Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2471/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xarici hüquqi şəxsin filialının mülki hüquq və fəaliyyət qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti, müqavilə azadlığı, qarışıq müqavilə, xidmət müqaviləsi, sübutetmə, sahibkarlıq fəaliyyəti subyektləri arasındakı münasibətlərin rəsmiləşdirilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli multimodal xidmətlərə dair müqavilə üzrə 30691,17 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 5 ay üçün 640 manat məbləğində pulun və ödənilmiş 184 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı logistika sahəsində ixtisaslaşmışdır və həmin sahədə xidmətlər göstərir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24-ELC-041 saylı xx.xx.2024-cü il tarixli müqavilə əsasında iddiaçı cavabdehə bir sıra daşıma xidmətləri göstərmişdir. Lakin göstərilmiş 30691,17 manat dəyərində xidmətin ödənişi uzun müddətdir, cavabdeh tərəfindən şifahi və yazılı müraciətlərə baxmayaraq, ödənilmir. Sözügedən məbləğin ödənilməsi və məsələnin danışıqlar yolu ilə həll olunması üçün cavabdehə müvafiq pretenziya məktubu da təqdim edilmişdir. Lakin cavabdeh heç bir geri dönüş etməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 443, 445-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi X1 məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və eyni zamanda göstərdi ki, iddiaçı tərəfindən cavabdehə laboratoriya xidmətləri göstərilmiş, gətirilən yüklərin müxtəlif analizlərdən keçməsi təmin edilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, cavabdeh tərəfindən verilmiş etibarnamələr mövcuddur. Həmçinin elektron poçt yazışmaları, sistem tərəfindən təsdiq edilmiş elektron qaimələr də xidmətlərin göstərildiyini təsdiq edir.
7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, cavabdehə hansı xidmətlərin göstərilməsi aydın deyildir. İddiaçının təqdim etdiyi bütün sənədlər birtərəfli qaydada tərtib edilmişdir. Sistem tərəfindən təsdiq edilmiş elektron qaimə isə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı mövqeyə görə xidmətlərin göstərilməsinin təsdiqi kimi çıxış edə bilməz.
8. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili göstərdi ki, iddiaçı laboratoriya xidmətlərinin göstərildiyini bildirsə də, invoys, elektron qaiməfakturada gömrük xidmətlərindən söhbət gedir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli müqavilə isə yüklərin daşınması ilə bağlı tərtib edilmişdir.
9. Cavabdehin nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yazılı mülahizə təqdim edərək göstərmişdir ki: – iddia ərizəsindən də göründüyü kimi, tələbin əsası kimi yeganə olaraq tərəflər arasında imzalanmış 24-ELC-041 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə göstərilmiş və sözügedən müqavilə əsasında iddiaçının cavabdehə bir sıra daşıma xidmətləri göstərdiyi, 30691,17 manat xidmətin dəyərinin isə uzun müddətdir, ödənilmədiyi qeyd edilmişdir. Qeyd edilən yeganə halla bağlı göstərilməlidir ki, iddiaçı tərəfindən cavabdehə sözügden dəyərdə xidmətin göstərilməsi iş materiallarında olan sənədlərlə sübuta yetirilmir. Belə ki, tərəflər arasında bağlanılmış 24-ELC-041 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə ilə müəyyən edilmişdir ki, iddiaçı icraçı, cavabdeh isə sifarişçi adlandırılır. – Müqavilənin bəndlərindən də göründüyü kimi, cavabdeh hansısa xidmətin görülməsi üçün qabaqcadan iddiaçıya yazılı, habelə imza ilə təsdiq edilmiş sifariş göndərməli, iddiaçı isə öz növbəsində həmin xidmətlərin dəyərini müəyyən edən protokol hazırlamalı və təsdiq edilməsi üçün cavabdehə göndərməlidir. Bundan başqa, xidmətlər həyata keçirildikdən sonra tərəflər arasında təhvil-təslim, üzləşmə, qəbul və sair aktlar tərtib edilərək təsdiqlənməli və həmin aktlar əsasında ödənişlər edilməlidir. Hazırda isə xidmətin göstərilməsini təsdiq edən müqavilədə göstərilən sənədlərdən heç biri mövcud deyildir. – Bundan başqa, iddiaya əlavə edilmiş elektron qaimə-faktura xidmətin göstərilməsini təsdiq etmir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2022-ci il tarixli Qərarırın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. – Bundan əlavə, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərdən də iddiaçı tərəfindən cavabdehə hər hansı xidmətin göstərilməsi öz təsdiqini tapmır. Odur ki qeyd edilənləri nəzərə alaraq, iddiaçının cavabdehə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasının rədd edilməsinə qətnamə çıxarılmalıdır.
10. İddiaçı məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Cavabdehin prosessual hüquq qabiliyyəti, məhkəmənin beynəlxalq səlahiyyəti ilə və tətbiq olunacaq hüquq ilə bağlı
12. Məhkəmə əvvəla cavabdehin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
13. Azərbaycan Respublikası qanunvericiliyi xarici ölkənin hüquqi şəxsinin Azərbaycan Respublikasında yaradılmış filial və nümayəndəliyi üçün Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinə münasibətdə fərqli hüquqi status müəyyən etmişdir.
14. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7 və 4.1-ci maddələrinin məzmunundan aydın olur ki, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialları onların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə dövlət qeydiyyatına alınmalıdırlar.
15. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və nümayəndəliyinin isə dövlət qeydiyyatına alınması qanunla nəzərdə tutulmamışdır.
16. Eləcə də “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.
17. Odur ki məhkəmənin qənaətinə görə, xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər.
18. Belə olan halda, hazırkı mübahisəyə məhkəmənin beynəlxalq səlahiyyəti Mülki Prosessual Məcəllənin 443.0.2-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda işlərə baxmağa haqlıdır.
19. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması.
20. Digər tərəfdən, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.6-cı bəndinə əsasən, mübahisəli hüquq münasibətinə tətbiq edilməli dövlətin maddi hüququnun məhkəmələr tərəfindən seçilməsinin hüquqi əsasları aşağıdakılardır: 1) mübahisə tərəfləri arasında bağlanmış müqavilə (razılaşma); 2) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələr; 3) ümumi qəbul olunmuş beynəlxalq adətlər; 4) “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu; 5) digər milli qanunvericilik aktları (“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsi).
21. Tərəflər arasında bağlanmış 24-ELC-041 saylı xx.xx.2024-cü il tarixli müqavilədə tətbiq ediləcək hüquq barədə belə bir razılıq əldə edilmişdir ki, danışıqlar yolu ilə həll edilə bilməyən mübahisələr iddiaçının yerləşdiyi yerin məhkəmələri tərəfindən həmin yerin qanunvericiliyi tətbiq edilməklə həll edilir (9.2).
22. Göstərilənlər onu deməyə əsas verir ki, mübahisə iddiaçının yerləşdiyi yerin hüququ – Azərbaycan Respublikası qanunvericiliyi tətbiq edilməklə həll edilməlidir.
b) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
23. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
24. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
25. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 24-ELC-041 saylı xx.xx.2024-cü il tarixli multimodal xidmətlərə dair müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə müəyyən olunan və cavabdehin yüklərinin müxtəlif yollarla və müxtəlif vasitə ilə daşınması ilə əlaqədar olan xidmətlər kompleksini tərəflərin cavabdehin hazırkı müqavilə üzrə sifarişlərində və protokollarında razılaşdırdıqları şərtlərə uyğun şəkildə yerinə yetiıməyi, cavabdeh isə xidmətləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən daşıma, çatdırma xidmətləri, gömrük rəsmiləşdirilməsi, anbarda müvəqqəti saxlamanın təşkili, yüklərin emalı (yükləmə/boşaltma, gömrüldəmə işləri), vasitələrin (qurğu və daşıma vasitələri) təmin edilməsi, torbalama (paketləmə) və emblemə xidməti, tərəflərin razılaşdırdığı digər əməliyyatlar xidmətlər kompleksinə daxil edilmişdir.
26. İddiaçı 24-ELC-041 saylı xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehə iddianın fakitki əsası kimi daşıma, məhkəmə iclaslarında isə laboratoriya xidmətləri göstərildiyini bildirir və həmin xidmətlərin dəyəri olaraq 30691,17 manat məbləğində pulun tutulmasını tələb edir.
27. Cavabdeh iddia olunan xidmətlərin görülməsinin təsdiq olunmadığını bildirərək iddianın rədd edilməsini xahiş edir.
28. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
32. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 24-ELC-041 saylı xx.xx.2024cü il tarixli multimodal xidmətlərə dair müqavilə özündə daşıma, gömrük brokeri, saxlama, xidmət, və s. müqavilələrin elementlərini özündə birləşdirən qarışıq müqavilədir. Belə ki, Mülki Məcəllənin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
33. Məhkəmə bildirir ki, tərəflər yüklərin daşınması ilə əlaqədar “xidmətlər kompleksinin göstərilməsi”ni razılaşdırmış, müqavilədə “tərəflərin razılaşdığı digər əməliyyatlar” qeyd edərək göstəriləcək xidmətlərin, görüləcək işlərin dairəsini açıq saxlamışdır. İddiaçı isə iddia ərizəsində ümumi şəkildə bir sıra “daşıma xidmətləri”nin göstərildiyinə istinad etmişdir. Buna görə də, məhkəmə iddianın faktiki əsasını təşkil edən halların dəqiqləşdirilməsi üçün məhkəmə iclasında iddiaçının nümayəndəsinə suallar ünvanlamış, iddianın faktiki əsasını dəqiqləşdirməyi təklif etmişdir. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi müqavilə əsasında laboratoriya xidmətlərinin göstərildiyinə istinad etmişdir. Buna görə də məhkəmə mübahisənin məhz xidmət müqaviləsi üzrə həll edilməsini zəruri hesab edir.
34. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
35. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
36. Hazırkı iş üzrə müqavilədə tərəflər xidmət münasibətləri ilə bağlı hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
37. Məhkəmə göstərir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
38. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.
39. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
40. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
41. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
42. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutlarına münasibətdə aşağıdakılar göstərilməlidir.
43. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
44. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
45. 24-ELC-041 saylı xx.xx.2024-cü il tarixli müqavilədə öhdəliklərin icrasının rəsmiləşdirilməsi qaydası əks olunmuş, həmin müqaviləyə əsasən, cavabdeh əməliyyat başlamazdan 2 iş günü əvvəl onun tərəfindən imzalanmış (təsdiq edilmiş) sifarişi razılaşdırmaq və təsdiq etmək məqsədilə iddiaçıya göndərməli, iddiaçı sifarişlə razı olduğu halda onu aldığı andan 1 iş günü ərzində cavabdehə özü tərəfindən təsdiq edilmiş qiymət protokolu və ödəniş üçün hesab göndərməli, sifarişin yerinə yetirilməsi mümkün olmayan halda isə iddiaçı sifarişi aldığı andan 1 iş günü ərzində cavabdehə sifarişin yerinə yetirilməsindən yazılı imtinanı göndərməli, protokolda əks olunmuş şərtlərə qarşı etirazların mövcud olmadığı təqdirdə, cavabdeh protokolu aldığı andan 2 iş günü ərzində imza etdiyi protokolu iddiaçıya qaytarmalı, xidmətlərə dair yekun hesablaşmalar tərəflər arasında göstərilmiş xidmətlərin aktının imzalandığı andan 5 iş günün ərzində həyata keçirilməlidir.
46. Lakin iddiaçı tərəfindən xidmətlərin göstərilməsini təsdiq edən ikitərəfli akt təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli hesab isə **********353 və **********269 nömrəli gömrük bəyannamələri üçün tərtib edilsə də, möhürlə təsdiq edilməmişdir. Digər tərəfdən, iş materiallarında olan **********9817 sorğu nömrəli bəyannamə xidmətlərin göstərilməsinin sübutu kimi təqdim edilsə də, ödəniş qəbzlərindən ödənişlərin **********9817 sorğu nömrəli bəyannamə üzrə deyil, **********353 və **********269 nömrəli gömrük bəyannamələri üzrə edildiyi görünür.
47. 20.08.2024-cü il tarixli MT2408 11252891 seriya və nömrəli elektron qaimə isə laboratoriya xidmətləri üçün deyil, broker xidməti və deklarasiya rüsumları üçün tərtib edilərək göndərilmişdir. Həmin elektron qaimənin sistem tərəfindən təsdiq edilməsi isə işin mübahisəsiz halıdır. Cavabdehin də istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
48. Bu mənada məhkəmə göstərir ki, hazırda biri digəri ilə uyğun olan sübutlarla iddiaçı tərəfindən laboratoriya xidmətlərinin göstərilməsi öz təsdiqini tapmır.
49. İşdə iştirak edən şəxslər nəzərə almalıdır ki, mülki məhkəmə icraatında məhkəmənin səlahiyyətləri, prosessual statusu onun üçün obyektiv həqiqətin müəyyənləşdirilməsini qeyri-mümkün edir. Bu mənada məhkəmə icraatının həqiqəti müəyyənləşdirilməsi konstitusion vəzifəsi mülki məhkəmə icraatında “hüquqi həqiqət”in müəyyən edilməsi ilə məhdudlaşır.
50. Konstitusiya Məhkəməsi göstərmişdir ki, ümumiyyətlə, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərar).
51. Göstərilənlər onu deməyə əsas verir ki, müqavilədən irəli gələn münasibətlərdə tərəflər öhdəliyin icrası ilə bağlı hərəkətlərin lazımi qaydada rəsmiləşdirilməməsi, yazılı sənədlərin, o cümlədən təhvil-qəbul aktlarının tərtib olunmaması, ödənişlərin qeyri-rəsmi edilməsinin riskini daşıyırlar və bu zaman müvafiq sübutlarının olmaması səbəbindən obyektiv həqiqətin müəyyənləşdirilməsi məqsədilə sübutların toplanması və sübutetmə vəzifəsini məhkəməyə həvalə edə bilməzlər. Belə ki, tərəflər mülki məhkəmə icraatında hüquqi həqiqətin müəyyən olunduğunu nəzərə almalıdırlar.
52. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsi və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin iddiaçı kreditor kimi öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
53. Məhkəmə həmçinin vurğulayır ki, iş üzrə iddianın təmin olunması üçün sübutların kifayətliliyi və mümkünlüyü də nəzərə alınmalıdır. Bu mənada müqavilə tərəflərinin hər ikisi kommersiya subyektidir və hər iki şəxs mühasibat uçotu subyektləri kimi müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun mühasibat uçotu aparılır. Belə olan halda, xidmətlərin göstərilməsi və ödənişlərin edilməsinin qeyri-rəsmi, sənədləşmə olmadan aparılması da ağlabatan deyildir.
54. İddiaçının əsas borca illik 5 faizlə hesablanmaqla 640 manat məbləğində pulun tutulması tələbinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
55. Hazırda isə öhdəliyin mövcud olduğu təsdiq edilmədiyindən icranın gecikdirilməsindən də söhbət gedə bilməz.
56. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
57. İddia ərizəsində iddiaçı 184 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını xahiş etmişdir.
58. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən **********41 nömrəli qəbzə əsasən 184 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
61. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova