Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2526/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, UM-095 nömrəli müqaviləyə əsasən 23.349,99 manat məbləgində borc pulun və 160,05 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia onunla əsaslandırılmışdır ki, 01 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 1 iyun 2019-cu il tarixli Əlavə №1 ilə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən ona verilən səlahiyyətlər əsasında çıxış edən fiziki şəxs İddiaçı ilə Cavabdeh MMC arasında 19 noyabr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-095 № li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən “Yaşayış kompleksi”nin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən, Cavabdeh MMC Yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün Yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 AZN və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilata” ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş etməyi öhdəsinə götürüb. Hazırda Cavabdeh MMC-nin qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə əsasən bağlanılmış xx.xx.2024-cü il tarixli, AC24-010121 nömrəli təhvil-təslim aktına əsasən 1952,76 manat, xx.xx.2024-cü il tarixli, AC24-040133 nömrəli təhvil-təslim aktına əsasən 2009,98 manat, xx.xx.2024-cü il tarixli, AC24-050138 nömrəli təhvil-təslim aktına əsasən 1.962,04 manat, xx.xx.2024-cü il tarixli, AC24-060129 nömrəli təhvil-təslim aktına əsasən 1.991 manat, xx.xx.2024-cü il tarixli, AC24-070127 nömrəli təhvil-təslim aktına əsasən 1.900,02 manat, xx.xx.2024-cü il tarixli, AC24-080129 nömrəli təhvil-təslim aktına əsasən 2.304,71 manat, xx.xx.2024-cü il tarixli, AC24-090137 nömrəli təhvil-təslim aktına əsasən 2421,47 manat, xx.xx.2024-cü il tarixli, AC24- 100145 nömrəli təhvil-təslim aktına əsasən 2454,76 manat, xx.xx.2024-cü il tarixli, AC24-110147 nömrəli təhvil-təslim aktına əsasən 2412,32 manat məbləğində olmaqla “Təşkilat”a ümumilikdə 19.409,06 manat borcu mövcuddur.
3. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi üzrə Məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli UM-095 nömrəli “Qarşılıqlı əməkdaşlıq haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İlkin iddia üzrə iddiaçı məhkəmə baxış iclasında iştirak etməmişdir.
6. Məhkəmə işə, ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. - 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. - 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. - 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. - 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. - 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia rədd olunmalıdır.
10. İş materiallarına əlavə edilmiş 01 iyul 2016-cı il tarixli müqavilə və həmin müqaviləyə 1 iyun 2019-cu il tarixli 1 nömrəli əlavədən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu, H.Zərdabi prospekti 3166cı məhəllə 190 və 190 A, 192, 194, 192 A, 192 B, 192 C, 190 B, 190 C ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi İddiaçı həvalə edilmişdir.
11. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 19 noyabr 2021-ci il tarixdə qarşılıqlı əməkdaşlıq haqqında UM-095 № li müqavilə bağlanmışdır.
12. Qeyd edilmiş müqavilənin 1.1-ci bəndindən görünür ki, Cavabdeh MMC tərəfindən öz vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən “Yaşayış kompleksi”nin fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlığının şərtləri razılaşdırılmışdır.
13. Müqavilənin 3.1-ci bəndindən görünür ki, Cavabdeh MMC yaşayış kompleksində fəaliyyət göstərilməsi üçün yaşayış kompleksi hazır edilib tam istismara verildikdən sonra orada yerləşən hər bir mənzilə görə birdəfəlik 3 manat və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilata” ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i (on beş faiz) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
14. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə birgə fəaliyyət haqqında müqavilə (xidmət) kimi qiymət verilməlidir. Belə ki, müqavilənin predmetini qeyd edilmiş binada sakinlərə Cavabdeh MMC tərəfindən internet xidmətinin göstərilməsi əvəzində, binanın idarəçisinə bunun əvəzində müəyyən haqq verilməsi təşkil edir.
15. Lakin mülki qanunvericilikdə məhz birgə fəaliyyət haqqında müqavilə (xidmət) münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
16. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
17. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
18. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
19. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
20. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Məhkəmə qeyd edir ki, ilk növbədə qarşılıqlı iddiaya qiymət verilməlidir.
22. Yuxarıda qeyd edilmiş sənədlərdən də, görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilmiş ünvanlarda yerləşən binalara dair İddiaçı idarəçi təyin edilmişdir. Cavabdeh MMC də, onunla xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticətə gəlmək üçün əsas verir ki, Cavabdeh MMC müqavilə üzrə kontragent kimi İddiaçı tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır.
23. Ona görə də, Məhkəmə hesab edir ki, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hazırda hər hansı bir əsas mövcud deyildir və qarşılıqlı iddia əsassızdır.
24. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli (2024-cü ilin yanvar, aprel, may, iyun aylarının xidmət haqqı üzrə) dəyəri 7.915,78 manat olan, xx.xx.2024-cü il tarixli (2024-cü ilin iyul, avqust, sentyabr aylarının xidmət haqqı üzrə) dəyəri 6.626,2 manat olan, xx.xx.2025-ci il tarixli (2024-cü ilin oktyabr, noyabr aylarının xidmət haqqı üzrə) dəyəri 4.867,08 manat olan elektron qaimə göndərilmişdir.
25. Göründüyü kimi, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 19.409,06 manat təşkil edir.
26. Məhkəmə iclasında yuxarıda qeyd edilmiş elektron qaimələrdə göstərilmiş aylar üzrə müvafiq xidmətlərin göstərilib-göstərilməməsi Cavabdeh MMC-dən soruşulmuş, sonuncu da müvafiq xidmətlərin göstərildiyini qəbul etmişdir.
27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli dəyəri 3.940,93 manat olan elektron qaimə göndərilmişdir.
28. Cavabdeh tərəf isə qeyd edilmiş elektron qaimə üzrə 3.940,93 manat pulun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ödəniş qəbzini əlavə etmişdir. Bundan sonra iddiaçı tərəf qeyd edilmiş elektron qaimə üzrə borcun qalmadığını bildirmişdir.
29. Göründüyü kimi, yuxarıda qeyd edilmiş cəmi 19.409,06 manat təşkil edən elektron qaimələr üzrə xidmətlər göstərilsə də, cavabdeh tərəfindən qeyd edilmiş məbləğdə pul ödənilməmişdir.
30. Ona görə də, Məhkəmə hesab edir ki, 19.409,06 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
31. Bundan başqa, Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 148,23 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
32. Beləliklə, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli UM-095 saylı müqavilə üzrə 19.409 (on doqquz min dörd yüz doqquz) manat 06 (sıfır altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 148 (bir yüz qırx səkkiz) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov