Məhkəmə qərarları › İş №e-2-2(113)-2624/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2624/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2624/2023 18.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8149.25 manat pulun, mediasiya prosesinin tətbiq edilməsi üçün ödənilmiş 100 manat pulun və ödənilmiş 102.40 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8351.65 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu tarixli SM-064 saylı reklam yerləşdirilməsi müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2-ci bəndinə əsasən reklam yayıcısı reklam sifarişçisinin sifariş edəcəyi reklamı müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada yayım kanalında yayımlamağı, reklam sifarişçisi isə bu müqavilədə nəzərdə tutulan xidmət haqqını reklam yayıcısına ödəməyi öhdəsinə götürür. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə üzrə reklam sifarişçisi media planında göstərilən məbləğdə və şərtlər əsasında reklam yayıcısına xidmət haqqı ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq icra etməmişdir. Yəni cavabdeh müqavilənin şərtlərinə əsasən ödəməli olduğu xidmət haqqını ödəməmişdir. Belə ki, tərəflərindən cavabdehə göndərilmiş xx.xx.2022-ci il tarixli, 70 №-li və xx.xx.2022ci il tarixli 87№-li hesab fakturalardan, habelə xx.xx.2022-ci il tarixli, EBBU 116769 №-li və EBBW 165310 №-li elektron qaimələrdən görünür ki, cavabdeh tərəfindən sadalanan sənədlər üzrə ümumilikdə 8149.25 manat xidmət haqqı bu günədək iddiaçıya ödənilməmişdir. Sadalanan elektron qaimələr ödəniş edilməsi üçün cavabdehə göndərilmiş və cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq xidmət haqqı bu günədək ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, ona göstərilmiş xidmətin dəyərini iddiaçıya ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müvafiq reklamların yayımlanması barədə sifariş daxil olduqdan sonra media planına əsasən həmin reklamlar radioda yayımlanmış, lakin xidmətin dəyəri ödənilməmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Hacıyev iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında xx.xx.2019-cu tarixli SM-064 saylı reklam yerləşdirilməsi müqaviləsi bağlanmasına baxmayaraq iddia edilən xidmətlərin göstərilib göstərilmədiyi onlara məlum deyildir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli SM-064 nömrəli reklam yerləşdirilməsi müqaviləsinə əsasən reklam yayıcısı reklam sifarişçinin sifariş edəcəyi reklamı müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada yayım kanalında yayımlamağı, reklam sifarişçisi isə bu müqavilədə nəzərdə tutulan xidmət haqqını reklam yayıcısına ödəməyi öhdəsinə götürür.

7. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə reklam sifarşçisi media planda göstərilən məbləğdə və şərtlər əsasında reklam yayıcısına xidmət haqqı ödəməlidir.

8. Müqavilənin 7.2-ci bəndinə əsasən media planda başqa qayda müəyyən olunmamışdırsa, ötən ay üzrə yerləşdirilmiş reklamlara görə xidmət haqqı reklam yayıcısı tərəfindən kəsilmiş hesab-fakuraya əsasən cari ayın sonuna qədər reklam yayıcısına ödənilməlidir.

9. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 70 nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən ödənilməli olan xidmət haqqı 3566,90 manat təşkil edir.

10. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 87 nömrəli hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən ödənilməli olan xidmət haqqı 4582,35 manat təşkil edir.

11. İddiaçı tərəfindən cavabdehə EBBU 116769 nömrəli xx.xx.2022-ci il tarixli (3566,90 manat), EBBW 165310 nömrəli xx.xx.2022-ci il tarixli (4582,35 manat) məbləğində elektron qaimələr göndərilmişdir.

12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli SM-064 nömrəli saylı müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli SM-064 nömrəli reklam yerləşdirilməsi müqaviləsi imzalanmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

19. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddiaçıya məxsus 100.5 FM (TMB Azərbaycan) radio kanalında cavabdehin sifarişi əsasında yayımlanmış reklamların olduğu arxiv yayımları təqdim edilmiş, cavabdeh həmin yayımların sifariş olmadığı, iddiaçı tərəfindən xidmət göstərilmədiyi halda hansı səbəbdən yayınlandığı sualını ağlabatan şəkildə cavablandıra bilməmişdir.

20. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8149,25 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 202 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 8149,25 manat məbləğində pul və ödənilmiş 202 manat məbləğində dövlət rüsumu, ümumilikdə 8351,25 (səkkiz min üç yüz əlli bir manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar