Məhkəmə qərarları › İş №e-2-2(113)-2613/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2613/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2613/2024 23.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, öhdəliklərin verilməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iştirakı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21.554,77 manatın, habelə ödənilmiş 155 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Gəncə-Gürgüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi məqsədi ilə, sifarişçi “X1” MMC-ilə xx.xx.2019-cu il tarixli, HMC/X214/0719 saylı müqavilə bağlamışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, icraçı “Kamaz 5320 yük” markalı, 10 ML-634 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sifariçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya ayda 2.000 manat xidmət haqqı ödəyir. Sonra həmin yolun tikintisi "xxxx" ASC-yə ötürülür. Hazırki vəziyyətdə İddiaçı göstərdiyi xidmətə görə xidmət haqqını ala bilmir. "xxxx" ASC verdiyi sifarişlər üzrə İddiaçı 21.554,77 manat ödəməlidir. İddiaçı dəfələrlə "xxxx" ASC-yə ərizə ilə müraciət edib, lakin hər hansı bir nəticə olmayıb. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442.1, 445.3, 739, 740.1, 743, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: “Sifarişçi” “X2” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli HMC/X 214/0719 nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, icraçı, özünə məxsus 1 ədəd Kamaz 5320 yük markalı 10ML634, D.N.N-lı nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitələri xidmət yerinə çatdıqdan sonra sifarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndənin imzası ilə təsdiq edir. Xidmət bitdikdən sonra və ya hər hansı səbəbdən icraçının göstərişi ilə Nəqliyyat vasitəsi geri göndərildikdə sifarişçi yol vərəqəsində müvafiq qeydləri səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Müqavilənin 3.1-ci bəndinə əsasən razılaşmaya əsasən müqavilə üzrə bir aylıq xidmət haqqı Kamaz 5320 yük markalı, 10ML634 D.N.N-lı Nəqliyyat vasitəsi vergilər daxil 2000 manat təşkil edir. Müqavilənin 3.6-cı bəndinə əsasən müqavilə üzrə xidmət haqqı görülmüş işlərə dair tərəflər arasında təhvil-təslim aktı imzaladıqdan sonra növbəti ayın ilk 15 iş günü ərzində bank köçürmə yolu ilə həyata keçir. 12 yanvar 2022-ci tarixli HMC/X 214/0719 nömrəli, xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə 1 saylı Əlavə Razılaşmadan görünür ki, birinci tərəf "xxxx" ASC, ikinci tərəf “X2” MMC və üçüncü tərəf İddiaçı olmaqla “X2” MMC razılaşmanın imzalandığı tarixdən etibarən müqavilə üzrə borc öhdəliklərini "xxxx" ASC-yə ötürməyi, “X2” MMC-nin İddiaçı razılaşmanın imzalanma tarixinədək 10215,15 manat məbləğində borcunun mövcud olduğunu, razılaşmanın 2-ci bəndində qeyd edilən borc məbləğinin "xxxx" ASC tərəfindən İddiaçı bank hesabına bank köçürmə yolu ilə ödənilməsi barədə razılaşmışlar. “Sifarişçi” "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli AX 198/2021 nömrəli xidmət müqaviləsinin predmetindən görünür ki, icraçı, özünə məxsus 1 ədəd Kamaz-5320 yük markalı nəqliyyat vasitəsi ilə (Tip:furqon, D.N.N: 10ML634, buraxılış ili: 1985-ci il) nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. Xidmətlər Sifarişçi tərəfindən təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır. Müqavilənin 2.1-ci bəndinə əsasən bir aylıq xidmət haqqı vergilər daxil olmaqla 2500 AZN təşkil edir. 08 may 2023-cü il tarixli üzləşmə aktına əsasən "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixinə borcunun 21554,77 manat olmasını "xxxx" ASC ilə İddiaçı imzaları ilə təsdiq etmişlər. 18 mart 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət büdcəsinə 155 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 522.3-ci maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. 526-cı maddəsinə əsasən əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Həmçinin “X2” MMC-nin müqavilə üzrə iddiaçıya olan 10215,15 manat borc öhdəliyini cavabdeh öz üzərinə götürmüş, lakin ödəməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını və üzərinə götürdüyü borcu ödəməmişdir. Bu fakt üzləşmə aktı ilə də öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının icra etdiyi işin müqabilində, həmçinin cavabdehin üzərinə görtürdüyü öhdəlik üzrə cavabdehdən xidmət haqqının və borcun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə və üzərinə götürdüyü öhdəliyə görə 21554,77 manat məbləğində borcu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin və borcun ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 21554,77 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 155 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən müqavilə üzrə ödənilməmiş 21554 (iyirmi bir min beş yüz əlli yeddi) manat 77 (yetmiş yeddi) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 155 (bir yüz əlli beş) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar