Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2543/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36.358,14 manat (otuz altı min üç yüz əlli səkkiz manat on dörd qəpik) məbləğində əsas borcun, 6.544,47 manat (altı min beş yüz qırx dörd manat qırx yeddi qəpik) ƏDV borcunun, 930,77 manat (doqquz yüz otuz manat yetmiş yeddi qəpik) cərimə məbləğinin, 200 manat (iki yüz manat) dövlət rüsumunun alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, “Nyu Media.az MMC ilə Digital Pencil MMC arasında xx.xx.2019-cu il tarixdə 84/NM/2019 saylı “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə (Reklam işlərinin görülməsi) bağlamışdır. xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 tarixli 84/NM/2019 nömrəli müqaviləyə əsasən imzalanmış Aktlar xidmətlərin onlar tərəfindən nöqsansız və vaxtında göstərildiyini təsdiq edir. Yuxarıda qeyd edilən Aktlara əsasən, ümumi olaraq 72262,57 manat (yetmiş iki min iki yüz altmış iki manat əlli yeddi qəpik)+ƏDV(13007,26 azn)(on üç min yeddi manat iyirmi altı qəpik) borcu yaranmışdır. Cavabdeh tərəfindən ödənişlər qrafikə uyğun keçirilməmiş və borc öhdəliklərinə laqeyd yanaşılmışdır. Qeyd edilənlərə əsasən son ödəniş tarixi xx.xx.2024-cü ildə olmuş və cavabdehə verilmiş invoys üzrə 36.358,14 manat (otuz altı min üç yüzəlli səkkiz manat on dörd qəpik)+ ƏDV 6.544,47 manat (altı min beş yüz qırx dörd manat qırx yeddi qəpik) xidmət haqqı ödəniş müddəti pozulmaqla bugünə kimi şirkətə ödənilməmişdir. Müqavilənin 4.2 maddəsinə əsasən, ödənişin edilmədiyi hər ötmüş gün üçün ümumi borc məbləğinin 0.01%-i məbləğində cərimə məbləği hesablanır. Son ödəniş xx.xx.2024-cü ildə olunmuş və bugünədək (xx.xx.2024) 930,77 manat (doqquz yüz otuz manat yetmiş yeddi qəpik) cərimə məbləği (peniya) yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
10. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir.
11. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
12. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
13. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
14. İşdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 84/NM/2019 saylı “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə imzalanmışdır. Qeyd edilmiş müqavilə hər iki hüquqi şəxs tərəfindən imza və möhürlə təsdiq edilmişdir.
15. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən sifarişçi icraçıya reklam xidmətləri tapşırır və göstərilən xidmətlərin müqabilində icraçıya bu müqavilənin əlavələrində nəzərdə tutulmuş miqdarda və qaydada haqq ödəməyi, icraçı isə sifarişçiyə həmin xidmətləri göstərməyi öz öhdəsinə götürür.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi xidmət haqqını icraçı tərəfindən təqdim edilən hesab faktura, elektron qaiməvə ikitərəfli qaydada təsdiqlənmiş təhvil-təslim aktına əsasən, 10 bank günü ərzində bank hesabına köçürmə yolu ilə ödəyir.
17. İş materiallarına əlavə olunmuş, hər iki hüquqi şəxsin imzası və möhürü ilə təsdiq olunmuş 28 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən görülməli işlər haqqında xx.xx.2021-ci il tarixli akta əsasən göstərilən xidmətlərin haqqı ƏDV daxil 6.457,19 manat, xx.xx.2021-ci il tarixli akta əsasən göstərilən xidmətlərin haqqı 16.970,76 manat, xx.xx.2021-ci il tarixli akta əsasən göstərilən xidmətlərin haqqı 4.262,75 manat, xx.xx.2021-ci il tarixli akta əsasən göstərilən xidmətlərin haqqı 20.580,9 manat təşkil edir.
18. Sadə riyazi hesablama ilə hesabladıqda görünür ki, iddiaçı tərəfindən cavabdehə cəmi, 48.271,6 manat dəyərində xidmət göstərilmişdir.
19. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ƏDV-siz xx.xx.2021-ci il tarixdə 14.382 manat, xx.xx.2021-ci il tarixdə 5472,20 manat, xx.xx.2021-ci il tarixdə 3612,50 manat, xx.xx.2021-ci il tarixdə 17.441,44 manat olmaqla, cəmi 40.908,14 manat məbləğində xidmət göstərilmiş, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmət üzrə 1.000 manat, xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmət üzrə 3.550 manat olmaqla, cəmi 4.550 manat məbləğində pul ödənmiş və cavabdehin əsas borc üzrə 36.358.14 manat məbləğində borcu qalmışdır.
20. Məhkəmə qeyd edir ki, 48.271,6 manatdan (göstərilmiş xidmətlərin cəmi) 40.908,14 manat (ƏDV-siz əsas borc) çıxıldıqda, 7.363,46 manat (ƏDV məbləği) edir.
21. Hazırda isə, iddiaçı cavabdehdən əsas borc üzrə 36.358,14 manat, ƏDV borcu üzrə 6.544,47 manat məbləğində pulun tutulmasını xahiş edir.
22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas və ƏDV borcunun tələb edilməsi hissəsində əsaslıdır və əsas borc üzrə 36.358,14 manat, ƏDV borcu üzrə 6.544,47 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
23. Məhkəmə hesab edir ki, iddia 930,77 manat məbləğində dəbbə pulunun tələb edilməsi hissəsində də əsaslıdır.
24. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən sifarişçi reklam xidmətinin haqqını razılaşdırılmış müddətdə və qaydada ödəmədiyinə görə, hər bir gün üçün borc məbləğinin 0,01 % mislində penya ödəməlidir.
25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
26. Hazırki işin hallarından görünür ki, müqavilə üzrə cavabdehin əsas borcuna münasibətdə manat 930,77 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
27. Məhəmə qeyd edir ki, elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından və xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, 200 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
28. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənməlidir.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
VI. Nəticə:
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən əsas borc üzrə 36.358 (otuz altı min üç yüz əlli səkkiz) manat, 14 (on dörd) qəpik, ƏDV borcu üzrə 6.544 (altı min beş yüz qırx dörd) manat, 47 (qırx yeddi), cərimə borcu üzrə 930 (doqquz yüz otuz) manat, 77 (yetmiş yeddi) qəpik olmaqla, 43.833 (qırx üç min səkkiz yüz otuz üç) manat, 38 (otuz səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Kənan Hüseynov