Məhkəmə qərarları › İş №e-2-2(113)-2575/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2575/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2575/2024 31.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41648,73 manat əsas borc, 2496 manat (səkkiz ay üçün vurulmuş ziyana görə pul məbləği) və 4164,87 manat (müqavilənin dəbbə pulu tələbi üzrə) olmaqla, cəmi 48309,60 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar İddiaçı (“icraçı”) ilə Cavabdeh MMC (“sifarişçi”) arasında bağlanılmış 14 oktyabr 2021-ci il tarixli, 05/21 nömrəli xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçiyə hazırkı müqavilənin ayrılmaz hissəsini təşkil edən əlavələri ilə nəzərdə tutulan xidmətləri göstərməyi, sifarişçi isə bu müqavilənin ödəniş şərtləri əsasında bu malları qəbul edib onların razılaşdırılmış dəyərini icraçıya ödəməsi barəsində öhdəlik götürmüşdür. Bu müqaviləyə əsasən xidmətlər sifarişçiyə təhvil verildikdən sonra onların dəyəri tam olaraq icraçının hesabına köçürülməlidir. Xidmətlər xx.xx.2023-cü il tarixində sifarişçiyə təhvil verilmişdir. Beləliklə, bu müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə ödənişlərini tam olaraq bu günə qədər ödəməyən alıcının icraçı qarşısında 41648,73 manat məbləğində borcu yaranmışdır. İddiaçı icraçı olaraq bu müqavilə üzrə öhdəliklərini tam olaraq icra etmiş, lakin cavabdeh olan sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözlənilməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini xx.xx.2023-cü il tarixindən başlayaraq, artıq 8 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilir ki, 14 iyun 2023-cü ilin tarixinə Mərkəzi Bankın uçot faiz dərəcəsi 9% olmuşdur. Cavabdeh iddiaçıya qaytarmalı olduğu pul vəsaitini uzun müddət qaytarmamaqla, ondan qanunsuz istifadə etmiş və ona zərər vurmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda istinad edilən 21, 439 və 449-cu maddələrinin tələbləri nəzərə alınmaqla əsas borc məbləğindən əlavə 2496 manat məbləğində vurulmuş zərərin əvəzi də İddiaçı ödənilməlidir (uçot faiz dərəcəsi 9%, 41648,73 * 9%=3748 manat : 12=312 manat (bir ay üçün vurulmuş ziyana görə pul məbləği), 312 manat x 8 (ay)=2496 manat (səkkiz ay üçün vurulmuş ziyana görə pul məbləği)). Bundan əlavə, 14 oktyabr 2021-ci il tarixli, 05/21 nömrəli xidmət müqaviləsinin 5.1-ci və 5.2-ci bəndinə əsasən sifarişçi ödənişin həyata keçirilməsi üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda yol verdiyi hər gecikmə gününə görə 0,1% (sıfır tam onda bir faiz) məbləğində icraçıya dəbbə pulu ödəməyi öhdəsinə götürür. Bu səbəbdən yuxarıda istinad edilən müqavilənin 5.1-ci və 5.2-cİ bəndinin tələbləri nəzərə alınmaqla, əsas borc məbləğindən əlavə 4164,87 manat məbləğində dəbbə pulu da İddiaçı ödənilməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 449.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, ircaçı qismində İddiaçı ilə sifarişçi qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 05/21 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olaraq Ələt İqtisadi zonada texnika qeyd olunmuşdur. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən icraçı qarşısıalınmaz qüvvənin (fors-major) təsiri istisna olmaqla müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi isə qarşısıalınmaz qüvvənin (fors-major) təsiri istisna olmaqla bu müqavilənin 3.2-ci bəndində müəyyən olunmuş müddət ərzində və qaydada ödəmələri aparmadıqda tərəflər digər hüquqlara ziyan vurmadan bu bənddə nəzərdə tutulmuş cərimə sanksiyalarını (dəbbə pulu) tətbiq edə bilərlər. Dəbbə pulunun məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. “Həmin müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi ödənişin həyata keçirilməsi üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, icraçı ötürülmüş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1% həcmində dəbbə pulu ödənilməsini sifarişçidən tələb edə bilər. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icraçı bu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddətlər ərzində yerinə yetirmədiyi halda, sifarişçi ötürülmüş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1% həcmində dəbbə pulu ödənilməsini icraçıdan tələb edə bilər. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən dəbbə pulunun ödənilməsi tərəfləri öz vəzifələrini icra etmək və vurulmuş zərəri tam ödəmək öhdəliyindən azad etmir.

8. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 05/21 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı spesifikasiyadan görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş mal(lar)ın qiyməti (CAT 432F2 ekskovator yükləyici, 1 ədəd – 4000 manat; CAT 432E ekskovator yükləyici, 1 ədəd – 4000 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

9. İddiaçı və Cavabdeh MMC arasında imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı 41651,73 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 212520 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8953,25 manat təşkil edir.

11. xx.xx.2022-ci il tarixli, EBCB seriyalı, 213199 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13806,12 manat təşkil edir.

12. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 400184 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 12669,69 manat təşkil edir.

13. xx.xx.2023-cü il tarixli, EBCM seriyalı, 400450 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 6219.67 manat təşkil edir.

14. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları və üzləşmə aktı ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmənin mövqeyi

18. İddia tələbinin bir hissəsini cavabdehdən 41648,73 manat nəbləğində əsas borcun tutulması təşkil edir.

19. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 41648,73 manat (qırx bir min altı yüz qırx səkkiz manat yetmiş üç qəpik) tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlar, üzləşmə aktı ilə öz təsdiqini tapır.

20. Bundan əlavə, iddiaçı cavabdehdən 4164,87 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

21. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

22. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 05/21 nömrəli müqavilənin 5.1-ci bəndinə əsasən icraçı qarşısıalınmaz qüvvənin (fors-major) təsiri istisna olmaqla müqaviləni (və ya onun hər hansı hissəsini) müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirdikdə), sifarişçi isə qarşısıalınmaz qüvvənin (forsmajor) təsiri istisna olmaqla bu müqavilənin 3.2-ci bəndində müəyyən olunmuş müddət ərzində və qaydada ödəmələri aparmadıqda tərəflər digər hüquqlara ziyan vurmadan bu bənddə nəzərdə tutulmuş cərimə sanksiyalarını (dəbbə pulu) tətbiq edə bilərlər. Dəbbə pulunun məbləğinin yuxarı həddi müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini və müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 2100 (iki min yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

24. İddia tələbinin digər hissəsini cavabdehdən 2496 manat (səkkiz ay üçün vurulmuş ziyana görə pul məbləği) məbləğində pulun tutulması təşkil edir.

25. Əvvəla, iddiaçı iddia ərizəsində hüquqi əsas kimi MM-nin 445 və 449-cu maddələrinə istinad etmişdir. 449.1-ci maddənin məzmunundan göründüyü kimi, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir...Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. İddiaçı bank uçot dərəcəsini 9% götürməklə 8 ay üçün hesablanmış 2496 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmənin qənaətinə əsasən həmin əsasla həmin məbləğ cavabdehdən tutula bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehin pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir.

26. Lakin müəyyən olunur ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirmişdir. Ona dörə də məhkəmənin qənaətinə əsasən MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik 5 fazilə hesablanmış məbləğ cavabdehdən tutula bilər.

27. Ona görə məhkəmə iddia ərizəsində hüquqi əsas kimi həmin maddəyə də istinad olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin hissədə də iddia qismən təmin olunmalı və cavabdehdən tələbə uyğun illik 5 (beş) faizlə hesablanan 1388,30 manat (min üç yüz səksən səkkiz manat otuz qəpik) məbləğində (41648,73x5:100=2082,436:12ay=173,536x8ay=1388,29~1388,30) pul iddiaçının xeyrinə tutulmalı, qalan hissədə isə təmin olunmamalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 41648,73 manat (qırx bir min altı yüz qırx səkkiz manat yetmiş üç qəpik), 2100 (iki min yüz) manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1388,30 manat (min üç yüz səksən səkkiz manat otuz qəpik) olmaqla, cəmi 45137,03 manat (qırx beş min yüz otuz yeddi manat üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar