hərəkət etməmiş, bununla da müqavilə üzrə öhdəliklərin icrasını təhlükəyə məruz qoyan hərəkətdən çəkinməmişdir.
20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
21. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı cavabdehdən ödənilmiş 2360 manat əsas borcun, gecikdirmənin hər gününə görə borc məbləğinin 0,1%-i həcmində hesablanmış 590 manat dəbbə pulunun, 60 manat mediasiya xərci, ümumilikdə 3010 manat pul vəsaitinin iddiaçının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev