Məhkəmə qərarları › İş №e-2-2(113)-2563/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2563/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2563/2023 21.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı/xidmət müqaviləsi, mediasiya xərci) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdeh2 və onun nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı xeyrinə 8.030 ABŞ dollarının ekvivalenti 10.920,80 manatın və mediasiya xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-cil tarixdə 04 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən sifarişçinin sifariş verdiyi Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları üçün həmçinin sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasına görə ona 8030 ABŞ dollarının ekvivalenti 10.920,80 manat ödəniş edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir. Dəfələrlə sayğacın Türkiyə istehsalı olduğundan onun dəyişdirilməsi barədə cavabdehə bildirilsə də bu günə kimi dəyişdirilməmişdir. Halbuki, söhbət əsnasında bunun həll olunacağını qeyd etmişdirlər. İddiaçı bunula bağlı olaraq Mediasiya şurasında müraciət etmişdir. Lakin, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/17/2023-00323 saylı Arayış verilmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 İddiaçı xeyrinə 10.920,80 manatın və 201 manat mediasiya xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 İddiaçı xeyrinə 8.030 ABŞ dollarının ekvivalenti 10.920,80 manatın və mediasiya xərcin tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-cil tarixdə 04 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı sifariş verdiyi Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları üçün həmçinin sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasına görə cavabdehə 8030 ABŞ dolların 80% faizinin 6.424 ABŞ dolların ekvivalenti 10.920,80 manat ödəniş edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir. Məhz buna görə ödəniş məbləğinin 20% faizi cavabdehə ödənilməmiş və bununla bağlı təhvil-təslim aktı tərəflər arasında imzalanmamışdır. Belə ki, sayğacların üzərində yazılmışdır ki onların adı Turbine Flowmeter-dir və modeli FLTR-CE. İnternetdə bu modeldə və bu adda məhsulun hansı şirkət tərəfindən istehsal olunduğunu yoxladıqda məlum olur ki, onu Türkiyənin Ceyeko şirkəti istehsal edir. Bu məhsul barədə ətraflı məlumatlar həmin şirkətin www.ceyeko.com internet saytında yerləşdirilmişdir. LF**********36, LF**********33 və LF**********37 seriya nömrəli sayğaclardır. Dəfələrlə sayğacın Türkiyə istehsalı olduğundan, normal işləmədiyindən qəbul etməkdən imtina etdiklərini və onların dəyişdirilməsi barədə cavabdehə bildirilsə də, bu günə kimi dəyişdirilməmişdir. Halbuki, söhbət əsnasında cavabdeh bunun həll olunacağını qeyd etmişdir. İddiaçı bununla bağlı cavabdehə pretenziya məktubu və iddia ərizə göndərsə də cavabdeh tərəfindən heç bir münasibət bildilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi/vəkili Nümayəndə2 məhkəməyə izahat verərkən bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qarışıq müqavilə olmuşdur. Cavabdeh həm müqavilədə göstərilən sayğacları iddiaçıya satmalı və həmin sayğacları özü quraşdırmalı idi. Müqaviləyə əsasən Alman istehsalı olan sayğac verilməli idi, lakin sonradan müəyyən olundu ki, cavabdeh tərəfindən quraşdırılan sayğaclar Alman istehsalı deyil. Sayğac dizel yanacağını ölçən cihazdır. Sayğacın təhvil verilməsinə dair tərəflər arasında akt da yoxdur. Həmin sayğacları iddiaçı cavabdehə qaytarmayıb. Cihazlar cavabdeh tərəfindən quraşdırıldıqdan sonra aşkar ediblər ki, cihazlar alman istehsalı deyildir, Türkiyə istehsalıdır. Sayğacın pasportunu, texniki sənədlərini cavabdeh iddiaçıya təqdim etməyib. Sayğacların üzərində olan birkaları ilə bağlı məlumatı internetdə araşdırdıqda bilmək olur ki, onlar Türkiyə istehlsalıdr.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, həmin sayğaclar gömrük orqanına cavabdeh tərəfindən bəyan edilmədən keçirilmişdir. Cavabdeh tərəfindən malların mənşəyinə dair sənədlər təqdim edilməmişdir. Sayğaclara aid sertifikatlarda qeyd olunan CeYeKo şirkəti sadəcə həmin turbinin testini aparmışdır. Fərdi sahibkar olaraq cavabdeh onlara təqdim olunmuş sənədlərin nüsxəsini özündə saxlamalı idi. Sayğacların çıxarılması və pulun geri qaytarılması barədə cavabdehə şifahi müraciətlər olunub.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda müqavilə predmeti olan sayğaclar iddiaçının özündədir və işlək vəziyyətdədir. Sayğac alındığı zaman da iddiaçı ilə razılaşdırılaraq alınmışdır, çünki türk satıcısı özü də bildirmişdir ki, əgər avadanlığı bəyənməzsəniz geri qaytara bilərsiniz. Lakin iddiaçı tərəf sayğacı bir ildir ki, işlədir. Çöldə yerləşdirilmiş nasosun isə digər nasoslarla eynilik təşkil etmədiyinə görə problem yarandığını bildirirlər. Müəssisə daxilində olan iki sayğac nöqsansız işlədiyi halda, necə olur çöldəki sayğacda problem yaranır. İddiaçının bir ildən sonra cavabdehə müraciət edərək, sayğacın alman istehsalı yox, türk istehsalı olduğunu bildirməsi və ziyanın ödənilməsini tələb etməyi absurddur. Sayğaclara dair texniki sənədləri iddiaçı tərəfə verilib. İddiaçı tərəf sayğacdan narazı olduğunu heç vaxt bildirməmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl, iddiaçının işçiləri ofisə gəlib sayğac üçün əlavə də motorun verilməsini istədilər. Əgər verməsələr iddiaçının yerdə qalan borc pulu cavabdehə ödəməyəcəklərini bildirdilər. Lakin motorun verilməsi müqavilədə nəzərdə tutulmamışdır. Xoşlarına gəlmirdisə sayğaclar, onda sual yaranır ki, nəyə görə plomb vurublar. Uyğunluq sertifikatı da iddiaçı tərəfə təqdim edilmişdir. Sifariş verilmiş sayğaclar cavabdehin adına qeydiyyata alınmamışdır, Lkargo şirkətinin adına gəlmişdir. Eyni zamanda sayğacın hansı qaydada gətirilməsinə dair sənədləri iddiaçıya göndəriblər. Satılan avadanlıqları istehsal edən Almaniyadır. Cavabdehə sayğacları satan Türk şirkəti həmin avadanlıqları istehsalı etməyib, sadəcə satıb. Bir tələbinin rədd olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini və iddia ərizəsinin təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, hazırda onun iddiaçıya yox, iddiaçı şirkətin sayğaclarla bağlı ona ödənməmiş borcu mövcuddur.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04 saylı müqaviləyə əsasən:

11. Həmin müqavilənin 1-ci bəndinə əsasən icraçı aşağıda qeyd olunan xidmətləri göstərməli: - Sifarişçinin sifariş verdiyi alman istehsalı olan 20-lik, 25-lik, 51-lik və 50-60 dərəcə istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları. - Sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılması.

12. Həmin müqavilənin 1-ci bəndinə əsasən xidmətlərin göstərilmə qaydası (işlərin icrası)

13. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifariş Sifarişçi tərəfindən verilir.

14. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasını həyata keçirir (işi icra edir).

15. Həmin müqavilənin 2-ci bəndinə əsasən tərəflərin öhdəlikləri

16. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri.

17. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən sifariş verdiyi xidmətin ilkin 80% dəyərini ödəmək.

18. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən istifadə olunacaq ehtiyyat hissələrinin dəyərini öncədən nağd olaraq tam ödəmək.

19. Həmin müqavilənin 2.1.3-cü bəndinə əsasən işi icrasından sonra təhvil almaq və 5 gün müddətində qalan məbləği tam ödəmək.

20. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən xidmətin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin icraçıya ödəmək.

21. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icraçının vəzifələri

22. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi dizel sayğaclarının quraşdırılmasını həyata keçirmək.

23. Həmin müqavilənin 3-cü bəndinə əsasən heablaşma qaydası

24. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir.

25. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

26. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən hesablaşma Azərbaycan manatı ilə aparılacaq.

27. İş materiallarında olan ödəniş qəbzindən göründüyü kimi İddiaçı MMC tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixli, 4 saylı müqavilə üzrə EBCB seriyalı 803351 saylı e-qaimə üzrə 10.920,80 manat məbləğində ödəniş edilmişdir.

28. İddiaçı tərəfindən təqdim olunan cavabdeh tərəfin yuxarıda qeyd olunan müqaviləyə əsasən quraşdırılmış sayğacların foto-şəkillərindən görünür ki, həmin sayğacların üzərində Turbine FlowMeter, model – FLTR-CE, Power – DC24V, Output 4- 20mA/puldeRS485, LF**********37, LF**********33 və LF**********36 seriya nömrələri və hər sayğacın (Turbine) üzərində www.CeYeKo.com yazısı mövcüddür.

29. İş materiallarına surətləri cavabdeh tərəfindən, əsilləri isə iddiaçı tərəfindən təqdim olunan X10 L1550714-seriya nömrəli FLTR-G020N-5SSNNN-tipli, L25GHOB164-seriya nömrəli FLTR-G025N-05SSENN-tipli və L50GHOB119-seriya nömrəli FLTR-G050N- 05SSENN-tipli avadanlıqların tesr sertifikatlarından görünür ki, istehsalçı (manufacturer) CeYeKo Technoolgy göstərilmişdir, həmin sertifikatların aşağı hissəsində isə CeYeKo GmbH Alman şirkəti (“CeYeKo GmbH is German Company”) olduğu qeyd olunmuşdur.

30. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3- 33/2-011090/2023 saylı məktubunda Cavabdeh2 tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində model N:FLTR-CE, Power DC24V, Output 4- 20mA/puldeRS485, Serial N:LF**********33, Date 2021-09 Turbine Flowmeter olan sayğacın idxalı haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı məlumat olmadığı qeyd olunmuşdur.

31. Cavabdeh tərəfindən məhkəməyə məqdim olunmuş (mübahisə predmetləri olan sayğaclara dair) Pera Valf şirkətinin məktubundan görünür ki, CeYeKo FLTR seriyası turbin axın ölçmə cıhazlarının xüsusiyyətləri bunlardı: Alman texnologiyası, yüksək həssaslıq, yaxşı təkrarlanma qabiliyyətinə malik, sərfəli quraşdırma / qulluq xərcləri, sadə quruluş və s. Maye turbin qutusundan axır və daxili çarxı fırladır. Çarx fırlandıqca generatordan elektrik siqnalı meydana gəlir. Bu siqnal yerli ekranda mühəndislik bölmələrinə (litr, kubmetr, qalon və s.) çevrilir. Siqnalı digər avadanlıqlara ötürmək üçün istəyə uyğun aksessuar modullarından istifadə edilə bilər. Tipi: FLTR-G020N-5SSNNN, FLTR-G025N-05SSENN, FLTR-G050N-05SSENN, İstehsalçı – CEYEKO Technology, CeYeKo GmbH Alman Texnologiyasıdır. Alman məhsuludur. Almaniyada istehsal edilmişdir.

32. İddiaçı tərəfindən təqdim olunan X2 Solutions tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, E**********9 saylı hesab-fakturada sadalanan Alətlər adlanan mallar Çin mənşəlidir və X3 Elek Müh.1-ci İhl.San. ve Tic.Ltd Şit tərəfindən təchiz edilmişdir.

33. X7 Aleksandroviç məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hazırda İddiaçı MMC-də baş mexanik vəzifəsində işləyir. Müəssisəyə dizel sayğacı lazım olmuşdur. Fərhəd müəllimə alman istehsalı olan sayğac lazım olduğunu bildirdiyini, o da alman istehsalı sayğac gətirməyi öhdəsinə götürmüşdür. Fərhad bəy sayğacların pasportlarını göstərmişdi ki, alman istehsalıdır. Rəhbərlik də sayğacın gətirilməsi ilə bağlı razılaşdı. Daha sonra 80 faiz ödəniş edilmişdir. Sayğaclar gətirilib quraşdırılırb. Sayğaclarla qarışıq sayğacları da gətiriblər və sayğacların pasport və sertifikatları təqdim edilib. Hər sayğacın pasportu idi və pasportun içində sertifikatlar. Sənədləri ilk öncə göstərdilər, sonra isə sayğac gətiriləndə sənədləri də verdilər. Sayğacların pasportu şirkətdə var. Sayğacların alman istehsalı olmadığı məlum olduqda, rəhbərlik ona bildirmişdir ki, təchizatçı Fərhad bəylə həmin məsələni dəqiqləşdirsin və sayğacların alman istehsalı olmadığını bildirmişdir. Sayğaclar gələndə sənədlərlə sayğacın nömrələrinə baxmayıb. Quraşdırılan zaman işlək vəziyyətdə idi sayğaclar, lakin düz göstərmirdi. “Kolibirovka” (sazlama) olunmalı idi. İlk quraşdırılan gündən həmin qüsur var idi. “Kolibirovkanı” kim etməli olduğunu bilmir. Sayğacları hazırda da işlətdiklərini və təxminən 2022-ci ilin avqust ayından işlətdiklərini bildirir, lakin təhvil-təslim aktının imzalanmasını xatırlamadığını, sayğaclar təxminən avqustun axırı - sentyabrın əvvəli quraşdırıldığını və həmin dövrdən sayğacların işlədiyini izahatına əlavə etdi. Dizel həmin sayğaclardan keçir. Dizel paylayıcı maşın gəlir və çənlərə nə boşaldırsa sayğaclardan keçir, amma sayğacın göstəricisi düz işləmir. Çünki nasos lazımdır, kollibirovka lazımdır. Bu sayğaclar dizel gətirəndə çənlərə gedən turbaya quraşdırılır. Bir problem mövcuddur, o da yalnız sıfırlanma məsələsidir. Alman istehsalı olması adı ilə təqdim etmişdir. Təqdim olunan sertifikatlarda da alman istehsalı olması qeyd edilmişdir. Sayğac quraşdırılandan sonra təxminən üç ay ərzində qarşı tərəfə bildirildi ki, alman istehsalı deyildir. Hazırda da sayğaclar işlək vəziyyətdədir. Üç sayğacdan yalnız biri düz göstərmir. Sayğacların texniki şərtlər kitabını da təqdim etmişdilər. Eyni zamanda hər bir sayğacın göstərici kodu yoxlanıldı, seriya nömrəsi kompyuterdə olduğunu, sayğacların birində hazırda da problem olduğunu, həmin sayğacı qaytarmaq istədiklərini, türk şirkəti ilə əlaqə saxladıqlarını və şirkət həmin sayğacı qaytara biləcəyini, müəssisə daxilində iki sayğac düz göstərdiyini, çöldəki sayğacın düzgün göstərmədiyini, çünki nasos lazım olduğunu, tərəflər arasında ödənişlə bağlı problem olduğunu və sayğacın öz motorunu Əflatun adlı şəxs təchiz edilməli olduğunu izahatına əlavə etdi.

34. Şahid iddiaçı MMC-də qoruyucu, təhlükəsizlik xidməti vəzifəsində çalışan X4 izahatında müəssisəyə alman istehsallı sayğac lazım olduğunu, Fərhad bəylə həmin sayğacla bağlı əlaqə yaratdıqlarını, sayğacların quraşdırıldığını, hətta onun yanında Türkiyəyə zəng edildiyini, dəqiqləşdirildiyini, təklif edilmişdir ki, sayğacı qaytarın pulu qaytara biləcəklərini, sayğacla bağlı araşdırma aparan zaman məlum olmuşdur ki, nəyin ki alman, hətta çin istehsalı olduğunu, özləri araşdırma aparanda türk şirkəti ilə özləri danışanda onlara həmin sayğacların hazırlanmasının Çinə aid olduğunu, onlar yalnız distrubitorluqla məşğul olduqlarını, sayğac təxminən avqust ayından sonra 2022-ci ildə quraşdırıldığını, təhvil-təslim aktının imzalanmadığını, sayğacların indiyənə kimi də işləmədiyini, quraşdırma zamanı orada olmadığını, quraşdırılandan bir ay sonra sayğacları qaytarmaq istədiklərini, sayğacın hazırda işləmədiyini, sayğaclar hazırda da müəssisədə olduğunu, Fərhad bəylə iki dəfə görüşdüyün, bir dəfə ofisdə görüşdüklərini və onlara pulu qaytarın daha sonra sayğacları qaytaracaqlarını, yəni Şirkət öncə pulun qaytarılmasını istədiyini bildirdi.

35. Şahid iddiaçı MMC-də kadrlar şöbəsinin rəisi vəzifəsində çalışan X6 izahatında şirkətlə cavabdeh arasında müqavilə bağlandığını, bir müddət sonra məlum olmuşdur ki, sayğaclar alman istehsalı deyil, sayğacların qarşı tərəfə qaytarılması qərara alındığını, qarşı tərəf də da Şirkətin ödəniş etdiyi məbləği qaytarsınlar. Lakin tərəf tələblərini yerinə yetirmədiyinə görə məhkəmədə iddia qaldırmağa qərar verdilər. Gətirilən sayğacların alman istehsalı olmadığı üçün biz onlara müraciət etdik. 2022-ci ilin avqust ayında sayğaclar quraşdırılmışdır. Rəhbərlik ona təxminən sentyabr ayında bildirdi ki, həmin sayğaclar alman mənşəli deyildir. Hətta söhbət gedirdi ki, sayğaclar qaytarılacaqdır. Yazılı qaydada qarşı tərəfə müraciət edilməyib. Şifahi danışıqlar aparılıb. Həmin sayğacların işləyib-işləmədiyinə dair məlumatlı deyil. Sayğacların mənşəyinə dair pasportları görməmişəm. Cavabdehi tanımıram. Müqavilə bağlanan zaman orada olmamışam.

36. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

37. İşdən göründüyü kimi iddiaçı tərəf 10.920,80 manat məbləğin cavabdehdən tutularaq geri qaytarılmasını məhkəmədən xahiş edir və tələbin əsası kimi qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2022-cil tarixdə 04 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı sifariş verdiyi Alman istehsalı olan 20 lik, 51 lik və 50-60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları üçün həmçinin sifarişçinin sifariş verdiyi dizel sayğaclarının quraşdırılmasına görə cavabdehə 8030 ABŞ dolların 80% faizinin 6.424 ABŞ dolların ekvivalenti 10.920,80 manat ödəniş edilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh iddiaçıya Alman istehsalı olan 20 lik, 51 lik və 50- 60 istiliyə dözümlü 220 cərəyanla işləyən dizel sayğacları verməli olduğu halda Türkiyə istehsalı olan dizel sayğacları vermişdir. Bundan başqa, həmin sayğaclar ümumiyyətlə işləmir. Məhz buna görə ödəniş məbləğinin 20% faizi cavabdehə ödənilməmiş və bununla bağlı təhvil-təslim aktı tərəflər arasında imzalanmamışdır. Belə ki, sayğacların üzərində yazılmışdır ki, onların adı Turbine Flowmeter-dir və modeli FLTR-CE. İnternetdə bu modeldə və bu adda məhsulun hansı şirkət tərəfindən istehsal olunduğunu yoxladıqda məlum olur ki, onu Türkiyənin Ceyeko şirkəti istehsal edir. Bu məhsul barədə ətraflı məlumatlar həmin şirkətin www.ceyeko.com internet saytında yerləşdirilmişdir. LF**********36, LF**********33 və LF**********37 seriya nömrəli sayğaclardır. Dəfələrlə sayğacın Türkiyə istehsalı olduğundan, normal işləmədiyindən qəbul etməkdən imtina etdiklərini və onların dəyişdirilməsi barədə cavabdehə bildirilsə də, bu günə kimi dəyişdirilməmişdir. Bundan əlavə bildirir ki, iddiaçı tərəf sonradan başqa şirkətdən də başqa dizel sayğacı alıblar və həmin sayğacları satan şirkət bildirib ki, sayğaclar Cin istehsalıdır və həmin sayğaclar daha ucuz satılıb.

38. Cavabdeh isə iddia tələbində qeyd olunanları təkzib edərək, qeyd etmişdir ki, müqavilə predmeti olan sayğaclar iddiaçının özündədir və işlək vəziyyətdədir. Sayğac alındığı zaman da iddiaçı ilə razılaşdırılaraq alınmışdır, çünki türk satıcı özü də bildirmişdir ki, avadanlığı bəyənilməsə geri qaytarıla bilər. Lakin iddiaçı tərəf sayğacı bir ildir ki, işlədir. Çöldə yerləşdirilmiş nasosun isə digər nasoslarla eynilik təşkil etmədiyinə görə problem yarandığını bildirirlər. Müəssisə daxilində olan iki sayğac nöqsansız işlədiyi halda, çöldəki sayğacda problem yarana bilməz. İddiaçının bir ildən sonra müraciət edərək, sayğacın alman istehsalı yox, türk istehsalı olduğunu bildirməsi və ziyanın ödənilməsini tələb etməyi absurddur. Sayğacları gətirməmişdən əvvəl həmin mallara dair sənədləri təqdim ediblər iddiaçıya, iddiaçı bəyəndikdən sonra müqavilə bağlanılıb, həmin malları gətiriblər və quraşdırıblar. Sayğaclar qarşı tərəfə verilən zaman bütün sənədləri, həmçinin test və mənşə sertifikatları da təqdim olunub. Sayğacları bugün də işlədirlər. İki sayğac tam düzgün işləyir, bir sayğaca isə sadəcə sazlama olunmalıdır. Sazlama isə onun öhdəliyi deyil. İddiaçı tərəf sayğacdan narazı olduğunu heç vaxt bildirməmişdir. Sadəcə onlara əlavə motor lazım idi və həmin motoru bunlardan istəyiblər, lakin həmin motor bu müqavilədən kənardı. Və əgər motor verilməsə sayğaclara görə qalan borc iddiaçı tərəfindən ödənilmədiyi bildirilmişdir. Sonradan iddiaçı tərəfin başqa Şirkətdən aldıqları sayğac Çin istehsalıdır. Həmin sayğacın yaddaşı və adapteri yoxdur. Ona program alınması üçün əlavə 1900 manat pul ödənilməlidir. Cavabdehin verdiyi sayğacların isə yaddaşı var.

39. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması zamanı iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

40. Belə ki, iddiaçının özünün məhkəməyə dəvət etdiyi şahid (iddiaçı müəssisənin baş mexaniki) ifadəsində bildirdi ki, sayğaclara dair bütün texniki sənədlər, pasport, həmçinin sertifikatlar Şirkətə təqdim edilmişdir və sertifikatda sayğacın mənşəyi alman istehsalı olduğu qeyd olunmuşdur. Sayğacların sadəcə birinin göstəricisi düzgün deyil, çünki sazlanması olmalıdır. Sayğaclar 2022-ci ilin sonlarında quraşdırılıb və bugünə kimi həmin sayğacları istifadə edirlər.

41. Buna baxmayaraq iddiaçının nümayəndələri ilk olaraq bildirmişdilər ki, sayğaca dair heç bir sənəd təqdim olunmayıb, lakin məhkəmə gedişatı zamanı cavabdeh tərəfindən təqdim olunan sayğacların üç test sertifikatlarının əsillərini iddiaçının nümayəndəsi məhkəməyə təqdim etmişdir və həmin test sertifikatların MMC-də quraşdırılan sayğaclara aid olduğunu bildirmişdir. Sadəcə test sertifikatları ilə razılaşmayaraq bildirmişdir ki, sayğacın mənşəyini test sertifikatları deyil, mənşə sertifikatı ilə müəyyən olunmalıdır, mənşə sertifikatı isə təqdim olunmayıb.

42. Cavabdeh tərəf isə bildirdi ki, bütün sənədlər (texniki pasport, test sertifikatı, mənşə sertifikatı və s.) iddiaçı tərəfə təqdim olunub və sayğaclar alman istehsalıdır. Həmin sənədlər bir nüsxədə olduğu üçün özündə qalmayıb, qarşı tərəfə verilib. Test sertifikatları ilə bağlı iddiaçının arqumentinə cavab olaraq bildirdi ki, həmin sayğaclar CeYeKo Alman şirkəti tərəfindən istehsal olunduğu üçün, həmin şirkət öz malının testini keçirərək onların sertifikatını verib. CeYeKo şirkəti özünun istehsalı olmayan malları test edib, onlara sertifikat verə bilməzdir.

43. İş materiallarında olan MMC-yə təqdim olunan üç sayğaca aid test sertifikatlarından (sertifikatların məhz cavabdeh tərəfindən quraşdırılan sayğaclara aid olması işin mübahisə edilməyən halıdır, hər iki tərəf təsdiq edib, həmçinin işdə olan fotoşəkillərdən də görünür ki, quraşdırılan sayğacların trubinlərinin üzərində olan seriya nömlərəli ilə test sertifikatlarında olan nömrələr eynilik təşkil edir) görünür ki, istehsalçı kimi (manufacturer) CeYeKo Technoolgy göstərilmişdir, həmin sertifikatların aşağı hissəsində isə CeYeKo GmbH Alman şirkəti (“CeYeKo GmbH is German Company”) olduğu qeyd olunmuşdur.

44. İddiaçı tərəf bu test sertifikatlarında göstərilən “CeYeKo Technoolgy” ilə “CeYeKo GmbH” adlı ayrı-ayrı şirkətlər olması ehtimalını (GmbH alman dilindən - MMC demək olmasını, amma “CeYeKo Technoolgy” başqa şirkət ola bilər) irəli sürsə də, onu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı tərəf bildirsə də ki, mənşə serifikatları sayğac quraşdırılan zaman onlara təqdim olunmamışdır, lakin ən azından test settifikatların əsillərini məhkəməyə məhz iddiaçı tərəfin özünün təqdim etməsi faktı onu təsdiq edir ki, həmin test sertifikatları sayğaclar təqdim olunan vaxtdan İddiaçıya verilib və əgər həmin sertifikatlarda istehsalçı kimi göstərilən - “CeYeKo Technology”nin Almaniyanın deyil, başqa ölkə şirkəti olmasına dair şübhələri/əsaslı sübutları olseydi, həmçinin mənşə sertifikatların dedikləri kimi təqdim edilməməsi əsasından çıxış edərək həmin sayğacların quraşdırılmasına etiraz edərək müqavilədən vaxtında imtina edə bilərdilər. Lakin, əksinə sayğaclar iddiaçı tərəfindən qəbul olunmuş və bir ilə yaxındır ki, istifadə olunur.

45. Digər tərəfdən iddiaçının nümayəndəsi qeyd etmişdir ki, həmin sertifikatları Türk Şirkəti olan Pera Valf tərəfindən verilmişdir. Lakin, təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Pera Valf Şirkəti tərəfindən verilən sənəd sertifikat deyil, sadəcə test sertifikatlarında göstərilən texniki göstəricilərə dair açıqlayıcı məktubdur və həmin məktubu cavabdeh tərəf tərcümə edərək məhkəməyə sübut qismində təqdim etmişdir və bildirmişdir ki, sayğacları Türk şirkətindən alıb, həmin şirkət Almaniyanın CeYeKo şitrkətinin mallarını satır.

46. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı 8030 dollar (13651 manat) dəyəri olan sayğaclar sifariş vermiş, sayğaclar gəldikdən sonra iddiaçı onları qəbul etmiş, qəbul edən zaman heç bir etiraz etməmiş, sonradan sayğacın müqavilənin 1-ci bəndində nəzərdə tutulduğu kimi Alman istehsalı olmamasını mübahisələndirsə də, cavabdehin öhdəliyi icra etməməsi və bunun nəticəsində də iddiaçıya zərər vurması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları işdən müəyyən edilmir, cavabdeh tərəflərin razılaşdığı əşyanı iddiaçıya vermişdir, iddiaçı müqavilədən ona müqavilə şərtinə uyğun gəlməyən çeşiddə əşya təqdim edildiyi əsası ilə imtina etməmiş, malı qəbul edərək, malın dəyərinin böyük hissəsini ödəmiş və ondan uzun müddət, yəni bir ilə yaxın istifadə etmiş və malı qəbul etdikdən sonra da ağlabatan müddətdə, yəni müqavilənin 2.1.3-cü bəndinə əsasən işi icrasından sonra təhvil almış, cavabdehə öz imtinasını bildirməmişdir.

47. İddiaçı tərəf tərəflər arasında təhvil-təslim aktının olmamasına (cavabdeh isə həmin aktın imzalandığını, sadəcə nüsxəsinin ona verilmədiyi bildirmiş) istinad etsə də, sayğacların quraşdırılmasını və onlar tərəfindən həmin sayğacların bugünə kimi istifadə etdiklərini həm nümayəndəsi, həm dəvət etdiyi şahidlər təsdiq etmişdilər. Beləliklə, tərəflər arasında müqavilədə göstərilən malın təhvil-təslimin baş tutması faktına dair şübhələr də aradan qalxmış olur.

48. İddia ərizəsində göstərilən– “sayğacların ümumiyyətlə işləməməsi” arqumentinə dair məhkəmə bir daha qeyd edir ki, həm iddiaçının özünün dəvət etdiyi şahidlər ifadəsi ilə, həm də iddiaçının nümayəndəsinin məhkəmə araşdırılması zamanı verdiyi izahatında müəyyən olundu ki, sayğacların üçü də quraşdırılan gündən işlək vəziyyətdədir və istifadə olunur. Və bu müddət ərzində cavabdeh tərəfə sayğacın işləməməsi ilə bağlı iradların bildirilməsi iş materialları ilə müəyyən olunmur. Üç sayğacdan birinin göstəricilərində müəyyən yalnışlığın olması səbəbi isə İddiaçı MMC-nin mexanik bildirdi ki, sayğacın sazlanmasına (kolibirovka) ehtiyac olduğundan irəli gəlir. Cavabdeh isə sazlanmanın edilməsinin müqavilə şərti ilə cavabdehə aid olmadığını bildirdi, iddiaçı tərəfin isə cavabdehin bu argumentə heç bir etirazı olmadı.

49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

50. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli Qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

53. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

54. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

55. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

56. Həmin Məcəllənin 580.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinin şərtinə uyğun gəlməyən çeşiddə əşyalardan imtina edərkən və ya çeşid haqqında şərtə uyğun gəlməyən malların əvəz olunması tələbini irəli sürərkən alıcı həmin malları ödəməkdən imtina edə də bilər, onları ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

57. Həmin Məcəllənin 580.4-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.

58. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

59. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.

60. Beləliklə də məhkəmə araşdırılması zamanı cavabdehin öhdəliyi icra etməməsi və bunun nəticəsində də iddiaçıya zərər vurması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması halları işdən müəyyən edilmir. Cavabdeh tərəflərin razılaşdığı əşyaları və onlara aid sertifikatları və pasportları iddiaçıya vermiş, iddiaçı tərəfindən həmin sayğaclar bəyənilərək qəbul edilmiş, iddiaçı müqavilədən ona müqavilə şərtinə uyğun gəlməyən əşya təqdim edildiyi əsası ilə imtina etməmiş, malı qəbul edərək, dəyərini ödəmiş və ondan uzun müddət istifadə edir və malı qəbul etdikdən sonra da ağlabatan müddətdə cavabdehə öz imtinasını bildirməmişdir. Sayğacların sazlanması, motorun, nasosun təqdim edilməsinin isə cavabdehin öhdəliyi olması müqavilə şərtlərində aşkar olunmur.

61. Göründüyü kimi iddiaçı hüquqi şəxsin iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir və iddia ərizəsi rədd edilməlidir.

62. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

65. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 201 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

73.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh2 qarşı “Cavabdeh2 İddiaçı xeyrinə 10.920,80 manatın və 201 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar