Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2637/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Nümayəndə (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7642,80 manat əsas borcun, 23,37 manat cərimə borcunun, 32,19 manat faiz borcunun və 97 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icraçı (bundan sonra iddiaçı adlandırılacaq) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Nümayəndə (VÖEN: **********) ilə sifarişçi (bundan sonra Cavabdeh adlandırılacaq) Cavabdeh (VÖEN: **********) arasında 25 oktyabr 2024-cü il tarixli GTG/076/24 saylı xidmət müqaviləsi imzalanmışdır. Bu Müqavilənin 1.1-ci maddəsinə əsasən, cavabdeh bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qoşma sənədlərə əsasən xidmətlərin göstərilməsini sifariş verir, İddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada adı gedən xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öz öhdəsinə götürür. Eyni zamanda müqavilənin 2.4-cü maddəsinə əsasən, iddiaçının yerinə yetirdiyi işlər bu müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı imzalanmaqla cavabdeh tərəfindən təhvil alınır. Müqavilənin 4.1-ci maddəsində qeyd olunmuşdur ki, hər növbəti ayın ilk 10 (on) iş günü ərzində xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir. Müqavilənin 4.5-ci maddəsinə əsasən isə xidmət üzrə yerinə yetirilmiş işlərə görə hesablaşmalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü müddətində iddiaçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən 25 oktyabr 2024-cü il tarixli 1 nömrəli qoşma ilə sifariş edilən xidmətləri xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək cəmi 20 (iyirmi) gün olmaqla həyata keçirmişdir. Müqavilənin 4.1-ci maddəsinə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə 2 ədəd təhvil-təslim aktı hazırlanmış, imzalanmış və Cavabdeh tərəfindən möhür ilə təsdiqlənmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə imzalanmış 1 nömrəli təhvil-təslim aktı üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində İddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1910,70 manat (min doqquz yüz on manat, yetmiş qəpik), xx.xx.2024-cü il tarixdə imzalanmış 2 nömrəli təhvil-təslim aktı üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri ərzində iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyəri isə 5732,10 manat (beş min yeddi yüz otuz iki manat, on qəpik) təşkil edir. İddiaçı tərəfindən hər iki təhvil-təslim aktı ilə göstərilən xidmətlərin dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə elektron qaimə göndərilmiş, cavabdeh bu elektron qaiməni təsdiq etmişdir. Lakin cavabdeh xidmət müqaviləsi, təsdiqlənmiş təhvil-təslim aktları və elektron qaimə üzrə borcunu ödəməmişdir. Göründüyü kimi İddiaçı müqavilə üzrə öhdəliklərinə əməl edərək cavabdehə təhvil-təslim aktları ilə təsdiq edilmiş xidmətləri göstərmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərinə əməl etməyərək iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini, yəni 7642,80 (yeddi min altı yüz qırx iki manat, səksən qəpik) manat borcunu iddia ərizəsi ilə müraciət etdiyimiz tarixədək ödəməkdən yayınmışdır. Borcunu ödəməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı pretenziyalar göndərilmiş, cavabdeh isə pretenziyalara cavab verməmişdir. Bildiririk ki, tərəflər arasında imzalanmış xidmət müqaviləsinin 4.6-cı bəndində qeyd olunmuşdur ki, cavabdeh xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddət ərzində ödəmədikdə (gecikdirdikdə), cavabdeh iddiaçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,01 % həcmində iddiaçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür. Yuxarıda qeyd olunanlar, eyni zamanda tərəflər arasında imzalanmış müqavilənin 4.1., 4.5-ci və 4.6-cı bəndləri Cavabdehin göstərilmiş xidmətlərə üzrə yaranmış borcunu borcunun ödənişini gecikdirdiyinə görə iddiaçı tərəfindən cavabdehdən cərimə tələb etməsinə əsas verir. Beləliklə iddia ərizəsi ilə müraciət etdiyimiz tarixədək cavabdehin iddiaçıya 23,37 (iyirmi üç manat otuz qəpik) manat məbləğində cərimə borcu yaranmışdır. Yuxarıda qeyd olunanlarla sübut olunur ki, iddiaçının dəfələrlə şifahi və yazılı xəbərdarlığına baxmayaraq, cavabdeh heç bir qanuni əsas olmadan, müqavilənin predmetini təşkil edən işləri icra etməmişdir. Bununla da cavabdehin öz öhdəliklərini icra etməməsi iddiaçının mülki dövriyyəsinin sabitliyinin, davamlılığının pozulmasına səbəb olmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçı Nümayəndə iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin sifarişi əsasında işlər görülüb cavabdeh tərəfindən qəbul edilsə də, dəyəri ödənilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli GTG/076/24 saylı xidmət göstərilməsi haqqında müqaviləyə görə, sifarişçi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokoluna əsasən xidmətlərin göstərilməsini sifariş verir, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada adı gedən xidmətləri göstərməyi öz öhdəsinə götürür.
8. Müqavilənin 4.1-ci bəndinə görə icraçı göstərilən xidmətlər üçün gündəlik iş cədvəli tərtib edir. Hər növbəti ayın ilk 10 iş günü ərzində göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə təhvil-təslim aktı tərtib olunur, imzalanır və möhürlənir.
9. Müqavilənin 4.5-ci bəndinə görə hesablamalar tərəflər təhvil-təslim aktını təsdiq etdikdən sonra 30 (otuz) bank günü ərzində icraçının müqavilədə göstərilmiş bank hesabına köçürmə yolu ilə həyata keçirilir.
10. Müqavilənin 4.6-cı bəndinə görə sifarişçi xidmətə uyğun yerinə yetirilmiş işlər üzrə xidmət haqqını müəyyən edilmiş müddət ərzində ödəmədikdə (gecikdirdikdə), sifarişçi icraçının tələbi ilə gecikmənin hər bir təqvim günü üçün gecikdirilən məbləğin 0,01 % həcmində iddiaçıya cərimə ödəyəcəyinə dair öhdəlik götürür.
11. 25 oktyabr 2024-cü il tarixli GTG/076/24 saylı müqaviləyə Qoşma 1 ilə xx.xx.2024-cü il tarixli müqavilə üzrə görüləcək işlərin dəyəri razılaşdırılmışdır.
12. xx.xx.2024-cü il tarixli, 1 nömrəli təhvil-təslim aktına görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 1910,70 manat, xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktına görə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri 5732,10 manat məbləğində təşkil edir, aktlar hər iki tərəfin imzası, cavabdehin möhürü ilə təsdiq edilmişdir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli, MT2412 10726504 nömrəli 7642,8 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir.
14. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli GTG/076/24 saylı podrat müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
21. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
22. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
23. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 7642,80 manat (1910,70 manat + 5732,10 manat) borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 7642,80 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
24. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 23,37 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
26. Məhkəmə hesab edir ki, borcun gecikdirilməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
27. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 32,19 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
29. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
31. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
32. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
33. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
34. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7642,80 manat əsas borc, 23,37 manat dəbbə pulu, 32,19 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 97 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 7642,80 manat əsas borc, 23,37 manat dəbbə pulu, 32,19 manat faiz borcu, 97 manat dövlət rüsumu, ümumilikdə 7795,36 (yeddi min yeddi yüz doxsan beş manat otuz altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova