Məhkəmə qərarları › İş №e-2-2(113)-2551/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2551/2025

25.04.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2551/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Mənzil Tikinti Kooperativinin (Maraqlı şəxs olmaqla) müflis elan edilməsi barədə ərizəsi üzrə kommersiya işi (açar sözlər: müflis elan edilmə, ödəmə qabiliyyətinin olmaması) X16 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, maraqlı şəxsin vəkili Vəkil iştirakı ilə, Ərizəçi MTK-nın (Maraqlı şəxs olmaqla) müflis elan edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin mahiyyəti Ərizəçi MTK məhkəməyə ərizə ilə müraciət edərək, onun müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin faktiki əsası olaraq göstərilmişdir ki, Ərizəçi MTK (bundan sonra “MTK” adlandırılacaq) xx.xx.2004-ci ildə 0104-P84-41594 qeydiyyat № ilə AR Ədliyyə Nazirliyi HŞDQÜ Bakı Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınıb və ilkin pay fondu ******* manat (hazırda 1000 AZN ekvivalentində) müəyyən edilib. MTK X5 xx.xx.2024-cü il tarixli qərarı ilə audit hesabatı nəzərə alınaraq MTK ödəmə qabiliyyəti olmayan (müflis) sayılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada iflas prosesinə başlanılması üçün məhkəməyə müraciət edilməsi qərara alınıb. Müstəqil auditorun xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, MTK-nın 2021-2023-cü illərdə fəaliyyəti olmayıb, mal qalığı, hesablanmış və ödənilməmiş əmək haqqı, debitor borcu, pul vəsaitləri, mal-material ehtiyatı, mülkiyyətində və ya qanuni istifadəsində daşınar və daşınmaz əmlak, həmçinin digər növ aktivlər, o cümlədən əsas vəsaitlər, uzunmüddətli kapital qoyuluşu, dövriyyə vəsaitləri, maliyyə aktivləri və qeyri-maddi aktivlər yoxdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-265/2023 №-li qətnaməsi ilə Maraqlı şəxs iddiası qismən təmin olunaraq ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsinə görə ödənilmiş 238100 manat məbləğində pul, hüquqi yardıma görə 50 manat və 430 manat dövlət rüsumunun, cəmi 238580 manat MTK-dan tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilib və iddia qalan hissədə təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-2715/2023 №-li qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmadan və Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Həmin iş üzrə Yasamal rayon məhkəməsi tərəfindən xx.xx.2023-cü ildə 2(004)-265/2023 №-li icra vərəqəsi verilib və icra olunması üçün Yasamal rayon İcra şöbəsinə göndərilib. Yasamal rayon İcra Şöbəsi icra vərəqəsinin icrasının təmin olunması üçün müvafiq sorğular verərək, Ərizəçi MTK-nıntələb yönəldilə bilən pul vəsaitinin və əmlakının olmadığını müəyyən edib. Yəni kreditor borcunun ödənilməməsinin səbəbi borclunun tələb yönəldilə bilən əmlakının olmamasıdır. Audit hesabatında göstərilir ki, qətnaməyə əsasən ödənilməli olan 238580 manat pul MTK-nın kreditor borcu kimi qəbul edilir və həmin məbləğin ödənilməsi üçün MTK-nın yetərli aktivi yoxdur. Bundan başqa, qətnamənin icrasının həvalə olunduğu Yasamal rayon İcra Şöbəsi də müvafiq sorğular verərək, MTK-nın tələb yönəldilə bilən pul vəsaitinin və əmlakının olmadığı müəyyən olunub. MTK-nın məlum olan kreditorları aşağıdakılardır: Sıra № Kreditorun adı Kreditorun ünvanı Kreditor tələbinin məbləği 1 Maraqlı şəxs ş/v: AZE*******. FİN xxxxxxx. d/t: xx.xx.1960 Bakı, B.Məmmədov küç, məhəllə 615, mənzil 104 238580 AZN MTK-nın debitorları yoxdur: Hazırda Cəmiyyətin əmlak vəziyyəti aşağıdakı kimidir: a) mülkiyyətində və ya qanuni istifadəsində olan daşınmaz əmlak: yoxdur; b) mülkiyyətində və ya qanuni istifadəsində olan daşınar əmlak: yoxdur; c) pul vəsaitləri və digər maliyyə aktivləri: 0,00 manat; d) digər növ aktivlər, o cümlədən əsas vəsaitlər, uzunmüddətli kapital qoyuluşu, dövriyyə vəsaitləri: yoxdur; e) qeyri-maddi aktivlər: yoxdur. Qeyd olunanlara əsasən “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq MTK-nın kreditor tələblərini təmin etmək üçün kifayət qədər aktivlərinin və nağd vəsaitlərinin olmadığı, yəni MTK-nın ödəmə qabiliyyəti olmadığı təsdiq edilir və audit hesabatı ilə sübut olunur. MTK-nın bu ərizə məhkəməyə verildikdən sonra 1 il ərzində vaxtı çatacaq borc öhdəlikləri yoxdur. Ərizədə hüquqi əsası kimi “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Müflisləşmə və iflas haqqında” Qanun) 3-cü maddəsinə istinad edilmişdir. Ərizədə Ərizəçi MTK-nın kreditoru kimi Maraqlı şəxs (238580 manat) göstərilmişdir. İşdə iştirak edən şəxslərin mövqeləri Məhkəmə iclaslarında iştirak edən kreditor Maraqlı şəxs vəkili Vəkil bildirmişdir ki, 2017-ci ildən ərizəçiyə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişlər, 2022-ci ildən iş icradadır. İcra şöbəsinə məcburi icra tədbirlərinin görülməsi ilə bağlı müraciət edildiyi zaman qarşı tərəf belə bir iddia tələbi ilə məhkəməyə müraciət edərək, şirkətin müflisləşməsini əsas gətirir və bununla da icra hərəkətlərinin dayandırılmasını tələb edir. "xxxx" MTK bina tikintisi ilə məşğuldur. Hələ MTK-dan MMC-yə keçirilməmiş, təhvil-təslim olmamış, fəaliyyətinin dayandırılması barədə hər hansı məlumat yoxdur. Maraqlı şəxs şirkətdə həmtəsisçilərdən biridir. Müflisləşmə ilə bağlı iddianın əsaslandırılması üçün maliyyə vəziyyətinə dair rəsmi sənədlər, müvafiq hesabatlar təqdim edilməli, ümumi yığıncaq çağırılmalı idi. Lakin bununla da bağlı ərizəçi tərəfindən hər hansı sənədlər təqdim edilməmişdir. Ərizəçi tərəfindən təqdim edilən audit rəyi də sübut qismində tanına bilməz. Auditorlar Palatasının rəsmi səhifəsi var və bütün verilən, qeydə alınmış və çıxarılmış rəylər orada göstərilir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən rəy orda yoxdur. Həmçinin auditor rəyi audit şirkətinin rəhbəri tərəfindən imzalanıb, lakin auditor özünün adı qeyd edilsə də onun tərəfindən imza çəkilməmişdir. Audit rəyi tələblərə uyğun olmayan bir rəydir. Tələbkar sırf məhkəmə müdafiə hüququnda maraqlı şəxsin icra hərəkətlərinin tələb etmə hüququnun məhdudlaşdırılması üçün istifadə etmişdir. Ortada hər hansı müflisləşmə prosesi yoxdur. Odur ki, iddia tələbi tamamilə əsassızdır. Müflisləşmə ilə bağlı ümumi yığıncağın keçilmədiyini, Maraqlı şəxs həmin şirkətdə 20% pay hüququ olduğunu, digər üzvlərlə münasibətinin olmadığını, onları tanımadığını bildirmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Sübutların tədqiqi və məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır. Məhkəməyə təqdim edilən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-265/2023 nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilmiş, ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsait, hüquqi yardımın göstərilməsinə görə 50 (əlli) manat və ödənilmiş 430 (dörd yüz otuz) manat dövlət rüsumu cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 2715/2023 nömrəli qətnaməsinə əsasən, cavabdehin nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-265/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-265/2023 nömrəli qətnaməsi üzrə icra sənədi icra olunmaq üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli № e209445/2023-53-14-004 saylı tələbin könüllü icrası barədə bildiriş cavabdeh (ərizəçi) "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri X2 tərəfindən xx.xx.2023-cü il tarixində şəxsən imza etməklə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixində "xxxx" MMC, Maraqlı şəxsB, Kərimov E.N, Bünyadov Ş.D, Abdullayev R.S tərəfindən Kooperativ üzvlərinin ümumi yığıncağında Ərizəçi Nizamnaməsi təsis edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən Ərizəçi 0104-P84-41594 Qeydiyyat nömrəsi ilə xx.xx.2004cü il tarixində qeydiyyat alınmışdır. Təsisçilər və nizamnamə kapitalında payların miqdarı haqqında məlumata əsasən, "xxxx" MMC (Ədliyyə Nazirliyinin Bakı bölgə şöbəsində xx.xx.2004-cü il tarixdə, 0103-P7-37387 saylı şəhadətnamə ilə qeydə alınıb) -1.000.000 manat, Maraqlı şəxs-1.000.000 manat, X12 - 1.000.000 manat, X6 - 1.000.000 manat, X3-1.000.000 manat müəyyən edilmişdir. Ümumi yığıncağın xx.xx.2004-cü il tarixli qərarına əsasən X1 sədri təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən, Ərizəçi adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair daşınmaz əmlak aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, Ərizəçi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ünvanlanmış ərizəyə əsasən, Ərizəçi MTK-nın müflis elan edilməsi barədə ərizəsi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında olduğunu bildirmiş, (iş № e-2-2(113)- 2225/2024; hakim Zaur Pirverdiyev) “İcra haqqında” Qanunun 17.1.1 -ci maddəsinə əsasən həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Yasamal rayon məhkəməsinin 04.11 2023-cü il tarixli 2(004)-265/2023 №-li icra sənədi üzrə icraatın dayandırması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsi tərəfindən verilmiş Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışa əsasən, Ərizəçi MTK (VÖEN: **********) vergi ödəyicisinin (filialın, nümayəndəliyin, təsərrüfat subyektinin (obyektinin)) fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Fəaliyyətin və əməliyyatların dayandırıldığı tarix xx.xx.2023-cü il, fəaliyyətin va əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2028-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli X4 əsasən, Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2022-ci il tarixli AT/250 №-li icazəsi üzrə fəaliyyət göstərən sərbəst auditor X7 “ FLEXAUDİT" MMC firması ilə bağlanmış 22 sentyabr 2022-ci il tarixli 202180203/1 saylı müqaviləyə əsasən əmək müqaviləsi əsasında Ərizəçi MTK ” MMC fımıasında 2021- 2023-cü illər üzrə vergi ödəyicisinin təsərrüfat fəaliyyətinin bütün sahələri üzrə təqdim edilmiş və əldə edilmiş sənədlər üzrə hesabatlarına baxış keçirilmişd, müəsisənin ödəmə qabiliyyəti, vergi dövrünün hesabatları, kadr sənədlərinin yoxlanılması, müssisəııin əsas vəsaitləri, mal-material ehtiyyatlarının auditi, debitor-kreditorlarla hesablaşmaların auditi pul vəsaitlərinin auditi aparılmişdır. Audit 25 yanvar 2024-cü il tarixdə başlanmış və 28 yanvar 2024-cü il tarixdə başa çatmışdır. Verilmiş rəyə əsasən, təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi MTK firmasında yoxlanılan dövr üzrə müəssisənin heç bir təsərrüfat fəaliyyəti olmamışdır. Eyni zamanda əldə edilən müəsisəyə dair diger elektron sənəd daşıyıcılarından məlum olmuşdur ki, müəssiənin heç bir mal qalığı yoxdur. Hesablanmış və ya ödənilməmiş əmək haqqı tələbi olan əməkdaş olmamışdır. Eyni zamanda debitor-kreditorlarla hesablaşmaların audit zamanı müəyyən edilmişdir ki, müəssisə heç bir xidmət və ya mal təqdim etmədiyi üçün debitor borc yaranmamışdır. Müəssisənin pul vəsaitlərinin hərəkətinə baxış zamanı heç bir hərəkətlilik müşahidə edilməmiş, müəssisənin xx.xx.2023 tarixinə pul vəsaitlərinin qalığı 0 (sıfır) azn təşkil etmişdir. Bu da gələcəkdə hər hansısa fəaliyyət olması (Təsisçi şəxsi vəsaitini cəlb edərsə halını nəzərə almasaq) ehtimalında ödəmə qabiliyyəti olmayan bir təşkilatdır. Müəssisənin mal-material ehtiyyatı yoxdur. xx.xx.2024-cü il tarixli Ərizəçi MTK X5 qərarından çıxarışa əsasən, Audit hesabatı nəzərə alınaraq Ərizəçi MTK ödəmə qabiliyyəti olmayan (müflis) sayılması və qanunvericilikdə nəzərdə tutulmuş qaydada iflas prosesinə başlanılması üçün məhkəməyə müraciət olunması qərara alınmışdır. Ərizəçi MTK-nın sədri Şəmməd Hüsenovun təsdiq etdiyi debitor və kreditorların siyahısında debirtor və debitor borc olmadığı, kreditor Maraqlı şəxs qeyd edilmiş və tələbin məbləği 238580 manat göstərilmişdir. Ərizəçi MTK tərəfindən Vergilər Sosial-X11 xx.xx.2025-ci il tarixində qeyd edilmişdir ki, Ərizəçi (borclu) "xxxx" MTK-nın müflis elan edilməsi barədə ərizəsinə dair e-2-2(113)- 2551/2025 №-li iş üzrə məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində xx.xx.2025-ci ildə saat 11:50-də hakim Kənan Hüseynovun sədrliyi ilə keçirəcək (iclas zalı 14). "xxxx" MTK-nın ünvanı: ünvan 3dirilmişdir. Ərizəçi MTK tərəfindən Vergilər Sosial-X11 xx.xx.2025-ci il tarixində qeyd edilmişdir ki, Ərizəçi (borclu) "xxxx" MTK-nın müflis elan edilməsi barədə ərizəsinə dair e-2-2(113)- 2551/2025 №-li iş üzrə məhkəmənin hazırlıq iclası Bakı Kommersiya Məhkəməsində xx.xx.2025-ci ildə saat 14:45-də hakim Kənan Hüseynovun sədrliyi ilə keçirəcək (iclas zalı 14). "xxxx" MTK-nın ünvanı: ünvan 3dirilmişdir. “Müflisləşmə və iflas haqqında” Qanunun 3-cü maddəsinə əsasən, borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, qanunvericilikdə müəyyən edilmiş sənədlərdən başqa, borclunun iflas haqqında ərizəsinə aşağıdakıları təsdiq edən sənədlər əlavə edilir: a) iflas haqqında ərizədə borclunun məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsini xahiş etdiyi hallar istisna olmaqla, qanunvericilikdə müəyyən edilmiş məhkəmə rüsumlarının ödənilməsini təsdiq edən sənəd; b) ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı; c) bu Qanunun müddəalarına uyğun olaraq tələblərin müəyyənləşdirilmiş məbləğini göstərən sənəd. Həmin Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, borclu müəssisənin iflas haqqında ərizəsinə aşağıdakı sənədlər də əlavə edilir: a) iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində borclunun səlahiyyətli orqanının qərarının surəti; b) borclu dövlət müəssisəsidirsə, iflas prosesinə başlanması üçün məhkəməyə müraciət etmək barəsində müvafiq icra hakimiyyəti orqanının qərarının surəti; c) sonuncu hesabat tarixinə olan maliyyə hesabatları. Göründüyü kimi, “Müflisləşmə və iflas haqqında” Qanunun tələblərinə əsasən, borclunun iflas haqqında ərizəsinə ödənilməli və alınmalı məbləğlər müfəssəl göstərilməklə, borclunun kreditorlarının və debitorlarının siyahısı və sonuncu hesabat tarixinə olan maliyyə hesabatları əlavə edilir. Belə ki, borclunun ödəmə qabiliyyətinin olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş sübutların (kreditorlarının və debitorlarının siyahısı, sonuncu hesabat tarixinə olan maliyyə hesabatları və s.) təqdim edilməsi və araşdırılması tələb olunur. Hazırkı iş üzrə isə qeyd edilən kateqoriyadan olan sübutlar, xüsusilə sonuncu hesabat tarixinə olan maliyyə hesabatları ərizəyə əlavə edilməmişdir. Digər tərəfdən, ərizəyə əlavə edilən xx.xx.2024-cü il tarixli müstəqil auditorun hesabatı mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, ilk növbədə həmin hesabat 2021-2023-cü illər üzrə verilmiş hesabatdır və hazırda həmin hesabatdan 1 ildən artıq müddət keçmişdir. İkincisi, həmin hesabatın Hüseyn Quliyev tərəfindən sərbəst auditor olaraq, yoxsa "xxxx" MMC-nin direktoru olaraq hazırlanması qeyri-müəyyəndir. Çünki Azərbaycan Respublikası Auditorlar Palatasının rəsmi internet səhifəsində sərbəst auditorların, həmçinin fəaliyyəti dayandırılmış və fəaliyyəti bərpa edilmiş üzvlərin siyahısında Hüseyn Quliyev sərbəst auditor olaraq göstərilməmişdir. Odur ki, həmin hesabat əsasında qəbul edilmiş ümumi yığıncağın qərarı və kreditor siyahısı da mötəbər sübut kimi qiymətləndirilmir. Bundan başqa, həqiqətən ərizəçi tərəfindən ümumi yığıncağın çağırılması, ümumi yığıncaqda müflisləşmə haqqında qərar qəbul edilməsi barədə sübutlar, həmçinin ümumi yığıncağın keçirilməsi haqqında protokol məhkəməyə təqdim edilməmiş, yalnız direktor tərəfindən imzalanaraq möhürlənmiş qərardan çıxarış verilmişdir. Halbuki maraqlı şəxs də həmin MTK-nın üzvü olaraq keçiriləcək ümumi yığıncaq barədə məlumat verilməli idi, lakin onun vəkili Maraqlı şəxs bu barədə heç bir məlumat verilmədiyini bildirmişdir. “Müflisləşmə və iflas haqqında” Qanunun 11-ci maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan başqa aşağıdakı hallarda da borclunu müflis elan etməkdən imtina edə bilər: a) borclu bu Qanunda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan deyildirsə; b) ərizəçi bu Qanunun 2-ci maddəsində göstərilmiş şəxslərdən biri deyildirsə. Məhkəmə hazırkı halda ərizəçinin “Müflisləşmə və iflas haqqında” Qanununda göstərilmiş müddəalara müvafiq surətdə ödəmə qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların müəyyən edilmədiyini nəzərə alaraq, ərizənin rədd olunması, ərizəçinin müflis elan olunmasından imtina edilməsi qənaətinə gəlir. Nəticə Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi MTK-nın (Maraqlı şəxs olmaqla) müflis elan edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar