Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-262/2024 29.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ƏDV daxil olmaqla 63720 manat məbləğində borc, 400 manat məbləğində mediasiya xərci və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı ƏDV daxil olmaqla 63720 manat məbləğində borc, 400 manat məbləğində mediasiya xərci və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 mart 2023-cü il tarixli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən xidmətləri icra etməyi, cavabdeh isə göstərilmiş xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh iddiaçının çəkdiyi “Ofis işi” serialına baş sponsor olmağı öhdəsinə götürmüşdür. İddiaçı isə bunun müqabilində çəkdiyi “Ofis işi” serialında tərəflər arasında razılaşdırılmış senari üzrə cavabdehin fəaliyyəti ilə bağlı müvafiq səhnələr çəkməyi və həmin serialın yayımı zamanı nümayiş etdirməyi, həmçinin cavabdehə aid müvafiq reklamların da həmin serialın yayımı zamanı nümayiş etdirməyi öhdəsinə götürmüşdür. İddiaçının müqavilə üzrə götürdüyü öhdəliklərini icra etməsinə baxmayaraq, cavabdeh heç bir əsas olmadan tərəflər arasında bağlanmış 02 mart 2023-cü il tarixli xidmət müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq göndərmişdir. Müqaviləni ləğv etməsinə baxmayaraq, cavabdeh həmin müqavilə üzrə iddiaçı tərəfindən icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bununla bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh bu günə qədər icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir. Bundan sonra iddiaçı icra edilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh icra edilmiş xidmətlərin dəyərini ödəməmişdir və ödəməkdən imtina edir. Bu isə iddiaçının hüquqlarını pozduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi əsassızdır. Belə ki, sözügedən Müqavilə və Protokolun şərtlərinə əsasən, İcraçı (İddiaçı MMC) Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində gostərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə Sifarişçiyə (Cavabdeh MMC) təhvil verməyi, Sifarişçi isə bunun müqabilində Xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Ödəniş Xidmət İcraçı tərəfindən göstərildikdən və Sifarişçi tərəfindən Təhvil-təslim aktı əsasında qəbul edildikdən sonra İcraçı tərəfindən təqdim edilmiş müvafiq ödəniş sənədi (hesabfaktura/elektron-qaimə/elektron vergi hesab-faktura) əsasında həmin ödəniş sənədinin təqdim edildiyi andan 5 iş günü ərzində onun bank hesabına köçürmə yolu ilə edilir. Bu şərt həmçinin Protokolun 2-ci bəndində də qeyd edilmişdir. Bununla yanaşı, həmin Protokolun 3-cü bəndinin tələblərinə görə, İcraçı Xidmətin icrasını hazırki müqavilənin ayrılmaz tərkib hissəsi sayılacaq və tərəflərin rəsmi qaydada təsdiq etdikləri Media plan əsasında həyata keçirməli idi. İstər iddiaçının cavabdehə göndərdiyi Təqdimatdan, istərsə də tərəflər arasında həm münasibətlərin başlanğıcında, həm də Müqavilə rəsmiləşdirildikdən sonra aparılan yazışmalardan da aydın görünür ki, iddiaçı çəkdiyi “Ofis işi” serialında tərəflər arasında razılaşdırılmış senari üzrə cavabdehin fəaliyyəti ilə bağlı müvafiq səhnələr çəkməyi və həmin serialın həftə içində İV gün saat 21:30, təkrarı bazar günü olmaqla yayımı zamanı nümayiş etdirməyi, həmçinin cavabdehə aid müvafiq reklamların da həmin serialın yayımı zamanı nümayiş etdirməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçı ilə əməkdaşlıq etməsinin ən vacib səbəbi və şərti də – “Ofis işi” serialının məhz təqdimatda göstərilən vaxtda, yəni həftə içində İV gün saat 21:30, təkrarı bazar günü yayımlanacağı üçün orada reklam yerləşdirilməsi idi. Bu şərt tərəflərin arasında rəsmiləşdirilməli olan Media planda da öz əksini tapmalı idi. Lakin, iddiaçı nəinki özünün göndərdiyi və tərəflərin razılaşdırdıqları təqdimatın şərtlərini yerinə yetirməmiş, həmçinin dəfələrlə tələb edilməsinə baxmayaraq həmin təqdimata uyğun rəsmiləşdirilməli olan Media planı təqdim etməmişdir, yəni həm Müqavilə, həm də onun əlavəsi üzrə öhdəliklərini layiqincə icra etməmişdir. Bu səbəbdən cavabdeh Müqavilənin şərtlərinə əsaslanaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq müqaviləyə birtərəfli qaydada xitam vermiş və iddiaçıya ödəniş həyata keçirtməmişdir. Belə ki, Müqavilənin 4.1-ci bəndində öz əksini tapan Sifarişçinin hüquqlarından biri də - İcraçı öz öhdəliklərini icra etmədikdə bu Müqavilə və onun əlavələri ilə müəyyən edilmiş ödənişləri dayandırmaq, ödəniş edildiyi təqdirdə isə, onun geri qaytarılmasını tələb etmək və) və ya hazırki Müqavilənin icrasından birtərəfli qaydada imtina etməkdir. Müqavilənin İcraçının məsuliyyətinə aid olan 5.3-cü və 5.4-cü bəndlərinin tələblərinə görə isə, İcraçının qəsdi vəya təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində Xidmətin başlama və ya təhvil verilmə, həmçinin qüsurların (hazırkı müqavilənin ayrılmaz hissəsi olan əlavəyə uyğun olmaması) aradan qaldırılması müddətində gecikməyə yol verildiyi təqdirdə, Sifarişçi İcraçıya heç bir ödəniş etmədən (ödəniş edildiyi təqdirdə isə onun qaytarılmasını tələb etməklə) sifarişdən imtina edə və/ və ya hazırki müqaviləyə xitam verə bilər. İcraçı Sifarişçinin bu tələbi ilə qeyd-şərtsiz razılaşmalı və dərhal icra etməlidir. Həmçinin İcraçı özündən asılı olmayan istənilən səbəblərə (rəsmi olaraq fors-mafor kimi qeydə alınmayan, lakin öhdəliyin icrasına əngəl yaradan digər hallar, üçüncü şəxslərin hərəkətlhərəkətsizliyi və s.) görə, hazırki müqavilənin əlavələrindən kənaraçıxmalara (o cümlədən gecikmələrə) yol verərsə, bu öhdəliyin tam və layiqincə icra olunmaması hesab olunacaqdır. Belə olan halda Sifarişçinin seçimi ilə və onun müəyyənləşdirdiyi müddət ərzində İcraçı ya icra edilə bilməyən həmin öhdəliyi tam icra etməli, ya da həmin öhdəlik üçün nəzərdə tutulmuş və ödənilmiş xidmət haqqını dərhal Sifarişçiyə geri qaytarmaldır. İcraçı istənilən halda Sifarişçidən layiqincə, tam və zamanında icra olunmamış öhdəlik üçün xidmət haqqı tələb edə bilməz. Həmçinin sözügedən müqavilənin 8.2-ci bəndinin tələblərinə əsasən, Sifarişçinin bu Müqaviləyə əvvəlcədən yazılı xəbərdarlıq etməklə, birtərəfli qaydada xitam vermək hüququ vardır. İcraçının təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində Sifarişçi Müqaviləyə dərhal xitam verə bilər.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
8. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
9. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 02 mart 2023-cü il tarixli 01/133 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində göstərilən məbləğdə, həcmdə, tərkibdə və göstəricilərə uyğun olan işləri yerinə yetirib müvafiq hesabatla birlikdə iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində Xidmətin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış müqaviləyə cavabdehin xx.xx.2022-ci il tarixli bildirişi əsasında xx.xx.2022-ci il tarixdən xitam verilmişdir.
11. Məhkəmə qeyd edir ki, müqavilənin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, müqavilə reklam xidmətlərinin göstərilməsi ilə bağlı bağlanmışdır. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
12. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
14. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir. Çünki, iddiaçı hazırki iddia ərizəsi ilə müqaviləyə əlavə olan xx.xx.2022-ci il tarixli “X1”nda nəzərdə tutulmuş xidmətlərə görə ƏDV daxil 63720 manat pulun ödənilməsini tələb edir.
16. “X1”nda iddiaçı tərəfindən cavabdehə göstərilməli olan xidmətlərin adı, növü və ona dair digər tələblər olmaqla dəqiq siyahısı göstərilmişdir. Həmin siyahının məzmunundan aydın olur ki, göstərilən xidmətlər iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialında telekanalın efirində yayımlanan zaman yerinə yetirilməli idi.
17. İş materiallarında olan vəkil soruğusuna əsasən Şahid1 MTRK-nın xx.xx.2023-cü il tarixli 116 saylı cavab məktubundan görünür ki, iddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialı ATV telekanalının efirində xx.xx.2022-ci il tarixdən yayımlanmağa başlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə isə göstərilən tarixdən 5 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı tərəfindən isə müqaviləyə cavabdeh tərəfindən xitam verilməsi əsasları mübahisələndirilməmişdir.
18. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
21. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
22. İddiaçı müqavilə üzrə xidmətlərin göstərildiyini bildirsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni “X1”nda nəzərdə tutulan xidmətləri göstərməsini təsdiq edən hər hansı bir sübutu (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim etməmişdir.
23. İddiaçı tərəfindən CD-Diskdə məhkəməyə təqdim edilmiş video görüntülərdə isə cavabdehin məhsulları ilə bağlı çəkilişlərin aparıldığı təsdiq edilsə də, bu işlər “X1”nda nəzərdə tutulan xidmətlərə daxil olmadığından həmin dəlil xidmətlərin göstərildiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz.
24. İddiaçı tərəfindən çəkilmiş “Ofis işi” serialının yayımlandığı zaman ATV telekanalının efirində cavabdehə məxsus brendə aid reklam blokları cavabdehin sifarişi əsasında "xxxx" MMC ilə Şahid2 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli R- 01012022/10 nömrəli müqaviləyə əsasən yayımlanmışdır (məhkəmə sorğusuna əsasən Şahid2 MMC-nin 15 yanvar 2024-cü il tarixli 037 saylı cavab məktubu) ki, bunun da iddiaçıya aidiyyəti yoxdur.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan xidmət haqqının tələb olunması üçün əsaslar məhkəmə tədqiqatı zamanı müəyyən olunmadığından iddia rədd edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdehnə qarşı ƏDV daxil olmaqla 63720 manat məbləğində borc, 400 manat məbləğində mediasiya xərci və 800 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev