Məhkəmə qərarları › İş №e-2-2(113)-265/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-265/2025

10.10.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-265/2025 10.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “məhsulun satışına qadağan edilməsi və digər” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:əqli mülkiyyət hüququ) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “məhsulun satışına qadağan edilməsi və digər” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus “ASİYA ŞİRİ» adlı məhsulunAzərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması öhdəliyinin Cavabdeh üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci ildə dövlət qeydiyyatında alınmışdır. Cəmiyyət minerallardan hazırlanmış qida əlavələri, reklam, biznes sahəsində menecment, malların qablaşdırılması və anbarda saxlanılması sinifləri üzrə “AFRİKA ŞİRİ” adlıməhsula 2015 0582 nömrəliəmtəə nişanınıəldə etmiş, xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Lakin əldə edilmiş məlumata görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN1:0********) “AFRİKA ŞİRİ” məhsuluna oxşar adla “ASİYA ŞİRİ” adlı məhsulun ölkəyə idxal edilməsi və satışı ilə məşğuldur. Bununla da hesab edirik ki, Cavabdeh əmtəə sahəsində qanunvericiliyin tələblərini pozmaqla,İddiaçı MMC-yə maddi ziyan vurmaqla, işgüzar nüfuzuna xələlə gətirir. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası qanununa əsasən, uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Qeyd etmək lazımdır ki, “ASİYA ŞİRİ” adlı məhsul“AFRİKA ŞİRİ” adlı məhsulla həm qablaşdırma meyarlarına görə həm də adına görə oxşar əlamətlərə malikdirlər. İddiaçı MMC isə uzun illərdir ki, “AFRİKA ŞİRİ” adlı məhsulun satışı və ölkəyə idxalı ilə məşğul olmuşdur. Bu məhsul uzun müddətdir bazarda reklam olunmuş, satış göstəricilərinin artırılması üçün müvafiq işlər aparılmışdır. Lakin “ASİYA ŞİRİ” məhsuluna ölkəyə idxal edib, satışını həyata keçirən Cavabdeh bu fəaliyyəti bizə məxsus məhsulun bazarda olan tələbatına və satış göstəricilərinə uyğun oxşar addan istifadə etməklə sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin yaranması səbəb olmuşdur. “AFRİKA ŞİRİ” adı ticarət fəaliyyəti sahəsində öz markasını yaratmış məhsul olaraq, qeyd olunan malların satışında xüsusiçəkiyə malikdir.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Patent və X2 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildirişdən görünür ki, nişan iddia olunan 05-ci sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz, belə ki, ekspertiza zamanı ƏXBT-nin 05-ci sinifi üzrə Azərbaycan Respublikasında daha əvvəl milli qaydada qeydiyyata alınmış əmtəə nişanı (Afrika Şiri adlı əmtəə nişanı) aşkar edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli X1 müəyyən olunur ki, “Asiya Şiri” əmtəə nişanlı məhsulun etibarlılıq müddəti 2025-ci ilin 10 oktyabr tarixində bitir. İddiaçının tələbi üç hissədən ibarətdir – məhsulun idxalına qadağa qoyulması, ticarət dövriyyəsindən çıxarılması və paylanmış məhsulların geri yığılması. İkinci və üçüncü tələblər mahiyyətcə eynidir. İstinad olunan sənədlərdən görünür ki, əmtə nişanının qeydiyyatından imtina edilmiş və bu məhsulun sahibi tərəfindən mübahisələndirilməmişdir. Eyni zamanda artıq idxal edilmiş və dövriyyəyə buraxılmış məhsulun istifadə müddəti bitmişdir. Bütün bunlar iddianın rədd edilməsindən ibarət nəticəyə gəlməyə əsas verir. Belə ki, “Asiya Şiri” adlı məhsulun əmtəə nişanı kimi qeydiyyatından imtina olunduğuna görə həmin məhsulun eyni adda və qablaşdırmada idxalı sifarişçi (sahibkar) üçün iqtisadi baxımdan səmərəsiz addımdır, qanunvericilik buna yol vermir, üstəlik həmin məhsul artıq əmttə nişanı ilə mühafizə olunan obyekt deyildir. Bu baxımdan həmin məhsulun idaxlı da mümkün deyil. AQTA tərəfindən verilmiş sertifikata əsasən artıq idxal edilmiş məhsulun müddəti bitdiyindən həmin məhsulun satışı da istisna olunur. Mövcud olan məhsullar belə satışı həyata keçirən apeteklər tərəfindən dövriyyədən çıxarılır. Yəni bu cür tənzimlənmə üçün əlavə hüquqi tədbirlərə ehtiyac qalmamışdır. Beləliklə, qeyd edilən məhsulun idxalı mümkün olmadığından və idxal edilmiş məhsulun istifadə müddəti bitdiyindən iddiaçının hüquqi marağı da aradan qalxır. Qətnamə pozulmuş hüquqlarının bərpasına və qanuni mənafelərin müdafiəsinə yönəlməlidir. Hazırda pozulmuş hüquq yoxdur, real vəziyyət iddiaçının mənafeyinə də toxunmur. Bu vəziyyətdə, yəni mübahisə olmadığı halda iddianın təmin olunması icrası mümkün olmayan qətnamənin çıxarılması ilə nəticələnəcəkdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçı və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaçı tərəf bildirir ki, təqdim olunan iddia üzrə üç əsas tələb irəli sürülmüşdür. Lakin 2-ci və 3-cü tələblər mahiyyət etibarilə eynidir və bu səbəbdən paralel şəkildə mübahisələndirilir. Mübahisələndirilən məhsulun 25 oktyabr 2025-ci il tarixində istifadə müddətinin başa çatdığı və bir partiyanın gətirildiyi nəzərə alınmaqla, müvafiq məhsul artıq dövriyyədən çıxarılmışdır. Bu halda, 2-ci və 3-cü tələblər üzrə təminat verilməsi üçün hüquqi əsas yoxdur. Birinci tələbdə isə, məhsulun idxalı ilə bağlı məsələ müzakirə olunur. Agentlik, məhsulun emtələ nişanı olaraq qeydiyyata alınmasına imtina etmişdir. Bu səbəbdən, məhsulun apteklərdə satışı mümkün olmayacaqdır. Bu vəziyyətə əsaslanaraq, məhsulun idxalı və satışı artıq mümkünsüzdür və bu səbəbdən təminat verilməsinə heç bir hüquqi əsas yoxdur. Buna görə də, 2-ci və 3-cü tələblər üzrə təminat verilməsinin hüquqi əsası mövcud olmadığı halda, 1-ci tələbinin də əsassız olduğu aşkar edilir.

7. Məhkəmə iclasında iştirka edən Cavabdeh izahatında bildirdi ki, Hazırda Afrika şiri də dövriyyədə yoxdur, belə ki, adı Afro Şir kimi dəyişdirilməklə dövriyyəyə gətirilmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli qətnaənin məzmunundan görünür ki, ƏN seriyalı 000701 saylı Şəhadətnamə ilə , 20150582 nömrə ilə xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeyd olunmuş “AFRİKA ŞİRİ” əmtəə nişanının sahibi İddiaçı MMC olduğu müəyyən edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2025-ci il tarixli, 3-16-16/2-5/1409/2025 saylı ekspert rəyinə əsasən 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “Afrika Şiri” əmtəə nişanı “Asiya Şiri” təsviri ilə qarışdırılacaq dərəcədə oxşardır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-5/603/2025 saylı ekspert rəyinə əsasən 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “Afrika Şiri” əmtəə nişanı “Asiya Şiri” təsviri ilə qarşdırılacaq dərəcədə oxşardır.

14. Azərbaycan Respublikası Qida X4 Təhlükəsizlik Sertifikatından görünür ki, idxalçı Cavabdeh tərəfindən istehsalçı X5 X7. Diş. Ltd. Şti. - X8 Cad No:7/1 Tuzla İstanbul 217.78 kg “Asiya Şiri” adında məhsul Azərbaycan Respublikasına idxal edilmişdir.

V. Tətbiq edilən hüquq:

15. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). - 17-ci maddəsinə əsasən reyestrə əmtəə nişanının şəkli, ilkinliyi, sahibi haqqında məlumat, qeydə alındığı tarix, Nitsa təsnifatının sinifləri üzrə əmtəələrin və ya xidmətlərin qruplaşdırılmış siyahısı daxil edilir. Reyestrə əmtəə nişanının qeydə alınması, qeydiyyatın qüvvədə olma müddətinin uzadılması, qeydiyyatın ləğvinə dair məlumat və sonrakı dəyişikliklər daxil edilir. Reyestrdə kollektiv nişan qeydə alınarkən ondan istifadə hüququ olanlar barəsində məlumat da əlavə olunur. - 19-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Əmtəə nişanına dair şəhadətnamə iddia edilmiş nişanın əmtəə nişanı kimi qeydə alınması faktını, onun ilkinliyini, əmtəələrə və göstərilən xidmətlərə aid nişan sahibinin müstəsna hüququnu təsdiq edir və qeydə alınmış nişanın təsvirini özündə əks etdirir. Kollektiv nişana dair şəhadətnaməyə nişandan istifadə hüququ olanlar (birliyin üzvləri) barəsində məlumatlar da daxil edilir. - 25-ci maddəsinə əsasən əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. - 26-cı maddəsinə əsasən əmtəə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtəə nişanından istifadə sayılır. - 32-ci maddəsinə əsasən bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. - 34-cü maddəsinə əsasən əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir.

17. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa əsasən, sahibkarlıq subyektlərinin əsas vəzifələrindən biri dəmüəlliflik hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş tələblərinə əməl etməkdir. Bundan əlavə sahibkarlıq subyektləri əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

18. Rəqabət Məcəlləsinin 22.1. Aşağıdakılar rəqibin sahibkarlıq fəaliyyətini təqlid edən hərəkətlər hesab edilir: 22.1.2. rəqibin əqli mülkiyyət hüquqlarını pozmaq yolu ilə onun məhsulu22.1.3. rəqibin adından və ya firma adından (eyni adlı təsərrüfat subyektinin öz adından hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə halları istisna olmaqla), habelə onun əmtəə nişanından qanunsuz istifadə edilməsi; nun bilavasitə təkrarlanması;

19. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

20. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

22. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

23. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Vİ.Məhkəmənin mövqeyi:

24. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

25. Belə ki, işin mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı xx.xx.2012-ci ildə dövlət qeydiyyatında alınmışdır. Cəmiyyət minerallardan hazırlanmış qida əlavələri, reklam, biznes sahəsində menecment, malların qablaşdırılması və anbarda saxlanılması sinifləri üzrə “AFRİKA ŞİRİ” adlıməhsula 2015 0582 nömrəliəmtəə nişanınıəldə etmiş, xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Bununla yanaşı görünür ki,Cavabdeh tərəfindən idxalçı istehsalçı X5 X7. Diş. Ltd. Şti. - X8 Cad No:7/1 Tuzla İstanbul 217.78 kg “Asiya Şiri” adında məhsul Azərbaycan Respublikasına idxal edilmişdir.

26. İşin hallarından göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi sahibkarlıq mənafelərinin müdafiəsi üçün istifadə etdiyi “Afrika Şiri” adlı əmtəə nişanına oxşar hesab etdiyi “Asiya şiri” nişanından istifadənin qadağan edilməsi və bununla da bazarda ona haqsız rəqabətə gətirib çıxaracaq mənfi nəticələrdən qorunmasıdır.

27. Belə ki, “Afrika Şiri” əmtəə nişanı ilə “Asiya Şiri” əmtəə nişanlarının adları,təsviri elementləri elementləri və rənglərin uzlaşması qarışdırılacaq qədər oxşar olubolmaması hazırkı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən, iş üzrə məhkəmə əqli mülkiyyət obyektərinin ekspertizası təyin etmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2025-ci il tarixli, 3-16-16/2-5/603/2025 saylı ekspert rəyinə əsasən 20150582 nömrə ilə xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmış “Afrika Şiri” əmtəə nişanı “Asiya Şiri” təsviri ilə qarşdırılacaq dərəcədə oxşardır.

29. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tətqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir.

30. Belə ki, “AFRİKA ŞİRİ” yazısı olan qutu 104x69x14 mm ölçüdən ibarət olub, ön tərəfində qara rəngli fonda şirin baş hissəsinin təsviri, sol tərəfdə sarı rəngli hərflərlə “AFRİKA aşağısında “SYSTEM SETİFİCATİON İSO 9001:2000 SGS”, “GOOD MANUFACTURİNG PRODUCT GMP”, “ORGANİC FOOD”, “10 KAPSUL” yazıları vardır. Həmin qutunun yan tərəflərində sarı rəngli hərflərlə “AFRİKA ŞİRİ” yazıları, arxa tərəfində preparatın tərkibi, istehsalçısı və sair məlumatlar qeyd olunmuşdur. “ASİYA ŞİRİ” yazısı olan qutu 94x87x10 mm ölçüdən ibarət olub, ön tərəfində qara rəngli fonda şirin baş hissəsinin təsviri, yuxarı hissəsində qırmız rəngli hərflərlə “ASİYA”, sarı rəngli hərflərlə “ŞİRİ” yazısı, alt hissəsində sarı fonda ağ rəngli rəqəmlərlə “10 kapsul”, qara fonda ağ rəngli hərflərlə “Bioloji fəallığı malik qida əlavəsidir (BFMQƏ)” yazıları vardır. Həmin qutunun yuxarı, aşağı, sol və arxa tərəfində hissəsində qırmız rəngli hərflərlə “ASİYA”, sarı rəngli hərflərlə “ŞİRİ” yazısı, arxa tərəfində preparatın tərkibi, istehsalçısı və sair məlumatlar qeyd olunmuşdur.

31. Məhkəmə qeyd edir ki,müvafiq olaraq “Afrika Şiri” və “Asiya Şiri” yazıları arasındakı oxşarlığa nəzər salınsa görünür ki, hər iki yazı elementi böyük hərflə başlayıb, kiçik hərflərlə davam edən, bitişik olmayan, oxşar ölçülərə malik demək olar ki, eyni tipli əlyazma şrifti ilə yazılmaqla ümumi görünüş olaraq ilk baxışda olduqca oxşardır.

32. Bundan əlavə, əmtəə nişanı ən çox istifadə olunduğu sahəni araşdırdıqda, məlum olur ki, hər iki nişan farmasevtik vasitələri əks etdirir. Bu isə onların eyni növə, təyinata və satış şəraitinə aid olmasını göstərir. Beləliklə, nəticəyə gəlmək olar ki, təqdim olunmuş əmtəə nişanları həmcins əmtəələrə aiddirlər.

33. Belə ki, əmtəə nişanlarının müqayisəsi zamanı nişanların bütövlükdə müqayisəsi aparılmalı, çaşqınlıq yarada biləcək ümumi elementlərə diqqət yetirilməlidir. Təbii ki, bu halda xüsusilə istehlakçılarda ilk baxışda yarana biləcək çaşqınlıq nəzərdə tutulur. Hazırki mübahisə üzrə iddiaçının “ASİYA ŞİRİ» adlı məhsulunAzərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılmasını tələb etdiyi Cavabdeh onunla eyni xidmət sahəsində fəaliyyət göstərməklə, istehlakçı kütlələri eynidir. Yuxarıda qeyd edilən aydın bənzərliklər nəzərə alınan zaman məhkəmə hesab edir ki, həmin oxşarlıqlar istehlakçılarda İddiaçı MMC-yə məxsus məhsulun mənşəyi barədə yanılmaya yol aça, məhsulun iddiaçı firmaya məxsus olmasını düşündürə bilər. Nəticədə istehlakçı istədiyi məhsulu almaya bilər. Bu isə istehlakçı kütləsinin haqsız cəlb edilməsi və iddiaçıların işgüzar nüfusunun zədələnməsi ilə nəticələnə bilər.

34. Məhkəmə həm qeyd olunan normaların tələbini, həm də iddianın Cavabdeh məxsus “ASİYA ŞİRİ» adlı məhsulun Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia təmin olunmalıdır.

35. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 420 manat pul vəsaitinin cavabdehdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh “Asiya Şiri» adlı məhsulun Azərbaycan Respublikasına idxalı, topdan və pərakəndə satışı qadağa olunsun, həmin əmtəənin ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkələrinə paylanmış həmin məhsulların geri yığılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 420 manat pul vəsaitinin cavabdehdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar